Baxıyor düz, düşüncəli, dilgir;
Sanki bir başqa kainat arayır.
Arabir diksinib için çəkiyor,
Ağaca doğru başcığın əkiyor,
Yenə dinməz, baxır fəzaya qəmin,
Yenə tutqun, haman yenə dalğın,
Qara gözlər haman yenə süzülür,
Al dodaqlar ara-sıra büzülür,
Gülüyor, ağlıyor, deyil, bəlli,
İnliyor, dinliyor çətin həlli!
İri, süzgün, qara kömür gözlər
Bu üfüqlərdə, ax, nələr gözlər?!
Keçmişin bu işıqlı ulduzunun,
Allah, Allah, bu gündoğuş qızının
Nələr etmiş xəyalını məğşuş,
O ayıqdırmı, yoxsa bir bihuş?!
Bu gözəllik, bu incəliklə məgər
Görən olsa, ona deyərmi bəşər?
Yox, satqın, heç bu od ona gəlməz,
Onu kim görsə, canlı zənn edəməz;
Deyəcəkdir, yəqin ona röya,
Pək dərin, şairanə bir xülya.
Göydə bir parça ağ bulud yürüdü,
Pərdəvarı ayın üzün bürüdü.
Bir dəqiqə hava qaraldı bütün,
Yenə durmuş bu qızcığaz məhzun.
Yenə əvvəlki tək deməz, dinməz
Yenə əvvəlki tək susar, gülməz
Bulud ötdü, yenə açıldı hava;
Yenə dalğın bu müztərib sima.
Demək olmaz ki, mütləqa qəmli,
Demək olmaz sevinməsin də vəli.
Doğrudan qayğımı çəkir bu mələk?
Yoxsa sevdalıdır bu qönçə çiçək?
Bağlıdırmı bir odlu eşqə bu qız?
Kimə aşiq bu parlayan ulduz?
Kimdir o taleyi bu cür gülüyor
Ki, onunçun bu al çiçək soluyor?
Onu yoxsa sevirmi bir sevici,
Gülüyor qız, bu eşqə pünhanı?
Yoxsa mümkünmü saymayır, eşqin?
O da bu sevginin pərişanı.
Böylə orta, bilinməyən bir hal.
Kəsdirib, bilmək həp bu halı mahal.
Ağ buludcuq ayın yanında gəzir,
Bir qayıq ta uzaq dənizdə üzür.
Yel ipək kömləyin qızın oxşar,
Saçların telbətel öpər, oynar.
Gecə ölgün sükut ilə yürüyor,
Qız da əvvəlki hal ilə duruyor.
İki yandan sümükləri çıxmış,
Qırışıq sərt üzündə bir iffət;
Boz qalın qaşlarilə örtülmüş
Xırda dik gözlərində bir şəfqət.
Gülüyor, hər addımda bir duraraq,
Gəliyor, çiyninə başın buraraq,
Gəliyor, san, nə isə dinləyərək,
Gəliyor hər addımda inləyərək,
Gəliyor o Qantemir pərişan hal.
Gəliyor xəstələr kimi bihal,
Gəliyor söyləsin öz eşqini ta,
Seviyor öz qızın zavallı ata…
Seviyor, həm deyil ki, bu ata tək,
Onu etmiş əsir o canlı çiçək,
Seviyor həm nasıl ki, gənc gənci;