Эндрю Найдерман – İblisin vəkili (страница 3)
Gənc vəkil ondan dörd sıra aralı əyləşmiş arvadına gözucu baxdı. Ailə ənənələrinə görə, Miriam ərinin vəkil olduğu məhkəmə proseslərinin hamısında iştirak edirdi. Bu dəfə isə o, xüsusilə həyəcanlı görünürdü. Aydın idi ki, Kevinə görə çox narahatdır. Əslində, Senford Boyl kimi Miriam da ərinə bu işə baş qoşmamağı məsləhət görmüşdü, ancaq Kevinin qərarı qəti idi. Belə imkan bir də ələ düşməyə bilərdi. O, üçillik vəkilliyi dövründə heç vaxt nümayiş etdirmədiyi bir çılğınlıqla Loisin işinə girişmişdi. Sözü-söhbəti ancaq bu barədə idi, özü ayrıca təhqiqat aparır, hətta istirahət günləri də işləyirdi. Göstərdiyi canfəşanlıq isə aldığı qonorara dəyməzdi. Heç bir vəkil həmin məbləğin müqabilində bu qədər işləməzdi.
Kevin arvadına mənasını ancaq ikisinin başa düşəcəyi şəkildə gülümsündü, sonra cəld geri çevrildi, sanki bədənində gözəgörünməz yay işə düşdü.
‒ Mister Kornblö, siz üç məktəbli qızla söhbət üçün onları yanınıza çağırtdırmısınız. Səhv etmirəmsə, bu, çərşənbə axşamı noyabrın üçündə olub?
‒ Bəli.
‒ Sizə bu əhvalat barədə müdafiəçisi olduğum müttəhimin guya xüsusi münasibət bəslədiyi, hazırda isə onun qurbanı hesab edilən Barbara Stenli məlumat verib? ‒ Kevin sualına müsbət cavab gözlədiyi üçün əvvəlcədən başını tərpətdi.
‒ Əlbəttə. Məhz buna görə də mən onları yanıma, direktorun otağına çağırtdırdım.
‒ Söhbəti nədən başladığınızı bizə deyə bilərsinizmi?
‒ Üzr istəyirəm, anlamadım? ‒ Kornblö sualı yersiz hesab etdiyini göstərmək üçün ağzını büzdü.
‒ Siz nəyi aydınlaşdırmaq istəyirdiniz? ‒ Kevin andlılara tərəf yönəldi. ‒ Miss Uilsonun onların yanlarını çimdikləyib-çimdikləmədiyini? Ya da, bəlkə, əlini onların ətəklərinin altına salıb-salmadığını?
‒ Təbii ki, yox. Məgər pedaqoq şagird qızlara belə suallarla müraciət edə bilər…
‒ Elə isə, ‒ Kevin direktorun sözünü kəsdi, ‒ siz konkret olaraq nə barədə sual verirdiniz?
‒ Onlardan Barbara ilə miss Uilsonun münasibətlərində müəyyən… oxşar problemlərin olub-olmadığını soruşdum.
‒ Oxşar problemlərin? ‒ vəkil təkrarladı və sonuncu sözdə üzünü turşutdu.
‒ Bəli.
‒ Deməli, Barbara Stenli rəfiqələrinə guya başına gələnlər barədə danışıb, onlar da əvəzində özlərinin də oxşar «problem»lə üzləşdiklərini söyləyiblər. Hərçənd qızlardan heç biri əvvəllər bu barədə heç kimə bir kəlmə də söz deməyib. Elədir?
‒ Bəli. Məhz belə olub.
‒ Onyaşlı qızda fərasətə bax, rəfiqələrinə necə də təsir edə bilir, ‒ Kevin kinayə ilə söz atdı. Özünü elə göstərdi ki, guya bu sözü elə-belə, havaya dedi. Andlılardan bəzilərinin qaşları qalxdı. Qabaq sırada oturan daz cənab fikirli-fikirli başını yırğaladı və gözlərini direktora zillədi.
Kevin üzünü andlılar əyləşən skamyadan çevirib zaldakı adamları gözdən keçirdi. Fikir verdi ki, arxa sırada oturan hörmətli cənab gülür, gülüşü bütün sifətinə yayılıb, üstəlik, razılıqla başını tərpədir. Bir anlığa Kevin həmin cənabın, bəlkə də, miss Uilsonun qohumu, məsələn, böyük qardaşı olduğunu düşündü.
‒ İndi isə, mister Kornblö, zəhmət olmasa, Lois Uilsonun dərs dediyi fəndən Barbara Stenlinin neçə aldığını məhkəməyə söyləyin.
‒ O ən aşağı – «C» balı alıb.
‒ Ən aşağı bal, ‒ Kevin yenə təkrarladı. ‒ Bəs onun əvvəllər miss Uilsonla problemi olub?
‒ Bəli, ‒ direktor burnunun altında dedi.
‒ Anlamadım.
‒ Bəli, olub. Miss Uilson Barbaranı sinifdə işləmək istəmədiyi və nalayiq sözlər danışdığı üçün iki dəfə mənim kabinetimə yollayıb, ancaq…
‒ Yəni siz demək istəyirsiniz ki, Barbaranın elə əvvəldən miss Uilsondan xoşu gəlmirmiş?
‒ Möhtərəm hakim, etiraz edirəm, ‒ prokuror yerindən sıçradı. ‒ Vəkil şahidi nəticə çıxarmağa təhrik edir.
‒ Etirazınız qəbul olunur, ‒ hakim başını tərpətdi.
‒ Üzr istəyirəm, möhtərəm hakim, ‒ Kevin üzünü yenidən şahidə çevirdi. ‒ Mister Kornblö, gəlin həmin üç qıza qayıdaq. Siz onların hər birinə başına gələn əhvalatı danışmağı təklif etdiniz?
‒ Düşündüm ki, belə yaxşı olar… Bəli.
‒ Demək istəyirsiniz ki, qızlar öz problemləri haqda bir-birinin yanında danışıblar? ‒ Kevin heyrət və şübhə ilə soruşdu.
‒ Bəli.
‒ Sizcə, bu, düzgündür? Demək istəyirəm, qızları ədəbsiz işlər barədə danışmağa vadar etmək, həyəcanlandırmaq nə dərəcədə doğru idi?
‒ Axı bu, araşdırma idi…
‒ Anlayıram. Əvvəllər belə bir şeylə qarşılaşmışdınız?
‒ Xeyr. Heç vaxt. Məhz buna görə həmin hadisə məni bu cür sarsıtdı.
‒ Hadisə üzə çıxacağı təqdirdə onların ciddi problemləri yarana biləcəyi haqda qızları xəbərdar etdiniz?
‒ Əlbəttə.
‒ Siz onlara inandınız, elədir?
‒ Bəli.
‒ Nə üçün?
‒ Çünki onların danışdıqları üst-üstə düşürdü. Üçü də eyni şeyi deyirdi, ‒ Kornblö, deyəsən, özündən və cavabından razı qalmışdı. Ancaq Kevin şahidə yaxınlaşdı və onun üzərinə dalbadal suallar yağdırmaqla hücuma keçdi.
‒ Sizcə, onlar nə deyəcəklərini əvvəlcədən məşq edə bilməzdilər?
‒ Nə?
‒ Yəni onlar əvvəlcədən bir yerə yığışıb nə deyəcəklərini qabaqcadan razılaşdıra bilməzdilər?
‒ Anlamıram, nə demək istəyirsiniz…
‒ Soruşuram, belə bir şey ola bilərdimi?
‒ Tutaq ki…
‒ Siz bir müəllim və direktor kimi uşaqların bu yaşda yalan danışmağa qadir olduqlarını təsdiq edə bilərsinizmi? Əvvəllər belə hallarla rastlaşmısınızmı?
‒ Əlbəttə.
‒ Bəs kollektiv yalana necə, rast gəlmisiniz? Məktəbli qızlar rəfiqələrini satmamaq və cəzalandırılmamaq üçün hərdən hətta bütün siniflə birlikdə yalan danışa bilərlərmi?
‒ Bəli, ancaq…
‒ Yəni bu ola bilərmi? ‒ Kevin hücumu gücləndirdi. ‒ Siz necə düşünürsünüz?
‒ Düşünürəm ki, ola bilər.
‒ Düşünürsünüz?
‒ Necə deyim… mümkün hesab edirəm.
‒ Mümkün hesab edirsiniz?
‒ Bəli.
‒ Qızlarla söhbətdən dərhal sonra siz miss Uilsonu yanınıza çağırtdırıb bütün bu əhvalatı ona danışdınız?
‒ Bəli, əlbəttə.
‒ Bəs onun buna münasibəti necə oldu?
‒ O heç nəyi inkar etmədi.
‒ Demək istəyirsiniz ki, o, vəkili yanında olmadan bu mövzuda danışmaqdan imtina etdi, elədir?
Kornblö yerində qurcalanmağa başladı.
‒ Belə deyil? ‒ Kevin əl çəkmirdi.
‒ Bəli, o məhz belə cavab verdi.