Теодор Драйзер – Kerri bacı (страница 7)
Hanson evə axşam saat yeddidə qayıtdı. Həmişə xörəkdən qabaq olduğu kimi bir az nəşəsiz idi. Adətən bu, onun səsinin ahəngindən və sözlərindən daha çox səssiz hərəkətlərində, üzünü turşudaraq otaqdan-otağa gəzinməsində büruzə çıxırdı. Onun sarı keçədən ayaqqabısı var idi. Hanson evə qayıdan kimi ağır çəkmələrini çıxarıb həvəslə bunları geyər, sonra bir parça adi sabunla üzünü yuyar, dərisini o qədər bərk sürtərdi ki, al qırmızı rəng alır və işıldayardı – bununla axşam yeməyinə hazırlığı qurtarardı. Sonra o, qəzeti götürüb, dərin sükut içərisində oxumağa başlardı.
Hələ gənc olan bu adamın bu cür xasiyyətdə olması Kerrini təəccübləndirirdi. Ailə başçısının əhval-ruhiyyəsi çox vaxt olduğu kimi evin bütün atmosferində əks olunur, arvada əzici təsir göstərir və onu cavabsız qala bilən suallar verməkdən çəkindirir.
Kerrinin müvəffəqiyyətini xəbər verdikdə Hansonun sifəti bir qədər açıldı. O:
– Deməli, siz boş yerə vaxt itirməmişsiniz! – dedi və bu zaman hətta yüngülcə gülümsündü.
– Yox, itirmədim! – deyə Kerri bir qədər qürurla cavab verdi.
Hanson bir-iki sual da verib, uşaqla oynamağa başladı və arvadı stol arxasında həmin məsələyə yenidən toxununcaya qədər bu mövzuya qayıtmadı.
Lakin Kerrini bu ailədə hökm sürən əhval-ruhiyyəyə tabe olmağa məcbur etmək o qədər də asan deyildi.
Kerri sözə başlayaraq:
– Görünür, bu çox böyük firmadır, – dedi. – Onun böyük aynalı şüşələri, çoxlu xidmətçiləri var! Mən danışdığım centlmen dedi ki, onlar çox adam qəbul edirlər.
– İndi abırlı görkəmi olan adam üçün iş tapmaq o qədər də çətin deyil, – deyə Hanson söhbətə qarışdı.
Kerrinin şən əhval-ruhiyyəsindən və ərinin qeyri-adi danışqanlığından həvəslənən Minninin də könlü açıldı və Çikaqonun diqqətəlayiq, daha doğrusu hər kəsin bir elə xərci olmadan baxa biləcəyi yerlərinin gözəlliyindən bacısına danışmağa başladı.
– Miçiqan-avenüyə baxmaq çox maraqlı olar. Orada olduqca gözəl evlər vardır. Qiyamət küçələr!
– Bəs Cekobs teatrı haradadır? – deyə melodram göstərilən teatrlardan birinin adını çəkərək Kerri onun sözünü kəsdi.
– Buradan o qədər də uzaq deyil, – deyə bacısı cavab verdi. – Daha doğrusu lap yaxındadır. Holsted-stritdədir.
– Bu teatra getmək yaman könlümə düşüb. Deyəsən axı bu gün mən o küçədən keçdim.
Təbii görünən bu suala cavab əvəzində balaca bir sükut əmələ gəldi. İnsanın fikirləri onun bütün hərəkətlərinə qəribə bir rəng verir. Teatr haqqında söz düşən kimi stol arxasında oturanların halı dərhal pozuldu. Bu əhval-ruhiyyədə pul xərci tələb edən hər şeyə sözsüz bir narazılıq vardı.
Hanson da, Minni də hər ikisi bir vaxtda bu barədə düşündülər. Minni “hə” deyə cavab verdi, lakin Kerri dərhal başa düşdü ki, teatra getmək məsələsinə burada yaxşı baxmırlar.
Hanson yeməyini qurtardıqdan sonra qəzeti götürüb qonaq otağına gedincəyə qədər bu söhbətə bir daha qayıtmadılar.
Bacılar qabları yumağa başladılar. Onlar tək qaldıqda daha sərbəst söhbətə girişdilər, lakin Kerri ara-sıra söhbəti kəsir, yavaşcadan zümzümə edirdi.
– Mən bir qədər şəhərdə gəzmək və əgər çox uzaqda deyilsə, Holsted-stritə baxmaq istəyirəm, – deyə Kerri bir az sonra qeyd etdi. – Nə üçün biz bu gün teatra getməyək?
– Mən belə zənn edirəm ki, bu gün Sven bir yerə getməz, – deyə Minni etiraz etdi. – O, səhər tezdən durmalıdır.
– Ancaq güman eləmirəm o bunun əleyhinə olsun. Axı bu ona ləzzət verəcək!
– Yox, o, teatra getməyi o qədər də çox sevmir.
Kerri dedi:
– Mən getmək istəyirəm. Gəl ikimiz gedək.
Minni fikrə getdi. Ancaq o, teatra gedib-getməməsi haqqında deyil – buna əvvəldən mənfi cavab hazırlamışdı – bacısının fikrini başqa bir istiqamətə necə dəyişdirmək haqqında düşünürdü.
Nəhayət, Minni başqa bir cavab tapmadığı üçün:
– Bir başqa vaxtda gedərik, – deyə cavab verdi.
Kerri işin nə yerdə olduğunu dərhal başa düşdü.
– Mənim bir qədər pulum var, – deyə o dilləndi. – Gedək mənimlə, Minni!
Minni başını buladı.
– Onu da özümüzlə aparaq, – deyə Kerri əlavə etdi.
– Yox, – deyə Minni yavaşca cavab verdi və söhbəti kəsmək üçün qabları cingildətdi, – o getməz.
Bacılar bir neçə il görüşməmişdilər, bu müddət ərzində Kerrinin xasiyyətində nə isə bir yenilik əmələ gəlmişdi. Onda elə bir təbii cəsarətsizlik, utancaqlıq var idi ki, bu hər dəfə özünün yaxşı yaşaması üçün mübarizə apardığı və xüsusən bu mübarizəyə kifayət qədər qüvvə və vəsaiti olmadığı zaman aşkara çıxardı, lakin onda hər cür əyləncələrə və zövqlərə qarşı böyük həvəs də vardı və bu onun xasiyyətinin əsas xüsusiyyətlərindən biri idi. O, hər barədə olursa olsun susa bilərdi, ancaq bu məsələdə yox.
– Sən bir ondan soruş, – deyə Kerri yalvarışla bacısına pıçıldadı.
Minni isə bacısının qazancının onlara verəcəyi əlavə vəsait haqqında düşünürdü. Bu pullar onların ev kirayəsinə gedəcək və hər dəfə əri ilə xərclər haqqında danışmaq onun üçün o qədər ağır olmayacaqdı. Lakin Kerri indidən əyləncə axtarırsa, deməli, gec-tez o, pul məsələsində iflasa uğrayacaqdır. Əgər bacısı onların daimi çalışqanlığa əsaslanan həyatlarının möhkəm qaydalarına tabe olmasa, bu əyləncələri başından çıxarıb inadla çalışmasa Kerrinin şəhərə gəlməsinin onlara nə xeyri olacaqdır? Bu fikirlər heç də onun soyuq qənaətçilik xasiyyətindən irəli gəlmirdi. Bu yorulmaz zəhmət nəticəsində bu yaranmış həyat şəraitinə həmişə şikayətsiz alışan ciddi bir adamın sadə mühakiməsi idi.
Nəhayət, Minni güzəştə getdi və Hansondan soruşmaq qərarına gəldi. Ancaq, o bunu həvəssiz etdi və bacısının fikri ilə şərik olduğunu heç bir işarə ilə bildirmədi.
Minni başını kişisinin oturduğu otağa soxaraq:
– Kerri bizi teatra dəvət edir, – dedi.
Hanson qəzetdən gözünü ayırdı. Onun Minniyə baxan gözləri “bu heç də biz gözlədiyimiz olmadı” ifadəsini sözdən də aydın bildirirdi.
– Mənim getməyə həvəsim yoxdur, – deyə o dilləndi. – Kerri nəyə baxmaq istəyir?
– O Cekobs teatrına getmək istəyir.
Hanson rədd cavabı olaraq başını bulayıb, yenidən qəzet oxumağa girişdi.
Kerri ər-Arvadın onun təklifinə necə yanaşdığını gördükdə bu adamların necə yaşadıqlarını tam aydınlığı ilə dərk etdi. Bu ona əzici təsir göstərdi, lakin qəti etiraz oyatmadı.
Kerri:
– Mən aşağı düşüb qapıda durmaq istəyirəm, – dedi.
Minni etiraz etmədi, Kerri şlyapasını geyib evdən çıxdı. Qapı səsini eşidib, yemək otağına gələn Hanson soruşdu:
– Kerri hara getdi?
– O dedi ki, aşağı düşüb qapıda duracaqdır, – deyə Minni cavab verdi. – Yəqin ki, o təmiz hava almaq istəyir.
– Mənə elə gəlir ki, o bütün teatrları-filanı yadından çıxarmalıdır. Onlara pul xərcləməyi heç ağıla gətirmək belə lazım deyil!
Minni:
– Bu, yəqin ki, sadəcə maraqdan irəli gəlir, – deməyə cəsarət etdi. – Burada hər şey ona yeni görünür.
– Hm, bilmirəm, – deyə Hanson mızıldandı və azca qaş-qabağını sallayaraq uşağın yanına keçdi.
O, gənc qızların nə qədər şöhrətpərəst və bədxərc olduqları haqqında düşünür və Kerrinin bu qədər az bir qazancla belə şeylər haqqında necə düşündüyünə belə təəccüb edirdi.
Şənbə günü Kerri yenə şəhərə getdi. Qız əvvəlcə onu maraqlandıran çaya doğru yollandı və sonra oradan hər birinin qabağında yaşıl çəmənlik olan gözəl evlər salınmış (bu çəmənlik sonralar bu yerlərin bulvara çevrilməsinə imkan vermişdi) Cekson-strit küçəsi ilə geri qayıtdı. Kerri bu zənginliyə heyran qalmışdı, halbuki bu küçədə çox guman ki, yüz min dollardan artıq pulu olan bir nəfər də yaşamırdı.
Kerri bacısının evindən çıxmasına sevinirdi. O bu ailənin nə qədər miskin və sönük bir həyat keçirdiyini başa düşmüş, sevincli və maraqlı təəssüratları başqa yerdə axtarmaq lazım olduğunu yəqin etmişdi. Onun beyni indi daha yüngül fikirlərlə məşğul idi, o bir neçə dəfə Druenin bazar ertəsi axşam gəlməyəcəyinə heç cür inanmır və onun gəlməsini fikirləşdikdə bir qədər həyəcanlansa da, qəlbinin dərinliyində bunu dumanlı halda arzu edirdi.
Bazar ertəsi Kerri tezdən durub işə getməyə hazırlaşırdı. O, yaşıl pamazıdan köhnə xal-xal köynəyini, qəhvəyi sarjdan solmuş yubkasını geydi, Kolumbiya-sitidə bütün yay uzunu qoyduğu balaca həsir şlyapasını qoydu. Onun ayaqqabıları olduqca köhnəlmişdi, qalstuku isə bütün çox işlənmiş şeylər kimi əzilmiş və görkəmsiz bir şəkil almışdı. Ümumiyyətlə Kerri fabrikdə işləyən qadına oxşayırdı, ancaq onun gözəl üzünün cizgiləri adi deyildi, o, sevimli, xoş və təmkinli bir qız təsiri buraxırdı.
Öz doğma evlərində saat yeddiyə-səkkizə qədər yatan Kerri kimi adamlar üçün səhər sübhdən qalxmaq asan deyildir. Saat altıda hələ tamamilə yuxulu halda yemək otağına baxarkən səssiz-səmirsiz səhər yeməyini qurtaran Hansonu gördükdə bacısı evindəki həyatın bütün ağırlığını yenidən hiss etdi. Kerri paltarlarını geyinənə qədər Hanson çıxıb getdi. Kerri Minni ilə birlikdə nahar etdi. Uşaq isə stolun arxasında hündür stulun üstündə oturub, sıyığı boşqabın qıraq-bucağına yayırdı.
İndi tanış olmadığı, adət etmədiyi işə başlamaq vaxtı çatdıqda Kerrinin kefi çox pozuldu. Onun bütün gözəl arzularından yalnız bir yığın kül qalmışdı, lakin bu külün altında hələ də ümid qığılcımları közərirdi. Kerri çox əzgin idi, o işləməli olacağı ayaqqabı fabrikində gördüklərini xatırlayaraq səssizcə yeyirdi. Dumanlı fikirlər onun başından çıxmırdı. Ona elə gəlirdi ki, o, böyük fabrik sahibləri ilə görüşəcək və onun işi rütbəli, yaxşı geyinmiş kişilərin hərdənbir nəzər salacaqları yerdə keçəcəkdir.