реклама
Бургер менюБургер меню

Софья Толстая – Mənim həyatım (страница 4)

18

Mən əvvəlcə onu tanımadım. Hədsiz pərt oldum, dedim ki, ərim evdə yoxdur, əyləşməyi təklif etdim. Tərslikdən uşağı əmizdirmək vaxtı idi, mən onu dizlərim üstə tutmuşdum və o, bütün qüvvəsi ilə mənim ağ nansuk paltarımı açmağa, daha doğrusu, cırmağa çalışırdı. Mən elə pərt olmuşdum ki, ağlamağım tutmuşdu. Nəhayət, Fet təbəssümlə dedi: «Sizin qızınız qanuni tələblərini bildirir, xahiş edirəm, mənə görə sıxılmayın».

KƏSMƏ

Bir dəfə Lev Nikolayeviç bizim küsüşmələr haqqında, bütün yaşadığımız dövrdə yadda saxladığım və başqalarına da danışdığım müdrik fikir söylədi. O ər-arvadı təmiz ağ kağızın iki hissəsi ilə müqayisə edirdi. Yuxarıdan onları cırmağa, yaxud kəsməyə başla, bir az da, bir az da… və iki hissə bir-birindən tamamilə ayrılar.

Küsüşmə zamanı da belə olur, hər bir küsüşmə ər-arvadın təmiz və bütöv, yaxşı münasibətlərində belə kəsiklər əmələ gətirir. Bu münasibətləri qorumaq və qırılmasına imkan verməmək lazımdır.

Mənə özümü ələ almaq çətin idi, mən özümdən çıxan, qısqanc, ehtiraslı idim. Dəfələrlə qızışdıqdan sonra Lev Nikolayeviçin yanına gəlir, onun əllərini öpür, ağlayır və üzr istəyirdim.

Onun xarakterində belə cizgi yox idi, məğrur və öz qiymətini bilən bu adam, bütün ömrü boyu mənə yalnız bircə dəfə «bağışla» demişdi; çox zaman isə bu və ya başqa səbəbdən məni incitdikdə, yaxud hər hansı bir işlə əziyyət verdikdə belə, sadəcə olaraq mənə yazığı gəlmirdi. Qəribədir ki, o məni hətta heç bir şeyə həvəsləndirməmişdi, heç bir şeydən ötrü tərifləməmişdi də. Gənc yaşlarında bu, məndə belə əqidə yaradırdı ki, mən tam miskin, bacarıqsız, səfeh bir məxluqam, əlimdən heç bir iş gəlmir. İllər keçdikcə bu məni kədərləndirirdi, qocalığa yaxın isə bu münasibətə görə ərimi töhmətləndirirdim. Həmin münasibət bütün qabiliyyətlərimi boğurdu, tez-tez məni ruhdan düşməyə və həyatdakı qətiyyətimi itirməyə məcbur edirdi.

Doğrudanmı mən heç bir şeyi yaxşı icra etmirdim? Axı mən çox çalışırdım.

Həvəsləndirmə, tərif bəzən insanlara qıcıqlandırıcı vasitə kimi təsir edir. Özünə güc gəlirsən və dirçəlirsən…

Yayda Fet ilə arvadı bizə gəlmişdi… Lev Nikolayeviç Afanasi Afanasyeviçə «Hərb və sülh»dəki hərbi səhnələri oxudu; o zamanlar mənim üçün vuruşların və hərbi əməliyyatların təsviri maraqsız idi. Fet isə hər şeyə çox valeh olurdu və həmişə hesab edirdi ki, Lev Nikolayeviçin əsərlərində epik forma daha yaxşıdır.

«Hərb və sülh»ün son fəsilləri barədə Lev Nikolayeviç yaxınlarda kiməsə danışırdı ki, Stendalın (yazıçıdır) müharibəyə münasibəti ona təsir göstərmişdir. Vaterloo döyüşünün Stendal tərəfindən təsvirini oxuyarkən Lev Nikolayeviç onunla özünün müharibəyə baxışları arasında o qədər ümumilik tapdı ki, eyni fikri «Hərb və sülh»ün hərbiyə and bəhsində də yürütdü.

1866

BAŞİLOVUN «HƏRB VƏ SÜLH» ÜÇÜN ŞƏKİLLƏRİ

Bilmirəm bu dəfə Lev Nikolayeviç nəyə əsaslanırdı, ancaq mənim arzum yerinə yetirildi və Lev Nikolayeviç «Hərb və sülh»ü şəkillərlə nəşr etmək arzusuna düşdü. Bu məqsədlə o zamanlar Myasnitskidəki rəngkarlıq və heykəltəraşlıq məktəbinin direktoru olan rəssam Mixail Sergeyeviç Başilovla əlaqə yaratdı. həmin Başilov anamın dayısı oğlu idi və mülklərindən satışa nə qədər ot və çovdar göndərilməsindən daha çox Bethovenin musiqisi və Rafaelin rəngkarlığı ilə maraqlanaraq, atası ilə birlikdə sadəcə olaraq başısoyuqluğu üzündən çox böyük sərvəti puç eləmişdi. Axırı onların var-yoxunu oğurladılar, onları müflis etdilər, Mixail Sergeyeviç çörək pulu qazanmağa, başlıcası isə böyük bir ailəni dolandırmağa məcbur oldu.

Başilov «Hərb və sülh»ə şəkillər çəkməyi boynuna götürdü və haqqı barədə razılığa gəlib dərhal işə başladı. Onları öz işinin mahir sənətkarı Rixau qravürləmişdi. Lakin Başilov çox ləng işləyirdi, o, az miqdar şəkil hazırladı və şəkilləri Lev Nikolayeviçin çox arzulamasına baxmayaraq nəinki birinci, hətta sonrakı nəşrlərə belə çatdıra bilmədi. Beləcə həmin şəkillər «Hərb və sülh» üçün istifadə edilmədi. Bu şəkillərin bir neçəsi Moskvada Tarix Muzeyində, Lev Nikolayeviçin kağızları arasında mühafizə edilir.

1867

Həyatımın təsviri eyni şeylərin: doğuş, hamiləlik, əmizdirmə, uşaq və s. ətrafında fırlandığından getdikcə daha az maraqlı olur. Lakin əslində də belə idi: həyatın özü hadisələrsiz, ictimai həyatdan uzaq, tədbirlərsiz, dəyişikliksiz və şənliksiz keçərək getdikcə daha çox məhdudlaşırdı. Onu Lev Nikolayeviç belə qurmuşdu və buna ciddi şəkildə riayət edirdi.

Lev Nikolayeviç özü isə tamamilə fikir, yaradıcılıq və mücərrəd məşğuliyyətlər aləmində yaşayır və həmin aləmdən tam razı qalırdı, ailəyə isə istirahət və əyləncə üçün gəlirdi.

Öz qeyd kitabçalarının birində yazır: «Şair həyatında yaxşı nə varsa götürür və öz əsərinə daxil edir. Ona görə onun əsəri gözəl, həyatı isə çirkin olur».

Lev Nikolayeviçin həyatı çirkin deyildi, sadəcə olaraq bu həyat yox idi: o yalnız ovda (Lev Nikolayeviç ovu sevirdi, başlıcası ona görə ki, təbiətə məhəbbət həmişə bununla bağlıdır), habelə yeni fikirlər və gələcək. yazının müzakirəsi üçün zəruri olan tənha gəzintilərdə özünü göstərirdi.

Neçə dəfə olurdu ki, qorxa-qorxa Lev Nikolayeviçdən xahiş edirdim: «Lyovoçka! Məni gəzməyə apar!» O isə boyun qaçırır və bunu gələcək yazını ətraflı düşünmək üçün təklikdə olmasının zəruriliyi ilə izah edirdi.

Təklik barədə Lev Nikolayeviç öz qeyd kitabçasına belə bir məsəl yazmışdı: «Adam tək gəzəndə, hər çiynində bir mələk oturur, ikilikdə gəzəndə bir mələk oturur, üçlükdə gəzəndə iblis oturur».

Lev Nikolayeviç özünün fiziki sağlamlığının qayğısına çox qalardı, o, gimnastika məşqləri edir, ağırlıq qaldırır, həzmə diqqət edir və havada mümkün qədər çox olmağa çalışırdı. Başlıcası isə yuxusunun və kifayət qədər yatmağın qayğısına qalırdı.

Yaxınlarda (indi 1906-ci ilin iyunudur) Lev Nikolayeviç, Biryukovun onun tərcümeyi-halını yazması ilə əlaqədar mənə deyirdi:

– Mən onu oxuyanda dilxor oluram, bu, mənim həyat təəssüratımın milyonda bir hissəsidir. Hamısı da elə miskin, təsadüfüdür ki. Mühüm olanlar deyilməyib, çox şey naməlumdur, xırda-para şeylər, təsadüfən sezdikləri isə aydın təsvir edilib. Hər şey çox natarazdır.

Həyatda da belədir. Bizim hərəkətlərimizin mühüm səbəbləri görünmür, təsadüflərinə isə böyük əhəmiyyət verilir.

1868

Mənim pulum da yox idi. Lev Nikolayeviç pulu mənə təsərrüfat və şəxsi xərclərim üçün bacardığı qədər və məqsədəuyğun saydığı miqdarda verirdi. Pullar tamam tükənəndə yenə onun üstünə xahişə gedirdim və bu mənim üçün həmişə çətin və xoşagəlməz idi, ona görə də hər vəchlə çalışırdım ki, mümkün qədər az xərcləyim.

Onu da qeyd etməliyəm ki, pula və pul ilə əlaqədar mənə münasibətdə Lev Nikolayeviçin davranışından bundan da nəzakətli münasibət təsəvvür etmək mümkün deyildi. O, daxilən yəqin ki, xəsis idi, lakin bir dəfə də olsun hiss etdirməmişdi ki, bütün var-dövlət onundur, mən isə kasıbam, heç bir şeyi olmayan cehizsiz qızam. Hərdən özündə pul olmayanda soruşurdu: «Necə, pul bəyəm qurtardı?». Onda tələsik qeyd dəftərçəmin ardınca qaçır və ondan xahiş edirdim, yalvarırdım ki, mənim xərclərimi yoxlasın, daha harada qənaət etməyi öyrətsin. O, sakitcə dəftərçəni itələyir və deyirdi: «Lazım deyil».

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.