Энид Блайтон – Qaçaqmalçı zirvəsinin sirri (страница 3)
Kventin əminin ideyası
Hava işıqlaşanda külək əsməyə davam etsə də, qasırğa xeyli sakitləşmişdi. Balıqçılar sahildə qoyduqları qayıqların heç bir zərər çəkmədiyini görüb sevinirdilər.
Kirrin-kottecdəki bədbəxt hadisə barədə xəbər tezliklə hər yana yayıldı. Adamlar kökündən qoparaq evin damını uçurmuş nəhəng ağaca tamaşa etmək üçün axışıb gəlirdilər.
Onların arasından bir qadın evin bərbad halını görüb çığırdı:
– İşə bax. Hər şeyi yoluna qoymaq üçün sizə bir həftə vaxt lazım gələcək! Bənna çağırmısınız? Yerinizdə olsam, yubanmazdım.
Kventin əmi cavabında dedi:
– İndi bütün bunlarla özüm məşğul oluram, missis Deyli. Arvadım ağır sarsıntı keçirib. O hər şeylə maraqlanacaq halda deyil. İlk növbədə biz uşaqlarla bağlı qərar verməliyik. Onları hara göndərək? Burada qala bilməzlər, yataq otaqları bərbad vəziyyətdədir.
– Yaxşısı budur, o yazıqları geri, məktəbə göndərək, – Fanni xala təklif elədi.
Bu təklif uşaqların ürəyincə olmadı. Qanları lap qaraldı. Axı onlar bura gəlməmişdən əvvəl Kirrində gözəl tətil günləri keçirəcəklərinə ümid edirdilər. Onlar narazı halda aralandılar.
Bu vaxt Kventin əmi cibindən bir məktub çıxarıb dedi:
– Mənim daha yaxşı ideyam var. Bu səhər Lenuardan məktub almışam. Bilirsiniz də, onunla ortaq təcrübələr həyata keçiririk. O yazır ki… Bircə dəqiqə səbir edin, həmin hissəni sizə oxuyum. Hə, bax budur, – Kventin əmi ucadan oxumağa başladı: – «Oğlum Pyerlə məni evinizə qonaq dəvət etdiyiniz üçün sizə minnətdaram. İcazənizlə, mən də sizi uşaqlarla birgə evimizə dəvət edim. Bilmirəm, sizin neçə uşağınız var, lakin bizim ev böyükdür və onların hamısını səmimi şəkildə qəbul edə bilərik. Oğlum Pyer kimi bacısı Meribel də uşaqların gəlişindən çox məmnun olardı…»
Məktubun bu hissəsini oxuyub bitirəndən sonra Kventin əmi təntənə ilə arvadına baxdı:
– Bax belə! Məncə, bu çox alicənab təklifdir! Elə ünvanına da düz vaxtında çatıb. Uşaqları Lenuarın yanına göndərərik.
Fanni xala dedi:
– Kventin, sən, doğrudan, belə fikirləşirsən? Axı biz nə onu, nə də ailəsini tanıyırıq!
– Onun oğlu Dik və Culianla eyni məktəbdə oxuyur, Lenuarın özünü isə mən əxlaqlı, аğıllı adam bilirəm, – Kventin əmi bunu elə tonda dedi ki, sanki qərar artıq verilmişdi. – İndicə ona zəng vuracağam. Lakin gərək öncə telefon nömrəsini tapım.
Ərinin niyyəti Fanni xalanın ürəyincə deyildi, ona görə də qaşqabağını tökdü. Uşaqları tanımadıqları yerə necə göndərmək olardı axı?
Kventin əmi zəng vurub Lenuarla danışdıqdan sonra özündənrazı halda arvadının yanına gəldi.
– Hər şeyi həll elədim, – o dedi. – Bir eşitsəydin, təklifini qəbul etdiyim üçün necə sevinirdi! Elə arvadının da ürəyincə oldu.
Fanni xala yenidən etiraz elədi, lakin Kventin əmi ona fikir vermədi. O dedi ki, Corc Timmini özü ilə apara bilməyəcək, çünki Lenuar itləri qətiyyən sevmir.
– Yaxşı bilirsən ki, belə olsa, Corc heç yana getməyəcək! – Fanni xala dedi. – Bu, axmaq fikirdir, Kventin. Corc itini qoyub gedən deyil.
– Bu dəfə başqa yolu yoxdur, – Kventin onun sözünü qətiyyətlə kəsdi. – Aha, uşaqlar da gəldilər. İndi görəcəksən, onlar necə sevinəcəklər!
Kventin əmi uşaqları kabinetinə çağırdı. Onlar içəri keçəndə pis xəbər eşidəcəklərinə əmin idilər: geri, məktəbə qayıtmalı olacaqlar!
– Dünən axşam sizə haqqında danışdığım oğlan yadınızdadır? – Kventin əmi söhbətə başladı. – Pyer Lenuarı deyirəm. Siz ona nəsə axmaq bir ayama qoşmuşdunuz.
– Kömürcük, – Diklə Culian bir ağızdan cavab verdilər.
– Hə, bax o Kömürcüyün atası hamınızı evinə – Qaçaqmalçı zirvəsinə qonaq dəvət edir.
Uşaqlar təəccübdən donub-qaldılar.
– Qaçaqmalçı zirvəsi! – bu qəribə ad Diki çox maraqlandırmışdı. – Qaçaqmalçı zirvəsi nə deməkdir?
– Onların evi belə adlanır, – Kventin əmi cavab verdi. – Bu, qeyri-adi təpənin zirvəsində tikilmiş köhnə bir evdir. Lap qədim zamanlarda ora dənizin içərisində bir adaymış, lakin indi həmin adadan bataqlıqların üzərində yüksələn bircə hündür təpə qalıb. Nə zamansa orada qaçaqmalçılar məskən salıblarmış. Eşitdiyimə görə, çox qəribə yerdir.
Kventin əminin sözləri uşaqların marağına səbəb oldu. Deyəsən, onları qarşıda yeni macəra gözləyirdi.
– Hə, nə deyirsiniz, ora getmək istəyirsiniz? Yoxsa tətili məktəb yataqxanasında keçirmək fikrindəsiniz? – Kventin əmi səbirsizliklə soruşdu.
– Yox, yox, biz hər şeyə razıyıq, bircə bizi məktəbə qaytarmayın! – uşaqlar bir ağızdan cavab verdilər.
– Lap yaxşı, – Kventin əmi məmnunluqla dilləndi. – Düzünü desəm, artıq hər şeyi danışmışam. Bir neçə dəqiqə əvvəl cənab Lenuara zəng vurdum, o, çox lütfkarlıqla sizi evlərinə dəvət etdi.
Bu vaxt Corc ürəyinə nəsə damıbmış kimi soruşdu:
– Yəqin ki, Timmini özümlə götürə biləcəyəm, elə deyil?
– Yox, – atası cavab verdi. – Cənab Lenuar itləri sevmir.
– Elə isə mən heç yana gedən deyiləm…
– O zaman məktəbə geri qayıdacaqsan, – atası sərt şəkildə onun sözünü kəsdi. – Ağız-burnunu da əyişdirmə, Corc. Bilirsən ki, belə şeylərdən xoşum gəlmir.
Lakin qız atasını dinləməyərək üzünü yana çevirdi. Dostları isə məyus şəkildə ona baxdılar. Doğrudanmı Corc indi əsəbiləşib hər şeyi korlayacaqdı?.. Qaçaqmalçı zirvəsinə getmək necə də yaxşı olardı! Əlbəttə, Timmisiz vaxt o qədər də şən keçməyəcək. Lakin nə etməli, başqa yol yoxdur. Onu Kirrində qoymaq lazım gəlirdi.
Kventin əmi kabinetdən çıxdıqdan sonra Enn əmisi qızını yola gətirmək üçün mehribanlıqla onun dirsəyindən yapışdı, lakin qız onun əlini geri itələdi. Bundan sonra dostları Corcu çox dilə tutmağa çalışdılar, di gəl faydası olmadı.
– Məni tək buraxın, – axırda qız bezib dedi. – Fikirləşməliyəm. Biz Qaçaqmalçı zirvəsinə necə qalxacağıq, ümumiyyətlə, ora haradır? Hansı yolla gedəcəyik?
– Əlbəttə, maşınla gedəcəyik. Qaçaqmalçı zirvəsi sahildən azca yuxarıdadır, yəqin ki, bizi sahilboyu yolla aparacaqlar, – Culian cavab verdi. – Niyə soruşursan ki, Corc, fikrin nədir?
– Artıq sual vermə, – Corc cavab verdi. Sonra da iti ilə birgə otaqdan çıxdı. Dostları da onun dalınca getdilər, lakin bir daha ağızlarını açıb bir kəlmə demədilər. Çünki bilirdilər ki, əhvalı yerində deyilsə, yaxşısı budur, ona dəyib-dolaşmayasan.
Qız Timmi ilə birlikdə kottecdən uzaqlaşdı.
Nəhayət, yola çıxmaq zamanı gəldi. Fanni xala könülsüz də olsa, uşaqların əşyalarını toplayıb qurtarmışdı. Az sonra Corc da qayıtdı, Timmi yanında deyildi. Lakin bayaqkından xeyli yaxşı əhvalda idi.
Enn dərhal soruşdu:
– Timmi hanı?
– Bunu bilmək elə də vacib deyil, – Corc cavab verdi.
– Yaxşı, de görək, indi sən bizimlə gedirsən, ya yox? – bu dəfə Culian soruşdu.
– Hə, – Corc cavab verdi. Lakin o nədənsə Culianın gözlərinin içinə baxmağa cürət eləmədi. Bunu sezən oğlan düşündü: «Maraqlıdır, Corc niyə gözlərini gizlədir?»
Fanni xala uşaqları yedirtdi, tezliklə onların arxasınca böyük bir avtomobil gəldi. Kventin əmi uşaqlara cənab Lenuara çatdırmaları üçün məktub verdi, Fanni xala isə onların hamısını bir-bir öpdü. Bundan sonra uşaqlar maşına doluşdular.
– Bəs Timmi ilə sağollaşmayacağıq? – Enn qeyri-adi təəccüblə Corca baxıb soruşdu. Corc elə bil iti yerli-dibli unutmuşdu. O, Ennə cavab verməyib susmaqla kifayətləndi.
Nəhayət, avtomobil yola düşdü. Corc bir müddət dillənmədi. Uşaqlar belə qərara gəldilər ki, o, Timmidən ayrıldığı üçün kədərlidir. Halbuki qız o qədər də məyus görünmürdü.
Yol təpələrin arasından keçirdi. Yoxuşu çıxandan sonra maşın sürətlə irəli şütüdü. Birdən Corc irəli əyilib sürücünün çiyninə toxundu.
– Zəhmət olmasa, bir saniyəlik dayanın. Burada götürməli olduğumuz bir şey var.
Culian, Dik və Enn təəccüblə ona baxdılar. Sürücü azacıq özünü itirib əyləci sıxdı; Corc qapını açıb ucadan fit çalmağa başladı.
Bu zaman Timmi alçaq bir hasarın arxasından atılıb sevinclə maşına tullandı. O hamını öpüb-yaladı, arada isə yavaşcadan zingildəyib həyəcanını və sevincini göstərdi.
– Bu nə itdir belə? – sürücü təəccüblə donquldandı. – Məgər sizə bu iti götürməyə icazə veriblər? Axı atanız bu barədə heç nə deməyib.
Sevincdən gözləri parlayan Corc söylədi:
– Hər şey qaydasındadır. Narahatlıq üçün əsas yoxdur. Zəhmət olmasa, yola davam edin.
– Ay səni kələkbaz! – Culian çığırdı. Bilmirdi Corca hirslənsin, ya Timminin, nəhayət ki, yanlarında olduğuna sevinsin. – Bilirsən də, cənab Lenuar onu geri göndərə bilər.
– O zaman məni də geri göndərməli olacaq, – Corc sakitcə dedi. – İstənilən halda əsas odur ki, hamımız bir yerdəyik!
Qaçaqmalçı zirvəsi
Bir neçə saat yol getdikdən sonra sürücü nahar etmək üçün maşını köhnə bir mehmanxananın qarşısında saxladı. Nahardan sonra sürücünün dostu olan mehmanxana sahibi dedi:
– Deməli, Kimsəsiz dağa gedirsiniz. Lap yaxşı. Ancaq oralarda ehtiyatlı olun!