13
Qoruma, kömək və məsləhət – Mühacir intellektuallar hamısı şikəst olmuş şəxslərdir və əgər onlar qürurlarının qapalı otağında qəfildən bu həqiqəti dərk edərək daha da sarsılmaq istəmirlərsə, mütləq bu şikəstliyi özlərinə etiraf etməlidirlər. Həmkarlar ittifaqlarının, yaxud nəqliyyatın strukturunu nə qədər yaxşı bilirsə bilsin, mühacir intellektualın yaşadığı mühit onun üçün həmişə anlaşılmazdır: o, həmişə səhv etməyə, yolunu azmağa məhkumdur. Kütlə mədəniyyətinin inhisarçı ərazisində fərdi mövcudiyyətini davam etdirmək üçün etdiyi cəhdlərlə obyektiv və məsul bir iş arasında onu gözləyən keçilməsi mümkünsüz uçurum vardır. Ana dili əlindən alınmış, bütün intellektini bəsləyən tarixi qat budanmışdır. Bu təcrid halı üzvlərinə etibar etməyən, fərqli olaraq damğalananlara düşməncə davranan qapalı siyasi mühitlərin formalaşması ilə daha da ağırlaşır. Ümumi məhsulun xarici əsillilərin payına düşən hissəsi həmişə yetərsizdir, buna görə də, mühacir inllektuallar ümumi rəqabətdən əlavə, öz aralarında ümidsiz bir ikincilər rəqabətinə girməyə məcburdurlar. Bu cür rəqabət halının şəxsdən təsirsiz ötüşməsi qeyri-mümkündür. Bilavasitə hakimiyyətin alçalışından kənarda saxlanılan şəxs belə bu cür kənarda saxlanmanı ürəyində ləkə olaraq gəzdirəcək: cəmiyyətin dövretmə prosesində həqiqiliyi olmayan, xəyali bir varlıq. Yurdsuzlar arasındakı münasibətlər isə cəmiyyətin yerli nümayəndələri arasındakından daha iyrəncdir. Bütün vurğular yanlış, bütün perspektivlər çəpəkidir. Şəxsi həyat vampir kimi həmişəkindən daha hirsli, daha yırtıcı halda ön plana çıxır: var olmadığı üçün hələ də diri olduğunu sübut etməyə çabalayan şəxsi həyat. Bir yol var – özümüz və başqaları ilə bağlı təsbitlərimizi davam etdirmək: gözlərimizi açmaq, baş verənləri anlamaq və beləliklə, qiyamətdən qaça bilməsək belə, onun dəhşətindən, yəni böyük korluqdan arınmağa çalışmaq. Bu nöqtədə diqqətli olmaq lazımdır, xüsusən də şəxsi dostların seçilməsində – əlbəttə, hələ də seçim deyilən şey varsa. Belə anlarda qüdrət sahiblərinə yaxınlaşmaq və onlardan nəsə ummaq ən böyük təhlükədir. Ehtimaldakı imtiyazlara zillənmiş göz bütün növ insan münasibətlərinin ölümcül düşmənidir: insan münasibətlərindən güc və bağlılıq doğula bilər. Ancaq praqmatik məqsədlərə yönələn qayğılar tamam qısırdır. Daha bir təhlükə var: qüdrətlilərin güzgülərindəki xəyali təsvirlər: kölələr, yaltaqlar və dilənçilər: özlərindən daha yaxşı vəziyyətdə olanlara ancaq mühacir güzəranının şərtlərində inkişaf imkanı tapan qədimi qələndərliklə yalaqlanmağa çalışanlar. Bu adamlar qoruyucularına bəzi xırda imtiyazlar təşkil edə bilərlər. Ancaq bu imtiyazlar əvəzsiz deyil: mühacir bu imtiyazları qəbul etdiyi anda onu dibə çəkirlər. Mühacir isə bu hökmə meyillidir. Yad ölkədə tamam köməksiz haldadır. Bu cür imtiyazlarsa hava və su kimidir. Batini jest – Avropada çox vaxt kor-koranə şəxsi maraqlar üçün bəhanə idi, bəlkə. Bununla belə, dövrümüzün mühacirlik şərtlərində zahidlik təfəkkürü su sızıntısı bol olan pəjmürdə qavrayış olsa belə, hələ də ən uyğun xilasedici qayıq kimi görünür. Onu da demək lazımdır ki, onsuz da çox az adam qarşısındakı dənizə dözəcək qədər etibarlı nümunədir. Acından ölmək, yaxud dəli olmaq. Yolçuların çoxu üçün qurtuluş bunlardan başqa şey deyil.
14
Le bourgeois revenant (1) – İyirminci əsrin birinci yarısının faşist rejimləri köhnəlmiş iqtsadi formanı gücləndirərkən bu cür köhnə sistemin dayanıqlığı üçün lazım olan terroru da artırdılar: köhnə iqtisadi sistemin ağıldankənar xüsusiyyətlərini təkcə terrorla gizlətmək mümkün idi. Bu terrordan şəxsi həyat da öz nəsibini aldı. Qapalı və havasız şəxsi həyat, xırda mənafelərin partizanlığı, çoxdan vədəsini doldurmuş ailə quruluşu, mülkiyyət hüququ və onun şəxsdə təzahürü – kənardan avtoritarlığın gücləndirilməsiylə bu anlayışların da ömrü bir qədər uzandı. Bununla belə, bu proseslərdə daim narahat bir vicdan özünü biruzə verdi. Vicdanı yanlışlıq və saxtalığın gizlədilə bilməyən görüntüsünün yaratdığı düşüncə müşayiət etdi. Burjua dəyərlərində bir vaxtlar yaxşı və saf olan hər şey: müstəqillik, ötkəmlik, bəsirət, ehtiyatlılıq kimi xüsusiyyətlər tamamilə çürüdü, çirkləndi. Bu da səbəbsiz deyildi: burjua mövcudiyyət forması təcavüzkarlıqla qorunarkən, onun iqtisadi şərtləri qorunmamış və bu şərtlər tamam aşınmışdı. Məhrəmiyyət yerini gizlində eyni olduğu məhrumiyyətə verdi, özü də, bütünlüklə. Xırda mənfəətçiliyə yönəlmiş inadkar sədaqətə qəzəb də əlavə olundu: daha yaxşı, daha fərqli dünyanı qura bilməyəcəklərini anlayanların qəzəbi. Köhnə burjua təkrarlandı. Burjua məsumiyyətini itirdiyi anda quduzlaşdı. Balaca bağçanı uzun müddətdir “özəl mülk” hesab etmədən sulayan, lakin hansısa yad bir adam bağçaya girmək istədikdə onu qorxuyla bayıra itələyən əl, siyasi mühacirin mühacirət tələbini də rahatlıqla rədd etdi. Ancaq bu əl oyektiv təhdidi aşkar duyurdu. Nəticədə idarəçilərin və müftəxorların subyektivliyi bütünlüklə insanlıqdankənar xarakter aldı. Bu, burjua sinfinin – dünyanın gedişatına istiqamət verən destruktiv gücü öz əlinə alaraq qiyamət xəbərçisi xortdanlar kimi yaşamağa davam edən bir sinfin özünü realizəsi idi.
15
La nouvel avare (1) – İki növ tamahkarlıq var: birincisi əzəlidir – şəxsin həm özündən, həm də başqalarından hər şeyi əsirgəməsinə səbəb olan ehtiras. Bu tipin fizionomik xüsusiyyətlərini Molyer ölümsüzləşdirmiş, Freyd anal xarakterlə (2) əlaqələndirmişdi. Bu tipin ən mükəmməl nümunəsi məşhur xəsisdə, nağılların qiyafə dəyişmiş xəlifəsinin asketik maskasını xatırladan milyonçu dilənçidə görə bilərik. Onun kolleksionerlə, psixlə, yaxud böyük aşiqlə münasibəti Qobsekin Esterlə münasibəti (3) kimidir. Qəzetlərin yerli xəbərlərlə əlaqəli sütunlarında hələ də qarşımıza çıxa biləcək bir növ antikvardır. Zamanımızın xəsisi isə özü üçün heç nəyi baha bilməyən, başqalarına hər şeyi baha görən şəxsdir. Münasiblik hesabları ilə fikirləşər və bütün həyatını bir qaydaya, şəxsin aldığından azını verməsi, gələn dəfələrdə də verdiyindən çoxunu alması qaydasına həsr edər. Bu tipin bütün yaxşı əməllərini “Lazımdırmı?”, “Etməliyəmmi?” sualı müşayiət etməkdədir. Bu tip etdiyi yaxşılığın “intiqamını almaq üçün” düşdüyü təlaşla özünü ələ verər: Hər bir xərcin qarşılığının alındığı mübadilə zəncirində bircə dənə də olsun itirilmiş halqaya dözümü yoxdur. Bütün işlərini aşkar və rasional üsulla həll etdiyi üçün Harpaqon, yaxud Skrucdan fərqli olaraq, günahlandırılması, yaxud tovlanması qeyri-mümkündür (4). İnsafsız olduğu qədər də dostcanlıdır. Lazım gəldikdə doğrunun tərəfinə keçər və doğrunu yalana çevirər. Köhnə xəsisin səfil acgözlüyünün xilaskar cəhəti vardı: kassadakı qızıllar oğruları da cəzb edirdi. İfadəli desək: eynilə, cinsi sahiblənmə ehtirasının ancaq şəxsin özünü təslim etməsiylə doyuzdurulması kimi, köhnə xəsisliyin də ehtirası fədakarlıq və itki ilə doyuzdurulurdu. Yeni xəsislər isə zahidliklərini günah kimi yox, fəzilət kimi yaşayırlar. Onlar sığortalıdırlar.
16
Nəzakətin dialektikası barədə – Yaranmaqda olan sənaye cəmiyyətinin hər cür insani münasibəti mümkünsüzləşdirəcəyini hiss edən Höte Vilhelm Meisterin səyahət illərində nəzakət anlayışına toxunaraq bu anlayışı yadlaşmış insanları soyuqluqdan xilas edəcək güc kimi təqdim etmişdi. Nəzakət – imtinadan ayrılmayacaq güc. Total qaynaşmadan, ehtirasdan, saf səadətdən imtina edilməliydi. Höte üçün insani olan şey tarixin sorğulanmayan axışını, inkişafın insanlıqdankənar keyfiyyətlərini, subyektivliyin süqutunu öz mübarizəsi kimi qəbul edən özünü təbiyə idi. Di gəl ki, o vaxtdan bu yana baş verənlər hötevari imtinanın bir növ tələbat olaraq görünməsinə yol açacaq qəbildəndir. Bu arada, Höteyə görə nəzakət və insanlıq (bunlar onun üçün eyni şeylər idi) bizi getməkdən qoruyacaq-ları hədlərə özləri gedib çıxmışdılar. Yaxşı bildiyimiz tarixi bir an var. Nəzakətin tarixi anı. Burjua fərdinin özünü mütləqiyyətçi gücün qarmağından xilas etdiyi an. Fərd azad və təkbaşınadır. Sadəcə özüylə hesablaşır. Digər tərəfdən, mütləqiyyətin yaratdığı iyerarxik hörmət və düşüncəlilik də köhnə iqtisadi əsaslarından və qorxuducu gücündən sıyrılsa da, hələ imtiyazlı qrupların içərisində bir yerdə yaşamağın dözüləcək həddinə qarışacaq qədər varlığını qoruyub saxlamışdır. Mütləqiyyət və liberallıq arasında ilk baxışda paradoks kimi görsənən bu qarşılıqlı cazibətəkcə Vilhelm Meisterdə deyil. Onu Bethovenin ənənəvi bəstəkarlıq əsərlərinə qarşı münasibətində, hətta məntiqdə Kantın obyektiv bağlayıcı ideyaları subyektiv kimi təqdim etməsində də görə bilərik. Bethovenin dinamik, dağıdıcı gücə malik işlərinin içində, Kantın sxolastik kateqoriyaları şüurun vahidliyindən deduksiyasında açıq-aşkar özünü göstərən “nəzakətanə” istiqamət var. Nəzakətin şərti əvvəlki möhkəmliyini və bütövlüyünü çoxdan itirmiş, ancaq yenə də varlığını sürdürən qarşılıqlı razılaşmadır (konvensiya). Bu qarşılıqlı razılaşma bərpası müşkül dağıntılar halında sadəcə formaların parodiyasında öz varlığını sürdürür: cahillərin istifadəsi üçün necə gəldi hazırlanmış, yaxud keçmiş dövrlərdən yığılmış etiket qaydaları çələngi. Qəzetlərin könüllülük prinsipində işləyən davranış qaydaları məsləhətçilərinin gəvəzələ-dikləri növdən qaydalar. Dişlə-dırnaqla yaradılan nəzakət və qarşılıqlı razılaşma indi ancaq sürücülərin və başqa radio dinləyicilərin qulaq konformizminə xidmət edir. Mərasim başa çatdı. Bu, nəzakət üçün ilk baxışda faydalı hesab oluna bilər. Nəzakət avtonomsuzluqdan məhrum ziyanxor ölçüdə yad hər meyardan təmizlənəndə bir gözlənti yaranır: hər bir insani halın özünəməxsus tələbatlarının nəzərə alınması. Bununla belə, bu cür müstəqilləşmiş nəzakət nominalizmin hər konteksdə qarşılaşacağı çətinliklərin ortasında tapacaqdır özünü. Nəzakət birbaşa mərasimyana razılaşmalara tabe olmaq deyil. Humanistlər də nəzakətin bu cür qəbul edilməsinə ironik yanaşırdılar. Nəzakətli davranış – öz tarixi mühiti qədər paradoksal bir şey idi. O, razılaşmanın hökmdən düşən iddiaları ilə fərdin özbaşına cəhdləri arasında bir uzlaşma – mümkünsüz uzlaşma – istəyirdi. Nəzakətli davranışın yeganə meyarı razılaşma idi. Razılaşma nə qədər gücdən düşmüş olsa da, fərdi haqq iddiasının mənşəyindən ibarət universalı təmsil edirdi. Nəzakət fərqliliklərin fərqləndirilməsidir. Şüurlu ayrılmalardan ibarətdir. Müstəqilləşmiş–fərqləndirilmiş, universallaşmamış – nəzakət fərdin qarşısına mütləqlik kimi çıxarsa, o, fərdin marağını özünə çəkə bilməz və nəhayətində, mütləq fərdə kobudluq etmiş olar. Nəyin müzakirəsinin mümkün, nəyinkinin qeyri-mümkün olduğunu müəyyənləşdirən hansısa qaydanın qalmadığı dövrdə yaşayırıq. Bu dövrdə səhhət soruşmaq yaxşı tərbiyə əlaməti sayılmır və bu sual pis niyyətə, altməqsədə işarə vurur. Eyni zamanda, susqunluq bomboş bir laqeydliyin elçisinə çevrilir. Beləliklə, fərdin nəzakətə qarşı düşmənçiliyinin (səbəbsiz olmayan düşmənçilik) əsası qoyulur: nəzakət formaları fərddə onunla insan olaraq danışdıqları hissindən daha çox, bu hissin əksini yaradır. Digər tərəfdən, belə bir halda nəzakətli danışan şəxs sırf nəzakəti davam etdirdiyi üçün nəzakətsiz biri kimi damğalanmaq riskiylə qarşılaşır. Ən nəhayətində, müstəqilləşmiş və bütünlüklə fərdiləşmiş nəzakət yekə bir yalana çevrilir. Günümüzdə nəzakətin həqiqi prinsipi onun haqqında danışmağı ciddiyyətlə rədd etdiyi şeydə gizlidir. Hər fərddə cisimləşən hərəkət və bundan daha çoxu – onun potensial gücü. Şəxslərə qarşı qeyri-şərti davranışın və onları olduqları kimi qəbul etmə təklifinin arxasında ciddi-cəhdlə “yerinə yerləşdirmə” arzusu yatmaqdadır: şəxsi və ehtimallarını onun ağzından çıxan sözlərin ehtivasındakı sətiraltı anlamalar vasitəsiylə getdikcə sərtləşən ümumi iyerarxiya içindəki yerinə yerləşdirmə istəyi. Nəzakətinin nominalizmi həmişə universalın, yəni kobud xarici faktorun tərəfindədir. Və bunda ən məhrəm hallar belə istisna deyil. Razılaşmanı yararsız, vaxtı keçmiş və xarici bəzək olaraq kənara itələmək, hər şeyin ən xaric olanını, birbaşa hökmranlıq dünyasını təsdiqləmək deməkdir. Nəzakət adlı karikaturanın dövrümüzün mövcud tapşırılma və mənfəət münasibətləri (ki, bu azadlığın lağlağıya çevrilməsidir) nəticəsində aradan aparılması həyatın daha da çətinləşdiyini, insanların günümüzün şərtlərində birgə yaşamaqlarının nə qədər mümkünsüz olduğunu göstərən nümunələrdən sadəcə biridir.