18+
реклама
18+
Бургер менюБургер меню

Эндрю Найдерман – İblisin vəkili (страница 5)

18

‒ Davam et…

‒ O dedi ki, bəzi xüsusi yerlər var…

‒ Xüsusi?

‒ Ah… Bəli.

‒ Bu yerlər barədə o sənə nə izah etmək istəyirdi, Barbara?

Barbara bir anlığa Lois Uilsona nəzər salıb tez üzünü Balma çevirdi.

‒ Barbara, o sənə nə öyrətmək istəyirdi? ‒ prokuror təkrar soruşdu.

‒ Dedi ki, ora… ora kimsə toxunanda nəsə qeyri-adi bir şey baş verir.

‒ Aydındır. Bəs sonra nə etdi? ‒ prokuror qızı ruhlandırmaq üçün başını tərpətdi.

‒ O mənə həmin yerləri göstərdi.

‒ Göstərdi? Necə?

‒ Onları göstərdi, sonra dedi ki, hər şeyi başa düşməyim üçün gərək ona həmin yerlərə toxunmağa icazə verim.

‒ Sən də icazə verdin, Barbara?

Barbara dodaqlarını bir-birinə bərk sıxıb başını tərpətdi.

‒ İcazə verdin?

‒ Bəli.

‒ O sənin haralarına toxunub, Barbara?

‒ Burama və burama, ‒ Barbara döşlərinə və ayaqlarının arasına işarə etdi.

‒ O, sadəcə, sənə toxunurdu, yoxsa başqa nəsə də edirdi?

Barbara alt dodağını dişlədi.

‒ Barbara, başa düşürük, sənə çox çətindir. Ancaq ədalətin qalib gəlməsi üçün biz bu sualları sənə verməliyik. Axı sən bunu anlayırsan, düzdür?

Qız başını tərpətdi, yəni «bəli, anlayıram».

‒ Məhkəməyə cavab ver, miss Uilson daha nələr edirdi?

‒ O, əlini bura qoydu, ‒ qız sağ əlini paçasına qoyub cavab verdi, ‒ və ovuşdurmağa başladı.

‒ Əlini bura qoydu? Demək istəyirsən, paltarın altından?

‒ Bəli.

‒ Sonra nə baş verdi, Barbara?

‒ O, bir şey hiss edib-etmədiyimi soruşdu. Mən dedim ki, qıdığım gəlir, o hirsləndi və əlini çəkdi. Dedi ki, bunu anlamağa hələ hazır deyiləm, amma başqa vaxt bir də cəhd edəcək.

‒ Cəhd etdi?

‒ Mənimlə yox, ‒ Barbara tez cavab verdi.

‒ Rəfiqələrinlə? Sinfinizdən olan başqa qızlarla?

‒ Ah… Bəli.

‒ Qızlara miss Uilsonun səninlə nələr etdiyini danışanda onlar da özləri barədə söz açdılar?

‒ Bəli.

Zaldakılar yüngülcə uğuldadı. Hakim tərs-tərs içəridəkilərə baxdı, dərhal zala sakitlik çökdü.

‒ Sonra da siz birlikdə hər şeyi mister Kornblöyə danışdınız?

‒ Bəli.

‒ Yaxşı, Barbara. İndi mister Teylor sənə suallar verəcək. Ona da mənə olduğu kimi düzünü danış, ‒ prokuror bunu deyib Kevinə tərəf döndü və başını tərpətdi. Mister Balm da dramatik jestlərin ustası idi.

«Yaxşı fənddir, ‒ Kevin fikirləşdi. ‒ Gərək yadımda saxlayım: «Ona da mənə olduğu kimi düzünü danış»».

‒ Barbara, ‒ Kevin yerindən qalxdı, ‒ sənin tam adın Barbara Elizabet Stenlidir, düzdür?

O çox sakit və dostyana danışırdı.

‒ Bəli.

‒ Sizin sinfinizdə başqa bir Barbara da var, düzdür?

Qız başını tərpətdi və Kevin gülə-gülə ona yaxın gəldi.

‒ Ancaq həmin qızın adı Barbara Luiza Martindir, ‒ Kevin davam etdi. ‒ Sizi qarışdırmamaq üçün miss Uilson onu Barbara Luiza, səni isə, sadəcə, Barbara çağırır, elədir?

‒ Bəli.

‒ Barbara Luiza sənin xoşuna gəlir?

Qız çiyinlərini çəkdi.

‒ Sənə elə gəlmirmi ki, miss Uilsonun səndən çox Barbara Luizadan xoşu gəlir? Necə düşünürsən?

Barbara Stenli gözlərini qıyıb Loisə baxdı.

‒ Bəli.

‒ Barbara Luiza daha yaxşı oxuduğuna görə?

‒ Bilmirəm.

‒ Bir də Barbara Luiza sənin kimi sinifdə pis sözlər işlətmədiyinə görə, elədir?

‒ Bilmirəm.

‒ Sən heç vaxt başqa qızları Barbara Luizaya qarşı qızışdırmamısan ki?

‒ Xeyr.

‒ Yadına sal, Barbara, hakim demişdi ki, sən məhkəmədə ifadə verəndə ancaq həqiqəti söyləməlisən. Sən həqiqəti söyləyirsən?

‒ Bəli.

‒ Sən dərsdə rəfiqələrinə Barbara Luizanı lağa qoyan məktublar yazmamısan?

Barbara Stenlinin dodaqları əsdi.

‒ Bəs bu cür məktubları sinifdəki başqa qızlara ötürəndə miss Uilson onları sənin əlində tutmayıb ki? ‒ Kevin başını tərpədib soruşdu.

Məktəbli qız Lois Uilsona baxdı, sonra gözünü zala, valideynləri oturan tərəfə çevirdi.

‒ Miss Uilson sinifdə baş verən hər şeyi dəftərinə qeyd edir, ‒ Kevin üzünü Kornblöyə tutub qovluqdan kağız çıxardı. ‒ O, qeydlərini saxlayıb. Sən Barbara Stenli hansısa rəfiqənə yazmısan: «Gəlin onu Barbara Luzer1 çağıraq». Başqa qızlar da bundan sonra onu belə adlandırmağa başlayıblar, elədir?

Barbara susurdu.