Болеслав Прус – Keçmişdən gələn səslər (страница 10)
Pan Yan vədlərinin təsirinə elə də arxalanmayaraq, bədbəxt vəziyyətlərini və kömək üçün yalvarmasını xalasına təsvir etməyi arvadından xahiş etdi.
Pani Matilda iki səhifəlik məktub yazdı; öz xəstəliyindən, neçə ildir, yanına getməyi əbəs yerə arziladığı doktor Xalubinskidən, xəstə Yuzekdən, Raspayldan, səməni ekstraktından və dəbdən düşmüş paltarlardan, Kivalskayanın gedişindən və onun fikrincə, xalanı təsirləndirə biləcək hər şeydən bəhs etdi. Yekunda təminat şəklində xalaya cehizindən qorunub saxlanmış xutorun girov kağızını göndərməyi təklif etdi. Mülkün bir neçə milliyində yerləşən xutor daxmadan, yüz morq torpaqdan ibarət idi və ali dərəcədə vicdanlı darğanın nəzarəti altında idi. Bu xutoru onu almağa həvəskar tapılmaması kimi sadə bir səbəbdən indiyə qədər girov qoymamış və satmamışdılar.
Amma, mülkədarın fikrincə, arvadı tərəfdən xalaya hücumlar da kifayət deyildi. Buna görə də Anelkanı çağırdı və nənəyə məktub yazmağı tapşırdı.
– Məgər mən bacararam? – deyə Anelka karıxaraq, soruşdu. – Mən nənəni heç vaxt görməmişəm və ondan qorxuram…
Pan Yan bu qorxunun səbəbinin xala barəsində Anelkanın yanında arvadı ilə etdiyi söhbətlərin olmasını başa düşürdü. Amma qızının bəhanəsini yetəri qədər inamdırıcı saymayaraq, dedi:
– Doğrudanmı məktub yaza bilməzsən?
– Bilmirəm ki, nə barədə…
– Hər şey barəsində. Ananın xəstə olduğunu, atanın kefinin pozulduğunu, oxumaq istədiyini, amma buna pul olmadığını yaz…
– Amma mən heç oxumaq istəmirəm!.. – deyə Anelka pıçıldadı. – Panna Valentinanın aldığı pulları təsərrüfata sərf etmək daha yaxşıdır…
Pan Yan necə kefsizləsə də, ucadan qəhqəhə çəkdi.
–Sən öz səmimiyyətində təqlidedilməzsən! – deyə səsləndi. – Valideynini yükləmək istəmirsənsə, nənədən təhsilə xüsusən pul xahiş etmək lazımdır…
– Axı mən… xahiş etməyi bacarmıram…
Pan Yan Anelkaya baxdı və onun baxışında eyni zamanda narazılıq və sevinc əks olundu. O, Anelkanın çətin dəqiqədə onu xilas etməyə qadir olmamasından narazı idi. Göründüyü kimi, öyüdlərinin boşuna getməməsi isə ata qəlbini sevinclə doldururdu. Axı həmişə dairələrinin adamlarının yalnız əmr və tələb etdiklərini, xahiş etməyin isə kasıbların nəsibi olduğunu ona təkrar edirdi.
– Bilirsənmi, qızım, – deyə o, Anelkaya izah etməyə başladı, – nənədən xahiş edə bilərik, birincisi, mənə anamı əvəz etdiyinə görə, ikincisi, o bizə bərabərdir, üçüncüsü – qoca qadındır, dördüncüsü – pulu ona qaytaracağıq. Nəhayət, onun varidatı, sanki, artıq bizimdir – axı o nə vaxtsa mütləq bizə keçəcək.
Anelka atasına inanmağa öyrəşsə də, bu dəlillər onun qəlbinə heç nə demirdi. Onların ədalətliliyinə və ağlabatanlığına şübhə etməyərək, qız, qurbağanı görərkən olduğu kimi, ikrah hissinə üstün gələ bilmirdi: onun allah tərəfindən yaradıldığını və fayda verdiyini bilsən də, hər halda, onu quş kimi əzizləmək mümkünsüzdür.
– Nənəyə yazacaqsanmı? – deyə atası təkid etdi.
– Əziz atacığım, çox istərdim, ancaq nə yazmağı bilmirəm…
– Onu sevdiyini, onunla tanış olmaq istədiyini yaz, – atası səbrini itirərək, belə dedi.
– Mən ondan qorxuram…
– Bu, yaxşı deyil, o bizim yaxın qohumumuzdur, qohumları isə sevmək lazımdır…
– Bilirəm…
– Bax görürsən! Yaxşı, məktubu özüm sənə diqtə edərəm.
Anelka yenə atasının sözlərindəki saxta notu hiss etdi. Bu yaxınlarda onun doğum günü idi və qız panna Valentinanın rəhbərliyi altında ona təbrik yazmalı idi. Lakin müəllimə uydurma sözlər deməyəcəyini və Anelkanı ikiüzlülüyə öyrətməyəcəyini bildirərək, ona kömək etməkdən qəti surətdə imtina etdi. Əgər qız atasını sevirsə, lazımi ifadələri özü tapa bilər.
Anelka təbriki özü düzüb-qoşdu və valideyninin çox xoşuna gəldi. Onlar mürəbbiyənin hərəkətini təriflədilər, onun baxışlarını bəyəndilər; Anelka sevinirdi, çünki hamının səmimi olduğunu hiss edirdi.
Atası ilə bugünkü söhbət isə onu güclü şəkildə incitdi. Valideyninin qüssəsini onları hansısa bəlanın hədələdiyini ondan yaxşı heç kəs hiss etmir, anlamırdı; amma qız öz müşahidələrini qəlbinin ən dərinliyində gizlədirdi. Öz hisslərini açıq ifadə etmək ona ədəbsiz görünürdü. Necə yəni? Doğrudanmı o, mülklərində adamların, kəllərin və hətta torpağın aclıq çəkdiyini, atasının Şmuldan borc pul aldığını, anasının isə səməni ekstraktının olmadığını kiməsə etibar etməlidir?.. Bəlkə, hamıdan gizlin, göz yaşına boğularaq, allahla danışdığını da yazmağı ona tapşıracaqlar?..
Yoxsa nəinki adəti əleyhinə evdə oturan və naharda şərab içməyən, üstəlik onu əvvəllər özünün pislədiyi ikiüzlülüyə məcbur edən ata haqqında yazmalı?
Ah, o, evdəki böyük dəyişiklikləri qeydə alır və barəsində fikirləşmək belə dəhşətli olanı eşidirdi… Hələ Şmul atasının evlənməsi barədə nə boşboğazlıq edirdi?.. Bədbəxtlik bəd ruh kimi onların evinə yerləşmişdi: bu görünməyən ruh var-dövləti sovurur, adamları dağıdır, ananı incidir, atanın qəlbində hər şeyi alt-üst edirdi. Bir neçə il əvvəl Anelka meşədə fırtınanın aşırdığı ağacları görmüşdü və onlara acımadan ürəyi sıxılmışdı. Əgər atasının qəlbində belə bir boşluq varsa, ona ağlamaq olar, amma bu barədə ucadan danışmaq – heç bir halda!
Atası nahardan sonra məktubu diqtə etməyi ona vəd edərək, kabinetdən yola salanda qızın ağlına belə fikirlər gəlirdi. Anelka özünə yer tapa bilmirdi.
Saat ikidə, artıq masanı hazırlayanda və valideynlər terrasda uşaqlarla əyləşəndə evə bir minik arabası yaxınlaşdı və ondan alçaq boyli, kök və hərəkətli bir qadın çıxdı. Lakey cənablara gələnin onları görmək istədiyini məruzə etdi.
– Kimdir? – deyə pan Yan soruşdu.
– Adilərdən deyil. Deyəsən, təsərrüfat müdirəsidir.
– Nədə gəlib?
– Qayda gətirib… Onu, sandıqçasını və yatacaq düyünçəsini…
–O əclaf? – ata donquldandı. –De, qoy içəri girsin.
Lakey getdi. Gələn qadın kandarda zil səslə dil boğaza qoymurdu:
–Quzum, şeyləri hələlik döşəməyə yerləşdir, mənsə cənablardan sənə iyirmi quruş göndərmələrini xahiş edərəm. Məndə heç nə qalmayıb. Görürsən, pulqabı tamamilə boşdur… Bütün pulları şəhərə yolda xərcləmişəm…
Sahiblər bu səsin onlara tanış olduğu görkəmilə bir-birinə baxdılar. Pani Matilda yüngülcə qızardı, onun əri isə qaş-qabağını tökdü.
Bu anda şəhərlisayağı, amma dəbdən çox uzaq, burnus (geniş qadın paltosu – tərc.) və şlyapa geyinmiş bir qadın terrasa yüyürüb gəldi. Artıq kandarda o, qucağını açdı və ucadan səsləndi:
– Salam!.. Salam, Metsya!.. Bunlar sizin uşaqlardır?.. Allaha şükür!.. – O irəli addımladı və pani Matildanın boynuna atılmaq istədi.
Ancaq pan Yan onun yolunu kəsdi.
– Icazə verin, – dedi. – Kimlə danışmaq şərəfinə nail oluruq?..
Qadın quruyub qaldı.
–Yoxsa məni tanımırsız, pan Yan? .. Axı mən Matildanın əmisi qızı, Anna Stokovskayayam… Bununla belə, – təbəssümlə əlavə etdi, – burda təəccüblü heç nə yoxdur, biz on beş ildir, bir-birimizi görməmişik… Mən iflas etməyə macal tapmışam və yəqin, qocalmışam: iş məni qurudub.
– Bu, Andzyadır, Yasek, – pani Matilda belə dedi.
– Əyləşin, – deyə pan Yan gizlədilməyən narazılıqla hay verdi və stul göstərdi.
– Sağ olun, – gələn qadın cavab verdi, – amma əvvəlcə görüşmək istəyirəm… Metsya…
Pani Matilda güclü karıxma ilə sol əlini qonağa uzatdı.
– Mən sağlam deyiləm… Budur, stul…
– Bu, gözəl qızdır – sənin qızındır?.. Məni qucaqlasana, bala, mən sənin xalanam…
Bu danışmağa həvəsli qadın Anelkanın ürəyindən oldu və o, stulundan sıçrayaraq, öpməyə hazırlaşmaqla, xalanın yanına qaçdı.
– Anelka!.. Qonağa təzim et!.. –atası onu dayandıraraq, ciddi şəkildə belə dedi.
Anelka anlaşılmazlıqla gah atasına, gah da ifadəli sifətindən pərt və dilxor olduğu hiss olunan xalaya baxaraq, çökdü.
–Sizə narahatlıq verdiyimi görürəm, ancaq öz günahımdan olmadığına allah şahiddir. Mən ksöndzün təsərrüfat müdirəsinin öldüyünü öyrənərək, sizin şəhərə gəldim. Mal-dövlətimdən məhrum olandan sonra yeganə arzum, heç olmasa, qocalıqda tikiş üzərində əlləşməmək olub. Hansısa hörmətli ksöndzün (sizinki isə, belə deyirlər, olduqca yaxşı insandır) yanında, təmiz havada sakitcə yaşaya bilərdim, təsərrüfat müdirəsi işləmək isə çətin deyil. Ona görə də bu yer barəsində eşidərək (Bəlkə, öz boşboğazlığımla sizin zəhlənizi tökmüşəm?), paltartikən maşını və ütünü satdım və yola düşdüm.
Plebaniyaya (ruhaninin həyətinə – tərc.) qədər çatdım, son quruşlarımı məni gətirən yəhudiyə verdim. Daxil olub, xidmətçidən soruşuram: “Ksöndz evdədirmi?” – “Evdədir” – deyir və çal qocanı göstərir. Març deyə əlindən öpürəm. “Ey xeyirxah, – deyirəm, – məni təsərrüfat müdirliyinə götür, mən yaxşı ailədənəm, əllərimi yanıma salmadan işləyəcək, sənin dövlətini qoruyacağam”. O isə cavab verir: “Ah, hörmətli qadın, mən səni götürərdim, – mənə belə gəlir, sən yaxşı qadınsan, – amma heç nə edə bilmirəm: hələ o biri həftədə buralı bir anbardara söz vermişəm, o mənim ayaqlarıma düşdü və əgər onu qəbul etməsəm, acından öləcəyinə inandırdı”.
– Bu bizim təsərrüfat müdirəsi Kivalskayadır, – deyə pani Matilda pışıldadı.
– Fırıldaqçı qadın! – deyə mülkədar donquldandı.
Sevincdən xalanın gözləri işıldadı.
– Ah, mənim əzizlərim, – deyə o ucadan səsləndi, – əgər sizin təsərrüfat müdirəniz haqq-hesabını alarsa, mən onun yerinə qalaram. Bir qaşıq yemək və bucağa görə sizə, qohum kimi deyil, sadiq köpək kimi sədaqətlə xidmət edəcəyəm. Niyə mən bədbəxt şəhərə qayıdım?.. Nə yaşayış yerim, nə tikiş maşınım, bir sözlə, heç nəyim yoxdur…