реклама
Бургер менюБургер меню

Теодор Драйзер – Dahi (страница 19)

18

– Hə, bizim evi tapmaq çətindir, eləmi? – deyə soruşdu.

Yucin başını buladı:

– Mən bu yerlərə çox yaxşı bələdəm. Mən buralara borc toplamağa gəlirəm, mən axı “Ucuz mebel və xalçalar” kompaniyasında xidmət edirəm

Onun açıq danışmasından xoşlanan Rubi:

– Deməli, mən əbəs yerə narahat olurdum, – dedi. – Mən qorxurdum ki, siz bizi tapana qədər tamam əldən düşərsiniz. Çox pis havadır, hə?

Yucin onunla razılaşdı, sonra isə ətrafdakı mənzərələrin onu nə kimi fikrə gətirib çıxartdığı haqqında danışdı.

– Əgər mən rəssam olsaydım, məhz belə şeyləri çəkərdim. Bu elə əzəmətli, elə gözəldir ki.

O, pəncərəyə yanaşdı və oradan görünən mənzərəyə baxmağa başladı.

Rubi onu maraqla süzürdü. Onun hər bir hərəkəti Rubiyə ləzzət verirdi. O bu gənclə özünü olduqca sərbəst hiss edirdi, sanki əvvəlcədən əmin olmuşdu ki, onu sevəcəkdir. Onunla söhbət etmək necə asandır. İnstitut, onun naturaçı işləməsi, Yucinin ümidləri, qızın yaşadığı yer – bütün bunlar onları yaxınlaşdıran mövzular idi. Onlar qızın işi haqqında söhbət edərkən, Yucin:

– Burada şöhrət qazanmış emalatxanalar çoxdurmu? – deyə soruşdu. O, Çikaqo rəssamlar aləminin vəziyyətini öyrənmək istəyirdi

– O qədər də çox deyildir. Hər halda yaxşıları azdır. Axı bəzi rəssamlar elə xəyal edirlər ki, guya şəkil çəkməyi bacarırlar.

Yucin soruşdu:

– Bəs burada ən böyük sənətkar kim hesab olunur?

– Məsələ belədir: mən ancaq başqalarından eşitdiklərimi bilirəm. Deyirlər, mister Rouz çox istedadlıdır. Bayem Cons məişət şəkillərini pis çəkmir. Uolter Lou yaxşı portretçidir. Menson Stil də həmçinin, hə, bağışlayın, bir də Artur Biqs vardır, o ancaq mənzərə çəkir. Onun emalatxanasında mən heç vaxt olmamışam. Sonra Finli Vud vardır ki, o da portretçidir. Uilson Bruks isə çox fiquralı kompozisiyalar çəkir. Lakin hamısını yadda saxlamaq olmur, onlar çoxdurlar.

Yucin ovsunlanmış kimi dinləyirdi. İncəsənətə aid olan şeylər haqqında bu iddiasız söhbətlər onda buranın rəssamları barəsində indiyə qədər bütün eşitdiklərindən daha artıq təsəvvür yaradırdı. Yəqin bu qız çox şey bilirdi. O bu aləmin adamıdır. Yucin düşünürdü: görəsən həmin adamlarla bu qızın münasibəti necədir?

Bir müddətdən sonra onlar yenidən pəncərəyə baxmağa başladılar.

Qız:

– Bura çox gözəl deyil, – dedi. – Amma atama və anama xoş gəlir. Atamın iş yeri bura yaxındır.

– Mənə qapını açan sizin atanız idimi?

– O mənim doğma atam deyil, – deyə qız izah etdi. – Onlar məni qızlığa götürmüşlər, amma öz doğma qızları kimi baxırlar. Mən onlara çox borcluyam.

Yucin qızın hələ nə qədər gənc olduğunu düşünərək:

– Siz yəqin, bu peşəyə yaxın zamanlarda başlamısınız? Deyə soruşdu.

– Bəli, təqribən bir il olar.

O, Yucinə danışdı ki, əvvəllər “Bazar”da kassirlik edirdi, birdən onun və yoldaşlarının ağlına naturaçı olmaq fikri gəldi. “Tribun”un bazar günü nömrəsində onlar tələbələrin qarşısında duran bir qızın şəklini gördülər. Bu hadisə onları həvəsləndirdi. Onlar bu işdə özlərini sınamağı məsləhətləşdilər. O vaxtdan naturaçılıq peşəsində işləyirlər. Onun rəfiqəsi də şam yeməyində olacaqdır.

Yucin onu həvəslə dinləyirdi. Rubinin sözləri vaxtilə qəzetlərdə onu cəlb edən şəkilləri – Çikaqo çayı üzərində Qazlar adasının mənzərələrini, köhnə balıqçı evlərini, üzü üstə çevrilərək adamlara sığınacaq yerini əvəz edən qayıqları xatırlatdı. O bu barədə, həmçinin özünün Çikaqo səfəri haqqında nağıl etdi. Qız ona böyük maraqla qulaq asırdı. Qız düşünürdü ki, o, həddindən artıq hissiyata qapılsa da, oğlandır. Necə də boylu-buxunludur, – o, Yucinin yanında xırdaca görünürdü.

– Siz, gərək ki, çalırsınız? – deyə Yucin soruşdu.

– Az-maz. Bizdə royal yoxdur. Çəkilmək üçün getdiyim studiyalarda bir az öyrənmişəm.

– Rəqs edirsiniz?

– Əlbəttə.

Yucin kədərlə:

– Mən də rəqs etməyi öyrənmək istərdim, – dedi.

– Nə mane olur ki? Bu çox sadə işdir. Mən bir dərsdə sizə öyrədərəm.

– Lütfən, – deyə Yucin xahiş etdi.

Rubi ondan bir addım aralanaraq:

– Bu heç də çətin iş deyildir, – dedi. – Mən bütün addımları – “pa”ları sizə göstərərəm. adətən valsdan başlayırlar.

O, paltarının ətəklərini qaldırıb, balaca ayaqlarını bir az açaraq, Yucinə birinci “pa”nı göstərdi. Yucin təkrar etmək istədisə də, bir şey alınmadı. O zaman qız onun bir əlini öz belinə qoydu və o biri əlini öz əlinə aldı.

Rubi:

– Mən sizi apararam, – dedi.

Qızı öz ağuşunda hiss etmək necə də ləzzətli idi! Görünür, qız dərsi qurtarmaq üçün azacıq belə tələsmirdi, – onunla səbrlə məşğul olur, müxtəlif hərəkətləri izah edir, onun addımlarını düzəltmək, onun və özünün səhvlərinə gülmək üçün tez-tez dayanırdı.

Onlar bir neçə tur etdikdən sonra qız:

– Yavaş-yavaş düzəlir, – dedi.

Onların nəzərləri dəfələrlə qarşılaşdı, Yucin gülümsədiyi zaman qız ona şən təbəssümlə cavab verirdi. Yucin bu qızın studiyaya onun yanında durduğu və çiyni üzərindən boylanaraq baxdığı axşamı xatırladı. Əlbəttə, o daha cəsarətli olsaydı, dərhal bütün şərtilikləri addımlayıb keçə bilərdi. O yüngülcə qızı ağuşuna sıxdı, durduqları zaman isə buraxmadı.

O güclə:

– Siz necə mərhəmətlisiniz, – dedi.

Onun ağuşundan azad olmağa tələsməyən qız:

– Heç də elə deyil, sadəcə mənim xasiyyətim yaxşıdır, – deyə gülümsədi.

Həmişə belə hallarda olduğu kimi, Yucini həyəcan bürüdü.

Rubini isə Yucinə cəzb edən onun bir xüsusiyyəti idi –Rubi onda amiranə bir inam görürdü. O, Rubinin tanıdığı başqa kişilər kimi deyildi.

O, qızın gözlərinin içinə baxaraq:

– Mən sizin xoşunuza gəlirəm? – deyə soruşdu.

Rubi onun saçlarını, üzünü, gözlərini diqqətlə nəzərdən keçirdi.

– Bilmirəm, – deyə sakitcə cavab verdi.

– Doğrudan bilmirsiniz?

Yenidən sükut başladı. Qız bu vaxt içərisində ona baxırdı, sonra isə dəhlizə çıxan qapıya ehtiyatla nəzər salaraq:

– Hə, deyəsən xoşuma gəlirsiniz, – dedi.

– Siz mələksiniz! – deyə Yucin səsləndi və onu qırmızı divana doğru apardı. Rubi yağmurlu günün qalan hissəsini Yucinin ağuşunda nazlanaraq və öpüşləri ilə məst olaraq keçirdi. Rubi onun kimisinə hələ təsadüf etməmişdi.

ON BİRİNCİ FƏSİL

Bu hadisədən bir az əvvəl, Ancela Blu Yucinin qızğın xahişlərinə əməl edərək, bu payızda ilk dəfə Çikaqoya gəldi. Evdən çıxmaq onun üçün çox çətin idi. Lakin Yucinin hər bir fikrinə, xüsusən arzuları ilə bağlı olan fikirlərinə verdiyi ehtiraslılığına uymuş Ancela bütün maneələri dəf etdi. Yucin təkcə fırça ilə deyil, qələmlə işləməyi də bacarırdı. Doğrudur, onda nə təkmilləşmiş üslub, nə də fikirlərini məntiqi ifadə etmək bacarığı vardı, lakin təsvir qabiliyyəti olduqca çox inkişaf etmişdi. Yucin öz təsvirlərinə nüfuzedici bir incəlik verərək, fırça ilə çəkdiyi kimi, qələmlə də adamların, evlərin, atların, itlərin, mənzərələrin əksini yaradırdı. O, Ancelaya şəhər və onu əhatə edən aləmi ən cəzbedici boyalarla təsvir edirdi. Onun hər bir saatı hesaba alınmışdı, lakin Ancelaya öz həyatını təsvir etmək üçün sərf olunan vaxta heyfi gəlmirdi. O, dolaşdığı aləmin xüsusiyyətləri ilə və qeyri-adi şəxsiyyətinin məlahəti ilə (bu barədə Yucin açıq danışmırdı) qızı cəlb edirdi. Bu təzada görə Ancelanın öz kiçik aləmi ona hədsiz dərəcədə acınacaqlı görünməyə başladı.

Ancela institutda dərslərin başlanmasından bir az sonra gəldi və Yucin onun dəvətini alaraq, Ancelanın xalasının sakit bir döngədə qəşəng kərpic evdə yaşadığı Şimal tərəfə tələsdi. Burada hər şey meşşan səliqəsi və rahatlığı ilə düzəldilmişdi. Yucin ilk nəzərdən köhnə zadəgan mühitinin sakit gözəlliyi ilə dolu olan bu həyatın əsiri oldu. Bu ev bu qədər incə və zərif olan Ancela kimi bir qız üçün tamamilə münasib idi.

Yucin şənbə günü səhər tezdən gəldi, çünki qulluq işlərinə görə şəhərin bu hissəsində olmalı idi. Ancela onun üçün royal çaldı, – Yucin ömründə belə yaxşı ifa eşitməmişdi. Bu onu Yucinin gözündə daha da ucaltdı. Ancela nəvazişli incəliklə dolu olan həssas musiqini, romansları, melodiyaları sevirdi. Yucinin qaldığı yarım saat içərisində Ancela onun üçün bir neçə parça çaldı. Yucin onun bədəninə yapışmış sadə paltarda sanki heykəltəraş tərəfindən yaradılmış kimi görünən incə fiqurasına, yoğun hörüklərlə hörülmüş və belindən aşağı sallanan qalın saçlarına baxırdı. Bu paltar və bu hörüklərlə Ancela “Faust”dakı Marqaritanı xatırladırdı.

Yucin axşam ən yaxşı kostyumunu geyinmiş, kefi kök, üzügülər halda yenidən gəldi. O tamamilə rəssam olmaq ümidinə qapılmışdı və ehtirasla sevəcəyini hiss etdiyi bu qızla görüşmək onu sevindirirdi. Bu qızda nə isə qüvvətli, xeyirxah bir şey hiss olunurdu. Yucini ona cəzb edən də bu idi. Qız isə istedadlı gənci oxşamaq, əzizləmək və onun xoşuna gəlmək istəyirdi, bu da onların yaxınlaşmaları üçün zəmin yaradırdı.

Elə o axşam onlar operaya getdilər. Orada xəyali tamaşa (feeriya) göstərirdilər. Sakit, şən əhvali-ruhiyyə yayan bu musiqili fantaziyanın quruluşu, zəngin paltarlar, qəşəng xorçu qızlar və valehedici melodiyalar Yucin və Ancelanı heyran etdi. Onların hər ikisi çoxdan teatrda olmamışdı. Həyatın belə fantastik şərti təsviri onların hər ikisinin ürəyindən idi. Aleksandriyadakı qısa tanışlıqdan sonra bu təsirlər onların görüşünə nə isə xüsusi bir şənlik verirdi.

Teatrdan çıxdıqdan sonra Yucin Ancelanı camaatın içərisindən keçirərək, şəhərin mərkəzini Şimal hissə ilə birləşdirən tramvay xəttinə doğru apardı (Yucinin Çikaqoda olduğu vaxt içərisində şəhər yolları elektrikləşdirilmişdi). Gənclər tamaşanın gözəllik və müvəffəqiyyətini maraqla müzakirə edirdilər. O, yenidən Ancelaya baş çəkmək üçün icazə istədi, ertəsi günü nahardan sonra gələrək, axşamlar Mərkəzi musiqi salonunda çıxış edən məşhur natiqi dinləməyi təklif etdi.