реклама
Бургер менюБургер меню

Энид Блайтон – Qaçaqmalçı zirvəsinin sirri (страница 5)

18

Corc əsəbiləşdi:

– Məni belə itələmə! Yoxsa Timmi səni dişləyər.

– Dişləməz, – Kömürcük gülə-gülə cavab verdi. – İtlər məni çox istəyir. Lap sənin qulağından da dartsam, bu it qarşımda quyruğunu bulayacaq!

Uşaqlar qaranlıq dəhlizə düşdülər. Dəhlizin sonunda qapı görünürdü. Kömürcük dedi:

– Beş dəqiqə gözləyin, baxım görüm sahildə adam varmı. Atalığım evdədir. İti görsə, dərhal sizi geri göndərəcək! Mənsə bunu heç istəmirəm: sizin gəlişinizi elə səbirsizliklə gözləyirdim ki!

Kömürcük bunu deyib gülümsədi. Uşaqlar isə artıq indidən cənab Lenuardan qorxmağa başlamışdılar. Eşitdiklərindən belə məlum olurdu ki, o çox qəddar adamdır!

Kömürcük barmaqlarının ucunda dəhlizin sonundakı qapıya yaxınlaşıb onu açdı. Otağa nəzər salandan sonra uşaqların yanına qayıdıb dedi:

– Heç kəs yoxdur. Mənim yataq otağıma gizli yolla çıxacağıq. Bizi heç kəs görməyəcək. Otağa çataq, orada nə edəcəyimizi düşünərik. Hazırsınız?

Gizli yol barədə söhbət çox cəlbedici səslənirdi. Uşaqlar qeyri-ixtiyari özlərini macəra romanlarının qəhrəmanları kimi hiss edirdilər. Onlar sakitcə qapının o üzündəki otağa keçdilər. Bu qaranlıq otağın divarlarının aşağı hissəsi çinar ağacından haşiyələnmişdi, yazı masası və çoxlu kitab rəfi buranın iş otağı olduğundan xəbər verirdi. İçəridə heç kəs yox idi.

Kömürcük ağac panellərdən birinə yaxınlaşdı, əli ilə yoxladı və hansısa düyməni basdı. Arakəsmə astaca yana sürüşdü, Kömürcük əlini salıb onu bir az da araladı ki, uşaqlar keçə bilsinlər.

– Getdik, – Kömürcük astadan söylədi. – Lakin mümkün qədər səssiz olun!

Maraqdan alışıb-yanan uşaqlar oyuqdan içəri keçdilər. Kömürcük hamıdan axıra qaldı, o neylədisə, arakəsmə yenidən əvvəlki yerinə oturdu və gizli keçid görünməz oldu.

Uşaqlar zil qaranlığa düşdülər. Kömürcük cib fənərini yandırdı və dostları daş keçiddə olduqlarını gördülər. Bura elə darısqal idi ki, iki nəfər yan-yana dayana bilməzdi. Kömürcük fənəri qabaqda dayanmış Culiana ötürüb:

– Daş pilləkənlərə çatanadək düz gedin, – dedi. – Onunla yuxarı qalxın, sonra sağa dönün və irəli gedin, axırda divar görəcəksiniz. Ondan sonra nə etmək lazım olduğunu deyəcəyəm.

Fənərlə yolu işıqlandıran Culian irəli düşdü. Ensiz daş dəhlizin tavanı o qədər alçaq idi ki, Ennlə Meribeldən başqa hamı başını əyməli olurdu. Tezliklə onlar pilləkənə çatdılar.

Bütün bunlar Ennin xoşuna gəlmirdi. O, qapalı, darısqal yerlərdə özünü narahat hiss edir, qorxurdu. Bəzən yuxusunda da heç cür qaçıb çıxa bilmədiyi dar dəhlizləri görürdü. Belə hallarda qızcığaz yuxudan hövlnak oyanırdı.

Nəhayət, Culian dilləndi:

– Pilləkənə çatdıq. Yuxarı qalxmağa cəhd edək.

Bunu eşidəndə Enn bir qədər rahatladı.

– Bircə səs-küy salmayın! – Kömürcük pıçıldadı. – Bu divarın o biri üzü yeməkxanadır, oradan da bu dəhlizə yol var.

Hamı səsini kəsdi. Onlar barmaqlarının ucunda yeriməyə çalışırdılar. Bu isə çox çətin idi, çünki əyilərək yerimək lazım gəlirdi.

Uşaqlar dik, uçulub-sökülməkdən qövsə oxşayan pilləkənlə on dörd pillə çıxdılar. Culian sağa döndü. İndi də qaranlıq dəhlizlə yuxarı qalxmalı oldular. Birdən hamıdan öndə gedən Culianın burnu az qaldı ki, daş divara dəysin. Oğlan fənəri divara tərəf tutdu. Arxadan Kömürcüyün zəif səsi eşidildi:

– Sən divara çatmısan, Culian. Dəhlizlə divarın birləşdiyi yerə işıq sal, orada dəmir dəstək görəcəksən. Onu var gücünlə sıx.

Culian işığı deyilən tərəfə saldı və dəstəyi gördü. Fənəri sol əlinə alıb sağ əliylə qalın dəmir dəstəkdən yapışdı, onu var gücü ilə sıxdı.

Divarın ortasındakı nəhəng daş səs çıxarmadan irəli sürüşdü və oradan iri bir oyuq açıldı.

Heyrət içərisində olan Culian dəmir dəstəyi buraxdı və fənəri oyuğa tərəf tutdu. Qaranlıqda heç nə görünmürdü!

Arxadan Kömürcüyün səsi eşidildi:

– Hər şey qaydasındadır. Mənim yataq otağımdakı divar şkafının qarşısındasan. İçəri keç, Culian. Biz arxanca gəlirik. Orada heç kəs yoxdur.

Kömürcüyün paltar şkafına Culian hamıdan qabaq girdi. Əliylə şkafın qapısını tapıb onu açdı. Gün işığı dərhal oğlanın gözlərini qamaşdırdı. Culian artıq Kömürcüyün otağında idi.

Qalanlar da çətinliklə – paltarlara dolaşa-dolaşa bir-bir şkafdan çıxdılar.

Hamıdan axırda şkafdan çıxan Kömürcük nəhəng daşın üzərindəki dəstəyi sıxıb yeraltı keçidi ehtiyatla bağladı. Culian fikirləşdi ki, bu dəstək düymə rolunu oynayır.

Dostlarının arasına qatılan Kömürcük itin xaltasından bərk-bərk tutmuş Corca baxıb gülümsədi:

– Hər şey qaydasındadır, Corc. Burada sizi heç bir təhlükə gözləmir. Bacımla mənim otağım evin kənar hissəsində yerləşir. Bura gəlmək üçün uzun dəhlizdən keçməlisən!

Oğlan dediyini əyani şəkildə göstərmək üçün qapını açdı. Bir qədər aralıda görünən yataq otağı Meribelin idi. Döşəməsi boyu xalılar sərilmiş uzun daş dəhlizin o biri başındakı pəncərədən içəri işıq düşürdü. Orada da möhkəm bağlanmış qapı vardı. Bu nəhəng qapı da çinar ağacından hazırlanmışdı.

Kömürcük dedi:

– Görürsünüz, sizi burada heç bir təhlükə gözləmir, öz əliniz, öz başınızdır. Timmi istədiyi qədər hürə bilər, onu heç kəs eşitməyəcək.

Enn təəccüblə soruşdu:

– Bəs bura heç kəs gəlmir? Otağı yığışdıran kimsə olmalıdır axı…

Kömürcük cavab verdi:

– Hər səhər Sara gəlib yığışdırır. Adətən, başqa gələn olmur. İstənilən halda dəhlizin sonundakı qapı açılmazdan əvvəl bundan xəbər tuta bilirəm!

Oğlan qapını göstərdi, uşaqlar heyrətlə ona nəzər saldılar.

Dik soruşdu:

– Axı bu necə ola bilər?

Kömürcük qürrələndi.

– Hiyləgər bir üsul düşünmüşəm. Qapı açılan kimi otağımdakı qurğu astadan vızıldayır. Mən indi gedib qapını açacağam, siz isə burda dayanıb qulaq asın.

Oğlan dəhlizin sonundakı qapıya tərəf cumub onu açdı. Həqiqətən də, otağın bir küncündən vızıltı səsi eşidildi. Qəfil səsə hamı yerindən dik atıldı. Timmi də içini çəkdi, qulaqlarını şəkləyib qəzəblə hürdü.

Kömürcük qapını bağlayıb geri, uşaqların yanına qaçdı.

– Vızıltını eşitdiniz? Əla ideyadır, hə? Mən həmişə belə şeylər ixtira eləyirəm.

Qonaqların heç bir şübhəsi qalmadı ki, həqiqətən də, olduqca maraqlı bir yerə gəlib düşüblər. Onlar sadə mebellə bəzədilmiş otağa diqqətlə nəzər saldılar, burada səliqəsizlik hökm sürürdü. Enn rombşəkilli iri pəncərəyə yaxınlaşıb çölə baxdı və təəccübdən az qaldı nəfəsi kəsilsin: pəncərənin altındakı uçurumu görəndə adamın başı gicəllənirdi! Ev dik, dağlıq bir təpənin lap zirvəsində yerləşirdi. Kömürcüyün yataq otağı isə düz uçurumun üstündə idi.

– Bir bura baxın! – Enn heyrətlə çığırdı. – Yarğana baxanda adamın tükləri biz-biz olur!

Hamı pəncərəyə tərəf toplaşdı. Sakitcə aşağı baxdılar. Bu hündürlükdən baxanda, həqiqətən, az qalırdı adamın nəfəsi kəsilsin…

Uşaqlar pəncərənin qarşısından çəkildilər. Corc üzünü Kömürcüyə tərəf çevirib soruşdu:

– Əminsən ki, Timmini gizlədə biləcəyik? Onu necə yedirəcəyik? Hələ iti gəzdirmək də var!

Kömürcük cavab verdi:

– Dedim axı, bir şey fikirləşərik. Narahat olma. Mən itləri sevirəm. Nə yaxşı ki, Timmi bizimlə olacaq! Lakin özünüzə də məlumdur ki, atalığım bundan xəbər tutmamalıdır. Onun itləri niyə sevmədiyini bilmirəm. Deməzdim ki, o, itlərdən qorxur. Yəqin, başqa səbəbi var. Ögey atam çox qəribə adamdır!

Dik soruşdu:

– Necə yəni, qəribə adamdır?

Kömürcük cavab verdi:

– Necə deyim… Sanki hamımızdan nəsə gizlədir. Bəzən bura gizlicə qəribə insanlar gəlirlər, kim olduqlarını heç kəs bilmir. Bəzən isə gecələr qüllədə işıq yanır: məlum deyil ki, orada kim var, nə işlə məşğul olur. Düzdür, öyrənməyə çalışdım, alınmadı.

Enn qəfildən xəbər aldı:

– Ola bilər ki, ögey atan qaçaqmalçıdır?

Kömürcük cavab verdi:

– Ağlım kəsmir… Əslində, burada bir qaçaqmalçı var və hamı onu tanıyır. Təpədən aşağıda sağdakı evi görürsünüz? Həmin evdə yaşayır. Pulunu balta kəsməz! Adı Barlinqdir. Bütün polislər onun fırıldaqlarından xəbərdardırlar, di gəl adama bata bilmirlər. Barlinq çox zəngin və nüfuzlu adamdır, odur ki istədiyini eləyə bilər, buna görə isə heç kim ona «gözün üstə qaşın var» deyə bilməz!

– Qəribə yerdir! – Culian dedi. – Mənə elə gəlir, burada bizi bir-birindən maraqlı macəralar gözləyir!

Kömürcük etiraz elədi: