Василий Шукшин – Hekayələr (страница 4)
– Bəsdi tıqqıldatdın, – dedi. – Otur bir az, uşaqlardan danışaq.
Antip qımışıb çəkici kənara qoydu.
– Qocalırsan, Marfa, – deyə o, sevincək dilləndi. – İstəyirsən, sənin üçün çalıb kədərini dağıdım?
– Çal, – dedi Marfa.
Antip əllərini, üzünü yuyub darandı:
– Təzə köynəkciyəzimi ver.
Marfa siyirmədən onun təzə köynəyini verdi. Antip köynəyi geyib kəməri belinə bağladı. Balalaykanı divardan götürüb qırmızı guşəyə keçdi. Marfaya baxaraq:
– Konsertimizə başlayırıq! – dedi.
– Amma şitlik eləmə, – deyə Marfa ona məsləhət verdi.
– İndi bütün cavanlığımızı yada salarıq, – Antip lovğalanaraq balalaykanı köklədi. – O vaxt əl-ələ verib çəmənlikdə rəqs etdiyimiz yadındadı?
– Əlbəttə, yadımdadı, niyə yadımda deyil? Hər halda, mən səndən cavanam.
– Neçə yaş? Üç həftədən bir az artıq?
– Üç həftə yox, iki il. Mən onda lap sütül idim, sən isə özünü naza qoyurdun.
Antip mehribancasına güldü:
– Mən, həqiqətən, əla oğlan idim! Yadındadı, sən mənə necə girişirdin?
– Kim? Mən? Ay Allah! Bəs mənim rəhmətlik dədəm erkək itləri kimin üstünə buraxırdı? Şalvarını hasarımızda qoyub qaçan kim idi?
– Şalvar, tutaq ki, mənim idi…
Antip balalaykanı kökləyib qurtardı, balaca başını çiyninin üstünə qoydu, simlərə toxundu… çalmağa başladı. Uzaq gənclik illərinin sakit, işıqlı musiqisi isti və alaqaranlıq daxmaya axdı. Digər axşamlar da xatırlandı. Kefləri bir az qalxdı, bir az kədərləndilər. Həyatın ən mühüm məsələsi barədə düşünməyə başladılar, ancaq necə deyəsən ki, həyatın əsas məsələsi nədir?
Antip astaca oxuyub başı ilə Marfaya işarə etdi. O da ona dəstək verdi:
Çox yaxşı oxumasalar da, hər ikisinin əhvalı yüksəldi. Unudulmuş mənzərələr gəldi göz önünə… gah doğma kəndə uzanan cığır, gah çay kənarı, gah pıçıltılı sıx və bir qədər də vahiməli qovaqlıq yada düşdü… Bunların hər birində şirin həyəcan yaradan nəsə vardı. Payız da, təklik də, pul da, boyunduruqlar da sanki yoxa çıxdı…
Sonra Antip şən hava çaldı. Daxma boyunca oynaya-oynaya, sümükləri çıxmış yançaqlarını burcutdu.
Antip öz şənliyi ilə çox gülməli görünürdü. O hoppanmağa başladı… Marfa güldü, sonra ağladı, dərhal göz yaşlarını silib yenə güldü.
– Ay Allah, sən bir buna bax! Hay-hayı gedib, vay-vayı qalıb, amma ağlında gör nələr var.
Antip işıq saçırdı. Onun xırda, ağıllı gözləri bic-bic parıldayırdı:
– Antip, məni şəhərə, yarmarkaya aparmağın yadına gəlir?
Antip başı ilə “hə” işarəsi verdi.
– Səfehsən, Antip, – Marfa nəvazişlə dedi, – ağzına nə gəldi oxuyursan.
Marfa gülməkdən uğunub getdi.
– Vallah, dəlisən, Antip.
– Otur, başqa nəsə oxuyaq, – Marfa gözünün yaşını silə-silə dedi.
Antip bir az təngnəfəs olmuşdu. Gülərək Marfaya baxırdı.
– Hə! Bəs sən deyirsən, sənin Antipin pisdir!
– Pis deyil, sarsaqdır, – Marfa düzəliş verdi.
– Deməli, başa düşmürsən, – bu düzəlişdən zərrə qədər də inciməyən Antip dedi. – Biz səninlə bilirsən necə yaşaya bilərdik?! Can bir qəlbdə. Amma bu lənətə gəlmiş pullar sənə rahatlıq vermədi. Sən incimə, əlbəttə.
– Mənə pullar yox, pulun olmaması rahatlıq vermir.
– Bəsdi, sən Allah, olanımız kifayət edərdi. Yaxşı, ürəyinizdən hansı mahnı keçir, madmazel-frau?
– Qocaq Volodya haqqında mahnı.
– O, ağır mahnıdır, lazım deyil.
– Eybi yoxdur. Mən bir az ağlayıb ürəyimi boşaldaram, heç olmasa.
Antip ürəkdən və yanıqlı-yanıqlı oxuyurdu. Elə bil hadisə danışırdı.