18+
реклама
18+
Бургер менюБургер меню

İsa Muğanna – Saz (страница 3)

18

Qol çəkib qəbzi rəisə verdi. Kəndə qayıdıb traktorla lafet gətirdi, kisələri aparıb gölməçələrin arasında talaya boşaltdı, camaatdan köhnə, lazımsız palaz yığıb əhəngin üstünü örtdü ki, yağışın altında qalıb yandırıcı təsirini itirməsin. O vaxtdan Hacı hər axşam işdən sonra bataqlığa əhəng səpələyirdi. Əmma camaatdan hələlik feldşerin bu işi ilə maraqlanan yoxdu. Kimin nəyinə gərəkdi ki, ilanlı, qurbağalı, iyliqoxulu gölməçələrə girib, üzərində boz buludtək ağcaqanad qaynaşan qamışlıqlara başını soxub, axsaq feldşerin orda saatlarla nə üçün itib-batması ilə maraqlansın? Bununla hərdən kəndin, necə deyərlər, rəhbər işçiləri, camaatdan isə təkcə İsfəndiyar kişi maraqlanırdı.

Axsaq feldşerlə İsfəndiyar kişini elə bil tale özü birləşdirmişdi. İlk baxışda bəlkə də qəribə və gülməli, əslində isə kədərli bir hadisə qocanın ürəyində bu oğlana rəhm oyatmışdı.

Sovet sədri Qurban kişinin “yesli zavtra vayna”[5] oxun-duğu vaxtlar” adlandırdığı vaxtlar, yəni otuz doqquz-qırxıncı illərdə Hacı “ev tikdirmək, ailə qurmaq” həvəsində idi. Günlərin birində dəmirçixanaya gedib, boynunu burub acizanə xahiş eləmişdi ki, İsfəndiyar kişi, kəndin mötəbər ağsaqqallarından biri kimi, zəhmətə qatlaşıb elçilik etsin, Hacını evləndirsin. Sonra məlum olmuşdu ki, Hacının, necə deyərlər, dünyadan xəbəri yoxdur: onun istədiyi qız, – “Məhər” və ya “çekist Məhərrəm” deyilən məşhur bir adamın Orta kənd Tahirlidə olan böyük bacısı Pəri çoxdan alışıb-verişib. Özü də bir başqası ilə yox, Hacının elçilik üçün müraciət etdiyi adamın – İsfəndiyar kişinin böyük oğlu Rəhmanla!

Bir il sonra, Rəhmanla Pərinin toyunda Hacı keflənib İsfəndiyar kişinin boynunu qucaqladı: “Böyük bacını öz oğluna aldın, kiçik bacını da mənə al, imanına qurban olum, İsfəndiyar əmi!” Əmma məlum oldu ki, bədbəxt feldşerin bu dəfə də oxu daşa dəyib – kiçik bacı Tubu da çoxdan alışıb-verişib! Özü də bir başqası ilə yox, İsfəndiyar kişinin kiçik oğlu Bəhmənlə!

Bu əhvalatdan sonra Rəhmanla Bəhmənlə, İsfəndiyar kişi ilə rastlaşanda Hacı başını aşağı əyib xəcalətindən tər tökürdü, o ailə ilə mümkün qədər görüşməməyə çalışırdı.

Əmma, necə deyərlər, taleyin gərdişi qoca aşıq Xızr Abının əvvəlcədən xəbər verdiyi hadisə gözlənilmədən Hacını Rəhmanın yatağının yanında “dejurnu”ya döndərdi. Niyə “dejurnu”ya? Çünki Rəhmanın “sınığı yaman sınıqdı” – sümüyü eşiyə çıxmışdı, gecə-gündüz göynəyirdi, yatmağa qoymurdu, buna görə də Hacı gecələr səhərə qədər Rəhmanın yanında mürgüləyə-mürgüləyə tez-tez “ağrıkəsici” iynə vururdu. Bu “dejurnu”luq mayın birindən onuna qədər Hacını o ailənin əməlli-başlı üzvü kimi elədi. Əmma yazıq xəcalətindən nə çəkdiyini təkcə özü bilirdi. Arıqlayıb “çöpə dönmüşdü”. Bu vəziyyətdə, əlbəttə, o evdə çox qalmaq mümkün deyildi. Odur ki, bir gecə yenə “ağrıkəsici iynə” vurmağa hazırlaşanda Hacı birdən-birə şprisi yerə çırpıb, canını dişinə tutub”, “Qışqırma”, – deyib o “eşiyə çıxan sümüyün” üstünə tənzif qoyub necə basdısa, sümük bir göz qırpımında “yerinə düşdü”. Bundan onca gün sonra isə Rəhman tez-tez alnına tökülüb gözlərinin üstünü tutan topa saçının altından feldşerə baxıb: “Ay Hacı, yerimək istəyirəm axı!” – deyib güldü. Və çox qəribə oldu ki, iyunun iyirmi ikisində, “Sovetnən Germaniyanın arasında müharibə” xəbəri çıxan gecə ayağa qalxıb, “heç nə olmamış” kimi yeriməyə başladı. Bundan bir neçə gün sonra isə qardaşlar ikisi də “mobilizasiyaya düşüb”, Qurban kişi – Qılınc Qurbanın verdiyi “povestka” əllərində, “pradukt” çantaları bellərində “vayenkomata”, ordan da “eşalona dolanlarla” getdilər. Və o gedən getdilər. Səsləri-soraqları da çıxmadı. Hacı isə, o evdən o çıxan çıxıb daha bir dəfə də qayıtmadı ki, Pəri, Tubu ilə, İsfəndiyar kişi ilə üz-üzə gəlib xəcalət tərinə batmasın.

Rəhmanla Bəhməndən iki şey qalmışdı: biri anbarla idarənin arasındakı meydançada bellərinə “kəmər kimi doladıqları” dəmir, biri də İsfəndiyar kişini nədənsə Rəhmandan fərqləndirib “sonbeşik – yurduma keşik” deyə-deyə əzizlədiyi Bəhmənin xəlvətdə “OdEvƏr”[6], zahirdə “Təvər” saz adlanan, qucağa sığışmayan, şirmayılı sazı idi ki, əslində İsfəndiyar kişinin özünündü; hələ əsrin əvvəlində qocalığına görə “Çürük” deyilən Çürük aşıqla o vaxtkı balabançı, sonrakı aşıq Xızr Abı, hər ikisinin istəkli şagirdi İsfəndiyar üçün bağlatmışdılar. Əmma bədbəxtlikdən Çürüklə Abının bu gün də adını sirr kimi saxladıqları çox məşhur, varlı-hallı bir adam İsfəndiyara zəhər verib səsini batırmışdı, sonra da ölümlə hədələyib, qeyri-adi gur səsi “AlOsmana qalxan”[7] sazı əlindən almağa çalışmışdı. Elə o cavan vaxtlarından “ipək kimi yumşaq” İsfəndiyar yalvarıb-yaxarıb, sazı “xilas eləyib”, qalın bezə büküb “mal damının harması”nda gizlətmişdi ki, vaxtı çatanda Bəhmənə versin.

Bəhmən aşıq-zad deyildi, ustad yanında olmamışdı. Əmma hələ lap körpəlikdən yaxşı-yumşaq, titrək səsi olduğunu başa düşəndən sonra Aşağı kəndə, Çürük Aşıqla Xızr Abının məclislərinə gedərdi, valehlikdən ağzıaçılı, quruyub qulaq asardı, evə qayıdanda isə atasının qabağında boynunu büküb, “saz istəyirəm”, – deyərdi.

Oğlunun on beş yaşı olanda, İsfəndiyar kişi, nəhayət, sazı vermişdi, Bəhmən isə toylarda, mağarlarda yenə də Çürüklə Xızr Abının əllərinə baxa-baxa, yavaş-yavaş çalmaq öyrənib, əməlli-başlı bişginləşmişdi.

Damına qom-qom qamış döşənmiş çiy kərpic evin qabağında, su quyusunun üstündə kimin əkdiyi və nə vaxt əkdiyi bəlli olmayan, yoğun, hamar gövdəsində ərəb əlifbası ilə qat-qarışıq sözlər qazılmış qədim və nəhəng qovaq ağacı vardı. Bəhmən bu qovağın başında, yastı haçada oturub sazını burda çalmağı, təzə öyrəndiyi havaları bütün kəndə eşitdirməyi sevərdi. Çekist Məhərrəmin kiçik bacısı Tubuya vurulandan sonra yerini dəyişib bir az da yuxarı çıxardı ki, “Təvər saz”ın səsi uzaqlara, bəlkə Tubugilə də getsin.

Tubuya nişanlanandan sonra qovağın başına qalxmağı tərgitdi. Çalmağında, oxumağında da dəyişiklik əmələ gəldi. Daha həmişəki kimi simləri vurhay döyəcləyib gündə bir neçə mizrab sındırmırdı. Yerdə oturub, kürəyini qovağın gövdəsinə söykəyib, çox zaman gözlərini yumub, simləri az qala birər-birər dənləyirdi, asta-asta, narın-narın, həzin-həzin çalırdı. Həmin bu vaxtlarda “AdıPünhanların” elmindən başı çıxanlar Bəhmənə bir sirr açdılar:…başı çıxanlar, o cümlədən Çürüyün qardaşlığı Xızr Abı, Bəhmənin “xoruz təki dikə qalxıb banlamağını”, “danqırhadanqır çalmağını” xoşlamayan qocalar – Çürüklə Xızr Abı cavan aşığın barmaqlarına, “səsinə-ürəyinə” necə vuruldularsa, ona hətta AdıPünhanların gizlin Elm uğrunda nələr çəkdiklərini, bu Elm üstündə “Rusun nə qədər adam qırdığını” danışdılar, sonra isə Elmdən dərs dedilər və bununla İsfəndiyar kişinin özünün də yaddaşını təzələdilər.

Oğlanları gedəndən sonra, axşamlar evdə darıxanda qoca hərdən sazı köynəkdən çıxarırdı. Eyni ilə Bəhmən kimi, kürəyini qovağın gövdəsinə söykəyib, eyni ilə Bəhmən kimi narın-narın “dınqıldadırdı”, vaxtilə Çürüyün danışdığı və ən yaxın adamlarına “şərh” elədiyi məxfi “Elm dastanı”ndan bir beyti öz ürəyinə yatan şəkildə, “qol-qanadını sındıra-sındıra”, xırıltı ilə oxuyurdu:

Gəl, ey Şeşpayi-bəhrim, Qalmadı tabanım, təhrim. Düşmən gəlib məni kəməndə salar, Şah babamın gözü yolda qalar.

Nə deməkdi bu “Şeşpayi-bəhr?” Bu, sirr idi. Əmma qoca hər dəfə yalnız bu beyti oxuyurdu və hər dəfə gözləri dolurdu. “Gəl, ey Şeşpayi-bəhrim! Şah babanın gözünü yolda qoyma, gəl!” – deyirdi.

Bir axşam, həmişəki qayda üzrə, araba yağı ilə çəkmələrini silib, gödəkcəsi çiynində, təsbehi əlində, idarədə vaxt keçirib evə qayıdandan sonra yenə sazı götürdü. Ancaq çalmadı. Bir tərəfini iri, uzun taxt, o biri tərəfini yorğan-döşək yığını və taxıl çuvalı tutmuş otağın yuxarı divarında, uşaqların əli çatmayan yerdən mıx vurub sazı ordan asdı.

– Tilsimləndi bu saz. Bəhmən gələnə qədər köynəkdən çıxmıyacaq, – dedi.

Sazın necə, niyə “tilsimləndi”yini isə deməyib evdən çıxdı.

Qovaqdan xeyli solda, eynilə “köhnə dudman” kimi, dirəklərin aralarına dolana-dolana uzanan ağac budaqlarından hörülmüş alçacıq “mal damı”nın qabağında qara inəklə keçənilki, builki balalarının gözləri üç cüt fanar kimi parıldayırdı. Ağcaqanadın əlində əsir heyvanlar tez-tez ayaqlarını yerə döyə-döyə, fısqırışa-fısqırışa gözlərini qocaya dikib imdad istəyirdilər. İsfəndiyar kişi damın dalına fırlanıb ordan bir qucaq quru-taqqanaq təzək gətirdi, kom-kom çayırları qaralan geniş, hamar həyətin üzərini bütün qapamış sıx yarpaqlı budaqların altında, bir neçə yerdə təzək yandırdı, kürəyini qovağın gövdəsinə söykəyib oturdu.

Təzəklərin acı tüstüsü budaqların altına yayıldıqca qocanın başının dövrəsində ağcaqanadların vızıltısı azalırdı. Heyvanların fısıltıları, ayaq tappıltıları kəsilirdi. Pəncərə arxasında piltəsi aşağı çəkilmiş yeddilik lampanın solğun işığında cərgə ilə dirəkləri bozaran balkonda qaranquşlar hərdən yuxulu-yuxulu civildəşirdilər. Qovağın başında, nədənsə, yuvasına hər il tək gəlib, tək də gedən hacıleylək dimdiyini şaqqıldadırdı. İsfəndiyar kişi uzun illərdən bəri alışdığı bu səslər içində, qəmli-qüssəli, yenə də oğullarını düşünürdü. Cavanların ikisini də birdən sinəsinə sıxan pəhləvanı, iri, ağdəstə bıçaqla Rəhmanın çəkməsinin boğazını kəsən feldşerin həyəcanlı, qayğılı qışqırtısını xatırlayırdı.