Теодор Драйзер – Kerri bacı (страница 9)
– İşin öhdəsindən necə gəlirsiniz? – dedi.
– Bir təhər, – deyə Kerri ehtiramla cavab verdi.
– Hm! – deyə usta mızıldandı və daha nə deyəcəyini bilmədiyi üçün keçib getdi. Başqa şəraitdə bu iş heç də bu qədər ağır olmazdı. Lakin o vaxtlar heç kəs işçilər üçün az-çox dözüləsi əmək şəraiti yaratmaq haqqında düşünmürdü.
Maşınlara çəkilən yağın və təzə dərinin qoxusuna binanın üfunətli qoxusu da qarışırdı, bu isə çox pis qoxu idi. Ancaq axşamlar süpürülən döşəmə zir-zibil ilə dolu idi. Heç kəs işçilərin rahatlığı qayğısına qalmırdı, onlara mümkün qədər az verməyə və onlardan mümkün qədər çox tələb etməyə cəhd edirdilər. Stullarda ayaq qoymağa yer, hərəkət edən söykənəcəklər, işçi qadınlar üçün aşxana, təmiz önlüklər, yararlı paltarasan yer – bütün bunlar o vaxt heç kəsin xəyalına gəlmirdi. Ayaqyolular qaranlıq, çirkli, hətta üfunətli idi. Ətrafda olan hər şey çox miskin görünürdü.
Kerri küncdə qoyulmuş vedrədən bir stəkan su içib nahar etmək üçün yer axtarmaq məqsədilə ətrafı nəzərdən keçirməyə başladı. Başqa işçi qadınlar pəncərə qabaqlarından, emalatxanadan getmiş kişilərin iş stolları arxasında yerləşmişdilər. Təbiətcə çox utancaq olan Kerri bir dənə də olsun boş yer tapmayıb heç kəsə yer üçün əziyyət vermək istəmədiyindən öz maşınının yanına qayıtdı və kətilin üstündə oturdu. O, içərisində nahar olan qutunu dizləri üstünə qoyub açdı və söhbətlərə qulaq asmağa başladı. İşçi qadınların danışdıqlarının əksəriyyəti hər dürlü məzmundan məhrum idi, özləri də pozulmuş dildə danışırdılar. Emalatxanada qalmış kişilərin bəziləri uzaqdan qızlara arabir söz atırdılar.
Onlardan biri pəncərənin yanında balaca bir yerdə valsdan bir neçə tur göstərən qıza müraciət edərək:
– Kitti, mənimlə bala gedərsənmi? – dedi. Bir başqası bağırdı:
– Ehtiyatlı ol, Kitti! Yoxsa saçların açılar.
– Heç olmazsa, sən mumla! – deyə qız səsləndi.
Qızların və kişilərin arasında gedən mənasız danışığı eşidən Kerri bir sövq-təbii ilə susurdu. O belə söhbətlərə alışmamışdı və bunda nə isə bir amansızlıq və qabalıq görürdü. Kerri qorxurdu ki, birdən onlardan biri bu sözlərlə ona müraciət edər. Ona elə gəlirdi ki, Druedən başqa bütün kişilər kimi emalatxanada işləyən gənclər də kobud və gülüncdürlər. O bir qadın kimi insanların varını, tərbiyəsini, yaxşı sifətlərini onların geyimlərinə görə mühakimə etməyə meyl edirdi.
Yarım saatlıq fasilə qurtardıqdan sonra maşın təkərləri yenidən vızıldamağa başlarkən Kerri hətta sevindi. O nə qədər yorulmuş olsa da yenidən işçi qadınlar içərisində işləməyinə razı idi. Lakin bu da onun canını qurtarmadı: bir gənc işçi onun yanından keçərkən laübalı bir görkəmlə barmağını onun böyrünə dürtdü.
Kerri tələsik hərəkətlə geri döndü və gözlərində qəzəb parladı, lakin oğlan keçib getdi və yalnız bir dəfə dönüb baxdı və dişlərini ağartdı. Kerri güclə göz yaşlarını saxladı.
Qonşusu bunu gördü.
– Siz əhəmiyyət verməyin! – dedi. – Bu oğlan çox sırtıqdır.
Kerri heç bir cavab vermədi və maşın üzərinə daha artıq əyildi. Ona elə gəlirdi ki, o belə həyata dözə bilməyəcəkdir. Onun iş haqqındakı təsəvvürü tamamilə başqa idi. O, günün bütün ikinci yarısını emalatxananın divarları arxasında yerləşən şəhər, dəbdəbəli mağaza vitrinləri, insan dəstələri, gözəl evlər haqqında düşündü. Doğma yerlər onun xatirəsində baş qaldırırdı, evdə qoyub gəldiyi bütün yaxşı şeylər gözü önündə canlandı. Saat üçdə ona elə gəldi ki, yəqin saat altıdır, saat dörddə isə düşünməyə başladı ki, müdiriyyət saata baxmır və bütün işçiləri vaxtından artıq işləməyə məcbur edir. Usta tamamilə vəhşiləşmişdi. O, emalatxanada vurnuxur, bu dəhşətli işdən bir dəqiqə ayrılmağa yol vermir, Kerrinin qulaqlarına çatan qırıq-qırıq sözlər onda qızlardan biri ilə dostluq etmək arzusunu öldürürdü. Nəhayət, saat altını vurduqda o cəld yerindən qalxdı və tələsik çıxdı. Onun əlləri ağrıyırdı. Bütün bədəni eyni vəziyyətdə işləməkdən sancırdı.
O, şlyapasını geyib uzun dəhliz ilə gedərkən ondan xoşu gəlmiş bir gənc işçi onu səslədi.
– Dayan, göyçək qız, əgər gözləsən, mən səni ötürərəm!
Aydın idi ki, bu sözlər məhz Kerriyə aiddir, ancaq qız heç dönüb baxmadı.
Ağzına qədər dolmuş liftdə tozlu və çirkli paltar geymiş bir gənc Kerriyə xoş bir təsir bağışlamaq məqsədilə gözlərini ona zillədi.
Küçədə yoldaşını gözləyən bir oğlan Kerrini görərkən dodaqaltı gülümsədi və zarafatyana söz atdı:
– Təsadüfən, yolumuz bir deyil ki?
Kerri yola düşdü. Tini dönərkən böyük aynalı pəncərədən bir neçə vaxt bundan qabaq ilk dəfə iş axtardığı zaman gördüyü stolu tanıdı. Küçədə həmişə olduğu kimi gümrah və qüvvətli, tələsən adamlar səs-küylü izdihamla hərəkət edirdilər. Kerri özünü bir qədər yüngül hiss etdi, lakin bu ancaq emalatxanadan çıxmasının nəticəsi idi. O, yanından keçən yaxşı geyinmiş qızlardan xəcalət çəkirdi. Ona elə gəlirdi ki, o, bunlardan da yaxşı geyinməyə layiqdir.
V FƏSİL
GÖZƏL GECƏ ÇİÇƏYİ. KERRİNİN ADI NECƏ ÇƏKİLDİ
Təyin olunmuş axşam Drue gəlmədi. Kerrinin məktubunu aldıqda, onun haqqında olan bütün fikirlərini müvəqqəti olaraq bir tərəfə qoyub tamamilə əyləncələrə – bu sözü anladığı mənada əyləncələrə – qoşuldu. Bu gün o Klark və Monro-strit küçələrinin tinində, zirzəmidə yerləşən xeyli məşhur “Rektor” restoranında nahar etdi. Nahardan sonra Adams-stritdə şəhər bələdiyyə idarəsinin əzəmətli binası qarşısında olan “Fitscerald və Moy” barına yollandı. Orada zəngin piştaxtanın yanında oturdu, bir qədər xalis viski içdi və iki siqara alıb onlardan birini yandırdı. Druenin təsəvvürünə görə belə hərəkət “yüksək cəmiyyət” həyatının adətlərinə daxil idi və bu həyatın daşıdığı mahiyyətin yəqin ki, bir hissəsini təşkil edirdi.
Drue əyyaş və pullu adam deyildi. O ancaq həyatda olan bütün yaxşı – Druenin təsəvvürünə görə yaxşı – şeylərin həsrətini çəkirdi və belə vaxt keçirmək Drueyə o yaxşı şeyin bir hissəsi kimi görünürdü. Divarları və döşəməsi pardaxlanmış mərmərdən olan, başdan-başa ziyaya qərq olmuş, gümüş və çini qablarla bəzənmiş, ən başlıcası isə artistlərin sevdiyi yığıncaq yeri olan “Rektor” restoranı Drueyə bəxti gətirmiş adamlar üçün daha əlverişli yer kimi görünürdü. Drue yaxşı geyməyi, dadlı şeylər yeməyi sevirdi, ancaq o, yaxşı məclisləri və həyatda müvəffəqiyyət qazanmış adamlarla tanış olmağı daha çox qiymətləndirirdi. Bu restoranda nahar edərkən o, Cozef Ceffersonun burada tez-tez olmasından, o dövrün başqa bir şöhrətli artisti – Henri Diskin ondan bir neçə stol aralıda oturması fikrindən həzz alırdı. Siyasətçilərin, birja dəllallarının, artistlərin, həmçinin bütün şəhərdə məşhur olan varlı avara gənclərin göründüyü boş laqqırtı gurultusu içərisində yeyib-içdikləri “Rektor”da həmişə bu ləzzəti almaq olardı.
– Odur, orada filankəslər oturmuşlar, – bu və ya başqa bir centlmenin, xüsusən yeməyə səxavətlə pul xərcləmək imkanı verən başhərləndirici yüksəkliyə çatmamış, lakin vaxtilə çatmağa ümid edən adamların ağzından tez-tez bu cümləni eşitmək olardı.
– Doğrudanmı? – deyə ona həmişəki kimi sual verilərdi.
– Əlbəttə! Bəs siz bilmirsiniz? O, Böyük operanın direktorudur.
Bu sözlər Druenin qulağına çatdığı zaman o, çiyinlərini düzəldib daha böyük iştahla yeməyə başlayırdı. Əgər onun bunsuz da özünə məxsus bəzi şöhrətpərəstliyi var idisə, belə söhbətlər bu şöhrətpərəstliyi daha da qüvvətləndirirdi, əgər o, məğrur idisə, bu sözlər onun məğrurluğunu daha da alovlandırırdı. Bəli, elə bir gün gələcək ki, o da dəstə-dəstə pullar xərcləyə biləcəkdir. Hələ indi o həmin adamların nahar etdiyi yerdə nahar edə bilir!
Onun Adams-stritdə olan “Fitscerald və Moy” barını üstün tutması da eyni mülahizələrə əsaslanmışdı. Çikaqo üçün bu, zəngin yer idi. “Rektor” restoranı kimi o da yumşaq elektrik işığına qərq olmuşdu, döşəməsinə rəngarəng dördbucaqlı daşlar döşənmişdi. Divarların aşağı hissəsinə vurulmuş tünd rəngli pardaxlanmış ağac gözəl çilçıraqların işığını əks etdirirdi. Divarın yuxarı hissəsinin gözəl naxışları salona fövqəladə zənginlik verirdi. Barın parlaq işığa qərq olmuş uzun piştaxtası da pardaxlanmış ağacla örtülmüşdü. Hər tərəfdə billur qablar, rəngli şüşələr və hər növ qəribə formalı butulkalar parlayırdı. Bura böyük palma ağacları, bahalı şərabları, bol meyvəsi, heç yerdə tapılmayan ən yaxşı konfeti və siqarları olan həqiqətən zəngin bir bar idi.
Drue “Rektor” restoranında m-r Herstvud ilə tanış olmuşdu. O, “Fitscerald və Moy” barının müdiri idi. Onun haqqında şəhərdə yaxşı tanınmış çox bacarıqlı və bəxti gətirən bir adam kimi danışırdılar. Herstvud bu fikri tamamilə doğruldurdu. Onun qırxa yaxın yaşı olardı, o, yaxşı geyinirdi, möhkəm bədəni və nəcib hərəkətləri var idi. Özünü müəyyən mövqe tutmuş və şəxsi ləyaqətini bilən mötəbər bir şəxs kimi aparırdı. Drue dərhal anladı ki, bu adamla dostluq etməyinə dəyər. Buna görə də Herstvud ilə sadə tanışlıqla kifayətlənməyib, hər dəfə bir az vurmaq və siqar çəkmək arzusu olanda Adams-stritə gedirdi.
Herstvud öz-özlüyündə maraqlı bir tip idi. O, zirək və hiyləgər idi, insanlara müsbət təsir bağışlamağı bacarırdı. Təmtəraqlı barın müdiri vəzifəsi çox şərəfli bir vəzifə hesab olunurdu. Herstvud illər boyu canfəşanlıq və inadla qulluq etmək nəticəsində yoxsul bir salonda bufetçilik vəzifəsindən indiki vəzifəyə qalxmışdı. Barda onun pardaxlanmış gilənar ağacı ilə bəzənmiş balaca bir kabineti var idi, o burada stolun gözündə çox da mürəkkəb olmayan mühasibatını yerləşdirmişdi, bunun köməyi ilə o lazım olan, sifariş edilmiş və alınmış malları hesablayırdı. Ümumi rəhbərliyi və maliyyə vəzifələrini bar sahibləri – Fitscerald və Moy və satışdan toplanan pulları idarə edən kassir yerinə yetirirdi.