18+
реклама
18+
Бургер менюБургер меню

Владислав Шпильман – Pianoçu (страница 2)

18

Otağımın qapısı qəfil açılanda hardasa saat 8 olardı. Kandarda anam dayanmışdı, geyimindən şəhərə çıxacağı bəlli olurdu. Üzü həmişəkindən daha bəyaz idi. Məni yataqda görüb qəzəbini gizlədə bilmədi. Anam nəsə demək istədi, amma səsi sözünə qulaq asmırdı; o, dərindən ah çəkib, nəhayət, əsəbi şəkildə tez dilləndi:

– Ayağa qalx, müharibə başlayıb!

Mən dərhal radioya getməyi qərara aldım. Orda dostlarımdan son xəbərləri öyrənə bilərəm.

Əynimi geyinib səhər yeməyi yedim və evdən çıxdım. Evlərin və afişa dirəkciklərinin üstünə artıq böyük ağ vərəqlər yapışdırılmışdı. Bu vərəqlərdə xalqa müraciət edən prezident Almaniyanın Polşaya hücumu barədə xəbər verirdi. Adamlar dəstə-dəstə dayanıb müraciəti oxuyur, bəziləri başılovlu harasa qaçır, yəqin, son anda ən təcili işlərini yoluna qoymaq istəyirdilər. Evimizin yaxınlığındakı döngədə yerləşən dükanın sahibəsi pəncərələrə ağ kağız zolaqları yapışdırırdı, onlar artıq qaçılmaz olan bombalanma zamanı pəncərələri qorumalı idi. Sahibənin qızı isə həmin vaxt salat, vetçina və kolbasa boşqablarını kiçik bayraqlar və milli qəhrəmanların portretləri ilə bəzəyirdi.

Küçələrdə yorulmadan qəzet satıcıları vurnuxur, xüsusi buraxılışlar təklif edirdilər. Heç bir təlaş hiss olunmurdu. Əhvali-ruhiyyə maraqla – görəsən, bundan sonra nə olacaq? – hadisələrin bu cür gedişatından doğan təəccüb arasında var-gəl edirdi.

Dirəkciklərin birinin qarşısında çalsaçlı, üzü yenicə taraşlanmış, qəşəng geyinmiş cənab dayandı. Onun üzü və hətta boynu həyəcandan qızardı. Şlyapası peysərinə tərəf əyildi, halbuki adi halda belə bir şeyə heç vaxt yol verməzdi. Müraciəti oxuyub şübhə içində başını buladı və eynəyini burnuna dirəyib gözünü yenidən kağıza zillədi. Bəzi kəlmələri qeyzlə hündürdən təkrarladı:

– Hücum ediblər… Müharibə elan etmədən… – yaxınlıqdakı insanların reaksiyasını görmək üçün ətrafına boylanıb eynəyini düzəltdi və ucadan dedi: – Axı bu şərəfsizlikdir!

O heç cür sakitləşə bilmirdi, kənara çəkiləndən sonra belə burnunun altında mızıldanır və çiyinlərini çəkirdi:

– Yox. Bu heç düzgün deyil…

Lap yaxınlıqda yaşasam da, radioya çatmaq o qədər də asan başa gəlmədi. Bu, həmişəkindən iki dəfə çox vaxtımı aldı. Yolun yarısına çatanda fənər dirəklərində, dükanların girişində və evlərin pəncərələrində qurulmuş səsucaldanlardan hava həyəcanının səsi gəldi. Sonra aparıcının səsi eşidildi: «Varşava hava təhlükə siqnalı! Diqqət! Diqqət! Başlayır…» Daha sonra ardıcıl şəkildə hərbi şifrin rəqəmləri ilə hərfləri səsləndi və bu, mülki adamların qulaqlarında sirli bir ovsun kimi cingildədi. Bəlkə, rəqəmlər uçan təyyarələrin sayına işarə edirdi? Hərflər də bombaların düşəcəyi ərazilərə? Bəlkə, bu ərazilərin arasında elə bizim dayandığımız yer də var?

Küçə qısa vaxtda boşaldı. Qorxuya düşmüş qadınlar zirzəmilərə tələsirdilər, gizlənmək istəməyən və cəsarətlərini nümayiş etdirən kişilərsə dükanların və evlərin qarşısında dayanıb almanları qarğıyır, ümumi səfərbərliyi bacarıqsız şəkildə, üstəlik, xeyli ləngimə ilə həyata keçirən hökuməti söyürdülər. Boş qalmış, sanki xarabazara dönmüş küçələrdə qışqırıq səsləri eşidilirdi – bu, hava hücumundan müdafiə dəstələrinin iştirakçıları idi. Onlar təkcə özlərinə məlum olan səbəbdən evindən çıxıb küçədə gəzməyə cəhd edənləri bu təhlükəli niyyətlərindən vaz keçirməyə çağırırdılar. Sonra bomba səsləri eşidildi, ancaq səslər bu dəfə də yaxından gəlmirdi.

Hava həyəcanı yenidən elan ediləndə mən artıq radionun binasına yaxınlaşırdım. Bu, yolboyu üçüncü siqnal idi. Lakin radio əməkdaşları hər dəfə bomba sığınağına düşmək iqtidarında deyildilər.

Radio verilişlərinin proqramı tamamilə qısaldılıb korlanmışdı, onu, nəhayət, bərpa etmək mümkün olduqda isə cəbhədən yenicə gəlmiş mühüm xəbərləri və ya siyasi məlumatları vermək üçün efir hər dəfə kəsilirdi. Həmin xəbərlərin arasında isə hərbi marşlar, ya da milli himnlər səsləndirilirdi. Redaksiyanın dəhlizlərində xaos hökm sürürdü. İnsanların ümumi döyüşkən əhvali-ruhiyyəyə get-gedə daha çox kökləndiyi hiss olunurdu.

Orduya çağırılan əməkdaşlardan biri həmkarları ilə vidalaşmağa, həm də fürsətdən istifadə edərək öz yeni mundirini nümayiş etdirməyə gəldi. Yəqin, elə xəyal edirdi ki, hamı başına toplaşıb onu riqqətlə yola salacaq. Amma zavallını peşmançılıq gözləyirdi: hər kəsin başı özünə qarışmışdı. O, mülki həyatı ilə vidalaşma ssenarisini qismən də olsa həyata keçirmək üçün yanından ötən əməkdaşları saxlamağa çalışırdı. İstəyinə çatsaydı, gələcəkdə nəvələrinə danışmağa nəsə olacaqdı. Biçarə hardan biləydi ki, iki həftədən sonra dəfninə gəlməyə heç kəs vaxt tapmayacaq.

Studiyanın yanında radionun qocaman işçisi, pianoçu, professor Urşteyn qolumdan yapışdı. Bu adam zamanı saatlarla və günlərlə ölçən insanlardan fərqli olaraq onu lap çoxdan musiqi əsərləri ilə nizamlayırdı. Belə ki, professor nəyisə xatırlamaq istəyəndə sözünə həmişə belə başlayardı: «O zaman mən çalırdım…» – və o bu üsulla zamanı təyin etməyə müvəffəq olanda yaddaşına icazə verirdi ki, hətta o qədər də əhəmiyyət kəsb etməyən və daha uzaq keçmişdə qalan nələrisə alt qatlarından çıxarsın.

Qocaman professor qulaqları batmış və çaşqın vəziyyətdə studiyanın qapısının ağzında dayanmışdı: musiqi müşayiəti olmadan bu nə müharibədir?!

– Kimsə demir ki, bu gün işləyə biləcəm, ya yox? – əlacsız şəkildə şikayətləndi.

Nahardan sonra işləyə biləcəyimiz aydınlaşdı və hərə öz royalının arxasına keçdi. Planlaşdırılmış ardıcıllıqla olmasa da, musiqi verilişlərini efirə buraxmağa hazırlaşırdılar.

Bir azdan nahar vaxtı çatdı, əməkdaşlardan bir-ikisi artıq acmışdı. Biz yaxınlıqdakı restoranda qəlyanaltı etmək üçün radiodan çıxdıq.

Şəhər sanki həmişəki həyatını yaşayırdı. Əsas küçələrdə əvvəlki kimi qələbəlik idi. Dükanlar açıq idi, üstəlik, prezident əhalini azuqə ehtiyatı yığmamağa çağırdığından – onun fikrincə, bu artıq iş idi – gözə nə növbə, nə də basırıq dəyirdi. Səyyar satıcılar kağızdan düzəldilmiş donuz oyuncaqlarını xüsusi canfəşanlıqla satırdılar. Bu arada həmin donuzları açsaydın, Hitleri xatırladan bir şeyə çevrilirdi.

Biz restoranda güc-bəla ilə bir boş masa tapdıq. Burda, adətən, sifariş edə biləcəyin bir çox yemək indi menyuda gözə dəymirdi. Yerdə qalanların qiyməti isə lap kəlləçarxda idi. Alverçilər fürsəti fövtə vermirdilər.

Masa arxasında yalnız bir mövzu ətrafında söhbət gedirdi: o da yaxınlarda Fransa və İngiltərənin müharibəyə qoşulmaq ehtimalı idi. Bir neçə ümidsiz bədbin müstəsna olmaqla hamı bu hadisənin yaxın saatlarda, hətta dəqiqələrdə baş verəcəyindən əmin idi. Hətta Amerikanın da almanlara müharibə elan edəcəyini düşünənlər tapılırdı. Onlar ötən müharibənin təcrübəsinə əsaslanaraq belə deyirdilər: sanki I Dünya müharibəsinin yeganə məqsədi bizə növbəti dəfə necə vuruşmağı göstərmək idi.

Fəqət Fransa və İngiltərə müharibəyə sentyabrın 3-də qoşuldu.

Həmin gün saatın əqrəbləri üçü göstərirdi, mənsə hələ də evdə idim. Biz heç bir xəbəri qaçırmamaq üçün radioqəbuledicini həmişə açıq qoyurduq. Hərçənd cəbhədən gələn məlumatlar o qədər də ürəkaçan deyildi. Düzdür, süvari qoşunlarımız Şərqi Prussiyaya daxil olmuşdu, təyyarələrimizsə alman mövqelərini bombalayırdı, amma yenə də Polşa ordusu elə hey tutduğu mövqeləri əldən vermək məcburiyyətində qalır, hücuma keçən düşməndən qorunmaq üçün geri çəkilirdi. Hərbi təbliğatımızın dediyi kimi, almanların təyyarələri və tankları kağızdan, benzinləri isə hətta alışqan üçün yararsız sintetik tərkiblidirsə, bu necə baş verə bilərdi ki?

Varşavanın səmasında uçan düşmən təyyarələri az vurulmamışdı. Hətta əyinlərində kağızdan paltar, ayaqlarında kağızdan ayaqqabı olan pilotların meyitlərini öz gözləri ilə görən şahidlər də tapılırdı. Onda bəs bu miskin və şərəfsiz quldur dəstəsi bizi geri çəkilməyə necə məcbur edirdi? Bax bunu heç kəs anlaya bilmirdi.

Radioda gedən veriliş qəfil kəsiləndə və aparıcı təntənəli səslə elə indicə təcili xəbər səsləndiriləcəyini elan edəndə anam otaqda dövrə vurur, atam skripkada çalır, mənsə kresloda oturub kitab oxuyurdum. Atamla mən radioqəbulediciyə yaxın oturduq, anamsa qardaşımla bacımı çağırmağa qaçdı. Radioda hərbi marş çalındı, sonra anons təkrarlandı, növbəti dəfə marş sədaları və nəhayət, bir dəqiqədən sonra yenə elan etdilər ki, indi biz mühüm xəbər eşidəcəyik. Polşa milli himni, ardınca da Britaniya milli himni ifa olunanda əsəb dolu gərginlik pik nöqtəyə çatdı. Yalnız bundan sonra xəbər verdilər ki, indi biz düşmənlə tək vuruşmuruq, artıq bizim müttəfiqimiz var və indən belə qələbə, yəqin ki, bizim tərəfimizdə olacaq. Hətta hadisələr arabir bizim xeyrimizə cərəyan etməsə belə!

Bu xəbəri eşidərkən keçirdiyimiz həyəcanı ifadə etməkdə çətinlik çəkirəm. Anamın gözləri yaşardı, atam hönkür-hönkür ağladı, qardaşım Henriksə sanki artıq həlledici qələbə qazanıbmışıq kimi əllərini düz burnumun ucunda yelləyə-yelləyə qışqırmağa başladı:

– Gördün? Axı mən demişdim!

Mübahisə etmək üçün bundan uğurlu məqam ola bilməzdi. Regina onun qarşısını almaq üçün aramızda dayanıb sakitcə dedi:

– Bəsdirin! Hamı belə olacağını bilirdi… – və əlavə etdi: – Axı beynəlxalq müqavilələr də elə bunu deyirdi.

Regina vəkil işləyirdi, deməli, bu cür məsələlərdə onun dedikləri ilə qeyd-şərtsiz razılaşmaq lazımdır.