реклама
Бургер менюБургер меню

Жюль Верн – Sirli ada (страница 2)

18

– Bu da bizim evimiz! – o dedi. – İndi odun axtarmağa gedək.

Herbertlə Penkrof buxarıdan çıxaraq üzüyuxarı getdilər. Bir az sonra gözəl bir meşəyə çatdılar. Buradan xeyli odun yığdılar. Onları çayla aparmaq üçün fırtınanın yıxdığı bir neçə ağacı quru sarmaşıqla yan-yana bağlamaqla düzəltdikləri salın üstünə yığdılar. Sonra onlar qranit divara çıxıb onun təpəsindən qəzanın baş verdiyi yerə – Sayres Smitin yoxa çıxdığı həmin yerə baxdılar. Suyun üzərində qəzadan heç bir əlamət qalmamışdı.

Geri qayıdarkən onlar çöl göyərçinlərinin yuvalarını gördülər və onların yumurtalarını toplayıb cib dəsmalının arasına yığdılar.

Penkrof quru sarmaşıqlardan ip düzəldərək ucunu salın arxa tərəfinə bağladı və onu suya itələdi. Penkrof salı iplə saxlayır, Herbert isə onu uzun bir ağacla axının ortasına itələyirdi.

Odunla yüklənmiş sal çayla üzüaşağı üzürdü.

Təxminən iki saatdan sonra Penkrofla Herbert buxarının yanına çatdılar. Salı boşaltdıqdan sonra Penkrof buxarının dəliklərini qapadı və oranı üç-dörd otağa böldü. Yaxşı yer tapana qədər burada qalmaq olardı. İndi yalnız ocaq qalayıb yemək hazırlamaq qalırdı. Səyyahlar enli yastı daşlardan ocaq yeri hazırladılar. Dənizçi ocağa bir neçə quru budaq atdı və ciblərini eşələdi. Lakin kibrit qutusunu tapmadı. O, çaşqınlıq içində Herbertə dedi:

– İşə bax, kibrit qutusunu itirmişəm. Səndə kibrit, ya da çaxmaq daşı yoxdur?

– Xeyr, Penkrof. Yəqin ki, Nabın, Smitin, ya da Gedeon Spiletin kibriti olar.

– İnanmıram. Nab və mister Smit papiros çəkmirlər. Spilet isə, yəqin ki, öz qeyd dəftərlərini saxlayıb, amma kibrit qutusunu şarda olan vaxt atıb.

Nab və jurnalist qayıdana qədər çiy yumurta və balıqqulağı ilə kifayətlənməkdən başqa çarə yox idi. Axşam saat altıya yaxın Herbert Gedeon Spiletlə Nabı gördü.

Onlar tək qayıdırdılar. Taqətdən düşmüş jurnalist dinməz-söyləməz qaya parçasının üstündə oturdu. Nab hələ də ağlayırdı. Herbert onlara balıqqulağı verdi. Nab yeməkdən imtina etdi. Spilet isə balıqqulağıları acgözlüklə yeyib qumun üzərinə uzandı.

– Biz sığınacaq tapmışıq, orada dincələ bilərsiniz. Gedək, – Herbert ona yaxınlaşıb dedi.

O, Herbertin ardınca buxarıya gedəndə Penkrof onu saxlayıb:

– Sizdə kibrit varmı, mister Spilet? – deyə soruşdu.

Jurnalist ciblərini axtarsa da, heç nə tapmadı.

Qəzaya uğrayanlar bir-birinə qəmli-qəmli baxıb susurdular. Sükutu birinci olaraq Herbert pozdu:

– Mister Spilet, ciblərinizi bir də axtarın. Bizə yalnız bircə dənə kibrit lazımdır.

Jurnalist yenə bütün ciblərini axtardı və birdən jiletinin astarı altına düşmüş bir kibrit çöpü tapdı.

– Bir kibrit çöpü! – deyə Penkrof sevincindən qışqırdı. – Bu bizim üçün bir araba kibritə bərabərdir.

O, kibritin quru olduğuna əmin olduqdan sonra:

– Bir parça kağız lazımdır, – dedi.

Gedeon Spilet qeyd dəftərindən bir vərəq cırdı.

Penkrof vərəqi boru şəklində bükərək odunların altına yığılmış yosun və quru yarpaq yığınının arasına saldı. Sonra üzü kələ-kötür bir daş götürüb kibriti ona çəkdi. Kibrit yanmadı. O, kibriti Herbertə verdi:

– Yox, bacarmıram… Əllərim titrəyir.

Çox həyəcanlı olsa da, Herbert tonqalı yandıra bildi. Penkrof axşam yeməyi hazırlamağa başladı. Yumurtalar bir neçə dəqiqəyə bişdi və qəzaya uğrayanlar yeni yurdlarında ilk dəfə şam etdilər. Yeməkdən sonra Herbert uzanıb yatdı, jurnalist günün hadisələrini öz qeyd dəftərinə yazmağa başladı, lakin çox yorğun olduğundan o da tezliklə yatdı. Dənizçi bütün gecəni tonqala odun atmaqla, Nab isə sahildə gəzib ağasını çağırmaqla keçirdi.

Martın 25-i belə keçdi.

Dördüncü fəsil

Qəzaya uğrayanların əyinlərindəki paltardan başqa heç bir şeyləri yox idi.

Sayres Smit yanlarında olsaydı, onun ağlı və biliyi yoldaşlarının köməyinə çatardı. Lakin qəzaya uğrayanlar indi yalnız özlərinə güvənə bilərdilər. Buxarı müvəqqəti sığınacaq üçün kifayət qədər münasib idi. Ocaq qalaya bilmişdilər. Yaxınlıqdan şirin sulu çay da axırdı. Ona görə də burada bir neçə gün qalıb adanı araşdırmaq qərarına gəldilər.

Bu plan hamıdan çox Nabın xoşuna gəldi. O, ağasının öldüyünə inanmadığı üçün qəzanın baş verdiyi yeri tərk etmək istəmirdi.

26 martda səhər yeməyindən sonra Herbertlə Penkrof ova yollandılar. Penkrof meşədə iki budaq sındırıb dəyənək düzəltdi. Herbert bu dəyənəklərin ucunu qaya daşlarına sürtüb itilədi. Nə qədər axtarsalar da, yeməli meyvəsi olan ağac tapa bilmədilər. Birdən qarşı-larından bir dəstə xırda quş uçdu.

– Bunları yemək olar? – Penkrof oğlandan soruşdu.

– Bu quşların əti çox dadlı olur, – Herbert dedi.

Onlar ağaca oğrun-oğrun yaxınlaşdılar. Ağacın aşağı budaqları quşla dolu idi. Dəyənəklər işə salındı. Bir yığın quş qırılıb yerə töküldü. Ovçular onları çubuğa düzüb yollarına davam etdilər.

Onlar ov etməyə davam edərək daha bir neçə quş tutmağa müvəffəq oldular. Saat altıya yaxın ovçular Buxarıya döndülər və hərəkətsiz vəziyyətdə dayanıb okeana baxan Gedeon Spiletlə qarşılaşdılar. Lakin jurnalist o qədər fikirli idi ki, Penkrofla Herbertin yaxınlaşdığını hiss etmədi. Penkrof sakitcə dedi:

– Məncə, gecə fırtına olacaq, mister Spilet.

Spiletin isə verdiyi sual onun öz aləmində olduğundan xəbər verirdi:

– Necə düşünürsünüz, mühəndis həlak olub?

– Məncə, hə, –deyib Penkrof buxarıya girdi və yemək hazırlamağa başladı. O, quşlardan ikisinin tüklərini yoldu. Az sonra çubuğa keçirilmiş quş yaxşıca qızardılmışdı.

Axşam düşsə də, Nab hələ geri dönməmişdi. Penkrof ondan nigaran idi. Herbert isə fikirləşirdi ki, Nab hələ qayıtmayıbsa, deməli, yeni bir ümid yeri çıxıb. O, Nabı qarşılamağa getmək istəsə də, Penkrof ona bunun əbəs olduğunu başa saldı. Herbertin yanaqlarından iki damla yaş yuvarlandı.

Saat səkkizə yaxın şiddətli bir qasırğa qopdu. Nab hələ də gəlməmişdi. Şam yeməyindən sonra hamı yatdı. Yalnız Gedeon Spilet yata bilmirdi. O, Nabla getmədiyinə görə özünü danlayırdı.

Gecə saat ikiyə yaxın Penkrof kiminsə onu silkələdiyini hiss edib oyandı və:

– Nə olub? – deyə qışqırdı.

– Qulaq as, Penkrof, – onun başı üstündə durmuş jurnalist pıçıldadı.

Dənizçi qulaqlarını şəkləsə də, heç bir səs eşitmədi.

– Küləkdir, – deyə mızıldadı.

– Mənə elə gəldi ki… it hürür. Eşidirsiniz?

– Hə… hə…

– Bu, Topun səsidir, – yuxudan ayılan Herbert qışqırdı.

Onların hər üçü Buxarının girəcəyinə atıldı.

Bayıra çıxmaq çox çətin idi. Göz-gözü görmürdü. Şiddətli külək onlara irəliləməyə imkan vermirdi. Üç yoldaş bir neçə dəqiqəlik yerlərində donub qaldı. Birdən yenə it səsi eşidildi.

Dənizçi içəriyə qaçıb əlində kösövlə geri qayıtdı, onu başı üzərinə qaldırıb fit çaldı. Çox çəkmədən bir it qaçaraq mağaraya girdi. Bu, doğrudan da, Top idi.

– İt tapılıbsa, yiyəsi də tapılar, – jurnalist dedi. – Top bizi onun yanına aparar.

Topa etibar etmək qərarına gəlmiş üç nəfər şiddətli qasırğaya baxmayaraq, səhər saat dördə qədər yol getdi. Onlar iliklərinə qədər islansalar da, şikayətlənmirdilər.

İt sahildən uzaqlaşıb qum təpələrinə tərəf yönəlirdi. Adamlar da onun ardınca gedirdilər. Top bir mağaranın ağzında durub hürdü. Penkrof, Spilet və Herbert mağaraya girdilər.

Burada Nab yerə uzadılmış bir cəsədin önündə diz çökmüşdü. Bu, mühəndis Sayres Smit idi.

Beşinci fəsil

Ağasını ölmüş hesab edən Nab tərpənmirdi. Jurnalist dizlərini yerə qoyub qulağını Smitin sinəsinə dayadı və sevinc içində mühəndisin sağ olduğunu bildirdi.

Smitin sağ olduğunu biləndə yoldaşlarının sevincinin həddi-hüdudu yox idi.

Herbert mağaranın yaxınlığında qumun arasından çıxan şəffaf sudan gətirdi. Bir neçə damla su dərhal öz gücünü göstərdi. Sayres Smit dərin bir nəfəs aldı. Gedeon Spilet onu ovxalamağı təklif etdi. Penkrof cəld yun köynəyini çıxarıb Smiti ovxalamağa başladı. Masaj nəticəsində qızınan Smit əlini azca tərpətdi.

Smitin necə tapılması barədə yoldaşlarının verdiyi suallara Nab belə cavab verdi:

– Uzun və nəticəsiz axtarışlardan sonra ümidimi tamam itirmişdim ki, saat beşə yaxın qumun üzərində ayaq izləri gördüm. İzlər qum təpələrinə doğru gedirdi. Ehtiyatla irəliləyib izləri pozmamağa çalışdım. Beş dəqiqədən sonra Topun səsini eşitdim. Məni buraya gətirən də o oldu.

Mühəndisi özünə gətirmək cəhdləri boşa çıxanda Nab öz yoldaşlarını xatırlamış, onların da mühəndisi son kərə görmək istəyəcəklərini düşündüyü üçün Topu yoldaşlarını gətirməyə göndərmişdi.

Huşsuz vəziyyətdə olan mühəndis tez-tez “Adadır, yoxsa qitə?” sualını verərək sayıqlayırdı.

Jurnalistin məsləhəti ilə Penkrofla yoldaşları mühəndisi buxarıya aparmaqdan ötrü ağac budaqlarından xərək düzəltdilər. Bu iş qırx dəqiqə vaxt apardı. Dənizçi, Herbert və Nab mühəndisin olduğu yerə qayıtdıqda artıq səhər saat on idi. Sayres Smit yenicə özünə gəlmişdi. O, başını qaldırıb yoldaşlarından harada olduqları barədə danışmalarını xahiş etdi.