реклама
Бургер менюБургер меню

Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 4)

18

Hacı İbrahim xan – vəzir

Mirzə Cəfər xan – eşik ağası

Əli xan Əfşar

Üç nəfər sərkərdə, qulam və fərraşlar

Əvvəlinci məclis

Tehran. Ağa Məhəmməd şah Qacarın evi. Şah təxt üstündə əyləşib, yanında vəzir Hacı İbrahim xan.

Ağa Məhəmməd şah Qacar. Şükür olsun Allahın calalına ki, Farsistana qalib olduq. Mən bunu yəqin etmişdim ki, Əlimurad xanın oğlu Cəfər xan Qacar qoşunun qabağında davam edib İsfəhanda otura bilməyəcək. Belə də oldu və şükür olsun Allaha ki, İsfəhan torpağına davasız malik olduq. Bunu da bilginən, Hacı İbrahim xan, mən dəxi Mazandarana qayıtmayacağam. Mənim fikrim Tehranın qələsini möhkəmləşdirib, Tehranıhəmişəlik İsfəhan əvəzinə İrana paytaxt etməkdir. Tehranın köçəri türk tayfalarının yaxınlığında olmağı çox şərtdir. Mən bilirəm ki, buranın paytaxt olmağı həmişəlik farsla türk arasında ədavətə bais olacaq. Amma bu ədavət ancaq ürəkdə qalıb, nəticə verməyəcək, çünki mən farsları da, türkləri də lazımınca tanımışam.

Hacı İbrahim xan. Qibleyi-aləm, belə deyirlər ki, Cəfər xan hərçənd İsfəhandan qaçıb, amma başına qoşun cəm etməyə məşğuldur.

Ağa Məhəmməd şah Qacar. Fikir etmə, Hacı İbrahim xan, bunlar hamısı xəyali-xamdır. Fars firqələrinin sərkərdələri heç vədə Cəfər xanın bayrağının altına gəlməzlər, ta ondan bir kəramət görməyələr. Onlar hər biri bir iddiaya düşüb gözləyəcəklər ki, qacarlarla zəndilərin arasına bir qilü-qal düşsün. Ta ortalığa girib məramlarına çatsınlar. Amma Əli xan Əfşar ki, böyük qoşunla gəlib Tehran ətrafında düşüb və padşahlıq arzusundadır, onunla dava çətin olacaq. (Mirzə Cəfər xan daxil olur.) Mirzə! Nə xəbərlə gəldin?

Mirzə Cəfər xan. Qibleyi-aləm, budur, sübhdən indiyədək göftgudur40. Söhbət axır bu yerə yetdi ki, Əli xan Əfşar bizim hər bir təklifimizi mən etdi: – Bizim aramızda kəskin qılıncdan və iti nizədən başqa vasitə ola bilməz, – deyib öz qoşununa tərəf müraciət etdi.

Ağa Məhəmməd şah Qacar. Qoşunlar ki rubəru durublar?

Mirzə Cəfər xan. Bəli, qurban. Qacar qoşunu bir işarəyə məəttəldir ki, cəmi Əli xanın qoşununu bir türfətüleyndə41 nabud42 eləsin. Əli xan özündən çox müştəbehdir və onun qürurla danışıb getməyi sərkərdələri və ələlxüsus Əliqulu xanı halətdən çıxardıb. Hamısının hirsdən gözləri qızarıb. Təzə kəməndə keçmiş xam ərəb atıtək özlərini yeyirlər. Qibleyi-aləm, mən qoca Mirzə Cəfərin qeyrəti qəbul etmir ki, səntək qəvi padşahın müqabilində Əli xan Əfşartək adam cürət edib söz danışsın. Qibleyi-aləm! İzin ver qoşuna, qabaqca qılınc vuran mən qoca olaram. Ax, haradan alım Cəfərqulu xanı!

Ağa Məhəmməd şah Qacar. Səbir et, Mirzə Cəfər xan. Sən tədbirli kişisən, belə danışıq sənə şayistə43 deyil. Hər bir düşmənin müqabilinə qoşunla getsən, axırda qoşunsuz qalarsan. Dava var, qılıncla qurtarar, dava var, dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır. Mən Əli xanla dava etməyəcəyəm. Gəl əyləş, kağız, qələm götür, mən nə desəm, yaz. (Mirzə Cəfər xan əyləşib, kağız və qələm götürür.) Yaz: Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Əfşarın qəyur sərkərdələri ilə qoşunlarına! Əfşar qoşununun Qacar üstünə gəlməyini fikir etdikcə mənim ürəyim qana dönür. Mənim səltənətimdən, calalımdan, şövkətimdən artıq İranın xoşbəxtliyidir. Amma iki türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tənəzzülünə səbəb olar və onun düşmənini ayaqlandırar. Mən heç mane deyiləm ki, Əfşar tayfası öz sərkərdələrinin təht-rəyasətində44 rahat dolanıb, özlərindən mənfəətbərdar olalar. Ancaq ürəkdən əfşarlarla qacarların birləşib ümumi düşmənin dəfinə çalışmaqlarını arzu edirəm. Qurtardın? Ver buraya. (Qol çəkir.) Bu kağızı götürüb çaparsan qoşuna, verərsən Əliqulu xana, deyərsən, sərkərdələrindən bir neçəsini götürsün, getsin. Əli xanın qoşununun müqabilində durub oxusun. Ümidvaram ki, bu kağız nəticə verə. Dayanma!

Mirzə Cəfər xan gedir.

Hacı İbrahim xan. Qibleyi-aləm, bu, çox böyük təbdir idi ki, sizdən sadir45 oldu. Afərin belə tədbirə!

Ağa Məhəmməd şah Qacar. Dünyada iki adam məni həlakətdən46 qurtarıb, biri qardaşım Cəfərqulu xan və biri də bu Mirzə Cəfər. Mən Kərim xanın yanında olan vaxt onun qardaşı Hüseynəli xan xahiş etmişdi ki, Mazandaran əhlini Kərim xanın üzünə ağ elətsin. Kərim xan mənə qoşun verib qardaşının müqabilinə göndərmək istəyirdi. Amma Mirzə Cəfər mane oldu. Məni göndərmədilər. Sən belə güman etmə ki, Mirzə Cəfərin mənə məhəbbəti var idi. Xeyr, onu vadar edən öz ağasına olan kəsrəti-ixlası idi. Mirzə Cəfər yəqin eləmişdi, əgər mən Mazandarana gəlsəm, yəqin, Hüseynəli xanla birləşəcəyəm. Bunu da bil ki, əgər mən o vədə baş qovzasaydım, Kərim xanda o qədər zor var idi ki, məni az zamanda fövt47 edərdi. Odur ki, mən bu kişini əziz tuturam və özümə söz vermişəm ki, heç vədə Mirzə Cəfərin və onun xişü əqvamının üstündən nəzərimi kəsməyim.

Hacı İbrahim xan. Qibleyi-aləm, səbəb nə oldu ki, siz Cəfərqulu xantək pəhləvanın qəlbinə dəydiniz? Qəzəbiniz tutmasın, qibleyi-aləm ki, belə cəsarət edib soruşuram. Siz ki ona İsfəhan hökumətini vədə vermişdiniz, nə səbəbə Mazandarana göndərdiniz?

Ağa Məhəmməd şah Qacar. Məsləhət belə oldu.

Hacı İbrahim xan. Məgər İsfəhana ondan layiq hakim tapacaqsınız?

Ağa Məhəmməd şah Qacar. Ondan layiq tapılmaz, ancaq burada bir sirr var ki, aça bilmirəm.

Hacı İbrahim xan. Qibleyi-aləm, məgər mən sizin qəzəbinizə düçar olmuşam? Buyurun, belə olan surətdə cəllad mənim boynumu vursun. Mən dəxi zindəganlıq eləmək istəmirəm. İndiyədək mən şahın mübarək ağzından belə ləfz eşitməmişdim. Siz bilirsiniz ki, bu sirri daşa deyəsiniz, daş camaata danışa bilər, amma mən Hacı İbrahim daşdan möhkəməm. (Baş əyib çıxır.)

Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, deyəsən, incidi. Eybi yoxdur, könlünü alaram. Axır mən ona necə deyim ki, Cəfərqulu xandan qorxuram. Mən o vədə şəkkə düşdüm ki, Baba xanı vəliəhd təyin edəndə əvvəl beyət edən Cəfərqulu xan oldu. Mən, doğrudur, ona İsfəhan hökumətini vədə vermişdim. Amma mən necə bu vədəyə əməl edim? Mənim nə qədər qoşunum var, hamısı Cəfərqulu xanı atatək istəyir. Deyə bilərəm ki, qoşun onu məndən artıq istəyir. Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər. Necə ki mənim qolumdan tutub, təxti-səltənətdə əyləşdirdi, həmçinin qolumdan tutub, endirib özü əyləşə bilər. Mən necə ona İran padşahlarının paytaxtı olmuş İsfəhanın hökumətini verim? Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Nə hökumətə şüru eləyir, nə çağırıram, gəlir, nə yazdığım kağızlara cavab verir. Bu da məni daha artıq təşvişə salıb. Cəfərqulu mənə ərəbi beyət eləyib, ola bilər ki, mənim üzümə ağ olmasın, amma mənim varisimə rahatlıq verməyəcək. Bu mənim yəqinimdir. İndidən tədbir lazımdır: əlaci-vaqiə piş əz vüqu, bayəd kərd48. (Çağırır.) Qulam. (Qulam girir.) Hacı İbrahim xanı buraya çağır. (Qulam çıxır.) Hacı İbrahim xan tədbirli vəzirdir, lazımlı vəzirdir. (Hacı İbrahim xan daxil olur.) Hacı, deyəsən, məndən rəncidəxatir oldun?

Hacı İbrahim xan. Qibleyi-aləm, mən nəkarəyəm, sizdən rəncidəxatir olmağı xəyalımdan da keçirə biləm. Mən hələ o mərtəbədə özümdən müştəbeh olmamışam.

Ağa Məhəmməd şah Qacar. Sən çıxandan sonra mən fikir elədim. Həqiqət, mən Cəfərqulu xan haqqında zülm eləmişəm, onuntək qardaşın ürəyinə dəymək zəhi nainsaflıqdır. Mən indi öz əməlimdən peşman olub, qət etmişəm ki, Cəfərqulu xanı çağırıb, göndərim İsfəhana.

Hacı İbrahim xan. Qibleyi-aləm, bağışlayın, yenə cəsarət eləyirəm. Siz indiyədək Cəfərqulu xana neçə sifarişlər edibsiniz, neçə kağız yazıbsınız, heç birisinə cavab verməyib. Qorxuram indi də gəlməyə.

Ağa Məhəmməd şah Qacar. İndi mən onu ayrı yolla çağıraram. Mən bilirəm, Cəfərqulu xan anasının xatirini çox istəyir. Bu saat sən get Cəfərqulunun anasının yanına, deginən, şah ondan xahiş edir ki, özü zəhmət çəkib Mazandarana getsin. Əvvəl Cəfərqulu xana mənim dilimdən salam yetirsin və desin ki, mən öz əməlimdən peşman olub, onu İsfəhana hakim təyin etdim. Və mənim əziz qardaşımdan təvəqqe etsin ki, İsfəhandan qabaq Tehrana gəlsin, bir görüşək. Çünki könlüm onu çox istəyir və bir də İsfəhan barəsində bir para vacib məsələlərin müzakirəsi vacibdir.

Hacı İbrahim xan. Bu tədbir İranın dəxi də tərəqqisinə bais olacaq. Mürəxxəs olum. (Çıxır.)

Mirzə Cəfər xan (daxil olur). Qibleyi-aləm. Afərin tədbirə, necə ki qibleyi-aləm hökm etmişdi, Əliqulu xan sərkərdələrdən iki nəfəri və məni götürüb yeridi Əli xanın qoşununa tərəf. Qoşunun müqabilində durub kağızı uca sövtlə oxudu. Kağız qurtaran tək Əli xanın sərkərdələri və qoşunu səs-səsə verib dedilər ki: “Əliqulu xan, biz sənə tabeyik və nə qədər qəvi düşmən müqabilinə aparsan, baş və canla dalınca getməyə hazırıq. Amma qacarlarla biz dava etməyəcəyik”. Əli xanın qolu boşaldı. İndi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər.

Ağa Məhəmməd şah Qacar. Deyinən, buyursunlar.

Mirzə Cəfər xan çıxır. Əli xan Əfşar sərkərdələri ilə daxil olur.

Əli xan Əfşar. Qibleyi-aləm, kamali-ixlas və iradə ilə mən və mənim sərkərdələrim hüzurialidən əfv istəyirik. Biz böyük səhvdə imişik. Qibleyi-aləmin gözəl məktubunun məzmununu eşidəndən sonra səhvimizi anlayıb çox peşman olub gəlmişik. Mən, mənim ziri49-dəstimdə olan sərkərdələr və qoşun, hamımız beyət edirik şahənşahi-İran Ağa Məhəmməd şah Qacara.