реклама
Бургер менюБургер меню

Теодор Драйзер – Dahi (страница 17)

18

“Zavallı qız, –deyə Yucin düşündü, – o daha yaxşı qismətə layiqdir. O gələndə mən mütləq onun görüşünə gedəcəyəm”. O bu qərara gəldi və bu fikrə çoxlu başqa fikirlər də qarışdı: “Onun nə gözəl saçları vardır!”

DOQQUZUNCU FƏSİL

İnstituta daxil olmaqla Yucin üçün yeni bir həyat başlandı. İndi o incəsənətə xidmət edənlərlə sıravi adamlar arasında olan fərqi anlayırdı, Yaxud hər halda ona belə gəlirdi. Gündüzlər o, Çikaqonun yoxsullar yaşayan məhəlləsində dolaşdıqdan sonra birdən başqa bir aləmə atılır, onun üçün, Yucin Vitla üçün, burada yer tapıldığına çətinliklə inanırdı. Tələbələr – hər halda onlardan bəziləri – ona başqa maddədən olan məxluqlar kimi gəlirdilər. Onlar məşhurların yoğrulduğu xəmirdən olmasalar da, hər halda elə zəngin xəyal və fantaziyaya malik idilər ki, rəssamı bunlarsız təsəvvür etmək olmaz. Yucinin tədricən öyrəndiyi kimi, bu gənclər buraya ölkənin hər bir tərəfindən, – qərbdən və cənubdan, Çikaqo və Sent-Luisdən, Kanzas, Nebraska və Ayovadan, Texas, Kaliforniya və Minnesotdan toplanmışdılar. Bir gənc Kanadanın şimal-qərbində olan Saskaçevandan, digəri hələ o zamanlar “ərazi” adlanan yeni Meksikadan idi. Bu axırıncının adı Cil idi, yoldaşları onu “Hila-monstr” adlandırırdılar. İlk hərfin belə dəyişilmiş halda tələffüz edilməsi onun halını azacıq belə pozmurdu. Burada minnesotalı bir fermerin oğlu da var idi. O gələcək yazı və yayı evə getməyə – şumlamağa, əkib biçməyə hazırlaşırdı. Tələbələr içərisində Kanzas-Sitidən bir milyonerin oğlu da var idi.

Yucin əvvəlcə şəkil çəkmə texnikası ilə xüsusi olaraq maraqlandı. Hələ birinci axşam o işıq-kölgə haqqındakı təsəvvürlərinin yanlış olduğunu anladı. İnsan bədənini təsvir edəndə o, möhkəmlik və həcm duyğusu göstərməyə heç vəchlə müvəffəq ola bilmirdi.

Çərşənbə günlərinin birində müəllim onun çiyni ardından baxaraq qısaca:

– Ən qatı kölgə ən parlaq işığa yaxın düşür, – dedi, – sizdə isə hamısı eyni dərəcədə tutqun və yeknəsəqdir.

– Deməli, iş bunda imiş!

– Sizin bu fiquranı çəkməniz memarlıq məsələlərindən başı çıxmayan bənnanın ev tikməsini xatırladır. Siz kərpicləri plansız qoyursunuz. Hanı planınız? – bu səs arxadan hiss edilmədən yaxınlaşmış mister Boylun səsi idi.

Yucin başını qaldırdı. O, doğrudan da, ümumi kantoru nəzərdə tutmadan başı çəkməyə girişmişdi.

Mister Boyl əllərinin geniş hərəkəti ilə şəklin dairəsini göstərərək:

– Plan! Plan haradadır? – deyə təkrar etdi. – Hər şeydən əvvəl əsas xətləri çəkmək lazımdır. Təfərrüat ilə sonra məşğul olarsınız.

Hər şey dərhal Yucinə aydın oldu.

Başqa bir dəfə o, qadın döşü çəkərkən müəllim ona baxırdı. Onda hər şey nədənsə cansız çıxırdı, o, cizgilərin gözəlliyini verə bilmirdi.

Uzun müddət susan mister Boyl, nəhayət, özündən çıxdı:

– Onlar ancaq dəyirmi olur! İnandırıram sizi, ancaq dəyirmi! Əgər siz bir zaman dördkünc görmüş olsanız, lütfən mənə xəbər verin!

Yucin qəhqəhə çəkdi, bununla bərabər, o hələ nə qədər öyrənməli olduğunu anlayaraq bərk qızardı.

Bir dəfə o bu adamın bacarıqsız və küt, lakin çox çalışqan bir oğlana dediklərini eşitdi. Bu sözlər Yucinin onun ağzından eşitdiyi ən sərt sözlər idi. O kobudcasına dedi:

– Sizin işinizdən heç bir şey çıxmayacaqdır. Mənim məsləhətimə qulaq asın və evinizə gedin, siz yük arabaçılığına getsəniz, daha çox pul qazanarsınız.

Bütün sinif diksindi, lakin bu adam belə idi – qabiliyyətsizliyə, birisinin onun vaxtını boş yerə almasına dözmürdü. O, incəsənətə əməli sürətdə baxırdı və uğursuzların, axmaq və kütlərin nazı ilə oynamaq istəmirdi. O, sinfi inandırmaq istəyirdi ki, sənət böyük səy tələb edir.

Lakin rəssamın rəf etməli olduğu çətinliklər haqqında bu sərt və təkidli xatırlatmalar nəzərə alınmazsa, institutda xoşa gələn, hətta özünəməxsus şirnikləndirici cəhətlər az deyildi. Naturaçının çəkilmək üçün durduğu yarım saatlıq seanslar arasında bir neçə dəfə dörd-beş dəqiqəlik fasilələr olurdu. Bu zaman tələbələr söhbət edir, sönmüş çubuqlarını alışdırır, hər kəs istədiyini edirdi. Bəzən otağa başqa siniflərin tələbələri də gəlirdilər.

Naturaçının tələbələrlə və onların bu qızla belə sərbəst münasibəti Yucini təəccübləndirirdi. Şəraitə tədricən alışan Yucin görürdü ki, bəzi tələbələr qızın oturduğu yerə qalxır və onunla söhbətə başlayırlar. Çiyni və döşlərini örtən şəffaf al şərf nəinki onları gizlədir, hətta onun çılpaqlığının cazibədarlığını daha da artırırdı.

Yucinlə yanaşı oturan oğlan bir dəfə:

– Siz buna nə deyirsiniz? – deyə ona müraciət etdi. – Etiraf edirəm, belə bir səhnə qarşısında məni tər basır.

Yucin güldü.

– Bəli, mənzərə çox cazibəlidir.

Tələbələr tez-tez qızla zarafat edir və gülüşürdülər. Qız da gülür və onlarla mazaqlaşırdı. Yucin onun sinifdə necə dolaşıb, onların albomuna baxdığını görürdü. Belə dəqiqələrdə o, güclü həyəcan keçirirdi, lakin o bu həyəcanı, xəcalət gətirən və göstərilməsi lazım gəlməyən bir şey kimi boğur və gizlədirdi. Bir dəfə o, tələbələrdən birisi tərəfindən gətirilmiş şəkilləri nəzərdən keçirərkən bu qız, bu küçələr çiçəyi ona yanaşdı və çiyninin üstündən baxmağa başladı. Onun çiynində nazik şərf var idi, dodaqları və yanaqları boyanmışdı. Qız yumşaq döşlərini onun çiyninə və qoluna söykəyərək lap yaxında durdu. Yucinin bədənindən sanki elektrik cərəyanı keçdi, lakin özünü elə göstərdi ki, guya azacıq da karıxmamışdır.

Sinifdə royal vardı və tələbələr fasilə zamanı tez-tez çalıb oxuyurdular. Bəzən naturaçı qız da royalın arxasında oturur və onun akkompanementi altında kimsə oxuyur, iki-üçü isə səsini bunlara qoşurdu. Belə oxumaq nədənsə Yucini xüsusi həyəcanlandırırdı, bu oxumaqda o, eyş-işrət duyurdu. O özünü çətin idarə edir və dişlərinin bir-birinə necə dəyməyə başladığını hiss edirdi. Qız yenidən pozada durduğu zaman ehtiras dalğası yatır və onun gözəlliyinin soyuq, estetik qavrayışı ön plana keçirdi. Elə bu təsadüfü epizodlar onu müvazinətdən çıxarırdı.

Yucin yavaş-yavaş şəkil çəkməkdə müvəffəqiyyət qazanır və bir rəssam kimi inkişaf edirdi. O, adam bədəni çəkməyi sevirdi. Bu ona mənzərə və binaların daha müxtəlif olan cəhətlərini çəkmək qədər asan olmurdu. Lakin o, bədənin – xüsusən qadın bədəninin – incəliklərini təsir bağışlamağa başlayan gözəl, həssas xətlərlə verməyi bacarırdı. O, Boylun “Onlar ancaq dəyirmi olur” – deməyə məcbur olduğu mərhələni çoxdan keçmişdi. Onun kontorları gözəllik kəsb etmişdi və bu, tezliklə müəllimin nəzərini cəlb etdi.

Bir dəfə müəllim ona yavaşdan:

– Budur, indi siz yalnız ayrı-ayrı cəhətləri deyil, hər şeyi bütünlüklə qavrayırsınız, – dedi.

Yucin sevincdən qızardı. Başqa bir dəfə Boyl dedi:

– Daha sakit, oğlum, daha sakit. Olduqca çox hissiyat lazımdır. Fiqurada bu yoxdur. Əgər sizin buna meyliniz varsa, gələcəkdə sizdən yaxşı freska ustası olar, – deyə o davam etdi. – Sizdə gözəllik hissi vardır.

Yucinin bədəninə titrətmə düşdü. Demək, o, şəkil çəkməyi mənimsəməyə başlayır. Bu adam onun qabiliyyətini gördü. Deməli, həqiqətən onda istedad vardır.

O, bir dəfə axşam hər cür elanlar asılan lövhədə aşağıdakı plakatı gördü:

Əvvəllər bu barədə heç bir şey eşitməmiş Yucin düşündü ki, bu həngamə, yəqin, onların siniflərindən başlanmamışdır. O yenə də sinif başçısından soruşdu və öyrəndi ki, iştirak etmək üçün yetmiş beş sent verilməlidir. Arzu edənlər özləri ilə qız da gətirə bilərlər. Əksəriyyəti belə də edəcəkdir. Yucin şamda iştirak etməyi qərara aldı. Lakin qızı haradan tapsın?

“Safroni” – Klark-stritin aşağı hissəsində, əsas etibarilə italyan işçilərinin yerləşdiyi kvartalda olan italyan restoranı idi. Restoranın olduğu ev başqalarından bir az yaxşı idi. Həyətdə üstü kif basmış sadə taxta stollar qoyulmuşdu və yayda buraya taxtalar çıxarılırdı. Yağışdan qorunmaq üçün stolların üstündən tent çəkilmişdi. Sonralar tent öz yerini şüşə dama vermişdi, bunun sayəsində qışda da buradan istifadə etməyə başlamışdılar. Restoran təmiz idi, burada yeməklər də pis deyildi. Bir cavan jurnalist, yaxud rəssam buranı tapmışdı və senyor Safroni yavaş-yavaş hiss etmişdi ki, müştərilərinin heyəti yaxşılaşır. O yeni müştərilərlə salamlaşmağa başlayır, onlar üçün xüsusi yer ayırırdı. Bir dəfə isə balaca bir məclisə verilən yeməyi az qala maya qiymətinə hesablamışdı. Restoranın şöhrəti artdı. İndi senyor Safroni olduqca müxtəlif növlü şərab və tünd içkilər verilən şam yeməyi üçün hər adam başına yetmiş sent almaqla yüz nəfərlik məclis üçün qışda da burada ziyafətlər düzəldə bilirdi. Bütün bunlar onun şöhrətlənməsinə az yardım etməmişdi.

Noyabrın on altısına təyin olunmuş şam, bu vaxtadək siniflərin özündə təşkil olunan bir sıra qonaqlıqların son nəticəsi idi. Yeni tələbə, yaxud ümumiyyətlə yad bir adam gəldikdə burada onu “Qonaqlıq!Qonaqlıq!” səsləri ilə təbrik etmək kimi bir ənənə var idi. Yeni gələn, pivə fonduna öz payını – iki dollar – verməli idi, əks təqdirdə onu kənara atar, yaxud onun başına oyun açardılar. Araya pul gələn kimi axşam məşğələlər kəsilərdi. Tələbələr pul yığır, pivə çəlləyi və pendir buterbrodu almağa adam göndərirdilər, sonra isə şənlik – içmək, oxumaq, royal çalmaq və hər cür şıltaqlıq başlanırdı. Bir dəfə Omaha ştatından olan ucaboylu, qayğısız, kefcil bir tələbə çılpaq naturaçını qaldırdı, onu boynuna oturtdu, oynaya-oynaya otaqda gəzdirməyə başladı. Qız bütün qüvvəsi ilə onun saçlarını dartırdı, qalanları isə qulaqbatırıcı səslərlə onun arxasınca qaçışırdılar. Yucin buna çox təəccüb etdi. Qonşu otaqda məşğələ keçən canlı natura sinfinin bir neçə tələbəsi işi buraxıb, belə macəralar üçün xüsusi olaraq deşiklər açılmış arakəsməyə söykəndilər. Gördükləri səhnə onları o qədər heyrətləndirirdi ki, bu barədə bir an içərisində bütün binaya səs yayıldı. Bu hərəkət haqqında müdriyyət də bildi və müqəssir tələbə ertəsi gün xaric edildi. Lakin eyş-işrət rəqsi hər halda baş tutmuşdu və onun xatirəsi üzün müddət institutun divarları arasında qaldı.