реклама
Бургер менюБургер меню

Софья Толстая – Mənim həyatım (страница 3)

18

Mən tez-tez öz-özümdən soruşurdum: niyə Lev Nikolayeviç tamamilə münasib olan bir sözü, yaxud cümləni başqaları ilə əvəz edir? Elə olurdu ki, qəti çap üçün Moskvaya göndərilmiş korrektura vərəqləri geri qaytarılır və üzərində düzəliş aparılırdı, ya da teleqram ilə göstəriş verilirdi ki, filan sözü – bəzən bircə sözü başqası ilə əvəz etsinlər. Niyə bütöv-bütöv əla səhnələr, yaxud epizodlar atılırdı? Bəzən, köçürərkən pozulmuş gözəl yerləri buraxmağa elə heyfim gəlirdi ki; bəzən pozulan bərpa edilirdi, mən də sevinirdim. Hərdən də olurdu ki, köçürdüyümə bütün qəlbim ilə elə bələdləşir, bütün sifətlərə elə alışırdım ki, özüm də hiss edirdim nə təhər daha yaxşı etmək – məsələn, çox uzun hissəni ixtisar etmək, daha qabarıq olmaq üçün bəzi durğu işarələri qoymaq olar. Bir də görürsən hazır, köçürülmüş işlə Lev Nikolayeviçin yanına gəlirdim, marzanların bəzi yerlərində qoyduğum sualları göstərirdim və ondan: olmazmı ki, filan sözü başqası ilə əvəz edək, yaxud həmin sözün tez-tez təkrarını ataq, yaxud da başqa bir şey soruşurdum.

Lev Nikolayeviç niyə başqa cür mümkün olmadığını izah edir, bəzən mənə qulaq asarkən hətta elə bil ki, qeydimə sevinir, kefi üstündə olmayanda isə hirslənir və deyirdi ki, bunlar xırdaçılıqdır, mühüm deyil, mühüm olan şey ümumi məsələdir və s.

«Əlifba» və 4 «Qiraət üçün kitab» «Oxumalı kitablar»ı (indi bu il) köçürmə ilə, sonralar korrektura yoxlaması, tərcümələrlə, cümlələr və hekayələr tərtibi ilə mən Lev Nikolayeviçlə yaşadığım bütün uzun müddət ərzində ona kömək göstərirdim.

1863

ARILAR

Bu baharda Lev Nikolayeviç arılara yaman aludə olmuşdu. O, babam İslenyevdən bir neçə arı pətəyi almışdı, kitablar oxuyurdu, çərçivəli pətəklər düzəldirdi və elə bir görkəm almışdı ki, sanki onun üçün bütün dünyanın mərkəzi pətəklikdir və hamı yalnız arılarla maraqlanmalıdır. Mən arı həyatının bütün mühümlüyünü dərk etməyə çalışırdım, lakin buna çətinliklə nail olurdum.

Bu aludəçilikdə Lev Nikolayeviçin bütün ehtiraslı təbiəti özünü biruzə verirdi. Bütün həyatı boyu o ən müxtəlif sahələr: oyun, musiqi, yunan dili, məktəblər, yapon donuzları, pedaqogika, atlar, ovçuluq ilə (hamısını saymaq mümkün deyil) maraqlanırdı. Hələ əqli və ədəbi vurğunluğu demirəm: onlar ən ifrat dərəcədə idilər. O hər şeyə həmin anda həddindən artıq ehtiraslı münasibət bəsləyirdi və əgər müsahibini özünün aludə olduğu məşğuliyyətin mühümlüyünə inandıra bilməsəydi, hətta ona düşmən münasibət bəsləməyə də qabil idi.

Arılarla məşğuliyyət Lev Nikolayeviçi evdən və məndən uzaqlaşdırırdı, ona görə də tez-tez darıxır və hətta tək qalarkən ağlayırdım; gedirdim arılığa, bəzən özüm Lev Nikolayeviçə nahar gətirirdim, bir az otururdum, bəzən arı məni sancırdı və mən tənha evə qayıdırdım.

Təsərrüfatda uğursuzluq baş verəndə, bu isə kifayət qədər tez-tez olurdu, Lev Nikolayeviç ruhdan düşür və əhvalı pisləşirdi. Mən hətta bacıma yazıram ki, Lyovoçka ilə Moquçidə gəzintiyə çıxmışdıq, çox tez çapırdıq, elə şənlənmişdik ki, təsərrüfat uğursuzluqları da yaddan çıxmışdı.

Yazıçı ərimdə bir cəhət də müşahidə etmişdim, bu da ondan ibarət idi ki, qeyri-adi incə psixoloq təsiri bağışlayan Lev Nikolayeviç, çox vaxt adamları, xüsusilə, yenicə tanış olduğu adamları əslində heç tanımırdı.

Lev Nikolayeviç hər bir insanda bədii cəhətdən onu təmin edən bütöv bir tip görürdü. Ancaq əgər bu tipin xarakterinə, təsadüfən onun bütövlüyünə xələl gətirən bir cəhət daxil olurdusa, Lev Nikolayeviç bunu sezmir və görmək istəmirdi. Ona deyəndə ki, «fikir ver, bu adamı sən tamamilə əqli fəaliyyətlə bağlı bir şəxs hesab edirsən, o isə həmişə mətbəxdə xörək bişirməyi sevir…» Lev Nikolayeviç etiraz edirdi: «Ola bilməz». Yaxud: «Sən filan A.A.-nı idealizə edirdin, onu yüksək əxlaqlı və şairanə hesab edirdin, o isə başqa kişidən qeyri-qanuni oğlan doğmuşdur». Lev Nikolayeviç heç bir vəchlə inanmır və özünün təxəyyülündə bir dəfə yaratdığı surəti əvvəlki kimi görməkdə davam edirdi.

BİRİNCİ OĞLUMUN DOĞULMASI

İlk uşağımın doğulması ilə bağlı əhvalatları təsvir etmək mənim üçün çətin olacaqdır, ailəmizə yeni səadət gətirməli olan bu hadisə müxtəlif təsadüflər nəticəsində başdan-başa fiziki və mənəvi iztirab oldu.

Doğuşu iyulun 6-da gözləyirdim, Seryoja isə, yəqin ki, mənim pilləkandan yıxılmağım nəticəsində vaxtından əvvəl, iyunun 28-də anadan oldu.

Anam deyəsən, bir gün qalmış gəldi, onun tikib göndərdiyi uşaq dəyişəyi isə vaxtında gəlib çatmadı və hələ yolda idi. Yanımda Derp universitetində tərbiyə almış və oxumuş, mamaçalığı yəqin ki, oranın klinikalarında öyrənmiş bir polyak mamaça yaşayırdı. Onun adı Marya İvanovna Abramoviç idi, o dul olduğundan yeganə qızı Konstansiyadan ötrü bütün ömrü boyu zəhmət çəkirdi.

Marya İvanovna, 1 aylığında ölmüş Nikoluşkadan savayı bütün uşaqlarımı tutmuşdu, deməli o, 25 il mənim köməkçim olmuşdu: axı 1863-cü ildə anadan olmuş birinci oğlum Seryoja və 1888-ci ildə sonuncu doğulmuş Vaneçka arasında 25 il fərq var.

Balacaboy, sarışın, kiçik cəld əlləri olan Marya İvanovna ağıllı, diqqətli və istiqanlı bir qadın idi. O zaman məni uşaq sayaraq necə də mehribanlıqla və ana kimi fərəhlə rəftar edirdi.

İyunun 26-dan 27-nə keçən gecə özümü nasaz hiss etdim, lakin qarnı ağrımağa başlayan bacım Tanya ilə görüşüb mənim də qarnımın sancdığını ona xəbər verərkən, hər ikimiz bu qərara gəldik ki, biz həddindən çox giləmeyvə yediyimizdən mədəmizi pozmuşuq. Mən onunla laqqırtı vururdum, gülüşürdük, lakin onun ağrıları get-gedə azaldı, mənimki isə daha da artdı. Mən Lev Nikolayeviçi oyatdım və onu Marya İvanovnanın dalınca göndərdim. O, ciddi və qayğılı surətdə məni müayinə edərək qonşu otağa keçdi və təntənəli tərzdə Lev Nikolayeviçə elan etdi: «Doğuş başlanıb». Bu zaman 27-si, səhər saat 4 idi. İyun gecələri çox işıqlı olur, günəş artıq çıxmışdı, təbiət şən, hava isə isti idi.

Lev Nikolayeviç çox həyəcanlanırdı, anamı çağırdılar, hazırlığa başladılar, evin xarratının cökə ağacından düzəltdiyi hündür, narahat nənnini gətirdilər.

Bütün gün ərzində dəhşətli əzab çəkdim, Lyovoçka da yanımda idi, görürdüm ki, onun mənə çox yazığı gəlir, nəvazişli gözlərində yaş damcıları parlayırdı, dəsmal və odekolon ilə alnımı silirdi, mən hərarət və tər içində idim, saçlarım gicgahlarıma yapışırdı, o üzümü və əllərimi öpürdü, mən isə onun əllərini öz əllərim arasından buraxmır, gah onun əllərini dözülməz əzabdan sıxır, gah da ona öz mehribanlığımı, bu əzablara görə hər cür məzəmmətdən uzaq olduğumu sübut etmək üçün onları öpürdüm.

Bəzən o gedirdi, onu anam əvəz edirdi. Axşamüstü Tuladan tüfəng zavodunun baş həkimi, balaca boylu polyak, doktor Şmiqaro gəlib çıxdı, doğuşun çox uzandığını görən mamaçanın xahişi ilə onun dalınca adam göndərmişdilər…

Uşaq doğulan dəqiqədə qorxunc sükut hökm sürürdü. Mən Lev Nikolayeviçin sifətindəki dəhşəti, Marya İvanovnanın qorxunc, təlaşlı həyəcanını və onun körpə ilə əlləşməsini görürdüm. O körpənin üzünə su çiləyir, kiçik bədənini şappıldadır, onu o yan-bu yana çevirirdi və nəhayət, körpə yavaş-yavaş ucadan ciyildəməyə başladı və çığırdı.

Adəti üzrə körpə yuyuldu, təmizlik işləri görüldü, biz isə körpəyə aid dəyişəksiz çox narahat bir vəziyyətə düşdük. Oğlanı Lev Nikolayeviçin gecə köynəyinə bükdülər və köynəyin qolu ilə onu bələdilər. Səhərisi gün bəzi şeylər tikildi, lakin Moskvadan anam tərəfindən hazırlanmış əla uşaq dəyişəyi gəlib çıxana qədər vəziyyətimiz ağır oldu. Dayəmiz yox idi. Lev Nikolayeviç çox ciddi surətdə tələb edirdi ki, mamaça gedən kimi, mən özüm uşağı həm yedizdirim, həm də ona qulluq edim. Mən hələ ona danışıqsız itaət edirdim və o zamanlar onun bütün arzu və fikirlərini qüsursuz və şübhəsiz yaxşı hesab edirdim.

Mənim vaxtından qabaq doğulmuş, zəif oğlum hey yatırdı. Onun bədəni sarı idi, döş də götürmürdü.

Seryoja doğulan gecə, nədənsə bütün evdəkiləri oyatmağı lazım bilmişdilər. Şampan şərabı gətirdilər, qədəhlərə töküb ana və uşağın sağlığına içməyə başladılar. Saşa Kuzminskinin və onun qardaşının yuxulu və pərişan saçlı başları, bacım Tanyanın – canlı, lakin bir cür əzgin, Tatyana Aleksandrovnanın məsud sifətləri yadımda qalmışdır. Xaç suyuna çəkmək üçün Lev Nikolayeviçin qardaşı Sergey Nikolayeviçi çağırdılar, Tatyana Aleksandrovna da onunla birlikdə xaç suyuna çəkirdi. Əvvəlcə uşağa Nikolayın adını qoymaq istəyirdilər, ancaq mən Lev Nikolayeviçin çox tez ölmüş atası və qardaşının adını qoymağa qorxurdum; lakin Tolstoylar ailəsi üçün müvafiq bir ad olsun və bununla da ərimə xoş gəlsin deyə mən oğlumu Sergey adlandırmağı qərara aldım…

Lev Nikolayeviç heç zaman Seryojanı əlinə götürməzdi. O, oğlu olmasına sevinir, onu özünə xas şəkildə sevir, lakin ona ürkək bir heyrətlə baxırdı. Yaxınlaşır, baxır, dindirir, vəssalam. Bir də görürsən onun uzunsov kəlləsinə baxaraq oğlunu «Funt» deyə çağırır, yaxud «Serquleviç» deyərək, dodaqlarını marçıldadır və çıxıb gedirdi…

1865

FET

Bir dəfə Lev Nikolayeviç bacısı ilə Dyakovun yanına getmişdi; dayəni nahara buraxaraq balaca Tanyam ilə tək oturmuşdum ki, zəng səsləri eşitdim. Biz darısqallıqda yaşayırdıq, ev qulluqçularının hamısı nahar edirdi, hər yer açıq idi. Tezliklə bir cənab içəri girdi və tanış olmayan adam kimi birbaşa özünü təqdim etdi, «Fet, ərinizin köhnə dostu, icazə verin yenə özümü sizə təqdim edim».