Curci Zeydan – Kərbəla dilbəri (страница 5)
Qızın sifəti dolu deyildi, amma elə bil işıq saçırdı, yanaqlarındakı qızartı onun sağlam olmasına dəlalət edirdi. Xüsusilə də məhz indi belə bir uzun səfərdən sonra yanaqları qıpqırmızı idi, az qala qan damacaqdı. Monastırın rəisi qızın geyiminə də diqqət yetirdi: ona elə gəldi ki, qız kasıb ailədəndir. Ürəyindən belə bir fikir də keçdi: ”Əgər atası mal-dövlət cəhətdən kasıbdırsa, belə bir qızla çox zəngin adamdır.” Lakin qız paltarının qollarını bir az çirmələdikdə və üzündəki örpəyi bir az qaldırdıqda rəis yəqin etdi ki, o, heç də kasıb deyildir. Qulaqlarından mirvari sırğalar sallanırdı, qollarında qızıl, gümüş və fil sümüyündən düzəldilmiş bilərzik və qolbaqlar vardı. Qızın dodaqlarının gözəlliyini, onlardakı ürəkləri əsir edən ifadəni vəsf etməyə nə qələm, nə də dil qadir deyildi. Əgər bir gözəlliyi dil və qələm vəsf etməyə qadir olsaydı, deməli, o heç də gözəllik deyil, bəlkə də yazanın və danışanın təsvir etdikləri bir şəkildir. Lakin istedadın təsvir etməkdə aciz qaldığı gözəllik Kərbəla dilbəri Səlmanın gözəlliyidir. Qızın gözəlliyi ona baxanların ürəklərinə dərhal öz təsirini göstərir, görkəmi ətrafdakıları özünə cəlb edirdi. Onunla danışan hər bir kəs qıza valeh olur, qarşısında pis söz danışmağı bacarmır, istər-istəməz ona tabe olur, onunla mübahisə etməyə gücü çatmırdı. Qıza verilmiş fitri zəka ilə aydın zehnin vəhdəti, sifətindən ətrafa təcəlla edən izzət və nəfsi, öz ləyaqətini lazımınca dərk etməsi onun öz ismətinin qoruyucusudur.
Monastırın rəisi qonaqları ilk dəfə görəndə kişini cavanların atası, gənci və qızı isə onun övladları olduğunu zənn etmişdi. Onların sifətlərinin cizgilərinin müxtəlif olduğunu yəqin etdikdən sonra qərara gəldi ki, gənc və qız bir-birlərinə oxşasa da kişi onların atası deyildir.
Monastırın rəisi söhbətə özü başladı:
– Görünür, uzaqlardan gəlirsiniz. İraqlı deyilsiniz ki?!
Amir cavab verdi:
– Bəli, biz Kufədən xurma gətirib Dəməşq bazarlarına aparırıq.
Amir hələ sözünü qurtarmamışdı ki, monastırın rəisi onu tanıdı və adının Amir olduğu da yadına düşdü. Dərhal soruşdu:
– Sən Amir Əl-Kindi deyilsən?
Amir gülümsündü və dedi:
– Bəli, özüyəm. Mən özüm əvvəlcədən tanışlıq vermədim ki, görüm, köhnə qonağını xatırlayırsanmı?
Monastırın rəisi dərindən nəfəs alıb dedi:
– Necə xatırlamıram?! O qorxunc hadisənin şahidi olmuşam. Mən hələ də qoz ağacının altındakı o dəhşətli saatları indiyədək unuda bilmirəm.
Amirin sifətindəki ifadədən aydın görünürdü ki, o, həmin faciəli hadisəni yada salmaq istəmir. Söhbəti davam etdirmək istədi, amma monastırın rəisi onu qabaqlayıb soruşdu:
– Yəqin ki, bu cavan oğlun, bu gözəl də qızındır? Adları nədir?
Amir bir anlığa susdu, şəhadət barmağı ilə saqqalını sığallayıb dedi:
– Bəli, övladlarımdır, adları da Əbdürrəhman və Səlmadır.
Monastırın rəisi bu cavabla kifayətləndi. Amma hiss etdi ki, Amir nəyi isə gizlədir. Barmaqları ilə cibindəki kiçik ləpik daşlarını bir-bir çevirməyə başladı. Rahiblər bu daşlardan o vaxtlar təsbeh kimi istifadə edirdilər. Gün ərzində keçirdikləri ibadətlərin və duaların saylarını yadda saxlamaq üçün istifadə edirdilər. Onlar gün ərzində lazım olan ibadətlərin və duaların sayı qədər kiçik ləpik daşı toplayıb ciblərinə qoyurdular. Hər dəfə dua başa çatdıqdan sonra ciblərindəki daşlardan birini çıxarıb kənara qoyurdular. Cibdəki daşlar qurtaranda bilirdilər ki, dualar və ibadətlər yerinə yetirilib, yəni başa çatdırılıb. Xaçpərəstlər təsbehlərdən yalnız XIII əsrdən etibarən istifadə etməyə başlayıblar.6 Monastırın rəisi hələ də cibindəki daşları çevirməkdə idi, sonra söhbəti başqa bir mövzunun üzərinə gətirdi:
– Kufədən burayadək yolu neçə günə qət etdiniz?
– Karvanla birlikdə iyirmi günə gəlmişik.
– Xurma satmaq üçün bu səfərə çıxmaqla çox məşəqqət çəkmədinizmi? Onların satışından qazandığınız bu yollarda çəkdiyiniz əzab-əziyyətə dəyməz.
Amir monastır rəisinin sualından deyilənlərə inanmadığını hiss etdi. Şəkk-şübhəni tamamilə aradan qaldırmağa cəhd etdi:
– Doğru deyirsən, xurma satmaq üçün bu qədər əziyyət çəkməyinə dəyməz. Biz yükümüzü də, dəvələrimizi də satacağıq. Dəvələr çox baha qiymətə satılır, xurmadan qat-qat çox gəlir verir. Qayıdan baş Dəməşqdən başqa mal alıb İraqa aparacağıq.
Səlmanın onlarla gəlməsinin bu cür izahının ağlasığmaz olduğunu dərk edən Amir dərhal bildirdi:
– Səlma isə Dəməşqi və onun mənzərəli yerlərini görmək üçün bizimlə getməyi israr etdi. Biz də gördük ki, onu Kufədə tək qoyub gəlməkdənsə, özümüzlə aparmaq daha yaxşı olar.
6. Qoca abid
Amir və monastırın rəisi söhbət edirdilər. Səlma isə həyətin küncündə divara söykənmiş qocaya baxırdı. Qocanın yanında qara rəngli, iri başlı və zəhmli bir it də var idi. İt arxa ayaqları üzərinə oturub, qabaq ayaqlarını yerə möhkəm dirəmişdi. O özünün bu duruşunda əsl şirə bənzəyirdi. İt nəzərlərini Səlmanın üzünə dikmişdi. Par-par parıldayan gözləri ilə qızın sifətini diqqətlə süzürdü.
Divara söykənmiş qoca özünün qəribə görkəmi və qaba paltarı ilə Səlmanın diqqətini cəlb etmişdi. Qız indiyədək belə bir görkəmdə qoca kişi görməmişdi və eşitməmişdi. Kişi çox qoca idi, başının tüklərinin hamısı ağarmışdı, bir dənə də qara tük yox idi. Kənardan ona baxana elə gəlirdi ki, başında ağ əmmamə var. Burnu aydın seçilirdi, az qala hədəqəsindən çıxan qara gözləri vardı, alnı qırış-qırış idi. Saçlarını heç vaxt daramaması, əl-üzünü illərlə yumaması onun görkəmini daha acınacaqlı edirdi. Saçlarına heç bir daraq girməzdi. Səlma gördü ki, qoca uzun çirkli dırnaqları ilə saqqalını və başını qaşıyır. Səlmaya çox qəribə görünən isə onun geyimi idi. Əynindəkinə paltar demək mümkün deyildi. Geyimi cod tükdən toxunmuş parçadan olan rahib paltarına, bir az da dərviş geyiminə bənzəyirdi, bəlkə də bu onun çox köhnəldiyinə görə rəngini itirmiş öz əbası idi.
Qoca iti böyründə divara söykənib mürgüləyirdi. O, yatmaq istəmirdi, amma gözlərinin qapaqları özü-özünə örtülürdü. İt də, onun sahibi də bir-birinə çox isinişmişdi.
Əbdürrəhman da qocaya və onun itinə baxır, onların halına acıyırdı.
Amir Səlmanın adını çəkəndə qız fikrindən ayrılıb üzünü Amirə tərəf çevirdi. Qocaya tərəf işarə edib dedi:
– Həyətin küncündəki o qoca kişi və onun qara qorxunc iti məni çox maraqlandırır. Deyəsən, Əbdürrəhman da mənim kimi çox təəccüblənib.
Əbdürrəhman öz adının çəkildiyini eşidib fikirdən ayrıldı və onlara tərəf baxdı. Sifətindən görünürdu ki, o da Səlma kimi çox təəccüblənib. Monastırın rəisi barmağı ilə onlara işarə etdi və dodağını dişlədi. Qonaqlar boyunlarını ona tərəf uzatdılar. Monastırın rəisi onlara pıçıltı ilə dedi:
– Bu qoca əsl zahid və guşənişin adama bənzəyir, amma onun hərəkətləri heç də abid adamın hərəkətlərinə oxşamır. Elə bil ki, ağlı çaşıb. O, bir neçə il bundan əvvəl bizim monastıra gəlib, elə o vaxtdan da burada bizimlə qalır. O qara it isə gecə-gündüz qocanın yanında olur, çox nadir hallarda ondan ayrılır. Heç bir dəfə də əl-üzünü yuduğunu, ya da dırnaqlarını tutduğunu, yaxud da paltarını dəyişdiyini görməmişik. Çox qəribədir ki, bizim hücrələrdən heç birinə girib yatmır. Çox vaxt həyətin həmin küncündə, bəzən də o biri küncündə yerə oturur. Deyilənə görə, Qutədə ağacların bəzisinə dırmaşıb elə oradaca, bəzən də elə ağacın altında yatır. Çox qəribədir ki, o heç vaxt ət və çörək yemir, mer-meyvə ilə kifayətlənir. Bağ-bostanları gəzib özünə meyvə və tərəvəz yığır, çox vaxt da ağaclara çıxıb özü üçün meyvə dərir. Bizimkilərin ona yazığı gəlir, heç vaxt meyvə toplamasına mane olmurlar.
Amir dilləndi:
– Deməli, o nə isə bir kəramət sahibidir. Bizdə belə adamları kəramət sahibi hesab edirlər.
Onlar bu cür pıçıltı ilə söhbət etdikləri zaman zəng çalındı. Rahiblərdən biri cəld qalxıb, gələni qarşılamağa getdi. Lakin o, uzun müddət geri qayıtmadı. Monastırın rəisi yerindən qalxıb onun ardınca getdi.
7. Müəmmalı qonaq
Səlma əli ilə itə işarə edib, onu yanına çağırdı. İt dərhal qaçıb qızın yanına gəldi. Səlma cibindən bir xurma çıxarıb itə tərəf uzatdı. İt xurmanı qızın əlindən götürüb yedi. Qıza mehribanlaşdı, başını onun paltarına sürtməyə başladı. Səlma isə barmaqları ilə itin başını sığallamağa başladı. İt qıza daha da isnişib, quyruğunu bulamağa başladı. Lakin zəngin səsini eşidən kimi dik qalxdı. Quyruğunu dikəltdi, nəzərlərini monastırın qapısına dikdi. Sanki kimi isə görmək istəyirdi. Gələn adamın üstünə atılmağa hazır dayandı.
Monastır rəisinin də bayırda həddindən çox yubandığını hiss edən it bərkdən hürməyə başladı. Bu, həyətdə oturanları, xüsusilə də qocanı narahat etdi. İtin hürməsindən yuxudan diksinib oyanmış qoca ətrafa baxmağa başladı. İtin ondan çox uzaqda olduğunu görüb, “Şeybub!” – deyə qışqıraraq onu yanına çağırdı. İt dərhal qaçıb qocaya yaxınlaşdı və onun barmaqlarını və qollarını yalamağa başladı. Qoca isə bundan xoşhal olub dedi:
– Necəsən, dostum, mənim yeganə həmdəmim!?… Bu gələn qonaqla necəsən? Deyəsən, öz adətinə görə onu heç xoşlamırsan?
Amir qocanın dediklərini eşidəndə fikir verdi ki, o, təmiz ərəb dilində danışır. İtini isə ərəblərin cahiliyyət dövründə öz itlərinə verdikləri adlardan biri ilə çağırır. Öz-özünə dedi: ”Qoca, deyəsən, ərəbdir. Görəsən, o kimdir? Niyə bu hala düşüb?”
Rahibin gecikdiyini görüb onun ardınca gedən monastır rəisi qapıda Amirgilin paltarına bənzəyən libas geyinmiş bir kişi ilə qarşılaşdı. Lakin onun sifətinin alalıq xəstəliyindən dümağ olduğunu görüb özünü bir az itirdi. Lakin kişinin də Amirgildən olduğunu, nədənsə, onlardan geri qaldığını və yalnız indi gəlib çıxdığını zənn etdi. Kişini salamlayıb dedi: