18+
реклама
18+
Бургер менюБургер меню

Yanuş Korçak – Uşağı necə sevməli (страница 3)

18

Üzüyola, tərbiyəli, xeyirxah, rahat.

İradəsiz və həyata uyğunlaşmamış böyüyəcəyi böyüklərin ağlına belə gəlmir.

11.KÖRPƏ ÇIĞIRTISI – GƏNC ANANIN QARŞILAŞDIĞI XOŞAGƏLMƏZ GÖZLƏNILMƏZLIKDIR

Əlbəttə, o, uşaqların ağladığını bilirdi, amma öz körpəsi barədə fikirləşərkən, bunu hesaba almırdı, ondan yalnız heyranedici təbəssümlər gözləyirdi.

Qadın onun istəklərinə qulaq asacaq, onu ağılla, müasirliklə, təcrübəli həkimin rəhbərliyi altında tərbiyə edəcəkdi.

Onun körpəsi ağlamamalı idi.

Ancaq bir dəfə gecə… Hələ özünə gəlməmişdi, əsrlərlə uzanmış həmin qorxunc saatların əks-sədası hələ canlı idi. Qayğısız həyatın şirinliyini, yerinə yetirilmiş işdən, zərif, saf həyatında ilk ümidsiz səydən sonra istirahət həzzini yenicə dadmışdı. “Başqa məni” artıq özü yaşadığına görə onda hər şeyin keçdiyi illyuziyası indi-indi oyanmışdı. O, lal xatirələrə dalaraq, yalnız, cavab tələb etmədən, təbiətə sirli pıçıltılar dolu suallar verməyə qadirdir.

Birdən…

Nə isə tələb edən, nədənsə şikayət edən körpənin despotik çığırtısı kömək əldə etməyə çalışır – qadın isə başa düşmür.

Diqqətlə qulaq as!

– Bəs bacarmıramsa, istəmirəmsə, bilmirəmsə?

Gecə lampasının işığındakı bu ilk çığırtı iki həyat mübarizəsinin elan olunmasıdır: biri – yetkin, güzəştlərdən, məğlubiyyətlərdən, qurbanlardan yorğundur, müdafiə olunur; digəri – yenidir, gəncdir, öz haqlarını əldə edir.

Bu gün onu hələ günahlandırmırsan: o anlamır, iztirab çəkir. Ancaq bil: zaman siferblatında bu sözləri deyəcəyin saat var – məni də ağrıdır, mən də əzab çəkirəm.

12. ELƏ KÖRPƏLƏR VAR KI AĞLAĞAN DEYIL, BUNDAN DAHA YAXŞI NƏ OLA BILƏR

Amma çığırtıdan alnındakı damarları şişənlər, əmgəyi gərilənlər, sifətini və başını qırmızılıq bürüyənlər, dodaqları göyərənlər, dişsiz çənəsi əsənlər, qarnı şişənlər, yumruqları qıc olub sıxılanlar, ayaqları havanı təpikləyənlər də var. Birdən gücdən düşmüş halda, tam itaət ifadəsilə susur, “məzəmmətlə” anasına baxır, yuxu barədə yalvararaq, gözlərini qapayır və bir neçə dəfə nəfəs alıb, yenə də oxşar, yaxud daha güclü ağlayış hücumuna atılır.

Xırda ağ ciyər, balaca ürək, yenicə formalaşmış beyin buna necə dözür?

Həkimin köməyinə tələsirsiniz!

O, gəlib çıxana kimi yüzillər keçir, etinasız təbəssümlə qadının qorxularını dinləyir, qadının körpəsi belə yad, əlçatmaz peşəkar üçün minlərdən biridir. O, bir dəqiqə sonra başqa iztirablara doğru getməkdən, başqa şikayətləri dinləməkdən ötrü gəlib, indi, günəşli küçə ilə adamlar getdiyinə görə hər şeyin şən göründüyü gündüz vaxtı gəlib, körpənin, çoxsaatlıq yuxusuzluqdan tamamilə əldən düşərək, elə bil acığa düşərək yuxuladığı, sonsuz dəhşətli gecənin izlərinin artıq geridə qaldığı vaxtda gəlib.

Ana həkimi dinləyir, bəzən diqqətsiz qulaq asır. Onun dost, müəllim, ağır səyahətdə bələdçi kimi görmək istədiyi həkim xəyalı məhv olur.

Qadın zəhmət haqqını ona təqdim edir və yenə də həkimin biganə, onu anlamayan kənar adam olduğu barədə acı hissiyyatı ilə təkbətək qalır. Üstəlik, həkim özü də heç nəyə əmin deyil, konkret heç nə deyə bilmir.

13

Əgər gənc ana bu ilk günlərin və həftələrin bu günkü körpənin sağlamlığından daha artıq, hər ikisinin gələcəyi üçün necə əhəmiyyətli olduğunu bilsəydi…

Həm də onları korlamaq necə də asandır!

Qadın: Bunu başa düşərək, başqa heç kəsə deyil, yalnız özünə arxalana bilmmək yerinə, həkim üçün onun körpəsinin yalnız gəlir mənbəyi, yaxud şöhrət hissinin təmin olunması vasitəsi olduğu kimi, dünya üçün də heç nə olduğu, bircə ona əziz olduğu fikrilə barışmaq yerinə;

– axtaran, anlamağa can atan, öyrənən və irəli hərəkət edən, kömək göstərən, amma təminat verməyən elmin müasir səviyyəsilə barışmaq yerinə;

– xoşagəlməz əyləncə deyil, yuxusuz gecələrin səylərini, ağır yaşantıların kapitalını və xeyli sayda düşüncəni ortaya qoymağı gərəkdirən bi iş olan uşağın tərbiyəsini mərdliklə öz üzərinə götürmək yerinə;

– bütün bunları hisslər ocağında əridib, uşaqcasına hıçqırmasız və xudbin incikliklərsiz ayıq anlayışa çevirmək əvəzinə körpəni dayə ilə birlikdə ən uzaq otağa keçirməyə qadirdir (bilirsiz, o “körpənin iztirablarına baxa bilmək, onun xəstəhal çığırtılarını eşitmək qüvvəsində deyil”).

O, məhv olmuş, sarsılmış, kütləşmiş halda təcrübəsini zərrə qədər zənginləşdirmədən, həkimi dəfələrlə çağıracaq.

Ananın körpənin ilk anlaşılmaz nitqini, qısaldılmış və tam tələfüz olunmamış sözləri anladığı sevinci necə də sadəlövhcəsinədir.

Yalnız indimi?

Yalnız bunumu?

Artığı yoxmu?

Bəs ağlama və gülmə dili, baxışlar və mimika dili, hərəkət və əmmə dili?

Bu gecələrdən əsla imtina etmə. Onlar kitabların, heç bir məsləhətin verməyəcəyini verir. Çünki onların dəyəri yalnız bilgilərdə deyil, həm də ola bilən, olmalı olan, yaxşı ola bilən barədəki səmərəsiz düşüncələrə qayıtmağa imkan verməyən, mövcud olan şəraitdə hərəkət etməyi öyrədən dərin mənəvi çevrilişdədir.

Bu gecələr zamanı möcüzəli tərəfdaş, körpənin qoruyucu mələyi – ana qəlbinin intuisiyası oyanır, bəsirət gözü açılır, saf analıq hissindən qaynaqlanan iradə və müşahidə duyğusu doğulur.

14. BIR HADISƏ BAŞ VERIR: ANA MƏNI ÇAĞIRIR

– Balaca, ümumiyyətlə, sağlamdır, heç yeri ağrımır. Sadəcə, onu nəzərdən keçirmənizi istədim.

Nəzərdən keçirirəm, bir neçə məsləhət, suallara cavab verirəm. Körpə sağlam, sevimli, şəndir.

– Yaxşı, salamat qalın.

Elə həmin axşam, yaxud sabahısı:

– Həkim, uşağın hərarəti var.

Mənim – həkimin qısa vizit zamanı səthi baxışdan çıxara bilmədiyim şeyi ana qeydə alıb.

Saatlarla körpənin üzərinə əyilən qadın, müşahidə metodikasına sahib olmayaraq, məhz nəyi qeydə aldığını bilməyərək, özünə inanmayaraq, aydın olmayan şübhələrini etiraf etməyə ürək etmir.

Amma axı qadın körpədə xırıltısı olmayan səsin, necəsə boğuq olduğunu, onun daha az və daha sakit qığıldadığını görmüşdü. Uşaq yuxuda ikən bir dəfə adətən olduğundan daha güclü diksinmişdi. Oyanaraq, qəhqəhə çəkmişdi, amma həmişəki kimi yox. Sanki, nədənsə həyəcanlanaraq, yavaş-yavaş, bəlkə, daha uzun fasilələrlə əmmişdi. Güləndə, deyəsən, büzüşmüşdü, bəlkə də, yalnız belə görünmüşdü? Sevimli oyuncağını hirslə kənara vızıldatmışdı, niyə?

Qadının gözünün, qulağının, məməsinin qeydə aldığı yüzlərlə əlamət var, körpə ona yüzlərlə mikroşikayət edib:

– Özümdə deyiləm. Bu gün nasazam.

Ana öz gözlərinə inanmır, çünki bu simptiomların heç biri haqqında kitablarda oxumayıb.

15

Ana yeni doğulmuş körpəsini klinikadakı pulsuz qəbula gətirir. Körpə bir neçə həftəlikdir.

– Əmmək istəmir. Yalnız məməni alır və dərhal çığırtı ilə buraxır. Qaşıqdan isə yaxşı içir. Bəzən yuxuda, ya da yuxusu gəlməyəndə diksinib çığırır.

Ağzını, boğazını nəzərdən keçirirəm – heç nə yoxdur.

– Döşünüzü ona verin.

Körpə məməni yalayır, ağzından buraxır.

– Bax bu cür yovuşmaz olub.

Nəhayət, körpənin döşü götürdüyünü görürəm, tez, sanki, ümidsizliklə bir dəfə udur, yenidən çığırıb döşü buraxır.

– Baxın, diş ətində nə isə var.

Bir daha baxıram – hansısa, qəribə qızartı var: yalnız bir dişin ətində.

– Bax, burda nə isə qaralır, dişdirmi?

Nə isə, bərk, haşiyəsində qara xətt olan sarı, oval bir şey. Toxunuram – hərəkət edir, qaldırıram – altında qanlı haşiyələri olan balaca qırmızı çökək var.

Nəhayət, bu “nə isə” – tum qabığı əlimdədir.

Fikirlərimin gedişatı belədir: stomatits catarralis, soor, stom aphtosa, gingwitis, angina və s.

Qadın isə: “Ağzında nə isə ağrıyır”.

Mən körpəni iki dəfə gözdən keçirdim. Bəs qadın neçə dəfə baxıb ona?

16

Əgər bəzən ana müşahidələrinin dəqiqliyi və müfəssəlliyi həkimi heyrətə salırsa, o biri tərəfdən elə bundan az olmayan təəccüblə ananın tez-tez ən aşkar simptomu nəinki anlamaq, hətta görmək iqtidarında belə olmadığı məlum olur.