Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 9)
Hacı İbrahim xan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qələsində möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı:
Gər nigahdari-mən anəst ki, mən midanəm, Şişəra dər bağəli-səng nigah midarəd.79
Ağa Məhəmməd şah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir.
Hacı İbrahimxan. Bəli, qurban. Onun təbinə və kamalına söz ola bilməz.
Ağa Məhəmməd şah Qacar. Buyur, sərkərdələrin və xanların hamısını buraya çağırsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidvaram ki, İbrahim xan özü peşman olub, beyətə gələ.
Sadıq xan. Qibleyi-aləm, biz hamımız indiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da, eyib etməz. Çünki əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm.
Ağa Məhəmməd şah Qacar. De görüm, Sadıq xan.
Hacı İbrahim xan daxil olur.
Sadıq xan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqeyi-acizanə edirik ki, əlahəzrəti-şahənşah bizə tacgüzarlıq bayramını bu Muğanda nəsib eləsin.
Ağa Məhəmməd şah Qacar. Həzərat! Bu təklif mənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də indi sizə bəyan edərəm.
Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqe edirik.
Hacı İbrahim xan tacı və qılıncı xonçada gətirib, dizi üstündə çökür şahın qabağında.
Ağa Məhəmməd şah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə80 edib təbəiyyət göstərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmdir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görürsünüz, Şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvitək padşahın bərabəri olam və padşah İsmayıltək islama rəvac vermiş olam. Amma indi sizin xahişinizə görə bu qılıncı bağlayıb dərgahi-rəbbilaləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də Şah Abbas məqamına yetirsin. (
Hacı İbrahim xan və sərkərdələr
Sadıq xan
Tüfəng atılır, qoşundan səs gəlir: “Payəndə bad Ağa Məhəmməd şah Qacar!”
İkinci məclis
Xorasan. Ağa Məhəmməd şahın mənzili. Hacı İbrahim xan və Sadıq xan.
Hacı İbrahim xan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardır, qorxuram, axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi.
Sadıq xan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstandan möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli acından dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər?
Hacı İbrahim xan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: “Pərvərdigara, sən şahı bəladan saxla”.
Sadıq xan. Sən ümidini şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düçar etməz.
Hacı İbrahim xan. Xan, mənim qorxum Rusiya tərəfindəndir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaatı həmməzhəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə.
Sadıq xan. Bu, nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya dövləti əgər Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?!
Ağa Məhəmməd şah Qacar
Sadıq xan
Ağa Məhəmməd şah Qacar. Yaxına gəl, qoca.
Şahrux. Kimdir məni yaxına çağıran?
Sadıq xan. Səninlə danışan İranın şahı Ağa Məhəmməd şahdır.
Şahrux. İranda mən bir şah tanıyırdım, mənim atam Nadir şahı.
Ağa Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir!
Şahrux. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirsən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmişəm.
Ağa Məhəmməd şah Qacar. Qoca, sən dünyada çox müsibət çəkibsən. Mən istəmirəm, sənin axır günlərin də əziyyətlə keçsin. Mən bilirəm, Nadir hər nə cəvahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazım deyil. Gərək verəsən mənim xəzinəmə.
Şahrux. Mənə Nadirdən heç şey qalmayıb.
Ağa Məhəmməd şah Qacar. Qoca, nahaq yerə özünü əzaba düçar eləmə, sənə əziyyət edərlər. Amma xoşla cəvahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar.
Şahrux. Sənin iltifatın mənə lazım deyil. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm. Mən 20 yaşından indiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyərimin qanı gəlib tökülürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şahtək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir, dünyada insaf var? Kim deyir, dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzətək istəkli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmazdı. Kim deyir, dünyada insaf var? Kim deyir, ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ83 və zəğən oturmazdı.
Ağa Məhəmməd şah Qacar. Sadıq xan! Bu qocanı verərsən fərraşların əlinə. Nadirin cəvahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqutu vermək istəməsə, lazımi əziyyət buna verərlər.
Sadıq xan Şahruxu aparır.
Hacı İbrahim xan. Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. 45 ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil.
Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan!
Sadıq xan
Ağa Məhəmməd şah Qacar
Hacı İbrahim xan. Qibleyi-aləm, rənginiz qaçdı, nə xəbərdir gələn?
Ağa Məhəmməd şah Qacar. Bu saat bilərsən. Çıx, sərkərdələri buraya çağır.
Fərraşbaşı
Ağa Məhəmməd şah Qacar. Necə demir? Get, deginən, onun başının ətrafına xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqutun yerini yəqin deyər.
Hacı İbrahim xan. Məruzi-hüzuri-ali olsun ki, 35000 rus qoşunu general Valeriyan Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar. Gəncə və Şamaxı həmçinin keçib Rusiyanın ixtiyarına. General Zubov əyləşib Muğanda, Azərbaycan üstünə yerimək xəyalındadır və Azərbaycanı təsxir edəndən sonra Tehran üstünə gedəcək.