реклама
Бургер менюБургер меню

Абдурагим-бек Ахвердов – Ac həriflər (страница 2)

18

Hamı gedirlər.

Ağa Məhəmməd xan (məbhut, pilləkəndən enib, axır pillədə əyləşir). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyüm vaqiə də deyir, gərək belə olsun… Mən kitablardan oxumuşam, cümlə maxələqallahdan13 qabaq yaranan lövh və qələmdir. Lövh üzrə cəmi məxluqatın sərgüzəşti yazılıb. Mən yəqin etmişəm, o lövhdə İranın nicatına bais nəsli-Qacar yazılıb. (Durur ayağa.) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü14 artırıb, ona düşmən elədi. İstədilər, onun tək oğlu Məhəmmədhüseyn xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığıb başladı öz qohum-əqrəbası ilə dava eləməyə. Bu vaxt bir bəlayi-nagəhan15 parlaq şöleyi-aləmsuztək16 Əfşar arasında asimana bülənd olub, İranın üstündən adladı. Amma necə ki qalxmışdı, o növ də enib söndü. Bu şölə Qacar nəslinin bir-birilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir qacarlara kömək durub, mənim atamı məğlub elədi və mən də ki qardaşımla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdük. Bunun hamısı sirri-rəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə xudavəndi-aləmdən istiğasə17 edərdim, məni bir mərtəbəyə çatdırsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər xudavəndi-aləm kömək elər, onların sümüklərindən qisas alaram.

Cəfərqulu xan (daxil olur). Qardaş, yenə nə fikrə gedibsən?

Ağa Məhəmməd xan. Cəfərqulu, sənsən? Yaxına gəl… Nə eləyim, qardaş? Dərd çoxdur, yük ağır. Tədbirsiz, fikirsiz iş olmaz.

Cəfərqulu xan. Sən həmişə deyirsən ki, İranın nicatına gərək nəsli-Qacar olsun. Amma…

Ağa Məhəmməd xan. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüm vaqiə də buna sübutdur. Gördüm, bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çəkən tək cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır.

Cəfərqulu xan. İnşallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib.

Ağa Məhəmməd xan. Nə xəbər?

Cəfərqulu xan. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yığıb bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğrudan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, azıq.

Ağa Məhəmməd xan. Eybi yoxdur, Allah bizə köməkdir. Qüvvət çoxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get, Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülkü olmaqdan məsləhətdir. (Cəfərqulu xan gedir.) İşin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugərdan18 oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlaradək qırdırsam, yenə ürəyim soyumaz.

Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr daxil olurlar.

Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaşlarım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yığıb, istəyirlər, mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsınız, açıq deyin, mən də öz təklifimi bilim.

Cəfərqulu xan (yeriyir qabağa). Qardaş, mən balaca vaxtımdan səninlə bir yerdə qəm yoldaşı olmuşam. Bizim ikimizi qəm yükünə cüt qoşub, boyunduruğun hər başını birimizin boynuna qoyublar. Atamızın qoşunu tərk olub balü19 pəri qırılandan sonra bir yerdə Ədil şaha əsir olmuşuq. İndi də bu canı qoymuşam sənin yolunda. Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazıram. Əgər cümlə qoşunum qırıla, ölüncə sənin yolunda tək dava eləyəcəyəm.

Ağa Məhəmməd xan. Mərhəba, qardaşım! Gəl, alnından öpüm. Allah səni məndən ayırmasın. (Cəfərqulu xanın alnından öpür.)

Mustafa xan. Qardaş, doğrudur, Cəfərqulu hər barədə sənə məndən artıq ixlas göstərib. Bainhəmə20 mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə qurban demişik. Ümidini Allaha bağla, inşallah, fəth bizlə olar.

Əliqulu xan. Qardaş, məni Allah təqrir21 tərəfdən məhrum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixlasımı və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarmıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən.

Sərkərdələrdən biri (qabağa yeriyib). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbiləsinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölənədək hazırıq.

Ağa Məhəmməd xan. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarımın canına, mən öz şəxsi qərəzim üçün çalışmıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-parça olub, hər şəhərdə bir padşah əmələ gəlib. Gürcüstan valisi İrakli bir yandan Rusiya dövləti ilə irsal-mərsulə22 girib, istəyir, müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrandan ayrılmaq istəyir. Cavad xan gəncəli, Mustafa xan irəvanlı həmçinin. Məgər bunu Allah götürər? Görün boynuma nə ağır yük götürmüşəm.

Sərkərdə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramına çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər.

Ağa Məhəmməd xan. İndi bir neçə kəlmə söz deməliyəm. Qulaq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəyimdən xəbərdar olsun.

Sərkərdələr. Buyurun, xan.

Ağa Məhəmməd xan. Budur, ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağa Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə indiyədək ədavətim vardı, o ədavəti burada ürəyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşmənçilik etməyəcəyəm, ta düşmənçilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan çıxardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədna23 gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarıma və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naləsi, dul qalmış övrətlərin bəd duası kimin üstünə töküləcək və Qacar nəsli dostu ilə düşmənini tanısın.

Sərkərdə. Belə qəlbin sahibinin qabağında ölmək bir ləzzətdir.

Cəfərqulu xan. Qardaş, sənin bu sözlərin mənim ümidimi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımızın və qoşunlarının qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bizə tərəf dönəcək.

Mustafa xan. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq.

Ağa Məhəmməd xan. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə.

İkinci məclis

Mürtəzaqulu xan Qacarın çadırları. Pərdə qalxanda top-tüfəng səsi gəlir.

Mürtəzaqulu xan (uca yerdən baxır). Afərin, Qacar igidləri! Hər biri bir şir-jiyantək24 dava edirlər. Axır mənim də bəxtimin çırağı yanacaq. Dörd ildir, bu insana oxşamayan xacə cahanı mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitaətdən25 düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə Ağa Məhəmməd mənim müqabilimdə indiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salaydı, öz mənfəətini anlayıb Ağa Məhəmməddən əl çəkəydi. (Gurultu artır.) Vuruşun, qoçaqlarım! Vuruşun, şirlərim! Vuruşun, pələnglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüzü dünya malından qəni edərəm. Amma əgər Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın… Budur, bir atlı sürətlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə… Atlının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər… İnşallah, xeyirdir, inşallah, xeyirdir. (Enir aşağı.)

Qasid (daxil olur). Xan sağ olsun, müjdəmi ver!

Mürtəzaqulu xan. Tez ol, de görüm, nə xəbər gətiribsən?

Qasid. Xan, qurbanın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!..

Mürtəzaqulu xan. Nə olub? Ağa Məhəmməd xanı öldürüblər, nədir, de görüm?

Qasid. Yox… Öldürməyiblər…

Mürtəzaqulu xan. Öldürməyiblər, bəs nə olub, niyə müjdə istəyirsən?