реклама
Бургер менюБургер меню

Агата Кристи – Qəhvəyi kostyumlu kişi (страница 2)

18

– Deyə bilmərəm, ancaq nəsə vardı…

– Miss, bəs sizə qəribə gəlmirmi ki, metroda meyiti yoxlayan həkim sonralar heç görünmədi, nə adını, nə də ünvanını bildirdi?

Təbəssümü güclə saxladım. Axı bu haqda mənim öz fikrim vardı və onu Skotland-Yardla bölüşmək istəyirdim. Lakin səhər gözlənilməz xəbərlə açıldı. “Deyli badcet” qəzeti “Metrodakı hadisənin qəribə davamı”, “Boş evdə qadın meyiti aşkar olunub” kimi sensasiyalı sərlövhələrlə çıxdı. Qəzet yazırdı: “Marlouda, Mill-hausda sensasiya. Parlamentin üzvü ser Yustas Pedlerə məxsus Mill-haus villası kirayəyə verilir və ona baxmaq üçün qəbz metroda həlak olan şəxsin cibindən tapılmışdır. Dünən Mill-hausun otaqlarından birində gənc, gözəl qadının meyiti aşkar edilmişdir. Onu boğmuşlar. Ehtimal ki, qadın əcnəbidir, lakin hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Mill-hausun sahibi ser Yustas Pedler hazırda Fransada istirahətdədir”.

III fəsil

Əldə olan faktlardan aşağıdakılar məlum olurdu. Yanvarın səkkizində, təxminən gündüz saat birdə yaxşı geyinmiş bir qadın Naytsbricdəki “Batler və Park” agentliyinə daxil olub. Orada bildirib ki, London yaxınlığında, Temza sahilində ev almaq, yaxud kirayə tutmaq istəyir. Mill-haus da daxil olmaqla ona bir neçə ünvan təklif ediblər. Qadın özünü xanım de Kastina adlandırıb və deyib ki, “Rits” hotelində yaşayır. Halbuki orada bu adla heç kim qeyd olunmayıb, hotelin xidmətçiləri də öldürüləni tanıya bilməyiblər.

Ser Yustas Pedlerin bağbanının arvadı, villanın qapısı ağzındakı kiçik evdə yaşayan missis Ceymsin verdiyi ifadəyə görə, gənc xanım Mill-hausa gündüz saat üçə yaxın gəlib. Evə baxmaq üçün icazə vərəqini təqdim edib. Bir neçə dəqiqə keçmiş gənc kişi peyda olub. Qəhvəyi rəngdə kostyum geyinibmiş. Kişi izah edib ki, bu saat evə baxan xanımın dostudur və teleqram vurmaq üçün poçta girdiyindən onu bir dəqiqəliyə tərk edib. Beş dəqiqədən sonra gənc kişi qayıdıb, açarı qaytarıb və deyib ki, ev onlara sərf eləmir. Kişi tək olduğundan missis Ceyms fikirləşib ki, yəqin, xanım ondan əvvəl çıxıb. Səhərisi evə baxmaq üçün daha bir “cütlük” gəlib. Həmin vaxt da meyit tapılıb. Missis Ceyms ölənin dünən gələn qadın olduğunu tanıyıb. “Batler və Park” kontorunun agenti də öldürülmüş xanım de Kastinanı tanıyıb. Polis həkiminin rəyində yazılmışdı ki, qadın artıq bir sutkadır ölüb.

Polis və “Deyli badcet”in reportyorları səylə “Qəhvəyi kostyumlu kişini” axtarırdılar.

Missis Ceyms müəmmalı xanımın gəlişinə qədər evdə heç kimin olmadığına tam əmin idi. Deməli, bədbəxt xanım de Kastinanı ondan bir az sonra evə daxil olmuş “Qəhvəyi kostyumlu kişi” öldürüb. Hər şeydən göründüyü kimi, qadın qəflətən yaxalanmış və qalın, qara qaytanla boğulmuşdur.

Metrodakı hadisə isə adicə bir təsadüf kimi izah olunaraq ikinci plana keçdi və tezliklə hamı tərəfindən unuduldu. Yalnız məndən başqa. Qərara gəldim ki, Skotland-Yarda getməyi təxirə salmayım.

Məni inspektor Midouz qarşıladı.

– Sabahınız xeyir! Buyurun, əyləşin. Siz metrodakı hadisəyə görə gəlmisiniz, miss Bedinqfeld?

– Ölən kişinin cibində biletin olmaması sizə qəribə gəlmirmi? – deyə suala sualla cavab verdim.

– Yəqin ki, onu itirib, bəlkə də atıb.

– Pul da olmayıb, – mən davam etdim.

– Qəpik-quruş vardı.

– Belə olan halda qəzetlərdəki xəbərlərə həkimin heç bir reaksiya verməməsi, sizcə, təəccüblü deyil?

– Həkimlərin işi xirtdəyəcəndi. Qəzet oxumağa onlarda vaxt haradandı?

– Bəs əgər sizə desəm ki, o heç də həkim deyil, onda necə?

– Nə-ə?!

– O, həkim deyil!

– Nədən bilirsiniz, miss Bedinqfeld?

– Bilirsiniz, müharibə vaxtı mən hərbi hospitalda işləmişəm və həkimin yaralını necə müayinə etdiyini görmüşəm. Onların peşəkar hərəkətləri bu həkimdə yox idi. Bundan başqa, heç bir təbib ürəyə sağ tərəfdən qulaq asmır.

– Bəs o necə, sağdan qulaq asdı?

– Bəli. Əvvəlcə buna fikir vermədim. Ancaq sonra başa düşdüm. Evdə həmin səhnəni “oynayandan” sonra əmin oldum ki, o, həkim deyil.

– Hı-ııı… – inspektor fikrə getdi. – “Doktor”un zahiri görkəmini təsvir edə bilərsinizmi?

– Hündürboy, enlikürək, tündrəngli palto, qara çəkmələr, şlyapa, eynək… və şabalıdı saqqal.

– Aha, demək belə. İndisə ondan paltonu, saqqalı, eynəyi çıxardın və onu tapın görüm necə tapırsınız! Daha nə əlavə edə bilərsiniz, miss?

– Nə əlavə edərəm? “Doktorun” başı xalis braxisefalik (eni uzunundan artıq) idi. Bax bunu isə heç cür dəyişə bilməzsən!

Bu vaxt inspektor Midouzun qələminin tərəddüdlə donub-qaldığını məmnunluqla seyr etdim. O, açıq-aşkar “braxisefalik” sözünü necə yazmağı bilmirdi.

IV fəsil

Belə səfeh söhbət məni özümdən çıxartdı, buna görə də qəti addım atmaq mənə çox asan gəldi.

Skotland-Yarddan birbaşa lord Nesbinin evinə yollandım. Milyonçu lord Nesbi bir çox qəzetlərin sahibi olsa da, sevimli yetişdirməsi kimi “Deyli badcet” onun üçün daha əziz idi. Birləşmiş Krallıqda hamı onu məhz “Deyli badcet”in sahibi kimi tanıyırdı. Lordun evini tapmaq çətin iş deyildi. Düzdür, məni qəbul edəcəyinə inamım yox idi. Lakin təsadüf kömək etdi: Fleminqlərin hollunda markiz Loumslinin görüş vərəqi vardı. Onun kənarında karandaşla: “Zəhmət olmasa, miss Bedinqfeldi bir neçə dəqiqəliyə qəbul edin”, – yazdım və bu vərəqlə də Nesbinin malikanəsinə daxil oldum. Lord Nesbi məni qəbul etdi və bu xaşalqarın, yekəpər kişiyə baxmağa macal tapmamış o mənim üstümə bağırdı:

– Nə var? Loumisli nə istəyir? Onun katibəsisiniz? Nə olub?

– Hər şeydən əvvəl, – bacardığım qədər sakitcə cavab verdim, – mən lord Loumislini tanımıram, hətta onun da mənim mövcudluğum barədə heç bir təsəvvürü yoxdur. Bu vərəqi yaşadığım evdə tapmışam. Əlavəni də özüm yazmışam. Sizinlə görüşmək mənə vacib idi.

Bütün bunları hüdüləyib-tökəndən sonra qorxmuş halda susdum.

Bir anlığa elə bildim lordun beyninə qan vurdu. Ancaq o özünü birtəhər ələ alıb dedi:

– Həsəd aparılacaq soyuqqanlılıqdır, miss, daha keçib, sizə iki dəqiqə vaxt ayırıram.

– Kifayət edər, – tələsik cavab verdim. – Mill-hausda qətl!

– Qəhvəyi kostyumlu adamı tapmısınız?

– Xeyr, tapmamışam, lakin bu mümkündür.

Vəziyyəti qısaca şərh etdim. Qurtaran kimi Nesbi gözlənilmədən soruşdu:

– Başların tipləri haqqında haradan bilirsiniz?

Atam barəsində danışdım.

– Demək, siz professor Bedinqfeldin qızısınız? Yaxşı, deyin görüm, nə istəyirsiniz?

– Qəzetinizdə işləmək fikrindəyəm! İstəyirəm bu işi araşdıram.

– Lakin, miss, bu iş üçün öz adamlarımız var.

– Məndə isə sensasiyalı məlumatlar var.

– Bu danışdıqlarınızdı? Cəmi-cümlətanı beş-üç kəlmə?

– O-o… yox, lord Nesbi! Məndə başqa şeylər də var!

– Hə-ə… deyəsən, zirək qızsınız? Di döşəyin gəlsin!

– Yalançı həkim liftə girəndə cibindən kağız parçası düşmüşdü. Həmin kağız məndədir. Kağız naftalin iyi verir. Metroda həlak olan kişinin paltosundan da həmin iy gəlirdi. Güman edirəm ki, özünü həkim kimi qələmə verən şəxs vərəqi onun cibindən çıxarmışdı. Vərəqdə iki söz və bir neçə rəqəm yazılmışdır.

Lord Nesbi saymazyana əlini uzatdı:

– Verin baxım!

– Heç cür vermərəm, – deyə gülümsədim, – axı onu mən tapmışam.

– Deyəsən, həqiqətən, bacarıqlı qızsınız! Deyəsən, kağızı polisə vermədiyiniz üçün vicdan əzabı-zad çəkmirsiniz.

– İnspektor məni dinləmək belə istəmədi.

– Uzaqgörən adam deyil. Yaxşı, öz versiyanızı hazırlamaqda davam edin. Əgər maraqlı bir şey tapsanız, dərc olunmaq imkanı əldə edərsiniz. “Deyli badcet”də istedadlı materiallara həmişə yer tapılar. Ancaq çalışmaq lazımdır. Başa düşdünüzmü?

V fəsil

Evə qayıdaraq otağıma çəkildim, sonra “həkim”dən qalmış qeyd vərəqini də götürüb, Allah bilir, neçənci dəfə oxuyub izah etməyə çalışdım. Bu beş rəqəmdə – 17. 122 – sirrin cavabı gizlənmişdi…

Ağlıma min fikir gəlirdi: “Kilmorden qəsri”. Hansısa zadəgan ailəsinin dədə-baba yuvası? İtmiş varis? Gizlədilmiş varidat? Əgər bunlar düzdürsə, onda rəqəmlər sirrin koordinatlarını göstərir. Bir addım sağa, yeddi addım sola, iyirmi iki pillə aşağı… Yox! Mütləq cinayət baş verən yerdə – Marlouda olmalıyam. Agentliyin gülərüz xidmətçisi seçmək üçün mənə bir neçə ünvan təklif etdi.

– Sizdə daha nə var? Məsələn, çay sahilində, bağ-bağatlı? – Sonra Mill-hausa uyğun gələn bir neçə əlamət də əlavə etdim.

– Ser Pedlerin də villası kirayəyə verilir, ancaq bu, Mill-hausdur. Yəqin ki, qəzetlərdə oxumusunuz.

– Bəs haradadır sizin bu Mill-haus? – qətiyyətlə onun sözünü kəsdim.

– Marlouda, necə olub ki, eşitməmisiniz? Bu günlərdə orada qətl törədilib, çətin ki razılaşasınız…

On beş dəqiqə sonra Mill-hausda idim. Qapıda məni əsəbi, yaşlı qadın qarşıladı.