18+
реклама
18+
Бургер менюБургер меню

Azər Qismət – Çuğullar (страница 3)

18

* * *

– Kiçik Xaqanın alnını ovuşdurması əsən əlini bir-birinə sürtməsi ilə nəticələndi, – deyə ölməz saydığım gülümsər sifətli laboratoriya müdiri Tibet kahinliyini davam etdirir, gözlərini yumub pıçıldayırdı, – Kiçik Xaqan sərkərdəyə ümid dolu gözlər bəxş edə bilmirdi. Böyük Xaqanın elində isə adamlar qaynaşırdı. O, xalq toplantısını çağırıb müharibə olacağını, sabah ordunu Kiçik Xaqanın üzərinə yeridəcəyini hayqırdı, əsgərlərə silahları təmizləməyi, azuqə götürmələrini tapşırdı, sərkərdələrə “yalnız qələbə” əmrini verdi, yüngül əxlaqlı qadınlara döyüş ərəfəsində döyüşçülərlə əylənmələrinə etiraz etmədi. Kiçik Xaqanın elində isə qəm-qüssə hökm sürürdü. O, ellilərinə qəmgin gözlərlə baxır, bu yurda ölümün gələcəyini deməyə cəsarəti çatmırdı. Söyləyə bilmirdi ki, ölkə xarabalığa dönəcək, üstündə bayquşlar ulayacaq.

Bu dəfə Kənd Təsərrüfatı Nazirliyinin texniki inventarlar şöbəsindən edilən zəng onu kahinlikdən döndərdi, rəvayətini yarıda kəsdi.

Müşahidələrim doğrulurdu. Müdirə nəsə deyilib, o da fürsət anlayışından kifayət qədər yararlanmaq istəyir. Maraqlı məqam ondan ibarətdi ki, əməkdaşlar nəzərlərini məndən çəkmir, gülümsər gözlərlə hərəkətlərimi izləyirdilər. Əlbəttə, dünyanı basan sel-daşqınlardan, yaxud iki hündürmərtəbəli binanın çökməsindən sonra möhtəşəm siyasi dəyişikliklərin fonunda adi bir laborantın işə beş dəqiqə gecikməsi çox kiçik, hətta amöb boyda hadisədir, amma elə dünyanı çaxnaşdıran məsələlər kiçik şeylərdən başlayır, inkişaf etdirib partladır.

İlk narahatlıq Adilədən gəldi, həyəcanla “məni evəcən ötür, sözüm var” deməsi ilə, əslində, mövzuya açar rolunu oynamaq istədi, deyəsən, alındı. Yolboyu yalnız pıçıldayırdı.

– Sənin beş dəqiqə gecikməyinə görə laqqırtı vurub siqaretlərinə qonaq olduğun qadın həmkarların yaman müzakirə açmışdılar.

– Onlarla elə-belə laqqırtı vururdum, başqa səbəb yoxdur.

– Bilmirəm niyə onlarla oturub-durursan, onu bil ki, nəzarətdəsən, deyəsən, müdirə çatdırıblar.

Müdirin beş dəqiqə gecikməyimdən xəbər tutması, yaxud tutmaması faciə deyildi, “bir də gecikmərəm” söyləyib üzrxahlıqla boynumu bükərdim. Sadəcə, məsələnin şişirdilməsi təəccüblü görünürdü.

Adilənin müşahidələrinin zənginliyi hər kişidə qorxu hissi oyadıb siçan deşiyini satın aldırardı. Məhz özünü ağıllı göstərməsi oğlanların hələ gənclik illərindən ondan qaçması ilə nəticələnmişdi. Kişilərin genetikasında – əlbəttə ki, çoxlarının – özünü ağıllı göstərən qadınlara yer yoxdur. Özü də bu qız hansı ağılla özündən on altı yaş kiçik gəncə ümid edir, xəyalında barmağını uzadıb nişan üzüyü taxdırır, anlamırdım. Əslində, o yaşda doğacağı da şübhə altında idi. Göylərin işinə qarışmıram. Nə desən, olar.

Xarici şirkətlərin əməkdaşlarından öyrəndiyim süni gülüşü sifətimə qondurdum. O, yenə də pıçıldayırdı.

– Məndən arxayın ola bilərsən, müdafiə dəftərimdə adın birincidir. Müdir soruşsa “yeni əməkdaş niyə gecikib”, deyəcəyəm ki, “yeni əməkdaş vaxtında gəlmişdi, qəfildən çöl qapısının ağzında qoruqçunun gicgicə söhbətinə tuş gəldi”.

– Birdən qoruqçunu çağırıb “niyə yeni əməkdaşı söhbətə tutmusan ki, o da içəri girməyə gecikib?” soruşsa?

– Soruşsun da. Qoruqçu inkar edər, biz də danışığını kəsib qışqırarıq ki, “utanmırsan, ağsaqqal yaşında yalan danışırsan?”

Əslində, qoruqçunun üzünə durmaq gələcək fəaliyyətimə ziyanlıq törədərdi. Bunu görən qoca heyfini çıxardı. İşə geciksəydim, qapını bağlayıb deyərdi ki, “daxili telefonla müdirə zəng edin, qapını açım”. Bununla da rahatlıq tapar, qocalığında günah əmələ imza atar, həm də təcrübəli olmasını nümayiş etdirərdi.

Qoruqçu vaxtilə neft buruqlarında istifadə edilən boruların istehsalı zavodunun direktoru işləyəndə əlləri pulla oynayarmış. Ölkənin neft-qaz sektoru Qərb standartlarına keçəndə ingilislər belə boruların keyfiyyətsizliyini bəhanə gətirib kişini yola salıblar. İki yüz nəfər kollektivi olan müəssisəni bir müddət bağlayıblar. Təbii ki, yeni rəis də ingilis seçilib. Bizim qoruqçumuzun bütün şikayətləri nəticəsiz qaldığından taleyi ilə barışmış, taksi sürücülüyünə başlamış, ardınca toksikologiya laboratoriyasında indiki işinə düzəlmişdi. Taksi sürücülüyündən beş-on manat qazanmaq üçün gecələr şütüyəndə bir dəfə başına açarla vurub pulunu əkişdiriblər. Anlayıb ki, dünyadan vaxtsız köçər. “Vaxtsız” deyən kişinin yetmiş üç yaşı vardı.

İnsanlar məqsədlərinə nail olmaq və planlarının kimsə tərəfindən pozulmaması üçün əllərindən gələn və gəlməyən hər işi görər. Buna görə də insan ən ali təhlükə mənbəyidir.

* * *

– Kiçik Xaqanın eli qəm içindəydi. O, obasına qəmgin-qəmgin baxır, ölümün bu yurdu ağuşuna alacağını deməyə ürəklənmirdi. Böyük Xaqanın ətraf bölgələri işğal edib arvadları övladlarıyla birgə öldürməsini gözünün qabağına gətirəndə, Kiçik Xaqanın canına vəlvələ düşürdü. Neyləsin ki, onun ərazisi kiçik idi, sülhsevər xislətinin ucbatından hücum deyil, müdafiə mövqeyində qalmışdılar. Körpəsini qucağına sıxan ananı görəndə ürəyinin başı yandı, nizəsinə söykənib uzaqlara baxan əsgərin də baxışlarının dalğınlığı Kiçik Xaqanın içini odlandırdı. Necə desin ki, yüz minlik qoşun elimizi viran qoyacaq, adamları divara hörəcək, diri-diri basdıracaq, torpaq qan ağlayacaq, – deyə müdirim Tibet kahini başını kresloya söykədi.

Rəvayəti maraqla danışdığından bir azdan hiss etdim ki, ağzım açılı qalıb.

– Beləliklə, Böyük Xaqan dan yeri sökülməmiş “hücum” əmri verdi. Yüzminlik qoşun onminlik ordunun üstünə yeridi. İki saatdan sonra onlar Kiçik Xaqanın qalasının iki yüz addımlığına yaxınlaşdılar. Böyük Xaqan sərkərdəsi vasitəsilə əsgərlərə sonuncu tapşırığını verdi: “Qələbə, yalnız qələbə”. Ordu hücuma keçdi, qaça-qaça yox, sadəcə piyada. Qalaya az qalmış Böyük Xaqanın gördüyü səhnə canını əsdirdi: qalanın qapıları açıqdır, Kiçik Xaqansa hücrədə tütək çalır. Böyük Xaqan orduya dayanmaq əmri verdi. “Burda nəsə sirri-xuda var” – deyə Böyük Xaqan dərin fikrə dalaraq oturdu, elə orada da qızılı çadır qurdurdu. Mütəkkəsinə söykənib üç gün fikir içində çabaladı: “Kiçik Xaqan ordumu məğlub etmək üçün hiylə işlədir”.

Müdirimə yenə zəng gəldi. Sanki bu otaq Tereza ananın Kəlküttədəki ofisinə dönmüşdü. Elə bil, xeyirxahlıq gözləyirdim – otaqdan da, ondan da. Dəstəyi üstünə qoyub yenə başını kreslosuna söykədi:

– Mənim cücə balam (bu ifadəyə görə onu didik-didik edərdim), Böyük Xaqan əmr verdi ki, ordu geri dönsün. Ona elə gəlmişdi ki, Kiçik Xaqan böyük hiylə işlədir. Əslində, həmin gün qalanı alar, əsgərləri öldürər, qızları-qadınları əsir götürərdi. Böyük Xaqan axmaq idi. Bilirsən, niyə?

– Niyə?

– Əgər onun xəfiyyələri yaxşı işləsəydi, belə olmazdı. Böyük Xaqanın qalanın daxilində baş verənlərdən xəbəri yox idi. “Xəbərsizlik” anlayışı onun mümkün qələbəsini təxirə saldı.

Beləliklə, laboratoriya müdirinin “xəbər anlayışı” barədəki mühazirəsini dinləməyə məcbur qaldım.

– İstənilən müəssisədə hər şeydən xəbər tutulmasa, xaos yaranar. Bizim toksikologiya laboratoriyası xaricdən idxal edilən malların analizini aparır, nəticələrdən çıxış edib iş adamlarına razılıq arayışı verir. Birdən hansısa əməkdaş, elə sən özün zəhərli qidalardan birini qəsdən səhv yoxlayıb iş adamına arayış verdin. Sahibkar həmin malı mağazalara paylasa, minlərlə alıcı zəhərlənər, hətta ölüm faktı qeydə alınar. Ola bilsin ki, zəhərlənmə baş verməsin, sadəcə həmin qida nəsil artımının qarşısını almaqdan ötəri ölkəmizi sevməyən xarici ölkələrdən birinin laboratoriyasında qəsdən hazırlansın. Bununla da ailələr bədbəxt olar. Ancaq laboratoriya müdiri əməkdaşın məsuliyyətsizliyi, yaxud qəsdən bu hərəkəti törətməsi barədə xəbər tutsa, faciənin qarşısı alınar, araşdırma aparılar: bəlkə, məsuliyyətsizlikdir, bəlkə də, hansısa ölkənin təhlükəsizlik xidməti öz əməkdaşını qəsdən burada yerləşdirib ki, təxribatla məşğul olsun. Kimsə bunu müdirə vaxtında çatdırsa, çuğula mükafat, təxribatçıya cəza düşər. İndi anladınmı ki, “xəbər anlayışı” nə deməkdir? Əslində, çuğulluq pis cəhət deyil, niyə bu qədər narahatsan ki… “Çuğulluq etmək şərəfsizlikdir, alçaqlıqdır” şüarı keçmişdə qaldı. Bura ciddi müəssisədir. Adamların həyatı və cəmiyyət üçün lazımlı sahədir. Bütün işlərdən müdirin xəbəri olmalıdır, əlbəttə ki, xalqın xilası və hər bir kəsin evində rahat yatması naminə. Üstəlik, başqa məsələlər də var.

“Başqa məsələlər?” Elə bundan başlamalıydın, mənim saf düşüncələrimi murdar xisləti ilə yoğurmağa çalışan Tibet kahinim. Yoxsa, xarici kəşfiyyat belə gəldi, ölkənin müqəddəratı elə getdi. Səni narahat edən başqa məsələdir. Nədir o başqa məsələ? Nə olar, yalvarıram, de. Nə olar, özünü səmimi göstər, sevim səni. Nə olar, bir həftəlik tanışlığımızın xatirinə mübhəmləri ürəyində saxlama. De, qadan alım. De, ayağının altında ölüm, öyrət mənə yüksəliş sirlərini, o möhtəşəm pilləkənlərlə qalxmağı, ayağının altında əzilənləri təpiklə vurub dərəyə yuvarlatmağı, üzündəki tüpürcəkləri silib özünü bambılılığa qoymağı, öyrət mənə murdar süni gülüşlə gülümsəməyi, qarşındakı çolpaya həyat dərsi keç.

– Bilirsən, cücə balam. Bilirsən, oğlum. Burada başqa məsələlər də var. Biz bir ailəyik. Ailənin başçısı mənəm, hər dərdinizə şərik çıxıram, imkan daxilində cibinizə beş-on manat basıram, ancaq bunlar olmaya da bilər. Birdən yuxarının adamını burada yerləşdirsələr, hər gün çuğulluq edib informasiya ötürər, müdiriniz bircə qola işdən qovular. Onda nə baş verəcək? Başqası gələcək. Başqası da öz komandasını yığıb hərənizin dalına bir təpik vuracaq. Bax, onda siz “Qatar getdi” mahnısını zümzümə edə-edə Kuril adaları kimi fələyin badına gedəcəksiz.