Василий Шукшин – Hekayələr (страница 3)
Sovet İttifaqı Qəhrəmanı Lyubavin Pavel İqnatoviçə.
Sibirdən – anasından”.
Ünvanı həmişə özü yazırdı. Bilirdi ki, belədə məktub hökmən ünvanına çatacaq.
– Belə, Şurka. Darıxma. Yayda gedərik.
– Mən darıxmıram, amma sən hər ehtimala qarşı tədarükünü gör, ola bilər ki, fikrin dəyişsin.
Nənə nəvəsinə baxıb heç nə demədi.
Gecə Şurka nənəsinin sobanın üstündə ora-bura çevrilərək sakitcə ah çəkib öz-özünə nə isə pıçıldadığını eşidirdi.
Şurka da yatmırdı. Fikirləşirdi. Yaxın gələcək üçün həyat çox qeyri-adi şeylər vəd edirdi. Belə şeyləri arzu etmək adamın ağlına da gəlməzdi.
– Şurk! – nənə səsləndi.
– Hə…
– Paveli, yəqin ki, Kremlə buraxırlar, hə?
– Yəqin ki, necə məgər?
– Deyirəm, heç olmasa, bircə dəfə də olsa gedib oranı görsəydim…
– İndi ora hər kəsi buraxırlar.
Nənə bir müddət susdu.
– Hə, gözlə, hamını buraxırlar, – nənə şübhə ilə dedi.
– Bizə Nikolay Vasilyeviç danışmışdı bu barədə.
Sonra yenə susdular.
– Sən də, ay nənə, lazım gələndə cəsur olursan, amma burada heç nədən qorxdun, – deyə Şurka narazılığını bildirdi. – Nədən qorxdun axı?
– Yum gözünü yat, – nənə əmr etdi. – İgid çıxıb, birinci elə sən özün tumanını batırarsan.
– Gəl mərc gələk ki, qorxmaram.
– Yat, dedim, yoxsa sabah dərsə gecikərsən.
Şurka susdu.
TƏKLİKDƏ
Sərrac Antip Kalaçikov insanlarda xeyirxahlıq və qayğıkeşlik hislərini çox qiymətləndirirdi. Ovqatının xoş çağında, evində tam əmin-amanlığın hökm sürdüyü vaxtlarda Antip mehribanlıqla arvadına deyirdi:
– Sən, Marfa, yekəpər qadın olsan da, kütbeyinsən.
– Nəyə görə ki?
– Elə ona görə… Sənə nə lazımdı? İstəyirsən ki, mən gecə-gündüz ancaq elə hey tikim, tikim? Axı mənim də qəlbim var. O da əylənmək, sevinmək istəyir.
– Tüpürüm sənin qəlbinə!
– Eh-h…
– Nə “eh, eh…” salmısan?!
– Heç… Sənin qolçomaq atan yadıma düşdü. Allah rəhmət eləsin.
Zəhmli və canlı Marfa əlini belinə qoyub yuxarıdan acıqlı-acıqlı Antipə baxırdı. Arıq, sısqa Antip bu baxışlara mətanətlə tab gətirirdi.
– Mənim atamla işin olmasın… Başa düşdün?
– Aha, anladım, – Antip qısaca cavab verdi.
– Bax belə.
– Marfacan, həddən artıq ciddisən. Belə olmaz, əzizim, hər şeyi ürəyinə salsan, ölə bilərsən.
Marfa Antiplə yaşadığı qırx il müddətində onun hələ də nəyi ciddi, nəyi zarafatla dediyini ayırd edə bilmirdi.
– Nə isə, başla tikməyə.
– Tikirəm, canım, tikirəm.
Aşılanmış dəri, qaynayan su və ziftin kəskin qoxusu Kalaçikovların evinə sanki əbədi olaraq hakim kəsilmişdi. Ev böyük və işıqlı idi. Bu evdə haçansa uşaqların gülüş səslərindən qulaq batırdı, sonra burada toylar çalınmış, ölümün dərin sirrinə zəif-solğun işıq salan mum şamların yandığı, güzgülərin pərdələndiyi hüznlü gecələrin xoşagəlməz sükutu da olmuşdu. Bir sözlə, çox şey olmuşdu. Antip Kalaçikov öz qüvvətli qadını ilə birlikdə həyata on iki uşaq gətirmişdi. Ümumilikdə isə on səkkiz uşaq olmuşdu.
İllər keçdikcə evin görkəmi dəyişirdi, dəyişməyən bircə Antipin sobanın sağ tərəfində, arakəsmə ilə ayrılmış iş yeri idi. Burada Antip qoşqu ləvazimatı, yəhər, yüyən və boyunduruqlar tikirdi. Elə oradaca divardan onun sevimli balalaykası asılmışdı. Antipdə ona bir təşnə var idi. Bu onun həyatının mənası, musiqiyə dilsiz məhəbbət və itaətkarlığı idi. Antip başını yana əyib onu saatlarla çalmaqdan yorulmurdu; bilmək olmurdu ki, balalayka ona çoxdan unutduğu nə isə dəyərli bir hadisəni danışır, yoxsa o, balalaykaya öz qocalıq düşüncələrini pıçıldayırdı. Əgər Marfa olmasaydı, bütün günü beləcə oturardı. Marfaya həqiqətən də onun bütün günü tikiş tikməyi lazım idi. Qadın pula çox həris idi, qəpiyin üstündə əsirdi. Bütün həyatı boyu Antipin balalaykası ilə mübarizə aparırdı. Bir dəfə iş o yerə çatdı ki, Marfa hirsindən aləti sobanın içinə atıb yandırdı. Bənizi ağarmış Antip dinməzcə durub alətin necə yandığına tamaşa edirdi. Balalayka tozağacı kimi dərhal alışdı. O, istidən əyildi, üç dəfə insan kimi inildədi, simləri qırıldı və öldü.
Antip həyətə çıxıb baltanı götürdü, tədarük etdiyi yəhər, yüyən, boyunduruq və halqaları xırda hissələrə doğradı. O susur və səliqə ilə doğrayırdı. Qorxuya düşmüş Marfa bir kəlmə də danışmadı. Bu hadisədən sonra Antip bir həftə kefləndi, evə gəlmədi. Axırda gəlib təzə balalaykanı divardan asdı və işinə başladı. Marfa bir də heç vaxt balalaykaya toxunmadı. Lakin o, Antipi diqqətlə izləyirdi: qonşuların evində çox oturmurdu, ümumiyyətlə, çalışırdı ki, evdən çıxmasın. Bilirdi ki, ayağını kandara qoyan kimi Antip işini atıb balalayka çalacaq.
Bir payız axşamı Antip adəti üzrə öz iş guşəsində oturmuşdu, Marfa isə miz arxasında nə isə toxuyurdu.
Hər ikisi susurdu.
Çöldə yağış yağırdı; hər tərəf palçıq idi. Ev isə isti və rahat idi. Antip boyunduruqları mismarlayırdı: taq-taq, taq-taq, taq-taq-taq… Marfa toxuduğunu kənara qoydu. Pəncərəyə baxıb fikrə getdi.
Taq-taq, taq-taq – Antip taqqıldadırdı. Divar saatı da sanki indi dayanacaqmış kimi çıqqıldayır, amma dayanmırdı. Pəncərələrə sanki ovucdan sakitcə yağış tökülürdü.
– Niyə kədərləndin, Marfacan? – Antip soruşdu. – Düşünürsən ki, necə çox pul toplayasan?
Marfa fikirli halda pəncərəyə baxıb susurdu. Antip ona nəzər saldı.
– Tezliklə öləcəyik, – dedi, – çox fikirləşmə. – Nə qədər fikirləşsən də, az da fikirləşsən, çox da, yüz manat pul deyil. – Antip işləyərkən söhbət etməyi sevirdi. – Görürsən ki, mən ömürboyu fikirləşə-fikirləşə özümə fikirləşib babasil tapdım. İşləyirdim! Bir soruş, həyatda yaxşı nə görmüşəm? Heç nə. Camaat, heç olmasa, döyüşüb, cürbəcür üsyanlar qaldırıb, vətəndaş müharibəsində, Vətən müharibəsində iştirak edib… Ölsələr də, qəhrəmancasına ölüblər. Mən isə on üç yaşımdan oturanam, hələ də otururam – bu gün-sabah yetmiş yaşım olacaq. Gör necə səbirliyəm! Bir soruşan gərəkdi, nədən ötrü çalışmışam? Pula qarşı heç vaxt tamahkar olmamışam, tüpürüm onlara. Böyük adam da ola bilməmişəm. Bir azdan peşəm də ölüb gedəcək, sərraclar heç kəsə lazım olmayacaq. Sual olunur: həyat mənə nə üçün verilmişdi?
– Uşaqların üçün, – Marfa ciddi cavab verdi.
Antip Marfanın söhbətə müdaxilə edəcəyini gözləmirdi. Adətən, o, Antipin boş danışığını kobud bir iradla ağzında qoyurdu.
– Uşaqlar üçün? – Antip canlandı. – Əlbəttə, bir tərəfdən düzdür, digər tərəfdənsə yox, düz deyil.
– Hansı tərəfdən düz deyil?
– O tərəfdən ki, təkcə uşaqlar üçün yaşamaq lazım deyil. Bir az da özün üçün yaşamalısan.
– Sən özün üçün nə edərdin ki?…
Antip bu suala dərhal cavab tapmadı.
– Necə yəni nə edərdim? Bir şey fikirləşərdim də… Bəlkə, musiqiçi olardım. O vaxt şəhərdən adam gəlmişdi axı, deyirdi ki, mən anadangəlmə fitri istedadam – qızıl parçası. Qızıl isə nadir tapılır, mən belə düşünürəm. İndi kiməm mən? Adi sərrac.
– Kəs səsini, sən Allah! – Marfa əlini yellədi. – Boş-boş danışıb zəhlə tökmə…
– Deməli, başa düşmürsən, – Antip dərindən ah çəkdi.
Bir müddət susdular.
Marfa qəfildən ağlamağa başladı. Dəsmalla gözünün yaşını silib dedi:
– Uşaqlarımızın hərəsi dünyanın bir tərəfinə uçub.
– Neyləməliydilər ki, bütün ömürləri boyu sənin yanında oturmalı idilər? – Antip söylədi.
Birdən Marfa: