18+
реклама
18+
Бургер менюБургер меню

Теодор Адорно – Minima Moralia (страница 3)

18

8

Saxtalığın cazibədarlığı – Mətbəx işçilərinə bəslənən amor intellectualis (zehni eşq) özlərini nəzəri işlərə və nəzəri sənət növlərinə həsr etmiş şəxsləri həmişə pusquda durub gözləyən təhlükə, bir növ, günaha çağırışdır: Mənəvi ehtiyaclarını boşlama, standartlarını aşağı salma, həm mövzularında, həm də ifadə tərzlərində sağlam ağılla rədd etmiş olduqları hər cür pis vərdişlərə yenidən qayıtmağa çağırış. İntellektual üçün indi mədəniyyət sahəsində belə heç bir sabit, etibarlı kateqoriya yoxdur. Dövrün səs-küyü özünün minlərlə tələbiylə zehni konsentrasiyaya müdaxilə etməkdədir. Odur ki, indi ortaya nisbətən nəzərəçarpan iş çıxartmaq üçün tələb olunan zəhmət yükü kimsənin altından qalxa bilməyəcəyi qədər ağırdır. Adekvatlığın bütün yaradıcılar tərəfindən hiss edilən təzyiqi intellektualın öz standartlarını aşağı salmasına səbəb olan bir başqa faktordur. Ümumi desək, günümüzdə ixtisar prosesinə cəlb olunan şey zehni özününəzarət mərkəzidir. Şəxsin zehni kifayətliliyini təşkil edən tabular, təcrübə yığımları və öngörmələr bəzi instinktlərə qarşı mübarizə aparmaqdadır: məhkum etməyi öyrəndiyimiz, ancaq və lakin qatı bir avtoritarlıq tərəfindən nəzarət altında saxlanılacaq qədər güclü instinktlərdir bunlar. İnstinktiv yaşam üçün keçərli olan, zehni yaşam üçün də keçərlidir: müəyyən rəng, yaxud səs birləşməsini bayağı və despotik təsnifləşdirərək onların istifadəsindən çəkinən rəssam, yaxud bəstəkar bəzi basmaqəlib və sofist ifadə tərzlərini gördükdə əzab çəkir. Yazar da əslində içindəki gizli bir bölgənin bunlara tərəf istiqamətləndiyini gördüyündən, bu ünsürlərə qarşı belə ciddi müqavimət göstərir. Günümüzdəki mədəni ləkələnməni inkar edə bilmək üçün barmaq uclarımızda yaratdığı ürpərdici qaşıntını hiss edəcək qədər ona bulanmaq, eyni vaxtda ləkəni rədd edəcək gücü də bu bulanma içində tapmaq tələb olunur. Bu güc özünü fərdi anlayış kimi təqdim etsə də, əslində, fərdi deyildir: güclü bir zehni vicdanın içində əxlaqi supereqo qədər cəmiyyət yükünün də payı var. Belə bir vicdanın doğumuna səbəb yaxşı cəmiyyət və yaxşı vətəndaş anlayışlarıdır. Bu anlayış sönməyə, silinməyə üz tutsa – buna kim bəsirətsizcəsinə inana bilər ki?! – zehnin alçalma gücü də cilovsuz qalar və bununla mədəniyyətsizliyin fərdin içinə yığdığı lillənmələr üzə çıxar: kəmsavadlılıq, laqeydlik, təklifsizlik və despotluq.

Bu proses də, adətən, humanizm, başqaları tərəfindən başa düşülmək istəyi, yaxud dünyəvi məsuliyyət adıyla şərtləndirilir. Bununla belə, zehni özününəzarətdən imtina etmək xeyli asan fədakarlıqdır. Bu cür fədakarlığa “dözən” şəxsin öz inamı ilə bağlı mühakimələrini ciddi hesab etməyimiz müşküldür. Bu cür adamların ən bariz nümunələri də maddi vəziyyətləri yaxşılaşmış intellektuallardır: sadəcə yazı ilə pul qazanmağın doğruluğuna özlərini inandırdıqları anda keçmişdə bəlağətli üslubla rədd elədikləri ucuz şeylərdən zərrəcə fərqlənməyən bayağılıqların istehsalına başlayırlar. Eynilə, əvvəl varlı olmuş mühacirlərin öz ölkələrində etmək istəyib riskə girmədikləri eqoist xəsisliyə yad torpaqlarda başlamaları kimi. Mənəvi cəhətdən yoxsullaşanlar isə öz cənnətləri hesab etdikləri cəhənnəmə sevinc içində girirlər.

9

Hər şeydən əvvəl, övladım! (1) – Yalanın əxlaqdankənar olmağının səbəbi müqəddəs və toxunulmazı ləkələməsi deyil. Onları daha da küncə qısıb yox etmək məqsədiylə üzvlərinin ağzından işgəncə ilə söz çıxardan cəmiyyət həqiqət üzərində haqq iddia edə bilməz. Obyektiv yalan subyektiv üzərində inad edərsə, onu öz əleyhinəçevirmiş olacaq. Yenə də, hər yalanın içində geri itələyən bir şey var və bunun fərqindəliyi qamçıyla təlqin olunmuş olsa belə, həbsxanaçıların tanınmasını təmin edəcəkdir. Əsl yalan hədsiz doğruluqdur. Yalan danışan şəxs utanır, çünki hər yalan həqiqət və doğruluğa təriflər yağdırarkən digər tərəfdən də yaşamaq üçün insanı yalana vadar edən dünyanın ləyaqətsizliyini görməkdədir. Utanmaq hissi daha təcrübəsiz şəxslərin yalanlarında nəhəng boşluqlar yaradır. Bacarıqsızca yalan danışırlar və qarşısındakı şəxsin nöqteyi-nəzərindən yalanı eybə, qəbahətə çevirən şey elə bu bacarıqsızlığın özüdür. Bu, yalan danışanın qarşısındakını axmaq hesab etdiyinin əlaməti, həqarət işarəsidir. Yalan günümüzün peşəkər sənətçilərinin əlində həqiqəti təhrif etməkdən ibarət olan qədim və məsum xarakterini itirib. Heç kim heç kimə inanmır. Hamı hər şeyin iç üzünü bilir. Yalan danışan adamın əsl məqsədi qarşısındakı şəxsə və həmin şəxsin onun haqqındakı düşüncələrinə tamam laqeyd olduğunu hiss etdirməkdir. Bir vaxtlar liberal ünsiyyət vasitəsi olan yalan günümüzdə hər fərdin öz ətrafında buz kimi atmosfer yaradaraq bu atmosferin sığınacağı içində kök atmasını təmin edən arsızlıq üsullarından birinə çevrilmişdir.

10

Ayrılmışbirləşmiş – İnsani səciyyələrini itirmiş olduğu bir dövrdə yenə də yaşamağa davam edən ailə institutu günümüzdə, adətən, sağqalma hiyləsi kimi istifadə edilir. İki günahkar üfunətli bir bataqlıqda birgə yaşamaqla bərabər, bir-birilərinə etdikləri bütün pisliklərin məsuliyyətini xaricə yönəldirlər. Bu cür çirklilikdən uzaq ailə hər iki şəxsin müstəqil yaşadığı, hesab-kitablı iqtisadi mənfəət şərikliyinə dözmək əvəzinə, bir-birilərinə qarşı məsuliyyətlərini azad şəkildə qəbul etdikləri ailə ola bilərdi. Mənfəət şərikliyi kimi ailə əlaqəli tərəflərin təhqir olunması mənasına gəlir. Və dünya elə xain dünyadır ki, bunun fərqində olanlar belə bu həqarətdən qaça bilmirlər. Odur ki, əxlaqsızlıqdan uzaq ailə qurmağın təkcə şəxsi mənfəətlərin hayında olmayanlara, yəni varlılara məxsus bir imkan olduğunu vurğulaya bilərik. Di gəl ki, bu da sadəcə formal və içiboş bir imkandır. Çünki mənfəət hayında olmaq, mənfəət dalınca qaçmaq bu xüsusi təbəqədə ikinci bir təbiət kimidir. Əgər belə olmasaydı, xoşbəxtlik də daxil olmaqla, heç bir xüsusiliyə tutunmağa cəhd etməzdilər.

11

Bütün malım və bütün mülkümlə – Boşanma yaxşı xasiyyətli, mülayim, savadlı insanlar arasında baş tutduqda belə, qarşısına çıxan hər şeyi çirkləndirən və solduran bir tozanaq qaldırır çox vaxt.Məhrəmlik ərazisi, paylaşılmış həyatın bir az əhli-kef, müdafiəsiz inamı münasibət bitdiyi anda dəhşətli zəhərə çevrilir. İnsanlar arasındakı yaxınlıq, səbir, dözümlülük qəribə vərdişlər üçün sığınacaqdır. Bu sığınacağın divarları dağılanda insan içindəki zəifliklərini gün işığına çıxardır və boşanma bu divarların dağıdılmasıdır. Divarlar dağıdılır və boşanma inamın bütün inventarını müsadirə edir. Əvvəllər sevgi və diqqətin göstəricisi olan şeylər, sülhün və uzlaşmanın nişanələri müstəqilləşməyə başlayır və bu müstəqillik şərcil, soyuq, xəbis cəhətlərin göstərilməsi üçün əla bir fürsətə çevrilir. Professorlar boşandıqdan sonra arvadlarının mənzillərinə gizlin girərək yazı masalarının daxıllarından nəsə oğurlayırlar və imkanlı qadınlar boşandıqdan sonra köhnə ərlərinin vergidən yayındıqlarını hər kəsə bəyan edir, onu bu yolla rüsvay etməyə çalışırlar. Evliliyin bəşəri şəfqətsizlik içində batmaqda olan dünyada insani evlər qurmanın ən son imkanı olduğunu demək olar, ancaq bəşərilik də evliliyi bu cür ləkələməklə intiqamını almaqdan çəkinmir: bəşərilik qaydalardan kənar qaldığını düşündüyümüz hər şeyi müsadirə edərək onları haqların və mülkiyyətin tələblərindən asılı salır və bununla xəyali müdafiədə yaşadıqlarını düşünənləri məsxərəyə alır. Ən çox müdafiə olunmuş şey qəfildən meydana çıxarılır. Hər şey gün işığındadır. Ayrılmış cütlük əvvəllər nə qədər comərd idisə, əvvəllər mülkiyyət və öhdəlik kimi şeylərə nə qədər az vaxt sərf edibsə, gün işığında onların alçalışı daha dəhşətli olur. Çünki çəkişmənin, söyüşlərin və sonu görünməyən mənfəət davalarının əsl inkişaf meydanı hüquqi cəhətdən müəyyənləşdirilməmiş bu yerlərdədir. Evlilik qurumunun altındakı zülmət bünövrə: arvadının əməyi və mülkiyyəti üzərində ərin vəhşi hakimiyyəti: bir kişini yatmaqdan vaxtilə zövq aldığı bir qadınla evlənməyə məcbur edə bilən və əvvəlkindən daha az vəhşi olmayan o cinsi despotizm – divarlar dağıdılanda bunların hamısı zirzəmilərdən və bünövrənin künc-bucağından sürünərək gün işığına çıxır. Əvvəllər xeyirxah bəşəriliyi xüsusiləşmiş bir asılılığın içində tapanlar, indi cəmiyyətin təzyiqi ilə, çöldəki sərhədsiz şərin bəşəri nizamından heç də fərqlənməyən alçaqlar olaraq görməyə başlayırlar özlərini. Universallıq ailədə xüsusiləşmənin utanc ləkəsi kimi zühur edir. Çünki bu cür cəmiyyətdə xüsusinin, yəni evliliyin universala (bəşəriliyə) çevrilməsi mümkünsüzdür.

12

İnter pares (1) – Erotik keyfiyyətlər sahəsində bütün dəyərlərin baş-ayaq olması prosesi tamamlanmaqdadır. Liberalizmdə bizim dövrə qədər varlı zümrələrdən evli kişilər qapalı mühitdə yetişmiş mühafizəkar arvadlarından ala bilmədiklər zövqü müğənni qızlarda, bohem qadınlarda, vyanalı “süsse Madel”də (şirin gözəlçələr) və “cocotte”lərdə (yüngül təbiətli qadınlar) axtarmaq vərdişində idilər. Cəmiyyətin rasionallaşması ilə birgə bu gizli səadət şansları da yoxa çıxdı. “Cocotte”lər qeybə qarışdılar, “süssü Madel”in isə anqlo-sakson ölkələrdə və texniki mədəniyyətə sahib digər cəmiyyətlərdə hansısa qarşılığı yox idi. Bunun əvəzində bu gün zəli kimi kütlə mədəniyyətinə yapışan müğənni qızlar və bohem qadınların bu mədəniyyətin məntiqindən möhkəm yapışdıqlarını görürük: bu bağlılıq o həddədir ki, bütün şəhvətiylə bu qadınların anarxizminə özlərinin mübadilə dəyərlərini sərbəstcə müəyyənləşdirmələrinə qaçan adam, sabahı gün qadını katibə olaraq öz himayəsinə götürməsə belə, ən azından tanışı film müdirlərindən, yaxud ssenaristlərdən birinə tövsiyə edəcəyinə söz vermiş olaraq yuxudan oyanma riskinə məcbur qalır. Günümüzdə planlaşdırılmamış eşqi xatırladan nələrəsə hələ də istək duyan qadınlar şirin gizli görüşlər naminə ərləri tərəfindən gözardı edilmiş kübar qadınlar arasından çıxır sadəcə. Ərlərinin qüsurları ucbatından onların gözlərində anaları qədər darıxdırıcı olmağa davam etsələr belə, heç olmasa, özlərindən əsirgənən şeyi başqalarına verə bilirlər. Cinsi istəyini itirmiş yüngül təbiətli qadın iş aləmini təmsil edərkən yaxşı tərbiyə almış mühafizəkar həyat yoldaşı əsla romantik olmayan cinsəlliyi öz üzərinə götürür. Nəhayətdə, kübar cəmiyyət qadınları da öz ləyaqətsizliklərinin ləyaqətinə qovuşurlar – həm də kübar cəmiyyətin və kübar qadınların daha olmadığı bir dövrdə.