18+
реклама
18+
Бургер менюБургер меню

Yanuş Korçak – Uşağı necə sevməli (страница 4)

18

Körpə lap doğuşdan ağlayır: qadının bildiyi başqa heç nə yoxdur. Onun nəzərində uşaq elə hey ağlayır. Ağlama qəfilmi başlayıb, kulminasiyaya çatır, yoxsa şikayətli inləmə ağlayışa tədricən keçir? Mədə işə düşəndən, ya da işədikdən, yaxud qusmadan, öyümədən dərhal sonra, tezmi sakitləşir, ya ləyəndə geyindirilərkən, ələ götürülərkən birdən qışqırır? Kəskin keçidlərsiz, uzun ağlayışı şikayətə oxşayırmı? Ağlayarkən hansı hərəkətləri edir? Başını balınca sürtürmü, dodaqları ilə əmmə hərəkətləri edirmi? Onu gəzdirərkən, çevirərkən, qarnı üstə qoyarkən sakitləşirmi, vəziyyəti tez-tezmi dəyişdirilirmi? Ağladıqdan sonra möhkəm və uzun müddətmi yatır, yoxsa azca səsdən oyanır? Yeməkdən əvvəl ya sonra ağlayır, nə vaxt daha çox ağlayır: səhərdən, axşam, yoxsa gecə? Yedirilmə zamanı sakitləşirmi, uzun müddətəmi? Döşdən imtina edirmi? Necə imtina edir: məməni dodaqlarına alan kimimi buraxır, yoxsa udma öncəsi, birdən, yoxsa hansısa vaxtdan sonra? Qəti şəkildə imtina edir, ya, hər halda, yola gətirmək olar? Necə əmir? Niyə əmmir?

Soyuqlayanda necə əməcək? Tez və qüvvətlə, çünki içmək istəyir, sonra tez və səthi, müntəzəm olmamaqla, fasilələrlə, çünki nəfəsi çatmır? Udma zamanı ağrını da əlavə elə, onda nə olacaq?

Körpə yalnız aclıqdan, yaxud “qarnı ağrıdığına görə” ağlamır, həm də ona görə ki, dodaqları, diş ətləri, dili, boğazı, burnu, barmaqları, qulağı, sümükləri, imalə zamanı cızılmış arxa keçid dəliyi ağrıyır, sidiyə gedərkən ağrıdan, ürəkbulanmadan, susuzluqdan, qızışmadan, hələ üstündə səpki olmayan, amma bir neçə ay sonra olacaq dərinin gicişməsindən ağlayır, sərt şəriddən, bələyin qırışından, udlağına ilişmiş xırda pambıq yığınından, bülbül qəfəsindən düşmüş tum qabığından dolayı ağlayır.

Həkimi on dəqiqəliyinə çağır, özün isə iyirmi saat müşahidə elə!

17

Hazır formullar verən kitab baxışı kütləşdirir, fikrin işləməsini yadırğadır.

Bəziləri özgə təcrübəsi, fikri, ağlı ilə yaşayaraq, özlərinə inamı o qədər itirirlər ki, özləri fikirləşmək istəmirlər. Elə bil, çap vərəqinin məzmunu elə mənim deyil, həmin başqasının, bu gün, indi deyil, nə vaxtınınsa, öz körpəm üzərində deyil, kiminsə üzərindəki müşahidənin nəticəsi yox, kəşfdir.

Məktəb bilgisizliyi faş etmək qorxusu, könülsüzlük tərbiyə edib.

Ana tez-tez həkimə vermək istədiyi sualları vərəqə yazaraq, onları ona oxumağa qərar verə bilmir. Nadir hallarda bu vərəqi ona uzadır – “orda bəzi sayıqlamalarımı qaralamışam”. Tez-tez öz bilgisizliyini maskalamaqla, həkimi də inamsızlığını və tərəddüdlərini gizlətməyə məcbur edir – xeyr, qoy o yubanmadan öz fikrini desin. Qadın ümumiləşdirmə və alternativləri necə də həvəssiz qəbul edir. Həkimin beşik üzərində səsli fikirləşməsini necə də sevmir. Peyğəmbər olmağa məcbur olan həkim necə də tez-tez şarlatana çevrilir.

Həmişə valideynlər bildiklərini bilmək, gördüklərini etiraf etmək istəmirlər.

Varlanmanı fetişləşdirən cəmiyyətdə doğum o qədər nadir və fövqəladə hadisədir ki, ana bütün qətiyyətliliyi ilə təbiətdən səxavətli mükafat tələb edir. Əgər o, məsrəflərə, xoşagəlməzliklərə, hamiləliyin usandırmalarına gedibsə, doğuş əzablarına qərar veribsə, körpə yalnız onun arzu etdiyi kimi olmalıdır.

Yaxud, daha pisi: pula hər şeyi almağın mümkün olduğuna öyrəşərək, kasıbın ala bildiyi və varlının yalvar-yaxarla əldə edə bilmədiyi bir şeyin mövcud olması fikrilə barışmaq istəmir.

Valideynlər tez-tez bazarda “sağlamlıq” etiketi altında gedən nəsnənin axtarışında ikən ya kömək etməyən, ya da ziyan vuran əvəzediciləri alırlar.

18

Körpənin evlilik ittifaqına tanrıın xeyir-dua verməsilə, yaxud qızın ismətini itirməsilə doğulmasından; ananın: “Qızılım mənim!” –pıçıldamasından, yoxsa: ”Mən bədbəxt indi başıma haranın daşını salım?” – deyə ah çəkməsindən; yoxsa kənd qızının ardınca: “Gəzəyən!” –deyə söz atmalarından asılı olmayaraq, yeni doğulan uşağa ana döşü lazımdır.

Əgər fahişəlikdə qadın kişiyə xidmət göstərən alətdirsə, analıq institutunda o özünə sosial kamillik qazanır.

Hətta varlı adamların rifahı naminə olmasa belə, mülkiyyətsiz valideynlərin körpəsi üzərində həyata keçirilən qanuniləşdirilmiş qanlı cinayəti tam dərk etmənin zamanı gəlmişdir. Axı dayə iki nəfəri – özünkünü və özgəsini sərbəst bəsləyə bilər. Süd vəzisi ondan tələb olunan qədər süd verir. Süd məhz körpə az əməndə quruyur. Fəaliyyətdə olan qanunauyğunluqdur: böyük döş, balaca körpə, südün itməsi.

Qəribə işdir, daha az ciddi olan hallarda bir çox həkimin məsləhətlərinə qulaq asmağa hazırıq, ancaq ana yedirə bilərmi kimi vacib məsələni həll edərkən yaxınlarımızdan kiminsə bəzən təmiz qəlblə verilməmiş yeganə məsləhətilə kifayətlənirik.

Hər bir ana yedirə bilər. Hər birinin kifayət qədər südü var. Yalnız yedirmə texnikasını bilməmə ananı təbii qabiliyyətindən məhrum edir.

Döşlərdəki ağrılar, məmələrin iltihabı məlum maneə təşkil edir, amma o maneə ananın çəkmiş olduğu əsas əziyyətin, hamiləliyin dərk edilməsilə dəf edilir. Axı əmizdirmə hamiləliyin təbii davamıdır, “təkcə bir fərqi var, körpə ana bətnindən xaricə çıxıb, cifti deşib, döşdən yapışıb və indi qırmızı əvəzinə ağ qan içir”.

Qan içir? Bəli, ananın qanını, təbiətin qanunu belədir.

Bu, ana döşünə olan hüququ uğrunda körpənin nə vaxtsa canlı olmuş mübarizəsinin əks-sədasıdır. Bizim zamanımızda isə mənzil məsələsi birinci növbəli məsələ olub. Sabah nə olacaq? Beləcə, müəllif maraqlarının fokuslanması içində olduğumuz zamandan asılıdır.

19. NƏ OLAR, MƏNIM DƏ ANALAR ÜÇÜN GIGIYENIK MISIR YUXUYOZMA KITABI YAZMAĞIM MÜMKÜN OLA BILƏRDI

“Doğuşda üç kilo yarım çəki – sağlamlıq, rifah deməkdir”.

“Yaşıl, selikli qarın işləməsi – qayğılardan, xoşagəlməz şeylərdən xəbər verir”.

Bəlkə mən də məsləhət və göstərişlərdən ibarət “məktub nümunələri məcmuəsi”ni tərtib edərdim.

Ancaq istənilən situasiyada qeyri-tənqidi əməl edilməklə, absurda qədər çatdırıla bilməyən məsləhətin olmadığına dəfələrlə əmin olmuşam.

Köhnə sistem: sutkada otuz dəfə gənəgərçək yağı ilə növbəli döş. Körpə əldən ələ keçir, ailənin bütün üzvləri onu atıb-tutur və yatızdırır, bütün zökəmli bibi-xalalar öpür. Onu pəncərənin, güzgünün yanına gətirir, zınqırovları şaqqıldadıb-taqqıldadır, oxuyurlar – bunlar oyunbazlıqdır, başqa adı ola bilməz.

Yeni sistem: hər üç saatdan bir döş. Körpənin yemləməyə hazırlıq görərək, səbrini tükətməsi, acıqlanması, qışqırması boş şeydir – ana saatın əqrəblərini izləyir: daha dörd dəqiqə var. Yemləmə vaxtı yaxınlaşdı, körpə isə yatır – ana qərarlılıqla onu oyadır, qoyulmuş dəqiqələr bitdi – ac körpəni döşdən ayırır. Uşaq çarpayıdadır – toxunmaq olmaz. Əllərə öyrəşdirmək olmaz.

O çimdirilmiş, quru, tox halda yatmalıdır, amma yatmır. Sakit olmalı, barmaqlar ucunda gəzməli, pəncərələr pərdəylə örtülü olmalıdır. Sanki xəstəxana palatasıdır.

Qaydalar varsa, daha fikirləşmək nəyə lazım?

20. “HANSI TEZLIKLƏ YEDIRMƏLI” DEYIL, “SUTKADA NEÇƏ DƏFƏ YEDIRMƏLI”

Belə formulə edilmiş sual anaya azadlıq verir: qoy ona da, körpəyə də rahat olan bölgünü özü tərtib etsin.

Beləliklə, körpə sutkada neçə dəfə döş almalıdır?

Dörddən on beşə qədər.

Bəs döşdə nə qıdər müddət saxlamaq lazımdır?

Dörddən 45 dəqiqəyə kimi və daha çox.

Döş asan və çətin, böyük və kiçik miqdar südlü, rahat və yastı giləli, dözümlü və ağrılı olur. Uşaqlar həvəslə, şıltaqlıqla, tənbəlliklə əmə bilərlər. Deməli, hamı üçün bir resept ola bilməz.

Nümunələr.

Gilə pis inkişaf eləyib, amma dözümlüdür, yeni doğulan həvəslə əmir. Qoy döşü “işə hazırlamaqdan” ötrü tez-tez və uzun müddət əmsin.

Süd çox, körpə zəifdir. Yemləmə qabağı südün bir hissəsini sızdırıb axıtmağa və körpəni çalışmağa məcbur etməyə cəhd edək. Öhdəsindən gələ bilmir? Onda əvvəlcə döşü verməli, südün qalanını isə sızdırmalı.

Çətin döş, ləng körpə, yalnız on dəqiqədən sonra əmməyə başlayır.

Bir udma hərəkəti bir, iki, beş əmmə hərəkətinə uyğun gələ bilər. Udlaqdakı südün miqdarı müxtəlif ola bilər.

Körpə döşü yalayır, əmir, amma udmur, gec-gec udur, tez-tez udur.

“Hamısı çənəsi boyu axır”. Bu, südün çox olmasından da baş verə bilər, az olmasından da, acmış körpə qüvvə ilə əmir və dərhal bir neçə ilk udumdan boğulur.

Ana və körpəni görmədən necə reseptlər vermək olar?

“Sutkada on dəqiqəlik beş dəfə yemləmə” – bu, ölü sxemdir.

21

Tərəzisiz döş yemləməsi texnikası yoxdur. Körpəni çəkmədən verəcəyimiz bütün təlimatlar gizlənpaç oyunu olacaq.

Körpəni çəkmədən onun üç, yoxsa on xörək qaşığı süd əmdiyini heç vaxt öyrənə bilmərik. Onun nə qədər sürəkli, uzun müddət, bir, ya iki döşdən əmməli olduğu bundan asılıdır.

Tərəzi həqiqətdə olanı bizə deyirsə, müdrik məsləhətçi ola bilər, ancaq körpənin “normal” artımının mütləq sxemini almaq istəsək, tərəzi ziyanlı da ola bilər.

Necə çəkməli?

Axı burası maraqlıdır: qamma və etüdlərə yüzlərlə saat sərf etmiş, tərəzi ilə tanışlıq zəhmətini isə hədsiz yorucu sayan analar var. Yemləmədən əvvəl və sonra çəkmək? Necə əziyyətlidir! İlahiləşdirilmiş ev “həkim”i olan tərəzini diqqətlə və işgüzarcasına yanaşan analar da var.

22

Bir uşaq nəslinin süd, yumurta, ət şüarı ilə böyüməsini, digərinin isə sıyıq,meyvə, tərəvəz almasını nə ilə izah etməli?

Bunu kimyanın inkişafı, maddənin dəyişməsi sahəsində dəyişikliklər ilə əlaqələndirmək olar. Amma bu meyllərin mahiyyəti daha dərindir.