Владислав Шпильман – Pianoçu (страница 3)
London dalğasını tutmağa çalışan Qalina radioqəbuledicini qurdalamağa başladı, o, məlumatı ilkin mənbədən almaq istəyirdi.
Hər iki bacım ailənin digər üzvlərindən qat-qat təmkinli və möhkəm idi. Görəsən, bu məziyyətlərini irsən kimdən almışdılar? Bəlkə, anamdan, hərçənd indi o da bacılarımla müqayisədə qərarsız görünürdü.
Dörd saat sonra Fransa da almanlara müharibə elan etdi. Atam nahardan sonra Britaniya səfirliyinin binasının önündə keçiriləcək nümayişə getmək qərarına gəldi. Anam buna qarşı çıxmağa çalışdı, amma atam fikrindən dönmədi. O, nümayişdən qızışmış, çılğın və üst-başı dağınıq halda qayıtdı. Orda xarici işlər nazirini, həmçinin İngiltərə və Fransa səfirlərini gördüyünü danışdı. Dediyinə görə, iştirakçılar birgə nəğmə oxuyub və şüarlar səsləndiriblər. Sonra hücum təhlükəsi ilə bağlı onlardan təcili evlərinə dağılışmaq xahiş olunub. Kütlə həmin çağırışa elə qızğınlıqla əməl edib ki, bu, atam üçün həyatı bahasına başa gələcəkmiş: onu basabasda az qala tapdayacaqlarmış, bununla belə, atam evə məmnun və yaxşı əhvali-ruhiyyədə qayıtmışdı.
Təəssüf ki, sevincimiz uzun sürmədi. Cəbhədən gələn xəbərlər günü-gündən daha böyük əndişəyə səbəb olurdu.
Sentyabrın 7-də kimsə qapımızı bərkdən döydü. Pilləkəndə qarşıdakı mənzilin sakini, həkim işləyən qonşumuz dayanmışdı. Ayağında uzunboğaz ordu çəkmələri, başında idman papağı, əynində ov gödəkçəsi, çiynində kürək çantası vardı. Çox tələsirdi, amma almanların Varşavanın lap yaxınlığında olduğunu, hökumətimizin Lüblinə köçdüyünü, bütün kişilərinsə şəhəri tərk edib Vislanın qarşı sahilinə keçməsinin lazım olduğunu xəbər verməyi özünə borc bilmişdi. Çayın o biri tayında yeni cəbhə qurulacaqdı.
Biz əvvəlcə ona inanmaqda çətinlik çəkdik. Mən nəsə öyrənə bilmək üçün qonşulara baş çəkməyi qərara aldım. Henrik radionu qoşdu, orda da tərslikdən sakitlik idi. Stansiya susurdu.
Qonşulardan, demək olar, heç kəs evdə yox idi. Mənzillərin çoxu qıfıllı idi, yerdə qalanlarında isə ağlamaqdan gözləri qızarmış və özlərini ən pis sonluğa kökləmiş qadınlar ərlərini və qardaşlarını yola hazırlayırdılar. Şübhəyə heç bir əsas yox idi – həkim həqiqəti söyləmişdi.
Mən dərhal heç yerə getməməyi qərara aldım, çünki bu cür ağır hərbi şəraitdə dərbədər gəzməyin heç bir mənası yox idi. Əgər nəsibim həlak olmaqdırsa, qoy bu, evdə baş versin. Üstəlik, düşünürdüm ki, atamla Henrik gedəndən sonra kimsə anamla bacılarımın qayğısına qalmalıdır. Hərçənd ailə məşvərətində onların da evdə qalacaqları aydın oldu.
Anam yenə də bizi qaçmağa razı salmağa cəhd etdi. O, gözlərini bərəldərək həyəcan dolu səslə elə hey yeni əsaslar gətirir və bizi şəhəri tərk etməli olduğumuza inandırmağa çalışırdı. Biçarə qadın sonunda müqavimətimizi qıra bilməyəcəyini anlayanda qəşəng və nurlu üzündə rahatlıq və məmnunluq ifadəsi əks olundu: qoy nə olur olsun, yetər ki bunu birlikdə qarşılayaq.
Mən saat 8-dək gözlədim və hava qaralan kimi evdən çıxmağı qərara aldım. Varşava tanınmaz hala düşmüşdü. Şəhər bir neçə saatda necə bu dərəcədə dəyişə bilərdi axı?!
Bütün mağazalar bağlanmışdı, tramvaylar fəaliyyətini dayandırmışdı, bircə ağzınacan dolu maşınlar küçələrdə yüksək sürətlə şütüyürdü, hamısı da eyni istiqamət götürmüşdü. Hədəf Ponyatovski körpüsü idi. Marşalkovskaya küçəsilə isə əsgər dəstəsi addımlayırdı: özü də nəğmə oxuyaraq, cəsarətlə, ruh yüksəkliyi ilə! Bununla belə, həmin mənzərədə nəsə bir qəribəlik vardı: əsgərlər tüfənglərini necə gəldi tutmuş, konfederatkalarını1 isə başlarına nizamnaməyə uyğun taxmamışdılar. Üstəlik, hər kəs öz bildiyi kimi addımlayırdı; əsgərlərin artıq çoxdan mütəşəkkil orduya xas dəqiq sazlanmış mexanizmin bir hissəsi olmadığı qıraqdan aydın görünürdü. Səkidə dayanmış iki qadın onlara çəhrayı astra atır və ara-sıra şövqlə nəsə çığırırdılar. Hərçənd buna heç kəs məhəl qoymurdu. İnsanlar tələsirdilər, görünür, Vislanın sağ sahilinə qaçmağa hazırlaşırdılar. Onlar çatdıra bilməyəcəklərindən qorxduqları üçün tələsirdilər – almanlar qəti hücuma keçməmiş yarımçıq işlərini tamamlamalı idilər.
İndi yoldan keçənlərin zahiri görkəmi də kifayət qədər əcaib idi. Varşava həmişə zərifliyi ilə fərqlənib. Sanki elə indicə dəbli jurnalların üz qabığından düşmüş xanımlar və cənablar, görəsən, qəfil hara yoxa çıxmışdılar?
Bu günsə Varşava küçələrində vurnuxanlar elə geyinmişdilər ki, sanki hansısa ov və ya turist maskaradına tələsirdilər. Ayaqlarında ordu və ya xizək çəkmələri, xizək şalvarı, başlarında yaylıq, çiyinlərində kürək çantaları, əllərində əsa adamlar az qala qaça-qaça gedirdilər, zahiri görkəmləri, mədəni görünüb-görünmədikləri onların zərrə qədər də veclərinə deyildi.
Hələ dünən tərtəmiz olan küçələri isə bu gün xirtdəyəcən zibil basmışdı.
Yan küçələrin birində elə indicə cəbhədən qayıtmış əsgərlər dayandı. Onlar hara gəldi sərələnmişdilər: həm səkidə, həm də işlək yolda. Üz-gözlərindən, hərəkətlərindən sonsuz yorğunluq və süstlük yağırdı. Onlar bu hallarını nəinki gizlətmir, əksinə, gözə soxurdular. Niyyətləri isə ətrafdakılara niyə cəbhədə deyil, burda olmalarının səbəbini çatdırmaq idi. Səbəb aydın idi: cəbhədə döyüşməyin artıq heç bir mənası qalmamışdı, bu, faydasız işə çevrilmişdi. Yaxınlıqda dəstə-dəstə dayanmış adamlar əsgərlərdən aldıqları məlumatları bir-birinə ötürürdülər. Xəbərlər xoşagələn deyildi…
Mən bilaixtiyar baxışlarımla səsucaldanı axtarmağa başladım. Bəlkə, onları yığışdırıblar? Yox. Onlar əvvəlki kimi öz yerlərində idi, sadəcə, susurdular…
Mən radioya tələsdim. Niyə xəbərləri səsləndirmirlər ki? Niyə heç kəs insanlara ürək-dirək verməyə, bu kütləvi qaçaqaçın qarşısını almağa çalışmır axı? Radio bağlı idi. Müdiriyyət şəhəri tərk etmişdi, bircə kassirlər işçilərə və yaradıcı əməkdaşlara tələm-tələsik üçaylıq müavinətlərini verirdilər.
– İndi biz nə edək? – burda yüksək inzibati vəzifə tutan əməkdaşın qolundan tutub soruşdum.
O mənə laqeyd baxışlarla nəzər saldı. Bu baxışlardan nifrət qarışıq qəzəb yağırdı. O dartınıb qolunu düşdüyü məngənədən azad etdi.
– İndi kim bunun hayındadır ki? – üstümə qışqırıb çiyinlərini çəkdi və qapını acıqla çırpıb bayıra qaçdı.
Bu lap ağ oldu. Heç kəs insanları saxlamağa çalışmır. Fənər dirəklərindəki reproduktorlar susur. Heç kəs küçələri təmizləmir. Nə çirkabdan, nə də çaxnaşmadan. Ya da adamları qorumaq əvəzinə onların qaçmasına yol verdiyi üçün çəkdiyi xəcalətdən.
Heç kəs şəhərə itirdiyi ləyaqətini qaytarmayacaq.
Bu, tam məğlubiyyətin tablosu idi. Mən içim göynəyə-göynəyə evə qayıtdım. Ertəsi günün axşamı ilk alman mərmilərindən biri evimizin qənşərindəki odun anbarına düşdü. Nəticədə döngədəki dükanın üzərinə cidd-cəhdlə ağ kağız zolaqları yapışdırılmış pəncərələri çilik-çilik oldu.
İLK ALMANLAR
Sonrakı günlər, Allaha şükür ki, vəziyyət xeyli yüngülləşdi. Şəhər qala elan olundu, komendant təyin etdilər. O, əhaliyə müraciət edərək adamları şəhərdə qalmağa və onun müdafiəsinə hazırlaşmağa səslədi. Artıq Buqun2 arxasında Polşa hərbi hissələrinin əks-hücumu təşkil olunmuşdu, bizim öhdəmizə düşənsə qoşunlar özünü çatdıranacan Varşavanın girəcəyində düşmənin əsas qüvvələrini ləngitmək idi. Şəhərin özündə də vəziyyət yaxşılığa doğru dəyişmişdi: alman artilleriyalarının atəşi kəsilmişdi.
Əvəzində aviahücumlar çoxalmışdı. Artıq hava həyəcanı elan edilmirdi, çünki bu, şəhər həyatını həddən artıq iflic vəziyyətinə salır və müdafiəyə hazırlaşmağa mane olurdu. O payız qeyri-adi dərəcədə aydın olan səmada, demək olar, hər saat hava hücumundan müdafiə qüvvələrimizin atdığı mərmilərin dumanı ilə əhatələnmiş təyyarə siluetləri görünürdü. Onda dərhal zirzəmiyə qaçmalı olurduq, hərçənd bu da bir işə yaramırdı: sığınacaqların döşəmələri və divarları göydən yağan bombalardan lərzəyə gəlirdi. Üstəlik, bu bombalar lap «rus ruleti»ndəki güllə kimi binalardan hansınasa düşəndə həmin binanın zirzəmisində gizlənmiş adamların axırına çıxırdı.
Şəhərdə «təcili yardım» karetləri vurnuxurdu. Onlar üzərlərinə düşən vəzifənin öhdəsindən təkbaşına gələ bilməyəndə xarabalıqların altından yaralıları və ölüləri çıxarmaq üçün yardıma təkatlı faytonlar, hətta adi at arabaları qoşuldu.
Bununla belə, insanlar müsbət köklənmişdilər, ruh yüksəkliyi durmadan artırdı. Biz artıq sentyabrın 7-də olduğu kimi taleyin ixtiyarına buraxılmamışdıq. Biz indi öz qərargahı, döyüş sursatı və şəhəri qorumaq kimi aydın məqsədi olan mütəşəkkil ordunun bir hissəsi idik. Və bu məqsədə çatmaq təkcə bizdən asılı idi. İndi hər kəs əlindən gələni etməli idi.
Baş komandan əhalini alman tanklarının qarşısını almaq üçün şəhərin ətrafında xəndək qazmağa çağırdı. Bu işdə hamı iştirak edirdi. Bizim evdə mənzildən göz-qulaq olmaq və nahar hazırlamaq üçün bircə anam qalmışdı.
Biz şəhərkənarında, Vola rayonunda balaca bir təpə boyunca xəndək qazırdıq. Arxamızda xudmani evlərdən ibarət səliqəli rayon uzanırdı, qarşıda isə şəhər meşəliyi görünürdü. Buranı da bombalamasaydılar, gördüyümüz iş hətta zövqümü oxşaya bilərdi. Bombalar yaxına düşməsə də, onların fit səsini eşidəndə özümü heç yaxşı hiss etmirdim, axı hansısa olduğumuz yerə düşə bilərdi.
Birinci gün yanımda qoca yəhudi işləyirdi; əynində sürtük, başında təsək vardı. O, yeri lap qəzəblə qazırdı, əlindəki beli torpağa sanki qəddar düşməniymiş kimi batırırdı; ağzı köpüklənmiş, dişləri bir-birinə sıxılmışdı, yorğun üzündən tər sel kimi axır, əzələləri tir-tir titrəyirdi – adamın gözünə bircə qara sürtüyü, bir də saqqalı dəyirdi. Bu qədər qəzəb isə gördüyü işi nəticəsiz qoyurdu: əlindəki bel torpağa lap ucunda zorla girir, yığa bildiyi torpaqsa onu bayıra tullamağa macal tapmamış elə yenidən xəndəyə səpilirdi. O durmadan öskürür və arabir əlindəki bellə xəndəyin kənarına dayaqlanaraq yerə tüpürürdü. Ahıl qadınların gətirdiyi nanəli çayı isə üzü bəmbəyaz ağarmış halda içirdi. Torpaq qazmağa artıq fiziki gücləri çatmayan qarılar, heç olmasa, bu yolla bir işə yaramağa çalışırdılar.