Болеслав Прус – Keçmişdən gələn səslər (страница 8)
Pan Yanın arvadı bəzən ərinin parlaq keyfiyyətlərini görməsinə mane olan nasazlığından şikayətlənərək, belə mühakimə yürüdürdü.
Lakey daxil oldu.
– Pani, masaya rica edirəm, samovar verilib.
– Bəs pan artıq yeməkxanadadırmı?
– Mən cənab pana məlumat verdim.
– Panna (pan qızı – tərc.) Anelyanı çağır və mürəbbiyəyə söylə.
Lakey çıxdı.
– Joseph, mon enfant, veux-tu prendre du the (Jozef, mənim balam, çay istəyirsənmi) ? Yazıq uşaq yatır!..
O, ağ şlafrok şleyfini döşəmə ilə ardınca sürüyərək, parlaq-mavi otaqdan və dəhlizdən yemək otağına keçdi. Tezliklə hələ də həyəcanlı olan Anelka və susqun mürəbbiyə, onların ardınca evin sahibi də yeməkxanada peyda oldular.
O, sifəti və boynu kərpic rəngi alan mürəbbiyəyə ədəblə əl verdi. Mürəbbiyə pan Yanın qarşısında əyləşdi və baxışını aşağı dikdi. Səthi insanlar guya kişilərin panna Valentinada dəfedilməz təəssürat doğurduğu nəticəsini çıxarmağa tələsərdilər, amma zadəganlara nifrətini bu cür nümayiş etdirdiyini elmli xanımın özündən öyrənə bilərdilər.
“Dəhşətli şəxsdir! – deyə endirilmiş kiprikləri altından pan Yatsekə nəzər salaraq, düşündü. – O neçə qadını bədbəxt edib!”
Panna Valentina yaraşıqlı mülkədarın gözəl cinsə zəiflik göstərdiyini eşitmişdi, bunun nəticəsində evdə qadın xidmətçilər uzun müddət qalmırdı.
“Axı o, evdə bu cür gec-gec olur, – deyə düşündü. – Ilahi, əgər o həmişə burda olsaydı, yəqin, bu atılmış uşağın tərbiyəsindən imtina etməli olardım!..”
Mülkədar hər hansı qərəzsiz olmaqla, iki əlini də masanın üzərinə qoydu və panna Valentinaya (ona göründüyünə görə, ədəbsizcəsinə) baxaraq, lakeyə müraciət etdi:
– Mənə ingilissayağı bifşteks qızardılmasını tapşır.
– Ət yoxdur, cənab pan.
– Niyə belə? Artıq iyunda ət əldə etmək mümkün deyilmi?..
– Əldə etmək olar, lakin pani xanım şəhərə adam göndərməyib.
Ana və qızı bərk qızardılar. Qənaətə görə ət üçün göndərmədikləri onlara yaxşı məlum idi.
– Onda iki ilıq yumurta bişirməyi əmr et, – pan bu dəfə melanxolik baxışını mürəbbiyəyə yönəldərək, belə dedi.
Panna Valentina müdaxilə etməyi yerli saydı:
– Yəqin, yumurta da yoxdur, bu gün onu nahara vermişdilər. Bundan əlavə, mən hər gün çiy yumurta içirəm.
– Metsya, görürəm, sənin Kivalskayan təsərrüfatı tamamilə başlı-başına buraxıb, – deyə pan Yan qeyd etdi.
– Ona buraxılmış vəsaitə uyğunlaşır – deyə mürəbbiyə yalnız pan Yanın qanını qaraltmaqdan ötrü nifrət etdiyi anbardarı müdafiəsi altına alaraq, əlavə etdi.
Onun sözləri mülkədara toxundu.
– Metsya, sən o qədər zəifsən ki, panna Valentinanı kassir vəzifəsilə yükləyirsən?.. – deyə soruşdu.
– Mais non (Heç də yox) !.. – pərt olmuş pani Matilda pıçıldadı.
Ancaq sanki qoca qarımış qızın içərisinə cin girmişdi.
– Bu elə də pis olmazdı, – deyə istehza ilə dişləri arasından sızdırdı. – Əgər sizdə kassir əvəzi Şmuldursa, pani Matildanın yanında elə həmin vəzifəni uğurla yerinə yetirə bilərdim.
– Mübahisəsizdir, – pan Yan bir balaca qaşlarını çataraq, cavab verdi, – ancaq mənə belə gəlir, bu, Anelkaya fayda gətirməzdi.
Anelkanın qaşığı, az qala, əlindən düşəcəkdi.
– Məsələn, bu gün onunla işlək yolda rastlaşdım.
– Anelkanı?.. – ana və mürəbbiyə bir səslə çığırdılar.
– Bəli, Anelkanı. Xoşbəxtlikdən, tək deyil, bu quldur Qaydanın qızı və üstəlik, çoşqa ilə birlikdə…
– Anelya!.. – deyə pani Matilda pıçıldadı.
– Bax, hələ bizim çıxarlarımızın hesabının aparılması ilə məşğul olmağa iltifat edənə kimi artıq indi qızımın nəyə məhkum olduğunu görürsünüz… – evin sahibi istehza ilə mürəbbiyəyə müraciət edərək, davam etdi. – O, çoban qızları və çoşqalar arasında özünə yoldaşlar axtarır…
Panna Valentina yaşıl rəng aldı.
– Ah! Belə tanışlığın nə vaxtsa ona gərək olub-olmayacağını kim bilir, – deyə o, saxta sakitliklə cavab verdi.
– Çoşqalarlamı?
– Xalqın uşaqları ilə. Indiyə kimi əsilli cənabların yalnız yəhudilərlə dostluq qurmaq adəti vardı və gözlərimiz qarşısında bunun nə ilə qurtardığına nümunələr az deyil. Bəlkə növbəti nəsil zərurət səbəbindən kəndlilərlə yaxınlaşacaq…
Mülkədarın dodaqları əsdi, ancaq öz üzərində güc göstərərək, gülümsündü.
Panna Valentina qızğın demokratdır, – tamamən qorxmuş pani Matilda kəkələdi. – Ancaq Anelkanın onun yanında elə uğurları var ki…
– Göründüyü kimi, bunu hamı başa düşmür, – deyə mürəbbiyə adi utancaqlığının əksinə olaraq, düz mülkədarın sifətinə baxmaqla, mızıldandı. Indi, ən azından, özünü bu məkrli qəlb ovçusunun qəsdindən mühafizə etdiyinə əmin olaraq, qələbəsini bayram edirdi.
Həqiqətən, müdafiə vasitəsi qədərincə radikal oldu. Üstəlik də, pan Yan mürəbbiyəyə üç aya görə maaş ödənilmədiyini vaxtında xatırlayaraq, ona etiraz etmədi. Qızına müraciət etdi:
– Anelka…
Qız haqq-hesab saatının çatdığını fikirləşərək, masa arxasından qalxdı və titrəməklə, atasına yaxınlaşdı. Masa, samovar, bütün otaq gözləri qarşısında hərləndi.
– Nədir, ata?..
– Yaxın gəl…
Anelka, az qala, yıxıldı.
– Bir daha yola qaçmamağı səndən xahiş edirəm, – atası asta-asta belə dedi və onu qucaqlayaraq, alnından öpdü. – Indi isə get, çayını axıra kimi iç…
Anelka göyün yeddinci qatında idi. “Ilahi, o necə də mərhəmətlidir!.. Bu Qayda da necə pis adamdır, – öz qızını vurur!..
Amma bu yerdə pani Veysi xatırladı və heyranlığı dərhal soyudu.
BEŞİNCİ FƏSİL
Bir həftə keçdi. Günəş getdikcə daha güclü yandırırdı, gecələr isti və qısa idi. Tarlaların üstü ilə zaman-zaman, yağış səpməklə, buludlar üzüb keçirdi, ancaq külək, taxıla ziyan vurmasınlar deyə, onları dərhal dağıdırdı. Ağaclar çiçəkləmişdi, bir çoxunün üstünə isə artıq meyvələr tumurcuqlamışdı.
Hər şey ətir saçırdı. Nohurun üstündə leyləklər qurbağa qurultusuna qulaq verərək, fikrə getmişdilər. Quş yuvalarında artıq balalar tərpəşirdi. Ətrafda hər şey yaşamağa və böyüməyə tələsir, yaxud da həyat və böyümə üçün qüvvə toplayırdı. Təbiətdə, qaynayan sudakı qabarcıqlar kimi, fasiləsiz olaraq, yeni həyatlar, yeni səslər, yeni sevinclər peyda olurdu. Günəş üfüqün üzərində nə qədər yüksəyə qalxırdısa, həyat da bir o qədər qarşısıalınmaz şəkildə çağlayırdı. Bu nəhəng işıq mənbəyinin bütöv ruhlar güruhu ilə əhatə olunduğu və onların qayğısızcasına şuxluq və şənliklə dolu olmaqla, müvəqqəti varlıqlara daxil olaraq, dolu kimi yerin üstünə yağdığı kimi görünürdü.
Çöllər, kolluqlar və meşələr, təpələr və vadilər bütün mümkün çalarlı yaşıl geymişdilər və bu yaşıllıq arasında ağ, qırmızı, göy, sarı və allah bilir, daha hansı rənglər ulduz kimi parıldayırdı. Müxtəlif yerlərdə cəmlənmiş bütün bu rənglər insan gözü tərəfindən uzaqdan torpağın hüdudsuz ənginliklərinə başıpozuq şəkildə səpilmiş müxtəlif rəngli zolaqlar və ləkələr kimi qəbul olunurdu. Yəqin, üzərində süründükləri məşhur freskalar da milçəklərə, bütün rənglərlə əlvanlaşan çöllər onların içində yaşayan insanlara göründüyü kimi görünür. Lakin Əbədinin, onun üçün torpağın – kətan, qarın – rəsmi gizləyən pərdə, fırçanın isə günəş olduğu bu böyük rəssamın mürgüləməyən gözünün bu zolaq və ləkələrdə nə gördüyü kimə məlumdur?
Bütün bu zaman ərzində Anelkanın atası evdən heç yana çıxmadı. Borc götürülmüş pulu Şmulla şəhərə göndərdi, özü isə, siqardan əl çəkməyərək, ən çox kabinetində əyləşdi: mütaliə edir və siqar çəkir, yaxud Şmulla danışır və yenə çəkirdi.
Bəzən artırmaya çıxır və əllərini ciblərinə salaraq, başını arxaya ataraq, sanki gözlənilən hadisələrin ordan yaxınlaşmasını gözləməklə, üfüqə baxırdı. Ancaq hadisələr gecikirdi, hələlik isə mülkədar tarlalarında seyrək çovdar görünür və orda-burda əkilməmiş torpaq zolaqları qaralırdı. Belə dəqiqələrdə gələcəkdə artıq dayağının olmadığı fikri pan Yanı ildırım kimi deşirdi. O, kabinetinə qayıdır və saatlarla küncdən-küncə addımlayır, döşəmə taxtaları isə ayaqları altında cırıldayırdı.
Kim bilir, pan Yan həyatında ilk dəfəmi belə fikirli və həyəcanlı idi? O, ağır zaman yaşayırdı. Bu gün, sabah, ən geci – bir həftə sonra servitutlar barəsindəki məsələ həll olunmalı idi. Bir neçə ay əvvəl kəndlilər, sanki, meşəyə olan haqlarından imtina etməyə və əvəzində hər həyətə üç morq torpaq götürməyə razılaşmışdılar. Əgər onlar müqaviləni imzalasalar, o, müşəni satacaq, qalan on mini alacaq və ən təxirəsalınmaz işləri qaydasına qoyacaq. Ancaq əgər kəndlilər tərslik etsələr, mülkü satmaq lazım gələcək. Bəs sonra?..
Işlərin onları tam iflasla hədələyən belə mümkün dönüşü mülkədarı sıxırdı. O, ruhdan düşdü, adi özünəinamını və hətta evdən çıxmaq həvəsini itirdi. Kəndlilərin fikirlərini dəyişdikləri və meşəyə görə hər həyətə üç motqdan artıq tələb etmək, yoxsa danışıqları tamamən pozmaq niyyətində olduqları şayiəsi gəzirdi. Bu, pan Yanı dəhşətə gətirirdi.
O mütləq hər şeyin onların istəkləri ilə getməsini, amma özlərinin barmaqlarını belə tərpətməməsini istəyən adamlara aid idi. Pan Yan kəndlilərlə üç morq barədə razılaşaraq, servitutlarla bağlı hər şeyin qaydaya qoyulduğuna möhkəm inanırdı. Buna görə də meşəni satmış, behi xərcləmişdi və hansısa maneələrin yarana biləcəyi fikrini ehtimal etməyərək, daha bu işlə məşğul olmurdu. Özünü kəndlilərlə müqavilənin müqəddəs Yan günündə imzalanacağına inandıraraq, hər şeyi həmin müddətə qədər təxirə salırdı.
Şmul kəndlilərin dörd morq barəsində danışdıqlarını ona bildirəndə pan Yan ümidlərinin çoxmərtəbəli binasının laxladığını hiss etdi. Onu həyəcan bürüdü, amma hər şeyi öz qaydası ilə getməyə qoymağa öyrəşdiyinə və öz illyuziyalarından ayrılmaq istəmədiyinə görə, hətta bu xəbəri yoxlamağa, xüsusən də, qüvvəsi daxilində, işi yoluna qoymağa cəhd göstərməyə qərar verə bilmədi.