Curci Zeydan – Kərbəla dilbəri (страница 4)
3. Qutənin gözəlliyi
Hicrətin həmin 60-cı ilinin payız günlərinin birində monastır əhli çox tezdən oyanmışdı: monastırın bağından meyvələri daşımaqda rahiblərə kömək etmək üçün ətraf kəndlərdən kəndlilər gəlmişdilər. Onlar bağdan üzüm, heyva, alma, nar, armud, gavalı və şaftalı doldurulmuş səbətləri daşımağa kömək etməli idilər. Rahiblər payızda hər gün səhər tezdən kəndlilərin gəlişini intizarla gözləyirlər. Onların bəziləri aşağı düşüb kəndlilərin səbətləri monastırın həyətinə daşımalarına kömək etməyə başladılar. Həyət ətrafdakı hücrələrin qarşısındakı boş bir sahədən ibarətdir. Ortada isə həyətin çox hissəsinə kölgə salan böyük bir söyüd ağacı ucalırdı. Söyüdün yaxınlığında isə bir su quyusu görünürdü. Monastır əhli lazım gəldikdə bu quyunun suyundan istifadə edirdi. Kəndlilər səbətləri tək-tək, bəzən də qoşa-qoşa içəri daşıyırdılar. Monastırın rəisi isə hələ də yuxarıda öz otağında idi. Səhər ibadətindən sonra öz otağına qayıtmışdı, içəridə təkcə dua edirdi. O, adamların səs-küyünü eşidib otağından bayıra çıxdı və həyətə enən daş pilləkənin yuxarısında dayandı. Adi rahib paltarının üstündən əbasını çiyninə salmışdı.
O, rahiblərin yükləri içəri daşımasını görüb dedi:
– Niyə səbətlərin hamısını içəri daşıyırsınız? Özünüz yaxşı bilirsiniz ki, biz onların bir hissəsini xəlifənin iqamətgahına sovqat göndərməliyik. Xəlifə bir qayda olaraq onların bir hissəsini öz əmirlərinə və mühafizəçilərinə paylayır.
Bunları deyib, Qutə vadisinin əzəmətli mənzərəsinə tamaşa etmək üçün binanın damının kənarına tərəf getdi. Günəş uzaqdakı dağların arxasından boylanmağa başlamışdı. Artıq onun şüaları bağ-bağatdakı ağacların budaqlarında əks olunmağa başlamışdı. Quşlar budaqları tərk edərək səs-səsə verib, dəstə-dəstə uzaqdakı açıqlığa tərəf uçurdular. Onların bir hissəsi isə şərqə tərəf üz tutmuşdu. Sanki Günəşi öz civiltiləri ilə salamlamaq üçün bir-birini ötməyə çalışırdılar.
Monastırın rəisi bağlara tərəf baxmağa başladı. Bu bağların görünüşü adamın könlünü açırdı. Müxtəlif gül kollarının pöhrələrindən qalxan rayihə adamın qəm-qüssəsini silib aparır, onu məst edirdi. Cürbəcür gül kolları arxlarla, cığırlarla bağlar arasında çəpər təşkil edirdi. Gül kollarına müxtəlif şəkilli və ölçülü meyvə ağaclarının kölgələri düşürdü. Ağaclarda yaşıl yarpaqlardan çox müxtəlif rəngli meyvələr vardı: qıpqırmızı narlar, sapsarı heyvalar, dümağ mərsinlər, bənövşəyi gavalılar, alyanaqlı almalar adama gəl-gəl deyirdi.
Qutənin bir tərəfində müxtəlif növlü üzümlüklər vardı. Tənəklərin bəzilərindən ağ şama bənzər, bir hissəsindən alqırmızı, bəzilərində isə kömür kimi qara salxımlar sallanırdı. Müxtəlif rəngli otlar bağların torpağına gözəl bir xalı kimi sərilmişdi. Bağların arasındakı arxlarda axan suyun şırıltısı, quşların cəh-cəhi, yarpaqların xışıltısı bu mənzərəyə xüsusi gözəllik verirdi. Qutə vadisi ağaclarının arası ilə çayların axdığı bir cənnət bağına bənzəyirdi. Günəşin buraya saçdığı şüalar arxlardakı sularda əks olurdu. Şüaların gölün səthindən əks etməsi diqqəti daha çox cəlb edirdi.
Monastırın rəisi burada olduğu bütün müddət ərzində az qala hər səhər bu mövqedə dayanırdı, gözləri isə bu mənzərədən ləzzət almaqdan doymurdu. Nə yükləri daşıyan, meyvələri seçən rahiblərin və kəndlilərin səsi, nə də tövlədəki qoyunların mələşməsi, öküzlərin böyürtüsü, eşşəklərin anqırtısı onu bu gözəl mənzərədən ayıra bilmirdi.
Dayanıb xaliqin yaratdıqları barədə düşünməyə başladı. Sonra Qutənin gün çıxan tərəfinə baxdı. Uzaqdan gələn yollara baxdı, onları qurumuş çayların məcrasına oxşatdı. Həmin tərəfə baxarkən lap uzaqdan bir dəvə karvanının ağır-ağır gəldiyini gördü. Karvan ya İraqdan, ya da Hicazdan gəlirdi. Karvanda eşşəklər və dəvələr bir-birinin ardınca düzülüb asta-asta gəlirdilər. Monastırın rəisi karvanın kimin olmasını və ya onun haradan gəlməsini müəyyənləşdirmək istədi. Lakin karvanın hələ çox uzaqda olmasına görə bunu təyin edə bilmədi. Cavanlığında belə məsafədən çox şeyi asanlıqla müəyyənləşdirə bilirdi. İndi isə bacarmadı. Bir də gözlərinı sınaqdan çıxartdı və doğrudan da, qocaldığını anladı. Ürəyində ömrünün çox hissəsinin keçdiyinə təəssüfləndi. Yüklərin daşınmasında rahiblərə göstəriş verməyi qərara aldı. Bütün işləri qurtarandan sonra yuxarıdan enib kilsəyə keçdi. Həmişəki qayda ilə ibadət etdi, sonra yuxarıdakı otağına qayıtdı.
4. Hörmətli qonaqlar
Monastırın rəisi əlindəki kağızı oxuya-oxuya daş pilləkənlə yuxarıdakı otağına qayıtdı. İçəri daxil olub yatağında dirsəklənib kağızı oxumağa davam etdi. Bir azdan sonra monastıra yaxınlaşan dəvələrin səsini eşitdi və monastırın baxıcısını yanına çağırdı. O, hündür boylu, dolu bədənli yaşlı bir kişi idi. Monastıra bu yaxınlarda gəlmişdi. Monastır rəisinin otağına girib onun qarşısında dayandı. Monastırın rəisi ona dedi:
– Karvan səsi eşidirəm. Bir nəfəri göndər, yola çıxsın, gələnlərin kim olduğunu öyrənsin.
Monastırın baxıcısı binanın damının kənarına yaxınlaşıb baxmağa başladı. Bir azdan geri qayıdıb dedı:
– Yüklü dəvələrdir və bir neçə nəfər adam da var. Geyimlərindən görünür ki, İraq əhlidirlər.
– Onlar, deyəsən, səhər baxarkən uzaqdan gördüyüm karvandır. Bizim tərəfə dönüblər. Gərək, onlara qonaqpərvərliyimizi göstərək.
– Nəyə görə onları qəbul etməliyik? Onlar yad adamlardır, heç tanımırıq da. Hökuməti öz məhsul və meyvələrimizlə təmin etməyimiz kifayət deyildirmi? Onlar monastıra daxil olsalar da, yəqin ki, bir az istirahət etdikdən sonra çıxıb gedəcəklər.
– Çıxıb getsələr, öz işləridir, getsinlər. Əgər qalmaq istəsələr, onları qəbul edib qonaqpərvərlik göstərməliyik. Bunu onların xəlifələri öhdəmizə qoyublar. Onları qəbul edib hörmət göstərmək bizim borcumuzdur.
Monastırın baxıcısı belə bir öhdəliyin olmasından xəbərdar deyildi. Ona görə də dərhal soruşdu:
– O nə öhdəlikdir?
– Müsəlmanlar bu diyarı fəth edəndə buralarda bəzi işləri yerinə yetirmək biz xaçpərəstlərin öhdəsinə qoyulmuşdur. Həmin öhdəliklərdən biri də monastırlara gələn müsəlmanlara üç gün ərzində istədikləri xidməti göstərməkdən ibarətdir. İstəsək də, istəməsək də əhdnaməyə əməl etməliyik. Bizə qonaq gələn hər kəsə bir il buradan getməsə belə xidmət göstərməliyik.
Monastırın baxıcısı bunları bilmədiyinə görə xəcalət çəkdi və üzr istəmək istədi. Birdən qapıdakı zəngin səsi eşidildi. Monastırın rəisi dedi:
– Zənnimdə yanılmamışam. Get, qonaqları qəbul et, “xoş gəldiniz” de, onların karvanını yerbəyer edəndən sonra mənə xəbər ver.
Monastırın baxıcısı cavan rahiblərdən birini bağın qapısını açmağa göndərdi, özü isə monastırın qapısında dayanıb gələnlərə baxmağa başladı. Üç nəfər idilər, əyinlərində əba, başlarında kufiyyə, onun üstündən isə üqal5 vardı. Birisi isə sifətini də örtmüşdü. Bir neçə dəvənin üstündə qurudulmuş xurma ilə dolu böyük səbətlər və kisələr vardı. Bütün bunlardan görünürdü ki, onlar İraq tacirlərindəndir və yüklərindəkiləri Dəməşqdə satmağa gətirmişlər. Onlar monastırın qapısına yaxınlaşanda birinin çox gənc bir qız olduğunu aşkar etdi və dərhal da onlardan şübhələndi: ”Əgər onlar buralara yalnız ticarət üçün gəliblərsə, nə üçün belə bir qızı özlərilə gətiriblər?” Onlar monastırın qapısına yaxınlaşanda monastırın baxıcısı qonaqları qarşılamaq üçün irəli çıxdı, yunanca xidmətçilərə dəvələri tövləyə aparıb yemləməyi tapşırdı. Şam diyarında təzə olduğuna görə qonaqlara çətinliklə ərəbcə “xoş gəlibsiniz” dedi. Qabağa düşüb onların qapıdan içəri keçmələrinə kömək etdi. Qonaqların biri hündür boylu olduğuna görə başını əyib içəri keçməli oldu. Dar dəhlizdən keçib o biri qapıdan monastırın ortasında söyüd ağacı və su quyusu olan həyətə çıxdılar.
5. Kərbəla dilbəri
Monastırın rəisinə qonaqların gəldiyini xəbər verdilər. O, dərhal aşağı düşdü, qonaqlara “xoş gəlibsiniz” dedi və onları oturmağa dəvət etdi. Qonaqlar onun qeyri-ərəblərə xas olan tələffüzünə baxmayaraq ərəbcə təmiz danışmağına valeh oldular. Söyüd ağacının altındakı oturacaqlara əyləşib, hər kəs öz fikir aləminə qərq oldu. Monastırın rəisi onlara növbə ilə nəzər salmağa başladı: birisi hündür boylu, enlükürəkli, möhkəm bədənli, əlli yaşlarında olan xoş simalı bir kişi idi. Sifətinin tükləri az idi, qara saqqalı, iri qara gözləri vardı. Monastırın rəisi dərhal xatırladı ki, onu bundan əvvəl görmüşdür. Qonaqların ikincisi isə yaşı iyirmidən bir qədər çox olan gənc idi. Ona baxan hər bir kəs bədəninin möhkəmliyinə, üzünün tükünə və saqqalına görə ilk baxışdan ona otuz yaş da verə bilərdi. Sifətindən sağlamlıq yağırdı.
Üçüncüsü isə çox gözəl bir qız idi. Monastırın rəisi ona ilk dəfə baxan kimi qızın gözəlliyinə heyran oldu. Dəməşqdə və onun ətrafında keçirdiyi bütün ömrü boyu bizanslılar, ərəblər, nəbatilər, siryanilər və ya yəhudilərdən belə bir gözəllikdə qıza rast gəlməmişdi. Rəisin gözləri indiyədək belə qənirsiz gözələ tamaşa etməmişdi. Qızın gözləri gəncin gözləri kimi iri deyildi. Buna baxmayaraq, bu gözlərdə xüsusi bir məlahət var idi. Baxışları çox iti idi. Gözləri kirpiklərinin arasından par-par parıldayırdı. Monastırın qoca rəisi bu gözlərə qiymət vermək iqtidarında olsaydı, onlara çox cazibəli gözlər kimi qiymət verərdi. Çünki bu gözləri görən hər bir kəs dərhal onlara heyran olub sahibinin qarşısında diz çökməkdən başqa bir çarəsi qalmazdı. Bu gözlərdə ürəklərə təsir etmək qüdrəti və eyni zamanda bir saflıq əlaməti vardı.