18+
реклама
18+
Бургер менюБургер меню

Эндрю Найдерман – İblisin vəkili (страница 2)

18

‒ Təşəkkür edirəm, missis Lonqşamp.

‒ Axı, deyəsən, siz mister Miltonun şirkətində işləyəndən bircə iş belə uduzmamısınız, elədir?

‒ Elədir, missis Lonqşamp, birini də uduzmamışam.

‒ Siz özünüzlə fəxr etməlisiniz.

‒ Hə, ‒ Riçard dilucu cavab verdi.

‒ Bred yaxşıdır, ‒ qadın dedi, hərçənd uşağın atası bu haqda ondan heç nə soruşmamışdı.

Riçard, sadəcə, başını tərpətdi. Dayə tələsik əlavə etdi:

‒ Elə indicə onu yedizdirməyə hazırlaşırdım.

Görünür, qadın onun rəhmə gələrək uşağın şüşədən necə iştaha ilə süd əmdiyinə baxmaq istəyəcəyini düşünürdü.

‒ Hə, lap yaxşı. Gedin işinizlə məşğul olun.

Missis Lonqşamp yenidən gülümsədi və uşaq otağına tələsdi.

Riçard çantasını bir kənara tullayıb geniş mənzili gözdən keçirdi. Sonra ağır addımlarla qonaq otağından keçib böyük eyvana çıxdı. Oradan Hudzona ecazkar mənzərə açılırdı. Ancaq belə gözəl mənzil sahibi bu mənzərəyə tamaşa etmək üçün bir saniyəlik də olsa, ayaq saxlamadı. Nə edəcəyini dəqiq bilən adam kimi məhəccərə doğru addımladı. Sonra kreslonun üstünə çıxdı, sol ayağını məhəccərə qoydu. Ardınca da sanki kiminsə uzatdığı əli tutmaq istəyirmiş kimi cəld hərəkətlə qabağa atıldı.

Riçard Caffi indi on beşinci mərtəbədən başıaşağı uçurdu…

I fəsil

Vəkil Kevin Teylor gözlərini qoz ağacından düzəldilmiş uzun qəhvəyi masanın üzərindəki kağızlardan çəkdi, başını qaldırdı və bir müddət ətrafı mənalı baxışlarla süzdü. Çox dalğın olduğu üzündən oxunurdu. Şahidləri dindirməyə başlamazdan əvvəl sifəti həmişə bu ifadəni alırdı. Cəmi iyirmi səkkiz yaşı olan bu cavan vəkil belə tamaşaları tez-tez qururdu. İnsan psixologiyasını yaxşı bildiyi üçün teatr fəndlərindən məharətlə istifadə edirdi. Kevin suallar arasında uzun və dramatik fasilə verir, nəsə soruşmazdan qabaq sənədləri vərəqləyirdi. Bütün bunlar dindirilənləri həyəcanlanmağa vadar edirdi.

Bu dəfə o, Filip Kornblö adlı ibtidai məktəb direktorunun canına vəlvələ salmağa çalışırdı. Direktor əlli dörd yaşlı arıq, solğun bənizli, qara saçları tökülməyə başlamış bir kişi idi.

Filip Kornblö ona veriləcək sualı gözləyə-gözləyə stulda qurcalanırdı, sanki tikan üstündə oturub. O, əllərini sinəsində çarpazlamışdı, narahatlıqla barmaqlarını qollarına döyəcləyirdi. Görünür, bununla əllərinin meymun əlləri kimi uzun olduğunu gizlətməyə çalışırdı.

Kevin məhkəmə zalına baxdı. İçəridə milçək uçsa, vızıltısı eşidilərdi. Zaldakılar həyəcanla nə baş verəcəyini gözləyirdilər. Hamı nəfəsini tutmuş, sanki oturduqları yerdə quruyub-qalmışdılar. Məhkəmə zalının hündür pəncərələrindən içəri düşən günəş şüaları qəfildən geniş otağı parlaq işığa bürüdü. Görünür, gün buludların arxasından çıxmışdı. Elə bil gözəgörünməz bir rejissor səhnə işıqçısına işarə etmiş, o da projektorları yandırmışdı. İndi yalnız «Başladıq!» demək qalırdı.

Zal dolu idi, amma Kevinin baxışları onların arasından yalnız birinin üzərində dayandı. Xoş görkəmini nəzərə almasaq, bu adam, demək olar ki, başqalarından heç nə ilə seçilmirdi və arxa sırada oturmuşdu. O da Kevinə baxır və razılıqla başını tərpədirdi. Adətən, atalar öz oğullarına belə məmnunluqla baxırlar. Amma yaşına görə həmin kişi Kevinin atası roluna uyğun gəlmirdi. «Yaşı qırxdan bir az çox olar», ‒ deyə Kevin düşündü. Bu adama baxdıqca nədənsə ona elə gəlirdi ki, hər şey istədiyi kimi olacaq, bir sözlə, uğur uzaqda deyil… Kişinin əynində bozumtul miləmil «Corcio Armani» kostyumu var idi. Bu isə onun varlı və hörmətli adam olduğuna dəlalət edirdi. Kevin də uzun müddət bahalı dükanlarda və firma salonlarında özünə belə kostyum axtarmışdı. Nəhayət, buna bənzər bir şey ‒ iki yanı düyməli tünd-göy kostyum tapmışdı. Özü də onu hərracda «Armani»dən iki dəfə ucuz almışdı.

Beləliklə, naməlum adam razılıqla Kevinə baxıb başını tərpətdi. Yəni «başlamaq olar!»

Zalda hələ də sakitlik idi, hətta kimsə boğazını arıtlayanda da rahatca eşidilirdi. Müttəhim kürsüsündə iyirmi səkkiz yaşlı Lois Uilson əyləşmişdi. Beşinci sinif müəlliməsi olan bu qadın yeniyetmələri yoldan çıxarıb əxlaqlarını pozmaqda ittiham edilirdi. Hadisə Nassau qraflığında, Blisdeyl şəhərciyində baş vermişdi. Burada, demək olar, yalnız yaşayış evləri var idi, camaat hər gün səhər tezdən Nyu-Yorka işə yollanır, evə isə ancaq yatmağa gəlirdi. Buna baxmayaraq məhkəmə Blisdeyldə keçirilirdi. Görünüşündən əsl əyalət şəhərciyinə oxşayan Blisdeyldə cəmiyyətin «ortadan yuxarı təbəqə»sinin nümayəndələri «adlarına uyğun» evlərdə, villalarda, malikanələrdə yaşayırdılar. Şəhərciyin ağcaqayın və palıd ağacları əkilmiş təmiz, geniş küçələri, həmçinin nisbətən sakit mərkəzi var idi. Burada nə hay-küylü univermaq, nə gözəçarpan reklamları olan mağazalar şəbəkəsi, nə yanacaqdoldurma məntəqəsi, nə restoran, nə də otel görmək mümkün idi. Şəhərciyin insanları səs-küy sevmirdilər, evlərini də elə buna görə burada almışdılar.

Yerli əhali «ortadan yuxarı təbəqə»nin nümayəndələrindən ibarət kiçik cəmiyyətlərə xas sakit və qapalı həyat sürürdü. Blisdeyllilər hesab edirdilər ki, özlərinə arzuladıqları həyatı qurmaq üçün kifayət qədər pul qazanırlar. Onlar nə vaxt istəsələr, Nyu-Yorka gedə bilərdilər, amma geri qayıdanda yenidən özlərinin, bir növ, «Alisanın möcüzələr diyarı»na bənzəyən dünyalarına düşürdülər. Buradakı bütün «möcüzələr» əvvəlcədən planlaşdırılırdı.

Və indi Blisdeyldə təzəlikcə ibtidai məktəbə müəllim qəbul edilmiş Lois Uilson onyaşlı qıza qarşı seksual təcavüzdə günahlandırılırdı.

Əslində, məktəbdaxili araşdırmalar indiyədək buna bənzər daha bir neçə hadisənin baş verdiyini üzə çıxarmışdı. Əldə edilən məlumatlar, eyni zamanda gəzən söz-söhbətlər Lois Uilsonun lesbiyan olduğunu düşünmək üçün kifayət qədər əsas verirdi. O, yaxınlıqdakı orta məktəbdə xarici dil müəlliməsi işləyən rəfiqəsi ilə birlikdə Blisdeylin kənarında ev kirayələmişdi. Heç kim heç vaxt onların kişilərlə görüşdüyünü görməmişdi, bəziləri, ümumiyyətlə, belə hesab edirdilər ki, rəfiqələr haqqında bədgüman olmağa dəyməz, çünki onlar öz həyatlarını yalnız işə həsr edən qarımış qızlardan başqası deyillər.

Düzünə qalsa, Kevinin bu qalmaqallı işə qoşulmasına işlədiyi «Boyl, Karlton və Sessler» adlı vəkil firmasında sevinən olmamışdı. Halbuki o çoxdan öz xidmətini Lois Uilsona təklif etmək istəyirdi; elə ki işi aldı, həmkarlarından buna etiraz edənləri dərhal firmadan ayrılacağı ilə hədələdi. Kevinin işdən çıxmasını isə çətin kimsə istəyəydi; məsələ burasındadır ki, «Boyl, Karlton və Sessler»də onun hörməti sürətlə artırdı, bunun əsas səbəbi də, heç şübhəsiz, Kevinin əlaqələrinin genişliyi və psixologiyanı gözəl bilməsi idi.

Gənc vəkilin firmada qalmaq üçün gözü atmırdı, əksinə, tərəf-müqabillərinin qanunlara həddən artıq mühafizəkar yanaşmasından narazı, hətta narahat idi. Hazırkı iş yerində çox qalsa, gələcəkdə onu nələrin gözləyəcəyini təxmin etmək Kevin üçün çətin deyildi. İndi isə illərdən bəri dəyişməyən vəziyyəti alt-üst etmək üçün əlinə ilk fürsət düşmüşdü: nəyə qadir olduğunu nümayiş etdirmək, fərasətini, məhkəmə prosesini aparmaq bacarığını tam göstərmək üçün bundan yaxşı imkan?! Kevin özünü olimpiya rekordu vurmağa hazır olan idmançı kimi hiss edirdi. Düzdür, Olimp hələ gözə dəymirdi, yerli əhəmiyyətli məhkəməni udmaqla uzağa getmək mümkün deyildi. Amma bu iş «Olimp dağı» olmasa da, hər halda, alçaq təpə də deyildi. Məhkəmə prosesi paytaxt qəzetlərinin diqqətini cəlb edə bilərdi.

Dairə prokuroru Martin Balm vəziyyətdən çıxmaq və hadisənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasına imkan verməmək, həmçinin istənilən qalmaqalın qarşısını almaq üçün dərhal Kevinə sövdələşmə təklif etdi. Prokuror ümid edirdi ki, Kevin minnətdarlıq əlaməti olaraq uşaqları prosesə qatmayacaq, onlara yenidən bu iyrənc hadisənin travmasını yaşatmamaq üçün şahid ifadəsi verməyə çağırmayacaq. Əgər Lois tutduğu işdən peşman olduğunu səmimi surətdə etiraf etsəydi, cəmi beş il şərti iş alacaq və icbari qaydada psixoloji müayinəyə göndəriləcəkdi. Əlbəttə, bununla onun müəllimlik karyerasına son qoyulacaqdı, lakin işə bax ki, Kevin müttəhimə özünü günahkar hesab etməməyi məsləhət gördü və müəllimə buna razılıq verdi.

İndi Lois guya utanırmış kimi başını aşağı salmışdı, gözlərini dizlərinin üstünə qoyduğu əllərinə zilləyib oturmuşdu. Bunu da ona Kevin məsləhət görmüşdü. Vəkil qadına tapşırmışdı ki, zaldakı adamlardan qorxduğunu və onlara bəslədiyi nifrət hissini qətiyyən büruzə verməsin, təhqir olunmuş günahsız adam kimi sakitcə otursun. Qadın isə Kevinin ona tapşırdığı acıqlı valideynlər və fərsiz şagirdlər tərəfindən şərlənən məsum müəllimə rolunu məharətlə oynayırdı. Vaxtaşırı burun dəsmalını çıxarıb gözlərini qurulayırdı.

Bütün bu fəndləri vəkil ona «Boyl, Karlton və Sessler» firmasındakı iş otağında öyrətmişdi. Şahidlərə necə diqqətlə baxmaq, sonra isə ümidlə hakim tərəfə necə boylanmaq lazım gəldiyini əyani göstərmişdi. Kevin hər şeyi videokameraya çəkmiş, sonra isə qadına nümayiş etdirərək səhvlərini demişdi. Hara və nə vaxt baxmaq, əlləri ilə saçını necə düzəltmək, çiynini necə tutmaq, daha hansı hərəkətləri etmək lazım olduğunu birbəbir, dəqiqliklə başa salmışdı. Bir sözlə, qadına hər şeyi və bütün xırdalıqları: üzünün ifadəsini, əl-qol hərəkətlərini, oturuşunu nəzərə almağı tapşırmışdı. «Biz vizuallaşma əsrində yaşayırıq, əziz miss Uilson», ‒ lap axırda Kevin təntənə ilə demişdi.