18+
реклама
18+
Бургер менюБургер меню

Seymur Baycan – Mənim mübarizəm – 9 (страница 6)

18

Əjdər Ol “Lo” əsərində bir neçə dəfə vicdan, şərəf, ləyaqət kimi həssas, ağır mövzulara toxunub və müxtəlif situasiyalarda (səh. 60, 68) bu cür cümlələr yazıb:

“Belə yaşamağa nə var ki… Bəs vicdan, ləyaqət, məsuliyyət nədən ötürüdür?

Ləyaqətini qorumaqla istəyinə çatmaq çətin məsələdir. Alçaqlıq, satqınlıq, xəyanət, zor gücünə o qədər şeylər əldə edərsən ki…”

Əlillərin cibinə girən, rüşvətxorluğa, əyri-üyrü işlərə görə indi həbsdə yatan Əjdər Olun uşaqlıq, yeniyetməlik, gənclik illərində vicdanlı, məsuliyyətli, ləyaqətli bir insan olduğuna gəlin dərindən şübhə etməyək. Belə olduğu halda, ortaya vacib, aktual bir sual çıxır. Bəs bu vicdanlı, ləyaqətli, məsuliyyətli insan niyə pozulub, bu insanda mənəvi tənəzzül necə baş verib? Müəllif bu haqda yazsaydı, bu suallara cavab versəydi, öz mənəvi tənəzzülünün necə başlaması ilə oxucuları yaxından tanış etsəydi, çox maraqlı, faydalı olardı. İnsanlar da oxuyub nəticələr çıxarar, ibrət dərsləri götürərdilər.

Yəqin ki, Əjdər Olu tamah adlı zəhərli ilan sancıb. Qədim mətnlərdə tamahı əbəs yerə zəhərli ilana bənzətməyiblər. Tamahın yaratdığı təhlükələr, fəsadlar, insanın evini necə yıxması, insanı necə gözdən salması haqqında yazanda, günəşi küləş kimi başa düşməyə vərdiş etmiş adamlar elə düşünürlər ki, zahid, dərviş, guşənişin, səfil həyatını təbliğ etməkdəyik. Əsla. İnsan başqasının haqqını tapdalamadan, ağa qara demədən, haqqı nahaqqın ayağına vermədən, doğru yollarla mümkün qədər rahat yaşamalıdır. Qabarlı əllərlə, halal zəhmətlə, alın təri ilə rahat yaşamaq insanın fundamental haqqıdır. Söhbət burada artıq tamahın baş yarmasından getməkdədir.

Baxın, bir mandat Erkin Qədirlini nə günə qoydu, onu nə qədər gözdən saldı. Acından ölürdü? Ölmürdü. Ağır dillemma, olum ya ölüm sualı qarşısında qalmışdı? Qalmamışdı. Mandatsız da rahat yaşaya bilərdi və yaşayırdı da. Gül kimi hörməti vardı. Amma mandatsız yaşamadı, mandatı təmiz addan, halal çörəkdən, düz yoldan üstün tutdu. Bunun adı artıq tamahın insanı gözdən salması, artıq tamahın baş yarması, tamah adlı zəhərli ilanın insanı sancması deyilsə, bəs nədir? İyirminci əsrdə yaşamış və yaratmış müdrik insanlardan biri belə deyirdi: “Mən insanları imtinaları ilə tanıyıram”. Erkin Qədirli pozulmamış vaxtlarında roma hüququndan, antik yunan mədəniyyətindən, fəlsəfədən, sosiologiyadan filandan danışmağı çox sevirdi. Aristotel elə getdi, Spinoza belə getdi. Dekart elə demişdir, nə bilim, Bertran Rassel “Qərb fəlsəfəsi tarixi” əsərində belə yazmışdır… Deməli, bütün bunlar bir mandatı əldə etməkdən ötrü butaforiya imiş. Deməli, adamın bütün mahiyyəti, canı, ruhu bir mandatdan ötürü sino gedirmiş. Bu, futbol şərhçilərinin təbirincə desək, açıq-aşkar reallıqdır və yerdə qalanlar mənasız, lazımsız təfərrüatdır.

Əjdər Ol “Lo” romanının 178-ci səhifəsində yazır: “Deyirlər, yüksək mövqe adamı yolundan azdırır. Məncə, bu bütöv tərif deyil. Vəzifə, səlahiyyət insanı dəyişdirmir, içindəkiləri üzə çıxarır”.

Yaxşı söhbətdir, ola bilsin Əjdər Ol bu sözləri elə özü haqqında yazıb. Ola bilsin vəzifə Əjdər Olun içində gizlətdiyi xislətini lakmus kağızı kimi üzə çıxarıb.

Romanın 218–ci səhifəsindəki cümlələr də diqqət çəkir. Müəllif 218-ci səhifədə yazır:

“…Moskvanın “İzvestiya” qəzetində oxuduğum bir məqaləni də yada salım. Məqalə general Dubinyakın ölümünə həsr olunmuşdu. General uzun illər ürək xəstəliyindən əziyyət çəkirmiş. Xaraktercə kövrəkliyindən yazılırdı onun. Şairliyi də varmış, hərdən lirik şeirlər yazırmış. Yazının bu yerində dərindən bir ah çəkməyəsən, neyləyəsən? Axı, insan xisləti niyə belədir? Cəllad rolu nəyinə lazım idi şair təbiətli bədbəxtin? Bəlkə ömür boyu şair kimi tanınmaq istəyib, amma rütbə, mənsəb, tamah hissi onu qəddarlaşdırıb, qan çanağına çəkib”.

Hitler də sentimental adam idi. Ət yemirdi. Təbiəti, noxud supunu çox sevirdi. Köpü olduğuna görə allahın noxud supundan da ürəyi istəyən kimi həzz ala bilmirdi. Stalin şeir yazırdı, Reynhard Heydrix skripkada ifa edirdi… Xülaseyi-kəlam, lirikanın, sentimental təbiətin, sənətə vurğunluğun, sənətlə məşğul olmağın qəddarlığa, bu və ya digər formada qan tökməyə, baş kəsməyə mane olmaması çoxdan məlumdur. Sırf mövzumuza gəldiksə isə bu suallara cavab axtarmaq maraqlı olardı: Əlillərin cibinə girmək, rüşvət almaq, əyrü-üyrü yollara düşmək, nəticədə həbsdə yatmaq istedadlı, intellektli, şair təbiətli bir adamın nəyinə lazım idi? Axı, insan xisləti niyə belədir? Burada dərindən bir ah çəkməyəsən, bəs neyləyəsən? Dərindən ah çəkmək öz yerində, rus ədəbiyyatının əjdahalarından birinin məşhur sözünü də xatırlamaq yerinə düşər: “Məmur kürsüsünə oturan sənətkarı iki aqibət gözləyir – Ölmək, ya da ölmək”. Əlbəttə, söhbət təkcə sənətkarın məmur kürsüsünə oturmasından getmir. Pul, var-dövlət hərisliyi, əyri-üyrü yollarla, yaltaqlıqla ad-san, şöhrət qazanmaq istəyi və bu qəbildən olan digər bədnam əməllər də “məmur kürsüsünə oturan sənətkar” paketinə daxildir. Lütfən, belə yekə-yekə danışmağıma fikir verməyin. Açığı bu problemləri öz içimdə həll edə bilməmişəm. Özüm-özümlə daima mübarizədəyəm. Tamahımız Dəməşq qılıncından itidir. Bu kimi təmtaraqlı, pafoslu cümlələr yazmaqla bir növ öz çiyinlərimə yük qoymaqdayam. Çiyinlərim isə ensiz və kövrəkdir.

“Lo” romanında səksəninci illərin sonlarında, doxsanıncı illərin əvvəllərində baş vermiş hadisələr çox geniş təsvir olunub. İnsafən, müəllif həmin dövrdə baş vermiş hadisələri yazarkən obyektiv olmağa cəhdlər edib və meydan hərakatının, mitinqlərin, dövrün ab-havasın yaratmağı həqiqətən yaxşı bacarıb. Bəzi təsvirləri oxuyarkən müəllifin nə qədər əziyyət çəkdiyini hiss edirdim. Hiss edirdim ki, əslində onun deməyə sözü çoxdur, hadisələrin canlı şahidi olub, lakin vəzifəsi, mövqeyi onu tam obyektivlik numayiş etdirməyə maneələr yaradıb. Hətta müəllif özünü qorumaq, özünü sığortalamaq üçün bəzi hadisələri, faktları təhrif edib.

“Lo” romanında səksəninci illərin sonlarında, doxsanıncı illərin əvvəllərində baş vermiş hadisələrin təsvirlərini oxuduqca həm də yaddaşım qıcıqlanırdı, şahidi və iştirakçısı olduğum hadisələri, mitinqləri xatırlayırdım. Nə qədər axmaq, absurd, ağır hadisələr baş verib, biz nə qədər sadəlövh olmuşuq, biz nə qədər reallıq hissini itirmişik. Dəhşət. Başqa söz tapa bilmirəm. Zəmanəmizdə dəhşət sözündən yeri gəldi-gəlmədi tez-tez istfadə olunur. Lakin burada dəhşət sözü tam yerində işlədilib, dəhşət sözü burada tam yerinə oturur. O qədər axmaq, absurd, ağır hadisələrdən sonra sağ qalmağımızın özü bir möcüzə sayılmalıdır. Əvvəlcə özümü, sonra da özümkimilər nəslinə aid olanları nəzərdə tutaraq yazıram. Çox sırtıq adamlar çıxdıq. Hər şeyin bir həddi olmalıdır, o cümlədən sırtıqlığın da. Bu qədər yaşamaq olmaz. Bu qədər yaşamaq sırtıqlıqla bərabər, üstəlik ifrat tərbiyəzsizlik də sayılmalıdır. Şəxsən mən çoxdan ölməli idim.

Səksəninci illərin sonlarında, doxsanıncı illərin əvvəllərində baş vermiş hadisələrlə yaxından tanış olmaq istəyən gənclərə “Lo” romanını oxumağı şiddətlə tövsiyə edirəm. Qoy oxuyub qərar versinlər: o qədər axmaq, absurd, ağır hadisələrin içindən keçib sağ qalmaq, hələ də yaşamağa davam etmək qəhrəmanlıqdır, yoxsa banal sırtıqlıq?

SƏID FAIQ ƏBASIYANIQ HAQQINDA

Qoca sərçə samana aldanmaz.

Səid Faiq Əbasıyanıq haqqında çox eşitsəm də hekayələrini oxumağa fürsət tapmamışdım. Bu həftə Səid Faiqin qırx üç hekayəsini oxudum. İndi Səid Faiqin hekayələrindən aldığımı təssüratları, Səid Faiq haqqında fikirlərimi yazmaq istəyirəm. Bir yazıçı haqqında fikirlər yazmaq üçün onun qırx üç hekayəsini oxumaq məncə kifayət edər.

Bəribaşdan bildirim ki, Səid Faiqin yazıçı kimi güclü potensialı olub. Lakin pafos, yersiz psevdolirika, mövzuların süniliyi, saxtalığı Səid Faiqə potensialını reallışdırmağa, təbiri caizsə, potensialını həyata keçirməyə imkan verməyib. Əgər istiqamət, yol doğrudursa ortabab istedada malik yazıçı belə yaxşı, hətta güclü əsərlər yarada bilər. Əgər istiqamət, yol doğru deyilsə, hətta vəhşi istedad, dərin intellekt belə yazıçını xilas edə bilmir. Səid Faiqin istiqaməti, tutduğu ədəbi yol doğru yol olmayıb və bu da öz nəticəsini göstərərək, fikrimizi qısa və konkret ifdə etsək, bir yazıçı kimi onun evini yıxıb.

Səid Faiq kiçik insanların həyatını yazan hekayə ustası kimi qiymətləndirilir. Olduqca iddialı qiymətləndirmədir. Lakin Səid Faiqin hekayələri bu iddialı qiymətləndirməyə adekvat deyil. Səid Faiq hekayələrində kiçik insanların həyatına zorla məna qatmaq istəyir. Əgər insanların həyatı mənasızdırsa, hekayələrdə, romanlarda onların həyatına zorla məna qatmaq lazım deyil. Mənasız insanların həyatı elə həyatda olduğu kimi hekayələrdə də, romanlarda da mənasız olaraq qalmalıdır.

Səid Faiqin yazdığı təsvirlərdən, dialoqlardan psevdolirika, saxtalıq, sünilik fışqırır. “Bənövşəli vadi” adlı hekayədə Bayram adlı arabaçı belə danışır:

“Yeddi il əvvəl bir səhər evdən çıxdım, düz iyirmi bir yaşındaydım. Fevral ayı idi. Amma bizim tərəflər bahar çağını xatırladırdı. Bənövşələr ətir saçırdı. Mən qucağımda çiçəklər Bəyoğluna çıxdım. Gül bazarında çiçəkləri satdım. On doqquz lirə qazandım. Heç içki içməmişdim, içdim. Üç il qabaq evlənmişdim. Amma bəzəkli, ətirli qadın iyləməmişdim, iylədim. Daha evə qayıtmadım. Sağdırmı, yoxsa ölüdürmü evdəkilər, bilmirəm. Heç birinə heç yerdə rast gəlmədim. Qoca atam vardı. Bir anam, yoldaşım, iki uşağım. Uşağımın biri yaş yarımlıq, o biri doqquz aylıq idi…”.