18+
реклама
18+
Бургер менюБургер меню

Curci Zeydan – Kərbəla dilbəri (страница 3)

18

İslam dininin Peyğəmbəri Bənu-Haşimdən olduğuna görə haşimilər ona çox hörmət edirdilər. Adamlar Peyğəmbərin nəsihətlərindən çox razı qalırdılar və əvvəlki təəssübkeşliklərini unutmağa çalışırdılar. İslam dini, xüsusilə bir hədisdə deyildiyi kimi, onları bu əməllərindən çəkindirirdi: “Allah cahiliyyət dövründəki bəd əməllərinizi və onlarla fəxr etməyinizi sizdən uzaqlaşdırdı, çünki biz də, siz də Adəm övladıyıq, Adəm isə torpaqdan yaradılmışdır”.

Bənu-Haşimin Məkkədə hörmət və izzəti Peyğəmbərin əmisi Əbu-Talibin vəfatınadək davam etdi. Bundan sonra onun övladları və Peyğəmbərin digər səhabələri Mədinəyə hicrət etdilər. Peyğəmbərin əmiləri Həmzə və Əl-Abbas, Əbdülmütəllibin digər övladları və Bənu-Haşimdən olanların bir çoxu da onların arasında idi. Beləliklə, Məkkədə hər şeyin Bənu-Uməyyənin əlinə keçməsi üçün fürsət yarandı. Müsəlmanlara qarşı aparılan Bədr və digər döyüşlərdəki qüvvələrə Bənu-Uməyyə tam başçılıq etmişdi. Həmin vaxtlar onlara sonralar Əməvilər dövlətinin başçısı olmuş Müaviyənin atası Əbu-Sufyan özü rəhbərlik etmişdi.

Müsəlmanlar qəzəvatlarda dalbadal uğurlar qazananda və xüsusilə də hicrətin 7-ci ilində Məkkənin fəthi ərəfəsində Əbu-Sufyan hələ də burada Qureyş qəbiləsinin başçısı idi. Əbu-Sufyan müsəlmanların Məkkəni hökmən fəth edəcəklərini qəti dərk edəndən sonra əvvəlcə özü, sonra isə övladları islamı qəbul etdilər.

Əbu-Bəkr xəlifəliyə başlayanda Bənu-Uməyyənin və Qureyşin digər soylarının başçıları ilk mühacirlərdən fərqli olaraq heç bir mənsəbə təyin edilmədilər. Onlar bu barədə Əbu-Bəkrə şikayət etdilər. Əbu-Bəkr isə onlara “Qardaşlarınıza cihadda kömək edin!”– dedi və onları mürtədlərlə – islamdan üz döndərənlərlə müharibəyə göndərdi. Onlar cihadda yaxşı döyüşürdülər və ərəblərə kömək göstərirdilər. Ömər xəlifəliyə başlayanda onları Şam diyarına Bizans ilə müharibəyə göndərdi. Onlar Şamı fəth etdilər və çoxları da orada məskən salıb qaldılar. Əbu-Sufyanın oğlu Yəzid Şam vilayətinə vali təyin edildi. O, Əmvas1 taununda ölənədək həmin vəzifədə qaldı. Onun yerinə qardaşı Müaviyə vali oldu. Osman xəlifə seçiləndən sonra onu həmin vəzifəyə rəsmən təyin etdi. Beləliklə, Bənu-Uməyyə əvvəllər olduğu kimi islamda da ərəblərə başçılığı ələ keçirdi. Bənu-Haşim isə peyğəmbərliyin məsələləri ilə məşğul olmağa başladı və dünyəvi işlərdən imtina etdi.

Osman qətl ediləndən sonra adamlarda kimə beyət etmək barədə fikir ayrılığı yarandı. İmam Əlinin tərəfdarları çoxluq təşkil edirdi. Lakin onlar əslən Yəməndən olan Rəbiə və digər qəbilələrin adamları idilər. Müaviyənin dəstələri isə Qureyşin uğursuzlarından və əli hər şeydən üzülmüşlərdən, Şam müharibəsində iştirak edəndən sonra orada məskən salıb qalanlardan ibarət idi. Müaviyə çox güclü təəssübkeşlik edirdi. Sonra Əlinin adamları arasından Əl-Xəvaric2 adlandırılanlar peyda oldular və onun başladığı iş tənəzzülə uğradı. Nəhayət, İmam Əli hicrətin 40-cı ilində qətlə yetirildi. Onun oğlu Həsən isə özü xəlifəlikdən imtina etdi. Hicrətin 41-ci ilinin ortalarında camaat Müaviyəyə beyət etməyi qərara aldı. Adamlar peyğəmbərliyin üstünlüklərini unutdular və yenidən təəssübkeşlik edərək güclülərə baş əyməyə başladılar. Bu yolla Müaviyə xəlifəliyi ələ keçirdi. O buna öz ağıl və dərrakəsi, məkrli siyasəti sayəsində nail oldu. Xəlifə eyni zamanda Bənu-Haşimdən olan ərəb başçılarını zahirən müdafiə edir, onları təhqir etmək istəyənləri cəzalandırırdı. Bunda isə onun öz məqsədi var idi.

Digər tərəfdən isə o, Bənu-Haşimi, xüsusilə də əhlül-beyti, o cümlədən Əlinin oğullarını nüfuzdan salmağa çalışırdı. Müaviyə bəzi adamları Əlini açıq-aşkar lənətləməyə təhrik edir və bunu edənləri mükafatlandırır, bundan imtina edənləri isə cəzalandırırdı. Tarixdə bu qəbildən olan bir neçə hadisə məlumdur. Ən məşhuru isə hicrətin 51-ci ilində Bənu-Kində qəbiləsinin başçılarından biri olan Hucr ibn Adiyy Əl-Kindinin qətlə yetirilməsini göstərmək olar. Hucru ona görə öldürdülər ki, o, Əlini lənətlənməkdən qəti imtina etmişdi.

Müaviyə Şamda hicrətin 41-ci ilindən 60-cı ilinədək iyirmi il xəlifəlik etdi. Hicazda və Kufədə müsəlmanlar Müaviyənin ölməyini gözləyirdilər ki, ondan sonra Peyğəmbərlə qohumluq əlaqəsi olan Hüseyn ibn Əliyə beyət etsinlər. Çünki o dövrdə xəlifəni şurada seçirdilər. Lakin Müaviyə ölməmişdən qabaq hökmranlığın irsən keçməsini təsbit edən elə bir bidətlik etdi ki, bu günədək onun izləri özünü göstərməkdədir. O özündən sonra oğlunun xəlifə olacağını vəsiyyət etdi. Müaviyə vəfat edəndən sonra oğlu Yəzid xəlifə oldu. O vaxt onun otuzdan bir az çox yaşı vardı. Şam diyarının Dəməşq şəhəri isə xilafətin paytaxtına çevrildi. Yəzidin xəlifə olması ilə razılaşanlar da, ona nifrət edənlər də istər-istəməz beyət etdilər.

2. Xalid monastırı

Dəməşqin Qutə adlanan hissəsi Şam diyarında öz məhsuldar torpaqları ilə məşhurdur. Ərazisinin eni də və uzunu da beş ağac məsafəsinə bərabərdir. Onu hər tərəfdən hündür dağlar əhatə edir. Vadinin ortasından isə bağları və bostanları suvaran bir neçə çay axıb buradakı gölə tökülür3. Şam diyarının həmin bu məhsuldar torpaqlarının ortasında yerləşən Dəməşq şəhəri bir neçə min ildir ki, öz həyatı ilə yaşayır. Qutə vadisində Dəməşqdən başqa bir neçə kiçik kənd də yerləşir. Kəndlərin ətrafındakı çoxlu əkin sahələrinin və meyvə ağaclarından ibarət olan bağların arasından gur sulu arxlar və kiçik çaylar axır.

Dəməşqin Şərq darvazasının bir neçə ağac məsafəsində qədim bir monastır da vardır. Onu islamın ilk illərində Şam diyarını fəth etmək üçün göndərilən sərkərdə Xalid ibn Əl-Vəlid burada gecələdiyinə görə “Xalid monastırı” adlandırırlar. Bundan əvvəlki adı isə “Saliba monastırı” idi4. Monastır “Mərcul-Əzra” deyilən yerin yaxınlığında hər meyvə ağacından yalnız bir cüt olan böyük bir bağın ortasında yerləşir.

Bu monastıra bayır tərəfdən baxanda adama elə gəlir ki, o, alınmaz bir qaladır. Bina dördguşəlidir, küncləri isə az qala yuvarlaq şəkildədir. Divarlarına bayır tərəfdən yaxşı suvaqlanıb sığal çəkilmişdir. Divarlar yuxarı qalxdıqca içəriyə tərəf meyillidir. Buna görə də bina aşağıdan enli, yuxarıdan isə nisbətən ensiz görünür. Divarlar uzununa çox möhkəm hörülmüşdür. Binaya giriş üçün çox alçaq və dar giriş vardır: əyilməmiş içəri girmək mümkün deyildir. Girişin taxta qapısının üzərinə çəkilmiş dəmir təbəqəni tamamilə qalın pas örtmüşdür. Belə böyük bir binaya bu kiçik qapıdan başqa ayri bir giriş yox idi. İçəri girəndən sonra bir neçə qolac uzunluğunda olan kiçik bir dəhlizin o başında monastırın həyətinə açılan qapı vardır. Həyətin ətrafı boyu birmərtəbəli hücrələr düzülmüşdü. Binanın üstündə monastırın rəisinin yayda və payızda qalması üçün hündür tavanlı bir otaq da mövcuddur. Monastırın divarlarının çox hündür olmasına baxmayaraq ayaq üstə dayanmış adam əlini uzatsa da onun pəncərələrinə çatdıra bilməzdi. Bacalara bənzəyən bu kiçik pəncərələrə bayır tərəfdən dəmir barmaqlıq vurulmuşdur. İlk dəfə kənardan baxan hər kəs monastırların bu şəkildə tikilməsinin səbəbini çox tez dərk edir. Belə binalardan zərurət yarandıqda müdafiə olunmaq üçün qala kimi istifadə edirdilər. Monastır sakinləri həyətdəki tövlədən və arxacdan at, davar və qaramal saxlamaq üçün istifadə edirlər.

Xalid monastırının əsas binasının şərq tərəfində eni və uzunu əlli addıma bərabər olan düzbucaqlı şəkilli tövləsi vardır. Tövlənin üç tərəfdən yerə sıx və bərabər şəkildə çalınmış payalardan ibarət hündür hasarı vardır. Tövlənin dördüncü hasarını isə monastırın öz binasının şərq divarının bir hissəsi təşkil edir. Payaların yuxarı tərəfindən yarıya parçalanmış ağac budaqları uzununa düzülmüş və budaq qabığından hazırlanmış kəndirsayağı çatılarla möhkəm bağlanmışdır. Tövlənin həmin qayda ilə payalardan düzəldilmiş sürütmə qapısının bir tərəfi yerə çalınmış payadan ibarət olan möhkəm dayağı vardır. Həmin sürütmə qapının zorba budaqdan ibarət olan üst qolu birbaşa binanın divarındakı oyuğa keçirilmişdir. Tövlənin üstünün yarısını örtən talvarın tavanı da ağac budaqlarından düzəldilmişdi. Talvarın örtülü hissəsi davar və qaramalın qışda buraya sığınması üçün nəzərdə tutulmuşdu.

Monastırı, tövləni və bağı birlikdə əhatə edən, həm də adam boyundan da hündür sıx bitmiş böyürtkən kollarından ibarət yaxşı hasarı vardır. Həmin hasarın da tövlənin qapısına bənzər, amma ondan çox möhkəm taxta qapısı vardır. Qapının yanında zəng asılmışdı. Buraya gələn hər bir kəs bu zəngi çalanda içəridəkilər səsi eşidib qapını açırlar.

Hicrətin 60-cı ilində Xalid monastırı belə bir görkəmə malik idi. Məhz həmin ildə Müaviyə ibn Əbu-Sufyan vəfat etmişdi. Vəzifədə onu oğlu Yəzid ibn Müaviyə əvəz etdi. O, Dəməşqdə islam xilafətinin xəlifəsi oldu. Bu monastırın rəisi əslən bizanslı olan qoca bir keşiş idi. O, ömrünün əlli ildən çoxunu burada keçirmişdi. Əvvəlcə uzun müddət adi rahib olmuşdu. Sonra onu rahiblikdən irəli çəkib monastırın rəisi təyin etmişdilər. O, Xalid ibn Əl-Vəlid burada gecələyəndə yeniyetmə rahib olmuşdu və Dəməşqin fəthini də öz gözləri ilə görmüşdü. Cavanlığında ərəb dilini bilmirdi, amma sonralar tədricən bu dili lap yaxşı öyrənmişdir. Rahiblər rəisin yaşına və gözəl əxlaqına görə ona çox hörmət edirdilər. Müaviyə özü də monastırın rəisinə hörmət edirdi və çox vaxt Qutədə ova çıxanda monastır rəisinin qonağı olur, hətta arabir onunla zarafat da edirdi. Yəzid xəlifə olandan sonra o da monastırın rəisinə hörmət edirdi.