18+
реклама
18+
Бургер менюБургер меню

Рэй Дуглас Брэдбери – Hekayələr (страница 7)

18

Duqlas lap çarpayıya yaxınlaşıb qulaqbatırıcı səslə qışqırdı:

– Mister Koberman!

O heç qımıldanmadı da. Duqlas əyilib gümüş çəngəlin dişlərini yatan adamın üzünə sancdı. Koberman diksinib ağır-ağır zarıdı, amma oyanmadı.

Duqlas mavi şüşə qırıntısını gözünə yaxınlaşdırdı. Dərhal mavi dünyaya düşdü. Mavi mebel, mavi divarlar və tavan, Kobermanın mavi üzü, onun mavi qolları. Birdən… Kobermanın bərələ qalmış gözləri Duqlasa zilləndi; onlarda əcaib, heyvani bir aclıq parlayırdı.

Duqlas geri səndələyib şüşəni gözündən çəkdi. Ancaq indi Kobermanın gözləri yumulu idi. Duqlas şüşə qırıntısını yenidən yaxınlaşdırdı – gözlər açıq görünürdü, uzaqlaşdırdı – yumuluydu. İnanılmazdı. Kobermanın gözləri mavi şüşənin arxasında acgözlüklə işıq saçırdı, şüşəsiz isə bərk-bərk sıxılmış kimi görünürdü.

Bəs hələ Kobermanın bədəni!? Duqlas heyrətdən çığırdı. Kobermanın geyimi şüşənin arxasında sanki əriyir və dərisiylə birgə şəffaflaşırdı. Duqlas onun mədəsini və bütün daxili orqanlarını görürdü. Kobermanın orqanlarının içində qəribə şeylər vardı.

Çarpayının yanında bir neçə dəqiqə donub-qalmış Duqlas mavi, qırmızı, sarı dünyalar barədə düşüncələrə daldı. Yəqin, onlar elə rəngbərəng pəncərədəki şüşələr kimi bir-birinə qonşuluq edirlər. “Müxtəlif şüşə qırıqları, müxtəlif dünyalar”, – deyəsən, Koberman belə deyirdi. Deməli, pəncərə elə bu səbəbdən sındırılıbmış!

– Mister Koberman, oyanın!

Heç bir cavab gəlmədi.

– Mister Koberman, siz gecələr harada işləyirsiniz? Siz harada işləyirsiniz?

Alaqaranlıqda yüngül meh pərdələri tərpətdi.

– Qırmızı, yoxsa yaşıl dünyada, bəlkə, sarıda?..

Qaranlıq otağın sükutu pozulmurdu.

– Hələ bir dayan görüm, – Duqlas söylədi.

O, mətbəxə enib siyirmədəki ən böyük bıçağı çıxardı. Sonra geri dönüb Kobermanın otağına girdi və əlində bıçaq qapını bağladı.

Duqlas mətbəxə daxil olub masanın üzərinə nəsə qoyanda nənə kökə xəmiri yoğururdu.

– Nənə, bunun nə olduğunu bilirsən?

O, eynəyinin üzərindən gözucu baxdı.

– Heç ağlıma da gəlmir.

Əşya kiçik qutu kimi düzbucaqlı şəklində idi, ancaq elastik idi. O, parlaq narıncı rəngdəydi. Kənarlarından dörd kvadrat borucuq çıxırdı. Əşyanın qəribə qoxusı vardı.

– Nənə, heç vaxt beləsini görməmisən?

– Heç vaxt.

– Elə belə də bilirdim!

Duqlas qaçaraq mətbəxdən çıxdı. O, beş dəqiqədən sonra nəyisə darta-darta gətirdi.

– Bəs bu?

O, bir tərəfində tünd-qırmızı üçbucaq olan parlaq çəhrayı zənciri göstərdi.

– Başımı hansısa gic-gic zəncirlə qatma, – nənə söylədi.

Duqlas yenidən yoxa çıxdı və əlində qəribə əşyalar geri qayıtdı: üzük, disk, paralelepiped, piramida. Onların hamısı elastik idi. Elə bil jelatindən düzəldilmişdi.

– Hələ bunlar hamısı deyil, – onları bir-bir masanın üzərinə düzən Duqlas söylədi. – Orda hələ çox şey var.

Nənənin başı öz işinə qarışmışdı və ona heç məhəl də qoymurdu.

– Nənə, amma sən səhv etmisən!

– Nədə?

– Bütün insanların içalatının eyni cür olduğunu söyləyəndə.

– Boş-boş danışma!

– Bəs mənim topum hanı?

– Hara tullamısan – orda, dəhlizdə.

Duqlas topu götürüb dəhlizə çıxdı.

Baba evə saat beşə yaxın qayıtdı.

– Baba, bir mənimlə yuxarı gəl.

– Yaxşı, amma deyə bilərsən niyə, balaca?

– Sənə maraqlı bir şey göstərəcəm.

Babası gülə-gülə onun ardınca pilləkənləri qalxdı.

– Bircə nənəmə demə, bu onun xoşuna gəlməyəcək, – Duqlas bunları deyə-deyə Kobermanın otağının qapısını açdı. Baba heyrətdən yerində donub-qaldı.

Sonra baş verənləri Duqlas yaddaşına ömürlük həkk elədi. Polis inspektoru və köməkçiləri uzun müddət Kobermanın çarpayısı qarşısında dayandılar. Nənə aşağıda kimdənsə soruşurdu:

– Nə baş verib?

Baba boğuq səslə söyləyirdi:

– Bu tükürpədici olayı unuda bilməsi üçün uşağı bir müddətlik harasa aparacam. Bu tükürpədici olayı, tükürpədici olayı!..

– Burda tükürpədici nə var ki? – Duqlas soruşdu. – Mən burda qorxulu heç nə görmürəm.

İnspektor çiyinlərini çəkib söylədi:

– Koberman ölüb, hər şey qaydasındadır.

Onun köməkçisi alnındakı təri sildi:

– Bəs siz su ləyənində üzən o şeyləri gördünüz, hələ kağıza bükülənləri demirəm.

– Hə, gördüm, adamın ağlı başından çıxa bilər.

– İlahi!

İnspektor arxasını Kobermanın meyitinə tərəf çevirdi.

– Uşaqlar, yaxşısı budur, dilimizi dinc saxlayaq – bu, qətl deyil. Əslində, uşağın belə eləməsi, sadəcə, xoş təsadüfdür. Yoxsa deməyə də dilim gəlmir, Allah bilir burda nələr baş verəcəkdi.

– Bu Koberman, görəsən, kim olub? Vampir? Bədheybət?

– Allah bilir! Hər halda, insan olmadığı dəqiqdir, – o, meyitin qarnındakı tikişi əllədi.

Duqlas öz əməlindən fəxarət hissi keçirirdi. O, nənəsinin toyuq içalatını çıxardığını dəfələrlə görmüşdü və yadında yaxşıca saxlamışdı. İynə-sap, başqa heç nə lazım deyil. Sonda bu Koberman nənəsinin əvvəlcə içalatlarını çıxardığı, sonra quru çörək doldurub tikdiyi cücələrdən elə də fərqlənmirdi.

– Bütün bunlar qarnından çıxarılanda Koberman hələ sağıydı, hər halda, oğlan belə deyirdi, – inspektor başıyla içində üçbucaqlar, piramidalar və zəncirlər üzən ləyəni göstərdi. – Hələ də sağ idi. İlahi!

– Bəs onun axırına çıxan nədir?

– Bax bunlar, – inspektor barmaqlarıyla tikiş yerlərini araladı. Polislər Kobermanın qarnının gümüş iyirmisentliklərlə dolu olduğunu gördülər.

– Duqlas deyir ki, orda altı dollar yetmiş sent var. Zənnimcə, müdrik kapital qoyuluşudur.

BİR DAMCI SƏBİRSİZLİK

O axşam digərlərindən heç nəylə fərqlənmirdi. Amma məhz həmin may axşamı, ömrünün iyirmi doqquzuncu baharından bir həftə əvvəl Conatan Hyuz lap uzaqlardan – başqa zamandan, başqa dönəmdən, başqa həyatdan gələn taleyiylə qarşılaşdı.