Azər Qismət – Çuğullar (страница 5)
Bu yerdə peçenyedən bir dişləm alıb dodağını yaladı, axıcı gözlərinin şiddətini artırdı, canıma istilik gətirməsindən qaqqanaq çəkdi. Onun ecazkar baxışlarından ehtiyatlanıb yarıaçılı qapıdan ərinə baxdım ki, hərəkətlərimdən şübhələnib mənzildən qovmasın. Qadın peçenyedən ikinci dişləmi alanda başımı aşağı saldım. Ehtiraslı anlar özündə qaldı. Bunu etməyin mənasızlığını anlayıb yenidən xəbərvermə formuluna qayıtdı:
– Tutaq ki, bir xəbər verirsən: “Filankəs dünən sizi işçilər arasında söyürdü”. Belə birbaşa xəbər onunla nəticələnər ki, müdir hirslənib həmin işçini təcili otağına çağırar və affekt vəziyyətdə informasiyanın kim tərəfindən ötürülməsini tələb edər. Nəticədə ifşa olunarsan. O, bunu qəsdən etmir, sadəcə xəbərin ötürülməsi elə birbaşa və anidən alınır ki, qan təzyiqi avtomatik olaraq qalxır, əlləri əsir, həmin əməkdaşı axtarıb ortadan bölmək istəyir. Belə olan surətdə taktika təxminən belə qurulmalıdır: “Çox təəssüf ki, Sizin kimi müdirin xeyirxahlığını çörəyi dizləri üstündə olanlar dəyərləndirə bilmir”. Onu tərifləyir, çörək verən adam olduğunu söyləyirsən… Və opppaaa, yaltaq sözlərdən pərvazlananda xəbəri ötürürsən. Sonda xahiş edirsən ki, “mənim adım olmasın”. Birinci dərsim bu, – deyə yarıaçılı qapıdan hərdən bizə baxan ərini səslədi, – Cem, gələ bilərsən.
Əri televizoru söndürüb yenidən yanımıza keçdi.
– Hər şey yaxşıdır?
– Yaxşı olmayıb, necə olasıdır ki? – Senyora lovğalanıb ərinin saçını tumarlaya-tumarlaya qullab aldığı siqaret tüstüsünü nazla üfürdü.
– Bir məsələni də unutma. O turşumuş qıza üz vermə. Gözünü zilləmə, söhbət Adilədən gedir. Səni caynağına keçirmək istəyir. Bizimlə otur-dur, onun səviyyəsi nədir ki, axşamlar evə ötürüb gətirdiyi qutablardan yeyirsən… Fuuuu… Ağlını başına yığ. Əgər nəsə duysan, bunu müdirə xəbər verməyə çəkinsən, taktikanı müəyyənləşdirə bilməsən, mənə yaxınlaş. Özüm çatdıraram ona. Təbii ki, müəlliflik hüququnu pozmayacam, xəbərin mənbəyini söyləməklə onu sevindirəcəm. Belə etsən, laboratoriyada işləyib saç-saqqalını ağardarsan. Bizim ailəyə xoş gəldin, gənc həmkar.
* * *
… İş yerindən yenə kif iyi gəlirdi, “pəncərəni açmaq olar” sualını verməyib özüm açdım. Nəzərlər Adiləyə dikilsə də, bunu etdim, sanki o qızdan icazəni əbədilik almışdım.
Pıçıltılar artdı. Gözümü mikroskopun obyektivinə dikməklə demək istədim ki, pıçıltıları yığışdırın, mən işləyirəm, faydalı əməklə məşğul olun, bura qeybət yeri deyil, sizə təmiz hava bəxş edirəm.
Müdirin içəri girməsi ilə bu mənzərəni sakitcə sezməsi – süni kübarların müştüklə siqaret çəkməsi, Adilənin qulaqlıqla musiqi dinləməsi, qaşqabaqlı müavinin arvadına telefonla hədə-qorxu gəlməsi bir anda yığışdırıldı, hamı səpələnib iş başına keçdi. Mənim müdirim, mənim ağam gülərüz olmaqla yanaşı, həm də qoca vaxtında bir gənclik obrazı yaradırdı.
– Sabahınız xeyir, – deməsi ilə xor kapellası dilə gəldi.
– Sabahınız xeyir.
– Balaca yığıncaq keçirək.
Əməkdaşlar onun kabinetinə keçdi. Laklanmış masanın arxasında əyləşdik.
– Yay mövsümü ilə bağlı nə düşünürsüz?
Əsəbi müavin dedi ki, “yay mövsümü ilə bağlı ciddi işlər görməli, fermer və sahibkarları bu barədə maarifləndirməliyik”. Senyora bəyan etdi ki, “gücləndirilmiş iş rejiminə keçməliyik”. Adilə qayıtdı ki, “daha da məhsuldar işləməliyik”. Beləliklə, on beş işçinin dilindən çıxan kəlmələrdən belə məlum oldu ki, bu barədə ciddi şəkildə düşünürlər.
– Bəs, yeni əməkdaş bu barədə nə fikirləşir?
Düşündüyümü təklif kimi kabinetində səsləndirəcəkdim, əgər burada demək lazımdırsa, deyərəm.
– Biz mövsümlə bağlı meyvə-tərəvəz topdansatış bazalarında yoxlamaya başlamalıyıq. Nəzarət tədbirləri paytaxtın bütün bazarlarında aparılmalıdır.
İlahi, görəsən, bu təklifi verəndə beynimlə ürəyim razılığa gəlmişdimi? Görəsən, bu təklifi verəndə taxta, yoxsa aliminium medala ümid etmişdim? Altımış beş yaşlı müdirin köpü artanda da, belə pörtməmişdi. Adilənin baxışlarında matəm musiqisi səsləndi, Senyora nırçıldadı, qaşqabaqlı müavinin qaşları alnına qədər gərildi, bu ona necə də yaraşırmış. Onların gözlərində – az qala elə indicə ömürlük qapanacaq gözlərində, təklifimlə həmrəylik ifadə edən məqamlar görmək istədim, görə bilmədim. Sanki Venera Marsla toqquşmuşdu, Çaves xəstə Fidelin çarpayısının başında imperialistləri söymüşdü. Qaranlıqda böyüyüb bəslənən və gün işığına çıxanda matadorların qarınlarını cırmağa hazır öküz iş yoldaşlarımda Taleyranın Napoleonun atmacalarına inciyən gözlərini gördüm. Məni çayın mənbəyində dayanıb mənsəbindəki quzuya “sən suyumu bulandırdın” deyən canavara oxşatdılar. Əslində, bu mehriban düşmənlər ocağına bir caxnaşma salmaqla, özümü qınamaq istədim, bacarmadım. Daş bostana atılmışdı, özü də məlum istiqamətdən.
– Yeni əməkdaşın təklifinə münasibətiniz necədir?
Kübar qadın Senyora dedi ki, bazara çıxmağa ehtiyac yoxdur. Çünki kəndli belə zəmanədə keyfiyyətli məhsul becərməyə çalışır ki, alıcısı olsun. Məhsullar yoxlanılsa, heç nə aşkar edilməyəcək.
– Buna əminsiz? – Tibet kahini gülümsədi. Sanki, məzələnirdi.
– Ötən ilin nəticələrinə əsasən, – Senyora faktı səsləndirəndə məğrur görkəm alıb bir gözü məndə, digəri müdirdə qaldı. – Ümumiyyətlə, ölkədə kənd təsərrüfatı məhsulu yetişdirərkən azot, fosfor və kaliumdan beş-altı dəfə istifadə olunsa belə, məhsullarda nitrat az müşahidə edilir və bu amil xarici ölkələrdən idxal edilənlərin yanında toya getməlidir. Apardığımız araşdırmalara əsasən xaricdən gələn məhsullarda nitratın səviyyəsi yerli məhsullardan çoxdur. Bu da yerli məhsulun daha ekoloji olması faktını təsdiqləyir.
Müdir fısıldayıb üzünü mənə tutdu:
– Yeni əməkdaş nə deyir?
– Üzr istəyirəm, Senyora elə indicə özündən asılı olmadan təsdiqlədi ki, əməkdaşların bazarlara reydə çıxması mütləqdir. Çünki onun söylədikləri ötənilki analizlərin nəticələridir və üstündən bir il keçib. Deməli, bir il ərzində bizim kəndli nitratın miqdarını kəlləçarxa qaldırıb.
Senyora çölpişiyinə çevrildi, müavinin qaşları dartıldı, geniş alnı göründü, təkrar edirəm, bu ona necə də yaraşırmış. Və Senyoranı sakitləşdirdi:
– Senyora, səbirli ol. Yeni əməkdaş adından da göründüyü kimi, hələ yenidir. Cənab müdir (müavin “cənab müdir” deyəndə ətim tökülürdü), məsələ burasındadır ki, zəhərlənmə faktları qeydə alınmayıbsa, reydə çıxmaq əlavə məsrəfə gətirib çıxaracaq.
Müdir yenə üzünü tutaraq:
– Yeni əməkdaş bu barədə nə deyir?
– Bir ay əvvəl qonşum zəhərlənmişdi.
Yerdən “nə olsun ki”, “nə demək istəyirsən”, “bəlkə, sənin qonşun anadangəlmə xəstədir” atmacaları eşidildi.
– Onu xəstəxanaya yerləşdirəndə Toksikologiya şöbəsinin baş həkiminin telefon nömrəsini götürdüm. İcazə versəniz indi ona zəng vuraram.
– İcazə verirəm, vur. Yoldaşlar, maraqlı oldu, hə? – deyə müdir şaqqanaq çəkdi.
Toksikologiya şöbəsinin müdirinə zəng edib danışığı səsgücləndiriciyə keçirdim. Qısaca deyim ki, o, aşağıda söylədiklərini hamı eşitdi:
– Təkcə bostan-tərəvəz məhsulları yetişəndən bu günə qədər ölkədə yetmiş beş zəhərlənmə faktı qeydə alınıb ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
Daş. Üzüaşağı gələn daş. Həyatımı cəhənnəmə çevirəcək daşı görə bilmədim. Çünki çox sürətlə başıma düşdü. Heç nə xatırlamıram. Onlar – nifrətli baxışların sahib və sahibələri nifrinlərini üstümə saldılar, qarğışlarını qabırğama döşədilər. Bütün bunları eşidən müdir isə “yoldaşlar, bu necə də maraqlı oldu” – deyə qəhqəhə çəkirdi.
Müavin söz atdı ki, bu yolla fermerləri, sahibkarları pis öyrətmiş olarıq, qoy elə laboratoriyaya gəlsinlər. Adilə dedi ki, insan hüquqları təşkilatları bunu özlərinə ağ bayraq edərlər ki, fermerlərə dövlət səviyyəsində sataşılır, onlara öz məhsullarını sərbəst şəkildə satmalarına imkan verilmir. Hətta sürücü Vəli də yerdən söz atdı ki, bir bazar o biri bazardan ən azı beş-on kilometr uzaqda yerləşir, nə qədər benzin israfına yol veriləcək.
– Və son sözünüz? – deyə müdir gülməkdən qarnını tutmuşdu. Bilmirəm onların sözlərinəmi, ya yeni əməkdaşın təklifinəmi, yaxud təfriqənin artmasına görəmi…
Əlavə etdiyim bir cümlə isə göz yaşları çıxana qədər şaqqanaq çəkmələri ilə nəticələndi, əslində, əl meymunu deyildim, yalnız işdən danışmışdım.
– Laboratoriya analizlərinin nəticələri əldə olunana qədər standartlara cavab verməyən məhsulların satışına qadağa qoymalıyıq, – bu cümlədən sonra az qala gülməkdən ürəkləri dayanacaqdı.
Müavin kinayə ilə qımışdı:
– Əzizim, indi guya yeni söz dedin də, hə?
Müdir danışıqlara son qoydu:
– Yeni əməkdaş və bütün günü qulaqlıqla musiqiyə qulaq asan Adilə sabah sübh tezdən analizlər götürmək üçün bazarlarda olsunlar.
Daha şaqqanaq çəkmədilər. Müdirin getməsini gözlədilər ki, dağ çaylarından sel yaradıb qarşılarındakı mikrobu həmin seldə üzən talaşaya döndərsinlər, istəsələr uşaqlar üçün qayıq düzəltsinlər, istəsələr qulaqlarını təmizləsinlər. Araşdırmalara əsasən, dünya okeanlarının səviyyəsi ildə bir millimetr qalxırsa, bugünkü iclasda onu üç millimetr qaldırmışdım. Nə iş tutdum? Rica edirəm, bağışlayın, ən ülvi məhəbbətinizə and verirəm, məni bağışlayın, vallah, özümdən asılı olmadı, belə edəcəyimi düşünməzdim, heç bilmirəm məni hansı milçək dişlədi.
Sarsaq, ya qeyri-sarsaq, dilimdən çıxmışdı, vəssalam. Budur, düşmənləri artırdım, heç əməlli-başlı düşmən var idi ki? Yaxın gələcək üçün onların hədəfi məlum oldu. İlahi, müdirin yenidən qayıdıb təzə bəyanat verməsi, kürkə bürünən şamanlar kimi ruhumu marallar qoynuna apardı. Qardan ağ yorğana bürünən çöllərə… O çöllərdə qaralan aullara. Müdirin bəyanatı üçüncü dünya müharibəsinin başlanmasına qığılcım oldu.