реклама
Бургер менюБургер меню

Болеслав Прус – Keçmişdən gələn səslər (страница 9)

18

Pan Yan amansız gerçəkliyə əl yelləyir, haqlanana kimi ondan qaçırdı.

“Bəlkə, bu, dedi-qodudur? – deyə fikirləşdi. – Kəndlilərdən soruşmaq lazımdır… Yox!.. Yoxsa, güzəştə getməyə hazır olduğum qərarına gələrlər…”

Əslində, mülkədar, sadəcə, acı həqiqəti öyrənməyə qorxurdu. Əgər kəndlilərlə danışıqların heç nə ilə bitəcəyi elə bu gün məlum olsaydı, meşənin satılması ilə bağlı arzuları dağılardı. Ancaq naməlumluqda olarkən onlarla daha bir həftə, üç gün… heç olmasa, yalnız bir gün kefini açardı!..

Beləliklə, pan Yan heç kəsi sorğu-sual etmədi, bu barədə heç kəslə danışmadı, hətta Şmula servitutlardan söhbət açmağa imkan vermədi – və gözlədi. O belə fəaliyyət tərzini diplomatiya adlandırır və özünə təlqin edirdi ki, əgər heç kəs ondan bu iş barədə bir kəlmə də eşitməsə, kəndlilər əvvəlki şərtlərdən imtina etməyə cəsarət etməzlər.

Lakin bu heç də diplomatiya deyildi, həqiqətin gözlərinə baxmaqdan, mülk hərracda borclara görə gedəndə özündən nə etməlini soruşmaqdan qorxmaq idi. Arvadı necə etməli?.. Sərf olunmuş cehizinin, daş-qaşının və adət olunmuş həyat tərzinin əvəzində ona nə təklif edə bilər?.. Onu mülkiyyətini ərinə etibar edərək, hər şeydən məhrum olduğu və artıq heç vaxt Varşavaya müalicəyə getməyəcəyi fikrilə necə barışdırmalı?

Vaxt sürətlə uçurdu. Mülkədarın gecə soyuq tərlə oyandığı və bəlkə artıq sabah bütün həqiqəti öyrənəcəyini fikirləşdiyi də olurdu. Bəzən yığıncaq toplamağa və özü kəndlilərdən müqaviləni imzalamağa razı olub-olmadıqlarını soruşmağa hazırlaşırdı. Amma cəsarət onu tez tərk eləyir və o özünü sakitləşdirirdi:

“Hələ bu bir neçə ayın işi olsaydı… Yoxsa onsuz da, bu gün-sabah özləri bura gələcəklər. Birdən tələskənliyimlə hər şeyi korlayaram…”

Bəzən nəbzi tez-tez vursa da və ürəyi sinəsində yaralı quş kimi çırpınsa da, gözlədi. Belə hissiyyatı hələ heç vaxt keçirməmişdi.

Əgər o, gələcəyə nəzər sala bilsəydi, məzar xaçları onu çəkindirərdi. Bəlkə, onda dayanar, fikrindən dönərdi?

Pan Yanın əhval-ruhiyyəsinin bütün ev üzərindən əskik olmadığı kimi görünürdü. Pani Matilda daha da solğun olmuşdu. Anelka, səbəbini özü də bilmədən, suya basılmış kimi gəzirdi. Muzdurlar bir-birinin ardınca haqq-hesab istəyir və əlləri ətəklərindən uzun halda işləyirdilər. Bəziləri özlərinə yeni yer axtarmaqdan ötrü bir neçə günlüyə gizlincə malikanədən əkilirdilər. Başqaları ödənməmiş maaşın əvəzində nədənsə faydalanmaqdan ötrü anbarlardan kəndir və müxtəlif dəmir parçaları aparırdılar. Daha cəsarətlilər pis yemlənmədən yana ucadan şikayətlənirdilər.

Axşamlar öz yaşayış yerləri, ya da dərz anbarları yanında görünür, “mülkədarın fatihəsinin oxunduğu” barədə açıq-aşkar danışırdılar.

Yalnız on il ərzində sahiblə birlikdə gəzmiş arabaçı Ancey hasara söykənərək, sakitcə dayanır, quş kimi fit çalan çubuğunu tüstülədir və zaman-zaman donquldanırdı:

– Eh, axmaqlar…

– Nə olub ki? .. – daim narazı xırmançı ondan soruşdu.

– O olub ki, axmaqdırlar, – arabaçı cavab verdi və tüpürdü. – Mülkü satsalar da, pan, onsuz da, məhv olmayacaq.

– Bəs onu burdan qovanda harda yaşayacaq?

– Şəhərdə. Burdan da yaxşı.

– Bəs nə yeyəcək?

– Sizlərdən heç birinin heç qoxulamadığını.

– Bəs qadın uşaqlarla hara gedəcək?

– O da şəhərə gedəcək, orda aptek də yaxındadır. Allah göstərməsin, o öləndə ağa elə bir varlı qadınla evlənəcək ki, onun bir üzüyünə bütöv kəndi alacaq, – Ancey belə dedi.

– Nə olar, bəlkə də, elədir!

– Kim bilir!

– Bəs biz necə olacağıq? Ax maaşımızı bizə borcludur.

– Siz? Onun yoxsulluğu ilə hələ bir sizi yedirib-içirməyi çatmır. Mülkü satanda hesablaşacaq.

– Deməli, burda uzun müddət veyllənməyəcəyik?..

– O bir söhbət idi, bu isə tamamilə başqa bir söhbətdir. Qoy hər kəs onun üçün yaxşı olan yerə getsin, mən isə sahibin yanında qalacağam. – Bunu deyərək, Ancey tənbəlliklə gərnəşdi və toplaşanları hətta nəzərinə də layiq bilməyərək, tövləyə tərəf getdi.

Muzdurlar baxışdılar.

– Goplayır, yoxsa həqiqəti deyir? – biri belə soruşdu.

– Niyə goplasın, arabaçı arabanın ardınca getdiyi kimi, ağanın ardınca hər yerə gedir; onu incitməyəcəyini bilir.

– Bu, doğrudur… Onun dərdi də azdır: nə arvadı, nə də uşaqları var, tək-tənhadır; ağa ilə ikilikdə gəzir, araq içir vı qızların ardınca quyruq bulayırlar.

Ksöndzin təsərrüfat müdirəsi bir həftə əvvəl, həqiqətən, öldü və Kivalskaya – doğrudur, göz yaşları və af-ufla, bununla belə qədərincə qərarlılıqla – haqq-hesab istədi. O hamını ağlını itirəcək dərəcədə sevdiyini və yəqin, kədərdən öləcəyini təkrar edirdi, ancaq onun inanclı borcu yararsız qulluqçuların acından öldürə biləcəkləri ksöndzın yanına getməyi əmr edirdi. Sonunda məvacib barədə ağalara xatırlatmağa cəsarət etmədiyini, amma onların ədalətliliyinə müqəddəs şəkildə inandığını əlavə etdi.

Panna Valentinanın da davranışında dəyişiklik hiss olunurdu. Evdən elliklə qaçışı görərək, mürəbbiyə səmimi şəkildə sevdiyi Anelkanı atmayacağını, amma onun atası ilə bir dam altında yaşamayacağını hamının eşidəcəyi şəkildə bildirdi.

Pani Matilda bunu eşidərək, ərinin sadiqliyindən daha çox, elmli xanımın lətafətinin onun üçün cazibə təşkil etmədiyinə əmin olmaqla, yalnız çiynini çəkdi. Ancaq, hər halda, payızda hər ikisinin uşaqlarla Varşavaya gedəcəklərini, hələliksə pan Yanın evdə gec-gec olduğunu və buna görə də panna Valentinanın öz həyəcanını, heç olmasa, bir az azalda biləcəyini mürəbbiyəyə dedi.

Beləliklə, məsələ həll olunmamış qaldı. Ancaq panna Valentina, hər ehtimala qarşı, öz alt paltarını yumağa verdi. Mürəbbiyənin Anelka ilə məşğul olmağa getdikcə daha az vaxt ayırması və əsasən öz bəkarətinin mühafizəsində dayanması xüsusən pis əlamət idi. Onu təhlükəli yoldançıxarandan bir neçə otaq və bir düjin pilləlik maneənin ayırdığı fikrində razılıq hiss edərək, fikrini dağıtmaqdan ötrü gündə üç dəfə mansardasının pəncərəsindən sərçələri yemləyirdi.

Bu arada Anelkanın sərbəst vaxtı nə vaxtsa olduğundan daha az idi. Doğrudur, indi dərslər uzun çəkmirdi, ancaq qızın üzərinə tökülən hər cür tapşırıqlar onları artıqlaması ilə ödəyirdi və o fasiləsiz olaraq yazır, köçürür və əzbər öyrənirdi. Panna Valentina, sanki, tezliklə çıxıb gedəcəyini öncədən görərək, aşkardır ki, bu ehtiyatın uzun müddətə çatmasından ötrü müdriklikləri şagirdinin başına dolu vedrələrlə əndərirdi.

Nəticədə təmiz hava və hərəkəti zəruri olan zavallı qız bir neçə gün ərzində arıqladı və solğunlaşdı. Anelka bağa gec-gec çıxır, yola bitişik hissəyə isə heç nəzər salmırdı.

Onun yeganə sevinci sahibəsindən bir addım da ayrılmayan Karusik idi. It onunla yanaşı şüşələnmiş terrasın yanında oturur, qızın cibində gətirdiyi nahar qalıqlarını yeyir, onun əzizləyici nəsihətlərini dinləyir və onunla kompaniya xatirinə, bəlkə, yaxın gələcəkdə it təhsilinin minimumunu təşkil edəcək müxtəlif əşyaları öyrəndiyi kimi görünürdü.

Yaxınlaşan fırtınanı, bəlkə də, başqalarından daha kəskin hiss etdiyinə görə, Əyləncələr, heç olmasa, sadəcə, itlə oyun Anelka üçün daha da zəruri idi. Onun payına ağır sınaqlar düşmüşdü və hətta onun xırda ürəyinin bu qədər dərdli yaşantını özünə necə yerləşdirdiyini anlamaq çətindir.

Anasının gözləri altındakı tünd dairələr Anelkada hansı dəhşəti doğururdu! Onun şikayətləri necə zərbələr idi: “Sonuncu səməni ekstraktı bankam bitdi və başqasını nə vaxt əldə edəcəyim məlum deyil!” Təlaş və həyəcanını bulanıq şəkildə anladığı kədərli atasının görüntüsündən qızda nələr baş verirdi!

Hissiyyatı Anelkaya muzdurların niyə narazı və kobud olduğunu, Kivalskayanın nə üçün getdiyini deyirdi. Mehtərlərdən birinin sözlərini havada tutaraq, hər şeyi sonuna kimi anladı:

– Adamlar da, öküzlər də, hətta torpaq da aclıq çəkirsə, burda necə yaşamalı…

Adamlar, kəllər, hətta torpaq da acdırlar!.. Adamlar burdan gedə bilər, öküzlər, yəqin, gəbərərlər, bəs torpaq nə olacaq?.. Doğrudanmı o, acından ölməlidir?.. Doğrudanmı o, taxıl və çiçək doğmağa, ağac və quşları yemləməyə son verəcək? Deməli, boşalmış malikanəni qaralmış gövdələrin və çılpaq ağacların əhatə edəcəyi zaman başlana bilər.

Onların torpağı öləcək… Necə də dəhşətlidir! Deməli, onlar: atası, anası, Yuzek, hamısından da əvvəl adamların, heyvanların və əhatə edən əşyaların ölümünü görməməkdən ötrü o özü öləcəklər.

Yer üzünə axşam düşəndə və yalnız qərbdə şəfəq hələ ensiz lent kimi səyriyəndə onun həyəcan bürümüş qəlbi necə əsirdi. Anelka bağın ən qaranlıq küncünə, hansısa quşun yuxuda ikən hərdənbir şikayətlə cikkildədiyi qoca cökə ağacının altına sığınırdı. Qız göz yaşlarına boğularaq, valideynlərinə, Yuzekə, muzdurlara, kəllərə və torpağa rəhmi gəlməsi üçün allaha yalvarırdı. Bəzən qəlbinə əvvəllər məlum olmayan şübhələr soxulurdu. Birdən allah bu dəqiqədə harasa uzağa gedibsə və onun müti yalvarışlarını eşitməzsə? Oh, əgər belə şübhələr uşaq qəlbində heç vaxt oyanmasaydı!..

Saatlar isə qaçırdı, gündüz günəş çıxır və batırdı, gecə Kiçik Ayı Bürcü, kainatın bu usanmaz saat əqrəbi dönmədən Qütb ulduzu ətrafında hərlənirdi. O, bütün ailənin taleyini həll etməli olan günün sübhünü yaxınlaşdırmaqla, hərəkət edir və edirdi.

Bir dəfə pan Yandakı ər və ata oyandı və o, bədbəxtçilikdən, o vaxt xaricdə olan varlı xalasına yazmaq qərarına gəldi.

Məktubda səhvlərini, xalasının xeyirxahlığından dəfələrlə sui-istifadə etdiyini etiraf etdi və sonuncu dəfə ən təxirəsalınmaz borcların ödənməsi üçün on beş min borc verməsini yalvardı. O, borcverənlərlə hesablaşaraq, həyat tərzini kökündən dəyişəcək: müdir, mirzə, yaxud, ən pis halda, sadə prikazçik-darğa işləyəcək. Xərcləri ixtisar edərək, bir neçə il sonra nəinki möhtərəm xalasına borcunu qaytaracaq, həm də başlı-başına buraxılmış təsərrüfatı bərpa edə biləcək.