18+
реклама
18+
Бургер менюБургер меню

Seymur Baycan – Mənim mübarizəm – 9 (страница 7)

18

Allah xətrinə, hansı arabaçı belə danışır? Bu adam arabaçıdır, yoxsa Ankara Radiosunun ədəbi-bədii verilişlər redaksiyasının redaktoru? Burada arabaçı danışmayıb, arabaçının yerinə müəllif özü danışıb və üstəlik də çox pis danışıb. Səid Faiqin hekayələri belə süni, saxta dialoqlarla doludur. O, bir yazıçı kimi kiçik insanların dünyasına ümumiyyətlə girə bilməyib. Səid Faiqin kiçik insanların həyatından hekayələr yazması, bizim ultraqlamurkaların kəndlərə gedib eşşəklə, qoyunla, keçiylə, qoca arvad və qoca kişilərlə şəkillər çəkdirməsinə bənzəyir. Guya bu ultraqlamurkalar üçün kəndlə şəhərin heç bir fərqi yoxdur, guya lazım gələndə onlar kənd həyatından da həzz almağı bacarırlar və guya onlar insanlar, canlılar arasında heç bir ayrı seçkiliyə yol vermirlər. Ətiniz tökülsün!

Oxuduğum qırx üç hekayənin arasında “Mən nə iş gördüm?” adlı hekayə nisbətən digər hekayələrdən yaxşı mənada seçilirdi. Çünki “Mən nə iş gördüm?” hekayəsində azdan-çoxdan səmimiyyət vardı. Səid Faiqin əksər hekayələri, hekayə yox, düzünü söyləsəm adicə ovqat yazıları idi. 2000- ci illərin əvvəllərinə qədər belə ovqat yazıları yazan müəlliflər Azərbaycan mətbuatında dəstə halında o tərəfə, bu tərəfə gedirdilər. Hansı qəzeti açırdınsa orda mütləq bir ovqat yazısı görürdün.

Səid Faiqin hekayələrini oxuyarkən onun çox tənha, narahat, gərgin, kədərli adam olduğu açıq-aşkar hiss edilir. Amma Səid Faiq tənhalığını, narahatlığını, gərginliyini öz yaradıcılıq mətbəxindən keçirərək peşəkar yazıçı kimi hekayələrində əritməyi, yaymağı bacarmayıb. Az əvvəl qeyd etdiyimiz kimi istiqamətin doğru olmaması, pafos, psevdolirika onun keçirdiyi ağır hisslərin hekayələrdə bədii həllini tapmasına maneələr yaradıb. Loru dildə desək, Səid Faiqin başı yaxşı baş olsa da, o bu başı, təəssüf ki, qarpıza sərf edib.

Açığı, belə qeyri-peşəkar, naşı hekayələr yazan adamın Türkiyədə hekayə ustası kimi qiymətləndirilməsinə, hekayə ustası kimi tanınmasına xeyli təəccübləndim. Hə, bilirəm, indi özünü ağıllı hesab edən birisi, zövqlər müzakirə olunmur sözünü əldə bayraq edərək, mübahisəyə girişməyə çalışacaq. Digər yazılarda qeyd etmişik, yeri və təbi gəlib bir daha qeyd edək: zövqlər müzakirə olunmur sözü mübahisə edən tərəflərdən hər ikisi həqiqi sənətə, həqiqi sənətkara istinad etdikdə aktual sayıla bilər. Məsələn, tutalım mən deyirəm ki, Türkiyə ədəbiyyatında ən güclü yazıçı Səbahəttin Əlidir. Qarşı tərəf isə deyir ki, yox, sən səhv düşünürsən, sən səhvsən, Türkiyə ədəbiyyatında ən güclü yazıçı Yaşar Kamaldır. Belə olduğu halda zövqlər müzakirə olunmur sözü yerinə oturur. Çünki hər iki tərəf həqiqi sənətkara istinad edir.

Amma mən Türkiyə ədəbiyyatında ən güclü yazıçı Sabahəttdin Əlidir dediyim halda, qarşı tərəf buna etirazını bildirsə və Türkiyə ədəbiyyatında ən güclü yazıçının Əhməd Həmdi Tanpınarın, Oğuz Atayın, Yusif Atılqanın olduğunu iddia etsə, zövqlər müzakirə olunmur sözü yerinə oturmayacaq, avtomatik aktuallığını itirəcək. Çünki, Əhməd Həmdi Tanpınarın, Oğuz Atayın, Yusif Atılqanın, Sadiq Hidayətin ədəbiyyata dəxli yoxdu. Sonuncu İran yazıçısıdır. Sadəcə çox uyğun gəldiyinə görə onu da bu saxtakar, surroqat yazıçılar dəstəsinə qoşmağı özümə borc bildim. Sadiq Hidayətə İranın Kafkası deyirlər. Təkcə İranın Kafkası sözü adamın ürəyini bulandırmağa bəs edir. Əhməd Həmdi Tanpınar, Oğuz Atay, Yusif Atılqan, Sadiq Hidayət kimi saxta, surroqat yazıçılar ədəbiyyat haqqında dərin anlayışı, ədəbiyyat haqqında özünün şəxsi fikirləri olmayan, sağ əllə sol qulağı qaşımağı həyat tərzinə çevirən, ciddi, həqiqi ədəbiyyatı sağ əllə sol qulağı qaşımaq kimi başa düşən adamların sevimli yazıçısı ola bilər…

Xülaseyi-kəlam, Səid Faiq çox şişirdilmiş bir yazıçıdır. Səid Faiqə bir yazıçı kimi on ballıq sistemlə iki, ən uzağı üç bal vermək olar.

HƏM DƏ “YUXU MƏLƏKLƏRI” HAQQINDA

“Qanun” nəşriyyatında nəşr olunan “Yuxu mələkləri” kitabının arxa qapağındakı mətni oxuyaq: “Azərbaycan ədəbi dairələrində bəzən türkiyəli həmkarlarımızın hekayə janrında elə bir uğur qazana bilmədikləri haqda fikirlər dolaşır. Bu, Türkiyə ədəbiyyatına, xüsusən hekayə janrında yazılan əsərlərə bələd olmamaqdan irəli gəlir və bu mənada sizə təqdim olunan modern hekayələr kitabı dedikərimə nümunədir.

Hekayələr toplusunda zaman və məkan ölçüləri gözlənilmədən, müxtəlif dövrlərdə reallıqda baş verənlər altşüurda əks olunaraq hüdudsuz yazıçı təxəyyülünün süzgəcindən keçir və modern yazı tərziylə oxuculara çatdırılır”.

Bu ifrat pafoslu və çox iddialı mətnin üstündə bir adam şəkili var. Şəkildə saçları ağarmış bir kişi yumruğunu çənəsinə, yaxud çənəsini yumuruğuna dirəmiş vəziyyətdə dayanıb. İlk baxışdan ciddi, ağıllı, mərifətli, qanacaqlı adama oxşayır. Amma yazdığı hekayələr… Yazdığı hekayələr sadəçə rüsvayçılıq və biabırçılıqdır. Bir yeniyetmə o cür rüsvayçı və biabırçı hekayələri kitab halında oxucuların ixtiyarına buraxmağı şəninə sığışdırmazdı. Oxucular gərək məni bağışlasın, “Yuxu mələkləri” kitabındakı hekayələrin səviyyəsizliyini burada geniş ifadə etməkdə çətinlik çəkirəm. Açığı buna heç o qədər ehtiyac da yoxdur. Bir insanın hekayələri səviyyəsizdirsə, həmin hekayələrə səviyyəsiz adı qoymaq bəs edir. Dastan açmaq, ucundan tutub, ucuzluğa getmək, əlavə vaxt və enerji itkisidir.

Müğənnilər demişkən, yaxından tanıyanlar çox hövsələli oxucu olduğumu bilirlər. Hətta ən bayağı mətndən də zövq almağı, hətta ən bayağı mətndən də nələrsə öyrənməyi bacarıram. Bəxtiyar Aslanın “Yuxu mələkləri” kitabı mənim kimi hövsələli oxucunu qırxıncı səhifəyə çatmamış hövsələdən çıxartmağa nail oldu. Müəllifi təbrik edirəm, bu, çox böyük uğurdur.

Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda çətinlik, əziyyət çəkən adamlar azərbaycanlılara sadəcə “bəyənmə düyməsi” kimi baxırlar. Natamamlıq kompleksinin altında şiddətlə əzilən azərbaycanlılar onlara “bəyənmə düyməsi” kimi baxan, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən adamlara şövqlə, məhəbbətlə qucaq açırlar. Elə zənn edirlər ki, doğrudan da bunlarla maraqlanan adamlar var. Məsələn, azdan-çoxdan populyarlıq qazanmaq istəyən bir türk blogeri Azərbaycan mətbəxi, Azərbaycan musiqisi, nə bilim Azərbaycan qoyunları və keçiləri haqqında bir video çəkir. Natamamlıq kompleksinin altında şiddətlə əzilən azərbaycanlılar qarışqa qəndə darışan kimi tez bu videonun üstünə darışırlar. Səydəş-səydəş, səviyyəsiz-səviyyəsiz şərhlər yazmağa başlayırlar. Ta bilmirlər ki, videonu çəkən adama Azərbaycan musiqisi, Azərbaycan mətbəxi, Azərbaycan qoyun və keçiləri əsla maraqlı deyil. Ona azərbaycanlılar bir “bəyənmə düyməsi” kimi lazımdır və yerdə qalan məsələlər onun üçün sadəcə lüzümsuz təfərrüatdır.

Beş-altı dost tanış var. Harda qarşılarına adam əsəbləşdirən axmaq müsahibə, yazı, video çıxsa mənə göndərirlər, münasibət bildirməyimi tələb edirlər. Zəif damarımı tutublar. Nəyə əsəbləşə biləcəyimi dəqiq bilirlər. Bu dostlardan biri mənə dəhşətli bir video göndərmişdi. İki əyriayaq türk qızı (bloger imişlər) “Torqovı”da gəzirdilər. Bir dəstə azərbaycanlı gənc türkcə danışa-danışa bu bloger qızların arxasınca düşmüşdülər. Qızlar da onlarla mırt tuturdular. İnsan adlanan bir canlının çox yox, bir az özünə hörmət hissi olmalıdır. Lap qədimlərdən məlumdur ki, özünə hörmət etməyən adama, özünə hörmət etməyən camaata başqaları dünəndən hörmət etmirlər. O bədnam kadrlara baxdıqdan sonra bir suala cavab tapmaq istəyirdim. Görəsən bundan əvvəlki həyatımda hansı qəddar cinayəti törətmişəm, görəsən bundan əvvəlki həyatımda hansı bağışlanılmaz günahın sahibi olmuşam ki, mənə belə dəhşətli bir cəza, – bu adamlarla eyni dildə danışmaq, bu adamların dilində yazı yazmaq, bu adamlarla eyni ölkədə doğulmaq cəzası verilib?

“Yuxu mələkləri” kitabının müəllifi Bəxtiyar Aslan haqqında yüngülvarı araşdırma apardım. Afərin, fərasətli adamdır. Sabir Rüstəmxanl haqqında kitab, Rəşad Məcidin olduqca mənasız “Qələmsiz yazılanlar” kitabı haqqında məqalə yazıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimat mərasimi keçirilib. İnstitutun əməkdaşları çıxışlar edərək kitab haqqında fikirlər söyləyiblər. Bu mərasimdən hazırlanan xəbər və yazılar ölkənin müxtəlif qəzetərində dərc olunub. Vəssalam, Türkiyənin ictimai-siyasi-mədəni həyatında uğur qazanmaqda əziyyət çəkən bir adama, bir yazıçıya bundan artıq nə lazımdır?

UNIVERSAL HƏQIQƏTLƏR HAQQINDA

Qarğa on iki mahnı oxudu, hərəsi bir cür zəhlətökən.

Hansısa problem haqqında yazı yazdıqda oxucuların çoxunun yazıya münasibəti belə olur: “Çıxış yolu göstər”. Oxucuların çıxış yolu göstər tələbi bir publisist kimi canımı boğazıma yığıb. Nəhayət, çoxsaylı oxucu tələblərini nəzərə alaraq, ölkəni xilas etməyin yolları haqqında yazı yazmaq qərarına gəldim. Hərçənd, göstərdiyim yollara əməl ediləcəyinə inamım olduqca azdır.

1. Təcrübəli zabitlər əsgərin çox da boş-bekar dayanmasına imkan vermirlər. Əsgər boş-bekar dayandıqda ev haqqında düşünür, ürəyi ev yeməkləri istəyir, sevgilisini, nişanlısını xatırlayır, darıxır, beləliklə əsgərlik çəkmək onun üçün daha da çətinləşir. İradəsi zəif olanlar çətinliyə dözməyərək hərbi hissəni özbaşına tərk edir. Bu isə ümumilikdə orduda nizam-itizamın zəifləməsinə, döyüş ruhunun aşağı düşməsinə aparıb çıxarır. Əsgər gün ərzində o qədər yorulmalıdır ki, yat əmri verildikdə sevinməlidir. Əsgər başını yastığa qoyan an daş kimi yatmalıdır. Folklor diliylə ifadə etsək, div yuxusuna getməlidir.