реклама
Бургер менюБургер меню

Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 8)

18

Gedirlər.

İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir neçə sərkərdə gəlib, çıxır təllin üstünə.

Ağa Məhəmməd şah Qacar. Afərin Gürcüstan qoşununa! And olsun Məhəmmədhüseyn xanın qəbrinə, bir belə dava etmişəm, bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüzü Gürcüstanın paytaxtı gözəl Tiflisə. Zirü zəbər71 edib, gərək daşı daş üstündə qoymayasınız. Gərək bu gün Gürcüstana məhşər gününün nümunəsini göstərəm. Üç gün qoşuna qarət izni verirəm. Amma məbadə kəlisalara72 əl vurasınız… Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana vacibdir. Övrət, uşaq – hər nə ələ keçsə, əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz! (Sərkərdəyə) Sadıq xan, binagüzarlıq bu gün səninlədir. Gərək sən girəsən şəhərin içinə.

Sadıq xan. Baş üstə, qibleyi-aləm!

Ağa Məhəmməd şah Qacar. Ələ keçən əsirlərin hamısını itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Dayanma, Sadıq xan, get. (Sadıq xan gedir.) Qoy İrakli və cəmi Gürcüstan İranın qüdrətini görsünlər. Gərək İraklini bir halətə salam ki, gəlib mənim ayağıma sürünə. Gərək Gürcüstana bir divan tutam ki, onun ancaq bir adı dünyada qalsın. (Məclisi alov işığı tutur.) Gərək nağıllarda danışılsın ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş. (Şeypur səsi gəlir.) Nə şeypurdur?

Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir.

Ağa Məhəmməd şah Qacar. Qoşuna xəbər elə, elçiyə yol versin. (Sərkərdə gedir.) Yəqin, İrakli öz mənfəətini anlayıb, təbəiyyət etmək istəyir. Çox aqilanə iş görür. Həm öz canını qurtarır, həm camaatın canını.

Tavad Keyxosrov Aveliani (elçi sifətində daxil olub, kağızı verir). Gürcüstan padşahı II İrakli tərəfindən xidmətinizə məktubdur.

Ağa Məhəmməd şah Qacar (oxuyur). Əgər sən özünü şah və cəmi İranın hökmranı hesab edirsən, nə üçün mənim paytaxtımı dağıdırsan və rəiyyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fəthdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən gəl mənim bu təklifimi qəbul et! Davanı dayandır. Əsirləri azad et. Sonra mən hazıram səninlə ittifaqnamə bağlamağa. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həmməzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (Elçiyə.) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yetirərsən. Əgər qəbul etsə, biz söz veririk, əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə ittifaqnamə bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin verilməsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin.

Gürcüstan elçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah namusuna və səltənətinə toxunan heç bir təklifi qəbul etməyəcək.

Ağa Məhəmməd şah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (Elçi gedir) Elçini salamat ötürün, getsin. (İşıq artıb məclisi tutur.) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi, gözəl Tiflis! Yanginən, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yanginən, ta afitabi-aləməfruz73 və cahangərd dastanını dünyanın hər qitəsinə yetirsin! Yanginən, ta buludlar səyyahları humaylar tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaztək parıldayan Qaf dağı! Bu yanan sənin ürəyindir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərb-dəsti Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin!

Dördüncü məclis

Ağa Məhəmməd şah Qacar

Hacı İbrahim xan – vəzir

Şahrux Rzaqulu Mirzə – Nadir şahın oğlu

Sərdar Mustafaxan – irəvanlı

Cavadxan – gəncəli

Üç nəfər əlahiddə sərkərdə, qoşun əhli və fərraşlar

Əvvəlinci məclis

Muğan səhrasında Ağa Məhəmməd şah Qacarın çadırları. Cavad xan, Mustafa xan, Sadıq xan, Hüseyn xan.

Cavad xan. Şahın fikri, görəsən, haradır? Qarabağdır, ya Xorasan?

Mustafa xan. Qarabağla hələ şahın işi olmayacaq. Şuşa şəhərinin hasarı çox möhkəmdir. Şəhər özü bir uca dağın üstündə düşüb. Ancaq bir tərəfdən üstünə yerimək mümkündür. Bu növ qələni almaq üçün atlı qoşun yaramaz. Piyada qoşun və güclü top lazımdır. Amma şahın qoşununun, demək olar ki, hamısı atlıdır. Bu qoşunla Şuşa qələsini almaq mümkün deyil. Necə ki, mümkün olmadı. Şahın Qarabağ barəsində olan tədbiri çox gözəl tədbirdir. Ətrafda qoyulan qoşun Qarabağın kəndlərini dağıdar və çünki şəhərin zindəganlığı bağlıdır kəndlərə, şəhər əhli acından təngə gəlib, labüddən təslim olacaq.

Cavad xan. Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin, indi Gəncə, İrəvan xanlıqları da Gürcüstantək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyyətim dağılmadı və həm Gürcüstandan gələn 30000 əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satıb qurtara bilməmişəm.

Mustafa xan. Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüstandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdılar. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə bilirdim ki, şahın tədbiri hamısına faiq74 gələcək. Onun qoşunundan artıq tədbiri iş gördü.

Sadıq xan. Şahın iltifatından mən də şaki75 ola bilmərəm. Mənə da az əsir bağışlamayıb. Əlavə necə ki, görürsünüz, cəmi atlı qoşuna sərkərdə mən Sadıq xanam!

Hüseyn xan. Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadıma düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadıq xanı göndərdi Metsxetə, şəhərə yetişib necə lazım idi, kar gördük. Axırda yetişdik bir deyrə76, rahiblər qaçmışdılar, deyr boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim, bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivana bir adam çıxartdım. Adam divarın üstündən güclü pul və cəvahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxduqlarından nərdivanı da divara söykəli qoyub qaçıblar.

Sadıq xan. Metsxet ki, dağıldı və biz də ki qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadıma düşəndə ürəyim qana dönür.

Hüseyn xan. Nə faciə? Nağıl elə görək.

Sadıq xan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafı xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm, bir qoca kişi yapıncı altında yatıb və yanında da qoca bir erməni əyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki: “Burada nə qayırırsınız və bu yapıncı altında yatan kimdir?” Erməni bir dərin ah çəkib cavab verdi ki: “Bu şəxs bir böyük vücud idi. 40 il bunun adı cəmi məşriqzəmində77 ehtiramla çəkilib. Ömrünün axırında buna bədbəxtlik üz verdi. Mülkünü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Bu yapıncının altında yatan Gürcüstan padşahı II İraklidir”. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm.

Mustafa xan. Bəs niyə əsir eləmədin?

Sadıq xan. Məgər insafdır, bir evi yıxılmış, məmləkəti dağılmış, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən, şah gəlir. (Gedir.)

Mustafa xan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək.

Hüseyn xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da, ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır, yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sifət deyil.

Gedirlər.

Ağa Məhəmməd şah Qacar (Vəziri Hacı İbrahim xanla daxil olur). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim hakimi öldürüblər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər.

Hacı İbrahim xan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub.

Ağa Məhəmməd şah Qacar. Mən ki o hakimi zülmünə görə əzl78 eləmişdim.

H a c ı İ b r a h i m x a n. Bəli, qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə gətirib. Odur ki, hakimi öldürüblər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqe edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbari-aliyə gəlib.

Ağa Məhəmməd şah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı?

Hacı İbrahim xan. Bəli, qurban.

Ağa Məhəmməd şah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm, o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, İrəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlartək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb?