İsa Muğanna – Saz (страница 4)
Oğullarını müxtəlif yaşlarında, min-milyon vəziyyətlərdə – evdə, süfrə başında, səhər-səhər su quyusunun üstündə qurşaqdan yuxarı soyunub bir-birinin boynuna, kürəyinə vedrədən sü töküb şappır-şuppur yuyunan yerdə, “köhnə dudman”da körük basan, çəkic vuran yerdə və sair vəziyyətlərdə xatırlaya bilərdi.
Bəs niyə pəhləvandan başqa yalnız Hacı ilə bağlı görürdü? Niyə yenə ürəyi ağrıyırdı?
Bu gün heç bir dəfə də çəkic vurmadı. Körüyü basa-basa, taqətsiz əyilib kətilə çökdü. Elə bil hardasa, nə isə müsibət baş vermişdi. Ya da elə bil nə isə olmalı idi, necə deyərlər, sümüyü duymuşdu. Bəlkə idarəyə qayıtsın, ancaq gecə yarıya qədər tay-tuşları ilə otursun, o yandan-bu yandan söz-söhbət eşitsin, fikri-xofu dağılsın?
Pəncərələrin arxasında lampanın işığı artdı. “Yük yeri” ilə, yəni yorğan-döşək yığılan künclə taxtın arasında kölgələr dolandı. İndi ya Pəri, ya da Tubu “çökək cəm”də qayınatasının “axşam qisməti”ni – “gözünə azca süd qatılmış qatığı” gətirib, “gecən xeyrə qalsın” deyib, “lap axşamdan yatmalı” idilər ki, səhərin alatoranında “öhö, öhö” eşidəndə, oyana bilsinlər, İsfəndiyar kişi isə, hələ bir xeyli də oturmalı idi.
Kənddə arvadların arasında xısın-xısın söhbət gəzirdi: “Yazıq dəmirçi bir-birindən cavan gəlinlər içində qalıb”. “Gün işığında gəlinlərin üzünə baxmır, deyir yanaqlarının solğunluğunu görmək istəmirəm”. “Qaranlıq qarışanacan idarədə oturub, evə gedəndə də elə həyətdə oturur, içəri baş salammır”. “Belə getsə üzüləcək kişi”. İdarənin qabağında, dəhlizində arvadlar arxasınca baxıb xısın-xısın danışanda, İsfəndiyar kişi onların məhz belə sözlər dediklərinə şübhə eləmirdi. Deyilənlərin hamısı doğru idi. Əmma neyləmək olardı? Bəlkə bu həyat tərzini dəyişmək lazımdı? Necə, nə yolla? Oğlanları gedəndən sonra dəmirçixanaya qayıtmaq istədiyini deyəndə, idarə heyətində heç kəs razı olmadı. Kolxoz sədri, Çeteze ləqəbli Çeteze İskəndər dedi: “Yetmiş yaşında, əlinə çəkicmi götürəcəksən, a kişi?!” Sovet sədri Qılınc Qurban təpindi: “Bizi biabır eləmə, sən Allah, İsfəndiyar kişi!” Kəndə başqa yerdən dəmirçi gətirmək istədilər. Əmma İsfəndiyar kişinin fikri qəti idi. “Həm cəmaata azdan-çoxdan xeyrim dəyər, həm də özümün başım qarışar”, – dedi və elə ordan birbaş “köhnə dudman”ın qapısını açmağa getsin? Bundan başqa neyləmək olardı? “Başım qarışsın” deyib, bütün gecəni də səhərə qədər dəmir döysün?!
Qoca tamam səbirsizləşib, yerində qımıldanıb, kəndin işıqlarına baxdı. Burda, bu sallaq budaqların altında, acı təzək tüstüsü altında saatlarla oturmaq da adamı lap təngə gətirir. Bəlkə durub sovet sədrinin yanına getsin, yerli hökumətin əli ilə oğlanlarının “polevoy poçt”una məktub yazdırsın, xəbər tələb etsin? Yaxud, bəlkə elə bu dəqiqə durub dəmiryol vağzalına getsin, rayona yola düşsün, voyenkom Talıbovun öz əli ilə məktub yazdırsın?..
Qoca bu fikirlərə necə qapıldısa, qaranlıqda bir yanının üstünə çökə-çökə, tərəddüdlə, dayana-dayana gəlib salam verib, beş addım aralıda, su quyusunun dikdirinin kənarında oturan adama diqqət yetirmədi. Yalnız feldşer ayağa qalxıb, həmişkitək yorğun və xəcalətli səslə: Gecən xeyrə qalsın, – deyəndə qoca onu gördü.
– Hacı?.. Ay oğul, sənsənmi? Çoxdanmı buradasan? Dayan görüm!..
Feldşer dayanmadı.
– Yaman darıxdım, gəldim ki, bir az saza qulaq asım, İsfəndiyar əmi… Gecən xeyrə qalsın.
Qoca təəccüblənmişdi. Nə əcəb belə, çağırılmamış gəlib Hacı? Yarası köhnəlmişdi, daha utanmırdı yazıq.
– Əylən! Belə getmə… Heç bilmirəm nədəndi, halım xarabdı, oğul. Əvvəl saz dadıma çatardı. İndi o da belə oldu. Necə deyim, heç bilmirəm necə başa salım. Tilsimləndi Bəhmənimin sazı, oğul. Çalammıram daha. Əlim gəlmir.
Hacının nazikcə qaraltısı dik dartılıb hərəkətsiz qaldı.
– Necə yəni tilsimləndi, ay İsfəndiyar əmi?!
Qoca fikrə getdi. Necə danışsın, necə izah etsin?
Kətildə oturub körük basdığı yerdəcə yatıb röya görmüşdü. Daha doğrusu, heç nə görməyib ancaq Bəhmənin səsini eşitmişdi: “Günlərin birində idarədən evə dönəndə qulağına Təvər sazda “Divanı” gəlsə, bil ki, qayıtmışam, baba”.
Qoca diksinib oyanmış və indi Hacının qaraltısına baxa-baxa necə hərəkətsizdisə, beləcə donub qalmışdı: “Bu nəydi eşitdim, ya rəbbi?!”
İkinci dəfə mürgüləyib yenə Bəhmənin səsini eşitmişdi: “Saz kökdən düşsə, bil ki, mənim başımda qaranlıq var, baba”. Qoca yenə diksinib oyanmış, bu dəfə heyrət əvəzinə xof içində evə yüyürmüşdü. Sazı köynəkdən çıxarıb, barmaqları titrəyə-titrəyə simlərə toxunmuşdu. Bir il bundan qabaq Bəhmənin əlləri ilə çəkilib “Divani” üstündə köklənmiş simlərin bu bir ildə kökdən düşməməsi mümkün olan şeydi, əmma bu da qocaya hikmətli bir əlamət kimi görünmüşdü. Və sazı divardan asıb, əl vurmağı qadağan eləmişdi.
Röyasını olduğu kimi danışdı, köksünü ötürdü.
– Əl vursam, qorxuram kökdən düşər. Onçun deyirəm, tilsim deyilmi?!
Hacı ağır-ağır başını tərpətdi.
– Tilsimdi. Nəsə belə şeydi. Əmbə burası da var ki, səni saxlıyan o sazdı. Açığı, elə mən özüm də sabah-sabah fikirləşirəm ki, axşam İsfəndiyar əmi çalacaq, oxuyacaq. Əmbə gələmmirəm, qıraqdan qulaq asıram. Bu axşam heç bilmirəm nə oldu, mən də elə sən təki doldum, köyrəldim, yaxın gəldim… Gecən xeyrə qalsın.
Sol ayağının üstə çökə-çökə aralandı, qaranlıqda gözdən itdi.
İsfəndiyar kişi qəhərlənmişdi.
– Yaxşı olmadı… Heç yaxşı olmadı. Bəlkə Çürükdən, bir ayrı, köhnəsi olar, saz istəyim? Yox, Abı nəsə deyər, bağrım çatlayar. – Heç hiss eləmirdi ki, öz-özünə danışırdı.
Dəmiryolun qırağında “Məhərin budkası” adlanan tikili, – qırmızı kərpicdən xırdaca bir qalaça kimi qaldırılıb, hər iki mərtəbəsində bir cüt xırdaca pəncərəsi qaralan yarımstansiya, əslində “Məhərrəmin budkası” adlanmalı idi. Əmma Məhərrəmin dul anası Mələk qarı ilə qızları Pəri, Tubu da “Məhərrəm” əvəzində “Məhər” dediklərinə görə bütün Qurbanlı “Məhərin budkası” deyirdi. On-on beş ildi ki, Məhər Moskvaya gedib, ordan Bakıya köçüb, “Çekist Məhərrəm”, “Məhərrəm Abbasoviç” olmuşdu. Anası Mələk qarı, eynilə Axsaq Hacı kimi axsayan “Teymurləng” ləqəbli uzunhoqqar böyük oğlu, gəlini, nəvələri ilə birlikdə o “budka”-dan Orta kənd Tahirliyə köçəndən sonra üç para kəndin üçü üçün də əlverişli olan o yarımstansiya bağlanmışdı. Əmma hərdən gecələr o xırdaca pəncərələrdə, iki mərtəbənin ikisində də işıq parıldayırdı. Qurbanlının dəmiryol səmtində, kiçicik, çəpərsiz bağla qovaq ağacı nəzərə alınmasa, tamam açıqlıqda olan təkotaqlı, uzun balkonlu evin həyətindən boylananda pəri ilə Tubu o xırdaca pəncərələrin parıltısını görüb, gözlərini silirdilər. Çünki əvvəllər o pəncərələr Məhər, arvadı, uşaqları ilə Bakıdan gələndə parıldayıb, öz işığı ilə Pərini, Tubunu, İsfəndiyar kişini görüşə, qonaqlığa çağırardı. Müharibə başlayandan sonra isə, o xırdaca pəncərələr parıldayanda Qurbanlıdan baxanların hamısı bilirdi ki, “budka”-dakı işığı daha Məhər yox, “İstrebitlnıy batalyon” – “Qırıcı batalyon” adlanan silahlılar dəstəsinin komandiri, sovet sədri Qurban kişi – Qılınc Qurban yandırırdı, “batalyon”un üzvləri, o cümlədən üç para kəndin kolxoz sədrləri o işığa yığışanda Qılınc Qurban “soveşşani” keçirib, “voyenni svodka”, qaçaq-quldur, “şpiyon”-filan barədə danışardı.
“Axşam qisməti”ni könülsüz-iştahsız yeyib, dəmir camı, qarğı qaşığı quyunun üstündə həmişə su ilə dolu olan vedrənin suyu ilə yuyub, aparıb balkonun altında pəncərənin qabağına qoydu, yenə qovağın altına qayıdıb, üstünü kül basan təzəkləri çəkməsinin burnu ilə tərpədə-tərpədə közərtdi, daimi yerində oturub, yenə də sinəsində bərk ağrı hiss edib, orta pəncərənin arxasında, divarda köynəyi qaralan saza baxdı, nigaran, narahat dönüb ambulatoriya səmtinə, sonra Məhərin budkasının parıldaşan pəncərələrinə boylandı.
Müharibə başlanandan bu vaxta qədər içərisi palçığı çıxarılmayan kanaldan sızan sularda – gölməçələrdə, bol şehdən bozlaşmış çəmənlikdə, tala-tala qaralan göy qamışlıqlarda qurbağalar quruldaşırdı. Budkadan solda dəmiryol boyunca solğun bir fənər işığı axırdı: drezen keçirdi. Qurbağaların qurultusundan təkərlərin səsi eşidilmirdi. Arada necə oldusa qurbağaların hay-küyü azaldı, drezenin uğultusu, təkərlərinin taqqıltıları eşidildi. Sonra işıq yavaşıyıb dayandı. Budkanın yanında, qırmızı simoforun altında drezendən kim isə düşdü. Göyün üzünü çərmə tutub qaranlığı qatılaşdırsa da, fənər relslərin üstündə ancaq bir tikə yeri işıqlandırsa da, İsfəndiyar kişi drezendən duşən adamın sürətlə kəndə yönəldiyini gördü.
Məhərin budkasının yanında drezen dayanması, drezendən adam düşüb kəndə gəlməsi nadir hadisə deyildi. Alverçi Xeyrə, yaxud yetim poçtalyon qız vaxtlı-vaxtsız vağzala gedəndə, drezendə işləyən oğlana pul verib həmişə onunla qayıdırdılar. Hərdən stansiyada bir neçə saatlığa, bəzən bir günlüyə eşalon dayanırdı, dəmiryola, vağzala yaxın pambıq sahələrində işləyən arvadlar kətmənləri atıb kəndə yüyürürdülər, süd, qatıq, ərik, alça aparıb əsgərlərə paylayırdılar, gecikib qaranlığa düşəndə onlar da drezenə doluşub qayıdırdılar… Başqa vaxtlar, gecə yarısında yarımstansiyaya drezen gəlməsinə İsfəndiyar kişi o qədər də fikir verməzdi. İndi bəs niyə belə diqqətlə baxdı? Nədən birtəhər oldu? Məsafənin xeyli uzaqlığına və düşən adamın yalnız qaraltısını gördüyünə baxmayaraq, İsfəndiyar kişiyə elə gəldi ki, onun əynində əsgər paltarı var. O adam budkanın gur işıqlı pəncərəsinin qabağından ötəndə hətta belində arxa çantasını gördü.