Агата Кристи – Qəhvəyi kostyumlu kişi (страница 3)
– Bu evə heç kəs girməyəcək! Eşidirsinizmi? Reportyorların əlindən lap təngə gəlmişəm!
– Axı mənim bildiyimə görə, ev kirayəyə verilir?
– Ah, bağışlayın, miss, elə bildim jurnalistsiniz. Bir dəqiqə də sakit buraxmırlar. Ev, əlbəttə, hələ ki kirayəyə verilməyib, ancaq çətin ki onu götürən ola.
– Bir hadisəmi baş verib? – həyəcanla soruşdum.
– Aman Allah! Bəyəm burada öldürülən əcnəbi qadın haqqında eşitməmisiniz?
– Bu haqda qəzetlərdə nəsə oxumuşdum, – etinasızlıqla necə gəldi cavab verdim.
– Hələ oxumamısınız? Bu barədə bütün qəzetlər yazıb. Polis hələlik susur, amma məncə, canini tutarlar. Onu da, qadını da yaxşı xatırlayıram. Qadın bax orada dayanmışdı, siz dayanan yerdə.
– Qadın sarışın, yoxsa qarabuğdayı idi? Qəzet şəkillərindən ayırd etmək olmur.
– Hə, saçları qaraydı. Sifəti isə ağ. Dodaqlarını qalın rəngləmişdi. Belələrindən heç xoşum gəlmir. Pudra və pomada qaydasında olsa yaxşıdır.
– Qadın pərişan görünmürdü? – soruşdum.
– Qətiyyən! Elə səmimi gülümsəyirdi ki! Səhərisi onun meyitini evdən tapanda az qala ağlım başımdan çıxacaqdı. Ser Yustas olmasaydı, heç nə məni burada saxlaya bilməzdi.
– Qəzetlərin yazdığına görə, hazırda o, Kanndadır.
– Düzdür, miss, orada idi, lakin baş vermiş hadisəni eşidən kimi İngiltərəyə qayıtdı. Amma gənc kişi, dəqiq deyə bilərəm ki, dilxor idi. Evdən də beləcə həyəcanlı çıxdı. Ancaq o vaxt buna əhəmiyyət vermədim.
– Orada çox qaldı?
– Evdəmi? Yox, canım. Beşcə dəqiqə.
– Hündür idimi? Məsələn, altı fut.
– Desəm ki, az deyildi, inanın.
– Üzü təmiz qırxılmışdı?
– Hə. Nə bığı vardı, nə də saqqalı.
– Bəs siz onun başının formasına fikir vermədiniz ki?
– Başı adi idi, mis… hə-ə, açarı verimmi? Sizi ötürərdim, amma…
Açarı alıb evə tərəf addımladım. İndi aydın idi ki, Mill-hausda olan centlmenlə metrodakı “həkim” arasında fərq yoxdur. İntuisiya mənə başqa versiya da deyirdi: metroda həlak olan şəxslə xanım de Kastina, şübhəsiz, Mill-hausda bir-biri ilə görüş təyin etmişdilər.
Metrodakı kişi qəfildən “doktoru” görərək özünü itirmiş və həlak olmuşdur. Bəs “doktor”? O, həlak olanın cibindən vərəqi tapır, qiyafəsini dəyişərək Marlouya tələsir.
Budur, Mill-hausun qapısı ağzındayam. Alçaqtavanlı holl isti idi, kif iyi gəlirdi. Ev sanki sahibsiz idi. Qeyri-iradi səksəndim. Görəsən, gülümsəyərək bu otağa daxil olan qadın nə fikirləşirdi?
Ürəyimin bərk döyündüyünü hiss etdim. Həqiqətənmi ev boşdur? Bəlkə, məni də burada ölüm hərləyir? Bu evin ab-havasından həyəcan, qəzəb, qəddarlıq süzülürdü.
VI fəsil
Həyəcanı və inamsızlığı dəf edərək yuxarı mərtəbəyə qalxdım. Faciənin baş verdiyi otağı axtarıb tapmaq çətin deyildi. Meyitin tapıldığı gün leysan yağış yağırdı və buna görə də döşəmədə çoxlu ayaq izləri qalmışdı.
Budur, bu da otaq. İçərisi bomboşdur. Bloknot və qələm çıxartdım. Lakin yazmalı heç nə yox idi. Qələmi çantama qoymaq istəyirdim ki, birdən sürüşüb düşdü və eyvanın qapısına tərəf diyirləndi. Qələmi yerdən götürüb qapını açdım. Onun altında yarıq vardı. Əyilib qurdaladım və əlimə “Kodak” firmasının fotokaseti keçdi. Bu da tapıntı!
Kaset doldurulmuşdu və… naftalin iyi verirdi. Onu kim itirmişdi? Nə vaxt? Metroda həlak olan adam burada olmayıb. Demək, “həkim”? Plyonkanı aşkarlamaq kifayətdir, onda hər şey aydınlaşacaq!
Mill-hausu tərk etdim. Londona qayıdanbaş yolda vərəqi bir də oxudum və birdən rəqəmlər mənə başqa cür göründü: 17.1.22… Bəlkə, bu, ayın tarixidir? Məsələn, 17 yanvar 1922-ci il? Lakin bu gün yanvarın on dördüdür və deməli, Kilmorden qəsrindəki hansısa hadisəyə cəmi üç gün qalıb.
Ertəsi gün tələsik Recent-stritə getdim. Qiymətli plyonkanı emalatxanaya verib təcili bütün kadrların çıxarılmasını xahiş etdim. Bir neçə dəqiqə sonra qulluqçu kaseti geri qaytararaq sıxıla-sıxıla dedi:
– Mənə belə gəlir ki, miss, kaseti səhv salmısınız. Bu plyonka tərtəmizdir, çəkilməyib.
Hiddətimi çətinliklə gizlədərək emalatxanadan çıxdım. Həyatımda heç vaxt belə axmaq vəziyyətə düşməmişdim.
Nəhayət ki, möcüzə baş verdi! Paroxod kontorunun yanından ötərkən gözüm pəncərəyə qoyulmuş gəmi modelinə sataşdı. Üzərindəki “Kilmorden qəsri” yazısı nəzərə çarpırdı. Qəfil sevincdən yerimdə donub-qaldım, sonra isə ofisə, demək olar, soxuldum. Klerkin sual dolu baxışlarını görəndə isə nəfəsimi dərmədən dedim:
– Kilmorden qəsri!
– On yeddisində Sauthemptondan yola düşür. Keyptauna istəyirsiniz? Birinci, ya ikincidərəcəliyə? Birinciyə səksən funtdur…
Təsadüfə bax! Bu, qismətdir! Üstümdə məhz bu qədər pul vardı!
Klerkin sözünü kəsərək qətiyyətlə: “Birincidərəcəli”, – dedim.
VII fəsil
Görünür, mən heç vaxt rahatlıq tapmayacam. Mən isə məhz sakit həyatı xoşlayıram. İstədiyim yalnız rahatlıqdır. Lakin böyür-başımda tez-tez müxtəlif hadisələr baş verir.
Bax bu gün səhər Qay Peycet əlində teleqram yataq otağıma soxuldu. Elə sifət almışdı ki, sanki gəmiləri batıb.
Peycet mənim katibimdir. Çalışqan, əməksevər, bir sözlə, yaxşı adamdır. Halbuki məni heç kim onun qədər narahat etmir. Ondan yaxa qurtarmaq üçün az bəhanə aramamışam. Amma özünüz deyin, adamı yalnız işi əyləncədən üstün tutaraq səhərdən axşamadək çalışdığına, zərərli vərdişlərdən uzaq olduğuna görə işdən çıxarmaq olarmı? Peycetin yeganə, həm də qəribə nöqsanı sifətində idi. Onun sifəti XIV əsrdə yaşamış adam zəhərləyənlərin sifətinə oxşayırdı.
Ötən həftə ağlıma gözəl bir fikir gəldi. Onu Florensiyaya göndərməyi qərara aldım. O mənə Florensiya barədə danışdı və üstüörtülü işarə etdi ki, orada olmağı arzulayır.
– Əzizim, – deyə sevindim, – günü sabah gedin. Bütün xərcləriniz mənim boynuma.
Sonrakı həftəni gözəl keçirdim. İstədiyimi elədim. Lakin bir neçə gün sonra o, səhər tezdən qarşımda peyda oldu. Xoş günlərimə son qoyulduğunu anladım.
– Əzizim Peycet! Bu nədir, dəfn mərasiminə hazırlaşırsınız?
Yumor hissindən tam məhrum olan Peycet çaşdı.
– Necə? Siz artıq hər şeyi bilirsiniz, ser Yustas?
– Nəyi bilirəm?
– Ser, bilirəm, ertədən durmağı xoşlamırsınız. Ancaq artıq saat doqquzdur! – səhər saat doqquzun günorta olmasına Peycet tam əmin idi. – Fikirləşdim ki, belə vəziyyətdə…
– Bir deyin görək, axı nə olub?
– Polisdən teleqram gəlib. Marlouda, sizin evdə qətl baş verib!
– Belə de! – ucadan dilləndim. – Nə üçün məhz mənim evimdə?
– Bu haqda heç nə yazılmayıb. Belə hesab edirəm ki, tezliklə İngiltərəyə qayıtmalıyıq.
– Niyə ki?
– Polis…
– Polisin nə dəxli var bura?
– Axı bu sizin evinizdir!
– Hə, bədbəxtlikdən mənimdir. Ancaq mənim günahım deyil.
– Üstəlik, öldürülən əcnəbidir.
– İlahi! Ümid edirəm ki, bu, Karolinanı o qədər də məyus etməz.
Aşpaz Karolina Ceyms bağbanımın arvadıdır. Əla xörəklər bişirir. Elə buna görə də əri bikara bağban olsa da, dözürəm.
(Üç gündən sonra)
Qeyri-adi hadisələr baş verirdi. İndicə Avqustus Milreylə qarşılaşdım. Bu adam bizim hazırkı hökumətdə heç də az olmayan köhnə uzunluqların xalis nümunəsi idi. O məni kənara çəkib müəmmalı şəkildə Cənubi Afrikadakı vəziyyət, baş verə biləcək tətillər və hansısa “gizli fəaliyyətlər” barədə danışdı. Nəhayət, səsini alçaldaraq pıçıltıya keçən Milrey xəbər verdi ki, hansısa mühüm sənədləri general Smatsa çatdırmaq lazımdır.
– Çatdırın da, – əsnəməyimi saxlayaraq razılaşdım.