Azər Qismət – Çuğullar (страница 2)
Pəncərənin açılması ilə içəri günəşin şəfəqlərinin şığıması köhnə alətlərin, kağız-kuğuzla dolu masaların üstündəki əl qalınlığında tozun yığılmasını üzə çıxarırdı. Deməli, nə vaxtdan imiş ki, ayaqlarını ayaqlarının üstünə aşırıb kübar təbəqə mücəmməsi obrazına girən və “qadın təmizkar olmalıdır” deyənlərin natəmizliyi bəlağətdən savayı bir şey deyilmiş. Onlar o tozlu masalarda nahar edir, sinələrini qabağa verib kübarlıq ab-havasını yaşamaq istəyilə qəhvə içir, bəziləri siqareti müştüyə keçirib tüstülədirdi. Birinin uzun müştüyü və torlu şlyapası nənəsindən qalmışdı. Aldığım məlumat isə ondan ibarət oldu ki, Dram Teatrının kostyum və əşyalar üzrə rejissorundan pulla alınıb. Mulen Ruj əhvalı ilə yaşayan qadınların gözündə hələ abır-həyadan əlini üzməyən oğlan gözündə hərlənirdim.
Pəncərə siqaret dumanında da açılmazmış. Ümid dolu gözlərlə varlığımı süzən turşumuş sifətli qız illərdir ki, canında soyuğun qalmasından şikayətlənirmiş.
İlkin təəssüratlar içində “müdir hələ gözləyər” – düşünüb qəhvə də içdim, qadınlara qoşulub beş-altı qullab müştüklə siqaret çəkmənin dadına da baxdım, laqqırtı da vurdum. Bu mənzərəyə baxan həmin qızın qısqanclığı sifətində həyatdan əsər-əlamət qoymadı, ümid işığı öləzidi.
Sonuncu lətifəni danışıb saata baxanda laboratoriya müdirinin yanına getməli olduğumu xatırladım. Qadınlar sonuncu lətifəni də danışmağımı istədilər, danışdım, qaqqıldadılar: yaman arıq idilər, qarın-zad gözə dəymirdi. Pəhriz saxlamaqdan vitamin çatışmazlığı yaranmışdı, əllərinin dərisi qabıq verirdi. Zarafat etmək bacarığı və yumor hissinin olması qadınların üzünü güldürməyə səbəb olursa, deməli, siz onların qapısına bir qol vurmuş sayılırsız. Ağlınız varsa və ondan istifadə edirsinizsə, bu qol barədə onlara məlumat verməyin.
Laboratoriya müdiri sifətinin digər tərəfini – mehriban çöhrəsini nümayiş etdirdi. Hələlik mehriban çöhrəsini.
– İşlərini qurtardınmı?
– Qurtardım.
– Lap yaxşı.
Onun çox yumru, lap belə yumruca sifəti vardı, çənəsi lavaş kimi yayılıb öz parametrlərinin izini azdırmış, sərhədlərin cizgiləri bərabərləşmişdi.
– Dünya xarabdır.
– Hə, dünyada siyasi proseslər çox gərgindir. Qlobal iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, Şərq və Qərb sivilizasiyasının toqquşması, anlaşılmazlıq sindromu ölkələri bir-birinə vurub. Hətta Meksikada keçirilən sammitdə istixana qazlarının atmosferə buraxılmasının qlobal iqlim dəyişikliyinə təsiri barədə ümumi bəyanat da qəbul edildi. Fikrimcə…
O gülümsədi.
– İşdəki vəziyyəti nəzərdə tuturam. Xalq məsəlidir də, deyirəm “dünya xarabdır”.
– Nə mənada?
Budur, sifətinin altdakı qatı vəzifəsinin icrasına start verdi. Etiraf edim ki, mövzuya birbaşa keçməsindən üşəndim.
– Səni elə yeyərlər ki… Kövrək sümüyünü gəmirərlər. Biz bir-birimizə həyan olmalıyıq.
Onun səsində kilsə xadimlərinin ağ ciyərdən üzüyuxarı üfürülüb, daha sonra boğaz qırtlağını büzüb çıxarılan mərhəmlik vardı. Elə bil, indicə rahiblərin qarşısında ağır-ağır addımlayaraq “İncil”dən misallar çəkib xaç çevirəcəkdi: “Yaxşılıq edən kim olursa-olsun, Tanrının izzət və kəraməti onun üzərinə olsun! Çünki Rəbb tərəfkeşlik etməz. Tanrının hüzurunda haqlı çıxarılanlar hüququ eşidənlər deyil, yerinə yetirənlərdir”. Laboratoriya müdirinin – o “müqəddəs ata”nın məhrəm səsinin təsiri ilə gülümsəyir, başımı yelləyir, utanırdım, yanaqlarım qızarırdı. Hələ ki, onu anlamırdım. Brüsü xatırladım, “bədən üzvlərinin rolunu yalnız onları bütün bədənlə birgə nəzərdən keçirdikdə anlamaq olur”.
Hiyləgərliklə dolu təbəssümündən düşünə bilmir, yumru camalından şaşırırdım. Ola bilsin, sifətinin əbədiyyən gülümsər olacağı qənaətinə tez gəlmişdim. Gümanımda yanılmışdım.
İnsanlar bir-birinə o zaman həyan olur ki, ya özlərini aldatmaqdan beziblər, ya da gücsüz, zəif olduqlarını özünə etiraf və qəbul etdirəcək qədər səmimi və cəsarətli deyillər.
* * *
Bir həftədən sonra işə beş dəqiqə gecikməyim sahibkarların lisenziyalarını almaq üçün xeyli gözləmələrinə gətirib çıxarmışdı, əslində, bəşəri faciə sayılmamalı idi. Doğrudan da, üç yüz saniyə ərzində dəhlizdə var-gəl etmək, oturub uşaqlıq xatirələrini yada salmaq, telefonla oyun oynamaq, məşuqələrə ismarıc yazmaq olardı. Sonra bilmişdim ki, iş adamları belə də ediblər: yalnız uşaq xatirələrindən savayı. Nə qədər əlləşiblər, o illəri vərəqləməyi bacarmayıblar. Görünür, pulun çoxluğu uşaqlığı da unutdurur. İşə beş dəqiqə gecikməyim günlərdir ki, hərəkətlərimi izləyən və ipucu axtaranlara sevinc, gözlədikləri vəzifə yüksəlişinə təkan vermişdi. Çoxdandır ki, belə fürsət gözləyənlərə göydən zənbillə düşmüşdüm.
– Hardasan, səhər tezdən sahibkarlar gəlmişdi.
– Hətta bəziləri az qalırdılar başlarını divara vursunlar.
– Müəllim, işə gecikirsən ha.
Qoluma girib ürəyiyananlıqla “işə tez gəl” deyənlər, göz süzdürənlər, başlarını yelləyənlər də tapıldı. Danışılan söhbətlərdən, iki daşın arasında düşünülən rəvayətlərdən belə anlaşıldı ki, sahibkarlar Avropa məhkəməsinə müraciət etmək qərarına gəlibmişlər, hətta bəziləri Fil dişi adasından sığınacaq almaq istəyib. Hələ harasıdır, aralarındakı liliput sahibkar özünü yandırmaq üçün benzini başından tökəndə son saniyədə kibrit tapılmayıb, yoxsa laboratoriya ölüm işinə görə prokurorluğun yolunu su yoluna döndərəcəkmiş. Əgər beş dəqiqənin üstündən on saniyə keçsəymiş, uzundraz sahibkar bardaş qurub xarakiri mərasimini həyata keçirəcəkmiş.
Kim ki, özünü insanlara yaxşı göstərir, onun halına yandığını, ona dəstək olduğunu cidd-cəhdlə nümayiş etdirib, tamaşa qurur, deməli, onun sizə qarşı gizli nifrət, qəzəb və paxıllıq hissi var, həyəcan təbili çalmağın əsl vaxtıdır.
Müdirin sifəti daha gülümsəmirdi, axı, sevinc ona yaraşırdı, bu nə sifətdir belə, heç xoşagələn deyil. Ciddi görkəmli Tibet kahinlərinin sifətini almışdı. Bundan sonra ona Tibet kahini kimi baxacağam. Gözlərini yumub ağzını açanda anladım ki, onu dağların qoynunda sərdabənin ulu müəllimi kimi təsvir etməkdə düzgün iş görmüşəm, təkcə arxasında möhtəşəm Budda çatışmırdı.
– Hələ qədim zamanlarda, – o, gözünü yumub başını kreslosuna söykəyərək pıçıldayırdı, – sərkərdə təngnəfəs halda atını qalaya çapıb Kiçik Xaqana xəbər verdi ki, Böyük Xaqan yüz minlik qoşunla üstlərinə gəlir. Alnını ovuşduran Kiçik Xaqanın əlləri əsir, onminlik qoşunla yüz minə müqavimət göstərəcəyi yersiz görünürdü. O, balaca ordusuna həyacan siqnalı verməyi gülünc hesab etdi. Xəbəri gətirən sərkərdənin dizləri əsir, Kiçik Xaqandan ümidli sözlər, inamlı baxışlar gözləyirdi. Xaqanın nə deyəcəyindən asılı olmayaraq, arvadına yer-yığış edib qaçmasını tapşırmış, “Tibetin arxasında sənə qoşulacağam” deyə aradan çıxacağına söz vermişdi. Əvvəlcə Kiçik Xaqanın alnını ovuşdurması sonradan əsməcəyə düşən əlini bir-birinə sürtməsi ilə nəticələndi.
Kənd Təsərrrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdirinin zəngi Tibet kahininin rəvayətini yarımçıq kəsdi.
Ümumi zala keçib Adilənin (həmin zəhrimar və turşumuş sifətli qızın adı belə idi) vücuduma zillənən gözlərinə baxıb gülümsədim ki, ümidi ölməsin, məni gələcək əri bilsin.
– Əvvəlki iş yerinizdən niyə çıxmısız?
Əməkdaşların içindən səslənən sual varlığım barədə ilkin məlumatın öyrənilməsi cəhdi kimi anladım.
– Əvvəlki iş yerim olmayıb, əmək fəaliyyətimə sizinlə başlayıram, çox mehribansız, elə səmimi, elə sevimlisiz ki, ürəyim gedir sizinçün.
“Ürəyim gedir sizinçün” bir az düşük çıxdı, həm də belə bambılılığın məndən çıxmasına təəccübləndim. Digər tərəfdən qoyun olmağıma hesablanan taktikanı çevikliklə tətbiq etməyimdən sevindim. Bununla da fizionomiyama qıcıqlananlar, vücudumu parçalamağa hazırlaşanlar yumşalsın ki, “bu, elə də ciddi rəqib deyil, hərdənbir sancarıq, vəssalam”. Həm də bu bambılının onların hakimiyyətlərini qəbul etməsi üçün köhnə, sınanılan üsuldan istifadə olunmuşdu. Gözlərini bir-birinə bicvari oynatmaları, sakitcə oturub işlərinə davam etmələri, bığlı əməkdaşın yaşlı laborantın qulağına “zəifdir” pıçıldaması, gələcəkdə səhnələşdirmək istədikləri tamaşaları müvəqqəti təxirə saldı.
Yalnız Adilə gözlərimdə ümid axtarırdı, tapanda sol gözünü yenə mikroskopun obyektivinə söykəyib, Demis Russosun “Goodbye, My Love, Goodbye" mahnısından mızıldanırdı, hələlik ardımca edilən söhbətlərə təkan vermir, hərdən “yaxşı oğlana oxşayır” deməklə, qeybətləri xırpdan kəssə də, bir şey alınmırdı. Otaqdan çıxıb yanaqlarını çuğundurla qızartmaq üçün ayaqyolu güzgüsünün qarşısına gedəndə qeybətlər təzədən qızışırdı. Ah, Adilə! İnan ki, yeməkləri necə yaxşı bişirməyin, təmizkar olmağın, işə başıaşağı gedib başıaşağı qayıtmağın, ailə quracağın təqdirdə qayınatanla-qayınananın hörmətini tutacağın, gələcək övladlarına yüksək təhsil verəcəyin barədəki mühazirələrindən bezmişəm. Heç olmasa ayaqqabının qaxaca dönən palçığını qopar, iş masasının tozunu al, yeməkdən sonra mikroskopun obyektivinə yaxılan yağlı ləkələri sil. Sənə qulaq asmalıyam, hələlik bunu etməliyəm, yeganə ümidim sənsən.
İşə beş dəqiqə gecikməyim və sahibkarların az qala Fransada burjua inqilabını təkrarlayıb, hirslərindən “İnternasional” ifa etmələri gop olsa da, toksikologiya laboratoriyasına yeni tamaşa əhvalı gətirmişdi. Gözlərdən “aha, maraqlı olacaq”, “indi yeni əməkdaşın sütunlarının möhkəmliyini yoxlayarıq” məramlarını altıaylıq körpə də bilərdi. Bunları neçə illərdən sonra nəql edirəm, ilk iş yerimdən, onda o məramları gözlərdən oxumağı bacarmırdım.