Рэй Дуглас Брэдбери – Hekayələr (страница 6)
Duqlas dördüncü gün pilləkənlə öz sevimli, rəngli şəbəkəli pəncərəsinə dırmaşdı. O, birinci mərtəbəylə ikinci mərtəbənin arasında yerləşirdi və narıncı, bənövşəyi, mavi, qırmızı və sarı şüşə parçalarından ibarət idi. Duqlas onların arxasından baxmağı, xüsusən də günəşin ilk şəfəqləri torpağı qızılı rəngə bürüyəndə küçəni seyr etməyi çox xoşlayırdı.
Mavi dünya – mavi səma, mavi insanlar, mavi maşınlar, mavi itlər. Bu isə sarı dünya. Küçəni keçən iki qadın sanki Şərq nağıllarındakı şahzadələrə çevrildi. Duqlas irişdi. Bu şüşə qırıntısı hətta günəş şəfəqlərini belə daha qızılı çalara boyayırdı.
Duqlas səhər saat səkkizə yaxın əsasını yerə döyə-döyə öz gecə işindən qayıdan mister Kobermanı gördü. Başında həmişəki eybəcər şlyapası vardı. Duqlas üzünü başqa şüşə qırıntısına dayadı. Qırmızıdərili mister Koberman qırmızı dünyanın qırmızı gülləri və qırmızı ağaclarının yanından ötüb-keçirdi. Gördükləri Duqlası nəyə görəsə heyrətləndirdi. Ona birdən elə gəldi ki, mister Kobermanın geyimi əriyib və dərisi şəffaf olub. Kirayənişinin daxilində görünənlər Duqlası heyrətdən burnunu şüşəyə dirəməyə məcbur elədi.
Mister Koberman başını qaldıranda Duqlası gördü və sanki hədə-qorxu gəlirmiş kimi əsasını havada yellədi, sonra xırda addımlarla qırmızı cığırı keçib düz qapıya tərəf gəldi.
– Ey, oğlan! – pilləkənlərlə yuxarı qalxan kirayənişin çığırdı. – Orda nə oyundan çıxırsan?
– Heç. Sadəcə, baxıram, – Duqlas mızıldandı.
– Sadəcə, baxırsan? Elə bu? – Koberman bağırmaqda davam elədi.
– Bəli, cənab. Mən müxtəlif şüşələrdən baxıram və müxtəlif dünyalar görürəm – mavi, qırmızı, sarı. Müxtəlif.
– Hə, hə, müxtəlif, – Koberman özü də üzünü pəncərəyə dayadı. Onun bənizi ağarmışdı. Alnını cib dəsmalıyla silib yalandan gülümsündü.
– Rəngbərəngdir. Nə yaxşı. – O öz qapısına yaxınlaşdı və geri çevrilib əlavə elədi: – Yaxşı, yaxşı. Oyna.
Qapı bağlandı. Koberman öz otağına girdi. Duqlas onun arxasınca üz-gözünü əyib özü üçün yeni şüşə tapdı.
– Oho, indi də hamısı bənövşəyidir!
Yarım saatdan sonra oğlan qumluqda oynayanda zərbədən sınan pəncərənin səsi eşidildi. Duqlas anındaca ayağa sıçradı və artırmada dayanıb yumruğu ilə onu hədələyən nənəsini gördü.
– Duqlas! Sənə neçə dəfə demişəm, evin qabağında topla oynama!
– Amma mən burda oturmuşdum, – Duqlas etiraz elədi.
Lakin nənəsi ona qulaq asmaq istəmirdi.
– Bir gör neylədin, yaramaz uşaq!
Sevimli, rəngli şəbəkəsi çilik-çilik olmuşdu və şüşə qırıntılarının ortasında Duqlasın topu vardı. O özünü təmizə çıxarmağa macal tapmamış yumruq zərbələrinə tuş gəldi.
Sonra Duqlas qumluqda oturub ağrıdan deyil, düçar qaldığı ədalətsizlikdən axan duzlu göz yaşlarını uddu. O, topu kimin atdığını bilirdi – bu, əlbəttə ki, soyuq, boz otaqda yaşayan şlyapalı kişi idi.
“Bir dayan, hələ bir dayan” – Duqlas durmadan pıçıldayırdı.
O, nənəsinin şüşə qırıntılarını süpürgəylə yığıb zibil qutusuna atdığını eşitdi. Mavi, qırmızı, narıncı şüşələr bundan belə zibilxanada cır-cındır və boş konserv qutularına yoldaşlıq edəcəkdi.
Nənəsi gedəndən sonra Duqlas içini çəkə-çəkə zibil qutusuna yaxınlaşdı və ordan üç dənə qiymətli şüşə qırıntısını götürdü. Kobermanın rəngli şüşələrdən xoşu gəlmir? Olsun, bax elə buna görə onları xilas eləmək lazımdır.
Babası mətbəədən digər sakinlərdən bir az əvvəl, təxminən saat beşdə qayıdırdı. Dəhlizdə onun ağır addımları eşidilən kimi Duqlas kişinin qabağına qaçır və boynuna atılırdı. O, qəzet oxuyan babasının iri qarnına sıxılıb dizləri üstə oturmağı xoşlayırdı.
– Baba, qulaq as!
– Hə, nədir?
– Nənəm bu gün yenə cücənin içalatını çıxardı. Buna tamaşa eləmək elə maraqlıdır ki! – Duqlas söylədi.
Babası gözlərini qəzetdən ayırmırdı:
– Artıq bu həftədə ikinci cücədir. Nənən axırda bizi cücəyə çevirməsə yaxşıdır. Sən onun içalatı necə çıxarmasını izləməyi xoşlayırsan? Ay səni, balaca soyuqqanlı qəddar!
– Axı mənə maraqlıdır!
– Buna heç şübhəm də yoxdur, – babası əsnəyə-əsnəyə söylədi. – Qatarın altına düşən qızı xatırlayırsanmı? O, tamam qan içindəydi, sənsə gedib bu mənzərəyə tamaşa eləmişdin, – kişi gülümsündü. – Cəsarətli balam. Elə belə də lazımdır – həyatda heç nədən qorxma! Yəqin, bu xasiyyətin sənə atandan keçib, axı o, hərbçi olub. Sən ötən ildən bizə gələndən bəri ona çox oxşamağa başlamısan, – o öz qəzetini oxumağa davam etdi.
Duqlas bir dəqiqədən sonra sükutu pozdu:
– Baba!
– Hə?
– Bəs əgər adamın ürəyi, ağciyəri, ya mədəsi yoxdursa, amma zahirən başqaları kimidir?
– Bu yalnız nağıllarda ola bilər.
– Yox, mən nağıllardan danışmıram. Tutalım, o, içdən tamam başqadır, amma zahirən mənə oxşayır.
– Onda, yəqin, ona tam olaraq insan demək olmaz.
– Əlbəttə, baba. Bəs sənin ürəyin və ağciyərin var?
Baba çeçədi.
– Açığı, heç bilmirəm. Heç vaxt onları üzbəsurət görməmişəm. Heç rentgen də elətdirməmişəm.
– Bəs sənin mədən var?
– Əlbəttə, var, – söhbətə müdaxilə edən nənə mətbəxdən çığırdı. – Hünərin var onu ac saxla, onda baxarsan mədəsinin davasını necə eləyir! Sənin də ağciyərlərin var. Bağırtın ölünü də oyadar. Üstəlik, çirkli əllərin var. Tez get onları yu! Şam yeməyi hazırdır. Babası, sən də tez süfrə başında otur.
Kirayənişinlər də artıq süfrə arxasına toplaşdığından baba nəvəsindən niyə bayaq belə suallar verməsinin səbəbini öyrənməyə macal tapmadı.
Sakinlər masa arxasında söhbətləşir və müxtəlif zarafatlar edirdilər, bircə Koberman mısmırığını sallamışdı. Siyasətlə başlayan söhbət bir azdan şəhərdə baş verən sirli cinayətlərə keçid aldı.
– Bəs siz üzbəüz küçədə yaşayan miss Larsen barəsində eşitmisiniz? – baba sakinlərə üzünü tutub dedi. – Onu ölmüş vəziyyətdə tapıblar, bədənində də qəribə izlər var imiş… Üzündəsə elə bir ifadə olub ki, Dantenin özü qorxudan büzüşüb qalardı. Bəs hələ o biri qadın, soyadı necəydi – deyəsən, Uaytli. O da ilim-ilim itib, öldüsündən-qaldısından xəbər yoxdur.
– Hə, belə hadisələr tez-tez baş verir, – qarajda mexanik işləyən mister Bris söhbətə müdaxilə elədi. – Hamısı da bu lənətə gəlmiş, heç bir işə yaramayan polisin ucbatından.
– Kim əlavə yemək istəyir? – nənə soruşdu.
Amma hamının başı qətllərə qarışmışdı. Kimsə ötən həftə qonşu küçədə Marion Barsumyanın öldüyünü xatırlatdı. Guya ürəktutmadan keçinmişdi.
– Bəlkə də yox.
– Bəlkə də hə!
– Əşi, başınız xarab olub, nədir?!
– Bəlkə, süfrə arxasında başqa söhbətlər edək?
Amma mövzu daha da qızışdı.
– Kim bilir, – mister Bris söylədi. – Bəlkə, şəhərimizdə vampir peyda olub?!
Mister Koberman yeməyinə ara verdi.
– 1927-ci ildə? Vampir? Əşi, güldürməyin məni, – nənə dilləndi.
– Niyə də yox, – Bris etiraz elədi. – Onu yalnız gümüş gülləylə öldürmək mümkündür, vampirlər gümüşdən qorxurlar, özüm bu haqda haradasa oxumuşam. Dəqiq yadımdadır.
Duqlas gözlərini taxta bıçaq-çəngəllə yemək yeyən və cibində yalnız mis sentlər gəzdirən Kobermana zillədi.
– Əşi, bunların hamısı cəfəngiyatdır, – baba söylədi. – Heç bir vampir-zad mövcud deyil. Bunların hamısı həbsxanaya susayan əclafların əməlləridir.
– İcazənizlə, – mister Koberman ayağa qalxdı. Onun gecə növbəsi gəlib çatmışdı.
Duqlas ertəsi gün mister Kobermanın qayıtdığını gördü. Günorta nənəsi adəti üzrə dükana gedəndə oğlan düz üç dəqiqə Kobermanın qapısı ağzında bağırdı. Ordan səs-səmir gəlmədi; vahiməli sükut adamın qulağını yarırdı. Duqlas mətbəxə qayıdıb açar dəstəsi, gümüş çəngəl və dünən zibil qutusundan çıxardığı üç rəngli şüşə qırıntısını götürdü. Yuxarı qalxıb açarı qapının deşiyinə saldı və burdu. Qapı yavaşca açıldı.
Pərdələr tamamilə örtüldüyündən otaq alaqaranlıq idi. Pijama geyinmiş Koberman sahmansız yataqda uzanmışdı. Nəfəsi rəvan və dərin idi.
– Salam, mister Koberman!
Cavabında kirayənişinin sakit nəfəsini eşitdi.
– Mister Koberman, salam!