реклама
Бургер менюБургер меню

Энид Блайтон – Qaçaqmalçı zirvəsinin sirri (страница 2)

18

– Mən oğlanın atası ilə danışacağam. Görək o, Kömürcük haqqında nə deyəcək. Ancaq bunu bilin ki, mən artıq qərar vermişəm: əgər o, həqiqətən də, dəcəlin, ədəbsizin biridirsə, Kirrin-kottecə ayağı dəyməyəcək. Onsuz da Corcun şıltaqlıqlarından təngə gəlirəm. Bircə o yaramaz çatmır ki, qızımla baş-başa verib aləmi qarışdırsın.

Dəhşətli gecə

Nəhayət, yatmaq vaxtı gəlib çatdı. Uşaqlar bir ağızdan əsnəyirdilər: qatarla uzun səyahət onları yorub əldən salmışdı. Odur ki yataqlarına getdilər. Enn və Corc eyni otaqda, oğlanlar isə başqa otaqda yatacaqdılar.

– Bircə bu axmaq külək də kəssəydi! – Enn pərdəni kənara çəkib pəncərədən çölə baxdı. – Bu nə uğultudur gəlir, yoxsa dalğaların səsidir?

Corc ona cavab vermək əvəzinə üşümüş ayaqlarını qatlayaraq sevimli itinə əmr etdi:

– Timmi, tez yanıma, çarpayıya qalx… Bilirsən, Enn, soyuq havalarda məni ən çox sevindirən şey budur: Timmini daim çarpayıma çağıra bilərəm! O, adamı sobadan daha yaxşı isidir. Bax belə, əziz Timmi. Ayaqlarımı qızdır. Burnun hanı, ver onu sığallayım. Gecən xeyrə, Timmi! Yuxun şirin olsun, Enn!

Birdən qızların ikisi də qulaqbatırıcı zərbədən dik atıldı.

– Bu, hamamın qapısıdır! – Corc inildədi. – Yəqin, oğlanlardan kimsə qapını örtməyi unudub! Atam eşidib cin atına minəcək.

– Qoy Culian, ya Dik gedib qapını bağlasınlar, – yenicə qızınmağa başlayan Enn cavab verdi.

Culianla Dik isə həmin vaxt fikirləşirdilər ki, qapını Corc, ya da Enn bağlaya bilər. Beləliklə, o məşum qapını bağlamaq üçün heç kəs isti yatağından çıxmaq istəmədi.

Tezliklə aşağıdan Kventin əminin qəzəbli səsi gəldi:

– Ey, biriniz ordan qapını bağlayın! Belə səs-küydə işləmək olmur!

Uşaqların dördü də birdən sanki oxdan çıxmış yay kimi yataqlarından atılıb otaqlarından çıxdı. Timmi də Corcun çarpayısından yerə sıçradı və hamıdan qabağa düşdü. Uşaqlar qaçarkən ona ilişib yerə yıxıldılar, bir anda hamısı hamamın qapısında üst-üstə qalaqlandı. Bu vaxt pilləkənlərdə Kventin əminin ayaq səsləri eşidildi və onların beşi də səssiz-səmirsiz öz otaqlarına keçdi.

Fırtına isə dayanmaq bilmirdi. Kventin əmi və Fanni xala yatmağa gedərkən yataq otağının qapısı elə möhkəm çırpıldı ki, yaxınlıqdakı rəfə qoyulmuş güldan yerə düşüb sındı.

Kventin əmi qorxu içində, bir az da qəzəblə dilləndi:

– Görüm səni lənətə gələsən! Burada yaşayandan bəri belə fırtına görməmişəm. Bir az da güclənsə, bütün balıqçı qayıqları sınacaq, hərçənd onları sahilə, mümkün qədər hündürə çıxarıblar.

– Külək tezliklə yatacaq, əzizim, – Fanni xala onu sakitləşdirməyə çalışdı. – Bəlkə də, səhərə qədər hər şey tamamilə qaydasına düşəcək.

Lakin o yanılırdı. Tufan bütün gecəni kəsmədi. Əksinə, külək getdikcə daha qəzəblə cövlan eləyir, sanki yaralanmış nəhəng bir heyvan kimi uğuldayırdı. Heç kəsin gözünə yuxu getmirdi. Hətta Timmi də gecə boyu elə hey zingildəyirdi: aydın görünürdü ki, bütün bu səs-küy, uğultu onun qətiyyən xoşuna gəlmir.

Dan yerinin ağarmasına az qalmış külək bir az da azğınlaşdı. Enn fikirləşdi ki, onun uğultusunda qəzəb və amansızlıq duyulur, sanki külək adamlara pislik eləmək, onları qorxutmaq istəyir. Qızcığaz büzüşdü və qorxudan əsməyə başladı.

Birdən əzablı iniltini xatırladan qəribə bir səs eşidildi, elə bil kimsə dəhşətli ağrı çəkirdi. Qızlar qor- xudan dikəlib çarpayılarındaca oturdular. Bu nə səs idi, görəsən?

Səsi oğlanlar da eşitdilər. Culian yataqdan atılıb pəncərəyə yaxınlaşdı. Pəncərənin altında, Ayın zəif işığında qaralan qocaman üvəz1 ağacı yavaşca yerə tərəf əyilməyə başlamışdı.

– Bu, üvəz ağacıdır! Qırılır! – Culianın çığırtısından Dik möhkəm diksindi. – Deyirəm sizə, ağac yıxılır! Özü də düz evimizin üstünə! Tez ol, qızları xəbərdar elə!

Dik var gücü ilə çığıra-çığıra otaqdan çıxdı.

– Əmi! Fanni xala! Corc! Enn! Tez aşağı düşün! Üvəz ağacı qırılıb!

Corc yatağından sıçradı, əl atıb xalatını götürdü, «ardımca gəl» deyərək Ennə səsləndi, sonra da qapıya tərəf yüyürdü. Enn ona yetişdi. Timmi qabaqda qaçırdı.

Yataq otağının qapısında Kventin əminin xalata bürünmüş hündür qaməti göründü, üzündə dəhşətli təəccüb ifadəsi vardı.

– Bu nə səs-küydür, Culian? Nə olub?

– Kventin əmi! Fanni xala! Tez aşağı düşün! Üvəz ağacı qırılır! Bu qorxunc naləni, titrəyişi eşitmirsiniz?! – Culian var gücü ilə çığırır, onları gözlənilən təhlükədən xəbərdar edirdi. – İndi ağac yataq otağındakı damın üstünə düşüb onu qıracaq! Eşidirsiniz, budur, o yıxılmaq üzrədir!

Hamı aşağı qaçdı, elə bu an nəhəng üvəz ağacı dəhşətli uğultuyla yerindən tərpəndi, köküylə birgə torpaqdan çıxıb bütün ağırlığını evin üstünə saldı. Əvvəlcə dəhşətli bir şaqqıltı səsi eşidildi, sonra kirəmit gurultuyla yerə səpələndi.

Dik var gücü ilə çığıra-çığıra otaqdan çıxdı.

– Əmi! Fanni xala! Corc! Enn! Tez aşağı düşün! Üvəz ağacı qırılıb!

– Aman Tanrım! – Fanni xala gözlərini yumub qışqırdı. – Belə olacağını bilirdim! Kventin, bu üvəzi çoxdan kəsməliydik. Əmin idim ki, belə güclü tufan olsa, ağac çökəcək. Budur, dam tamamilə sıradan çıxdı.

Ağacın zərbindən evin içindəki bəzi əşyalar yerə düşür, səssizcə döşəməyə səpələnir, bəziləri sınıb cingildəyirdi. Uşaqların qorxudan gözləri kəlləsinə çıxmışdı. Timmi dayanmadan qəzəblə hürürdü. Kventin əmi yumruğunu var gücüylə masaya elə çırpdı ki, hamı dik atıldı.

– Qoy bu it sussun! Yoxsa onu qovacağam!

Di gəl bu gecə Timmini heç nə susdura bilməzdi və Corc, nəhayət, onu isti mətbəxə tərəf itələyib qapını möhkəm bağladı.

Timminin hisslərini yaxşı anlayan Enn dedi:

– Mən indi özüm də hürmək, ya da ulamaq istərdim. Culian, görəsən, ağac damı tamam deşib?

Kventin əmi əl fənərini götürüb pilləkəni ehtiyatla qalxdı ki, dəyən ziyanı öz gözləriylə görsün. Aşağı düşəndə onun rəngi ağappaq idi.

– Ağac bütün çardağı uçurub, damı qırıb, kirəmit qızların yataq otağına tökülüb, – o dedi. – Oğlanların da otağını bir budaq azca zədələyib, lakin orada vəziyyət elə də pis deyil.

Qızlar başa düşdülər ki, ağac yıxılarkən çarpayılarında olsaydılar, indi çoxdan ölmüşdülər. Hamı susmuşdu. Corc və Ennin ölümcül təhlükədən qurtulduqlarını düşünməyin özü də ağır idi.

Culian bənizi ağarmış bacısını sakitləşdirmək üçün dedi:

– Ürəyini sıxma, Enn. Özün düşün, tətildən sonra məktəbdəkilərə danışmaq üçün çox maraqlı hekayən olacaq.

– Yəqin, isti kakao hamımıza yaxşı gələr, – nəhayət, Fanni xala özünü ələ almağa çalışdı, hərçənd əl-ayağının necə əsdiyini hiss edirdi. – Kventin, bax gör kabinetindəki soba yanır, ya yox. Hamımız bir az qızınmalıyıq.

Xoşbəxtlikdən sobadakı alov hələ sönməmişdi. Hamı onun ətrafına toplaşdı və Fanni xala əlində tüstüləyən südlü qəhvə fincanları ilə dolu sini qapıda görünəndə uşaqların üzündə sevinc ifadəsi yarandı.

Enn fincandakı kakaonu qurtumlaya-qurtumlaya otağı nəzərdən keçirirdi. Demək, əmisi ciddi və vacib elmi işləriylə burada məşğul olur; onun oxuyub heç nə anlamadığı qəliz kitabları burada yazır, mürəkkəb diaqramları burada qurur, çoxlu qəribə təcrübələrini burada həyata keçirir.

Həmin vaxt Kventin əmi heç də arxayın görünmürdü. Elə bil nədənsə utanırdı. Enn tezliklə bunun səbəbini anladı.

– Kventin, Allahın bizə yazığı gəldi ki, heç kəsin burnu da qanamadı, – Fanni xala ciddi nəzərlərlə ərinə baxıb dilləndi. – Sənə neçə dəfə demişəm ki, bu ağacı budamaq lazımdır. Mən görürdüm axı, o çox nəhəng və hündürdür, tufanda aşa bilər. Həmişə qorxurdum ki, ağac düz evimizin üstünə aşacaq.

– Haqlısan, əzizim, – Kventin əmi kakaonu bərk-bərk qarışdıraraq dedi. – Ancaq son aylar mən elə çox məşğuldum ki…

– Görülməsi vacib işlərdən söz düşən kimi bəhanən hazırdır, – Fanni xala dərindən köks ötürdü. – Bundan sonra özüm evdə hər şeyin qeydinə qalacağam. Həyatımızı bir daha bu cür təhlükəyə ata bilmərik ki!

– Yaxşı, yaxşı, belə şey min ildə bir dəfə olur! – Kventin əmi əsəbiləşib səsini ucaltmağa başladı. Lakin Fanni xalanın, həqiqətən, çox sarsıldığını görüb tez də sakitləşdi, əlindəki fincanı yerə qoyub onu qucaqlayaraq dedi: – Sən çox həyəcanlanmısan, əzizim. Kefini pozma, sabah bütün bunlar heç birimizə indiki qədər qorxunc görünməyəcək. Necə deyərlər, gecənin xeyrindən sabahın şəri yaxşıdır…

– Ah, Kventin, əksinə, hər şey bundan sonra başlayır. İndi biz harada yatacağıq? Damı və yuxarı otaqları təmir eləyənədək harada yaşayacağıq? Uşaqlar tətilə gəliblər, lakin indi ən azı bir həftə evdə fəhlələr işləyəcəklər! Heç bilmirəm, bütün bunların öhdəsindən necə gələcəyəm!

Kventin əmi dedi:

– Bu işi mənə burax! Narahat olma, hər şeyi yoluna qoyacağam. Təəssüf edirəm ki, belə alındı, bağışla. Haqlısan, bütün bu baş verənlər ilk növbədə mənim günahımdır. Odur ki tezliklə günahımı yuyacağam, görərsən!

Deyəsən, Fanni xala ona bir o qədər inanmırdı, lakin bu təsəlli dolu sözlərə görə ərinə minnətdarlıqla baxdı. Sonra isə divanlara mələfə salmağa başladı. Divanlardan biri kabinetdə, bir az böyüyü – qonaq otağında, ən kiçiyi isə mətbəxdə yerləşirdi. Culianın köməyi ilə o, anbardan qatlama çarpayını çıxarıb açdı.

Fanni xala dedi:

– Səhər işimiz çox olacaq. Ona görə də yatıb dincəlmək lazımdır. Əlbəttə, əgər bütün bunlardan sonra yuxuya gedə bilsək… Tufan da, deyəsən, bir az yavaşıyıb.

– Bacardığı qədər ziyan vurandan sonra, bəli, rahatlayıb, – Kventin əmi qaşqabağını salladı. – Nə isə, səhərə az qalıb, həqiqətən, bir çimir də olsa, yatıb dincəlmək lazımdır…