18+
реклама
18+
Бургер менюБургер меню

Решад Нури Гюнтекин – Dodaqdan qəlbə (страница 4)

18

Bu səfalət içində Kənan yeddi, Əfifə beş yaşına çatdı. Artıq əli hər yerdən üzülmüş Nail bədbin, məğmun və qaraqabaq bir adam olmuşdu. Dərdini unutmaq üçün yenidən içkiyə qurşanmışdı, səhhəti kimi əxlaqı da gündən-günə pozulmağa başlamışdı.

Elə bu vaxtlar ailənin vəziyyəti birdən-birə düzəldi. Nail artıq çox pul qazanır, diri və əsəbi görünürdü. Ancaq bu firavan güzəran uzun sürmədi. Bir gecə jandarmlar gəlib, heç səbəbini də demədən Naili apardılar.

Mələk xanıma ertəsi gün ərinin yeni bir böhtana düşdüyünü xəbər verdilər. Lakin bu səfərki böhtan deyil, əməlli-başlı oğurluq idi.

Nail bunu açıqca etiraf etdi, çəkinmədən:

– Başqa cür yaşamaq mümkün deyildi, uşaqlarım acından ölürdü, – dedi.

Bu etirafa baxmayaraq mühakimə aylarla uzandı. Mələk xanım iki uşağı ilə sərgərdan qaldı, aylarla ağır yoxsulluq içində yaşadı. Nail həbsxanada dərd, ümidsizlik içində çırpınır, arvadı uşaqları ilə bərabər onun görüşünə gələndə uşaq kimi ağlamaqdan başqa əlindən bir iş gəlmirdi.

Mələk xanım Nailin təkidi ilə qardaşlarına məktub yazdı, yalvardı ki, ona da olmasa, uşaqlarına rəhm etsinlər.

İndi qardaşlarının da vəziyyəti əvvəlki kimi deyildi. Ortancıl qardaşları Nəciblə Məsud şərikli başladıqları bir ticarət işində sınıq çıxmışdılar. Kiçik qardaşları Hilmi olan-olmazını satıb İstanbula köçmüşdü.

Ailə belə dağıldığı bir vaxtda, yalnız Saib bəyin işi gətirir, çox böyük mal-dövlət sahibi olurdu. Saib bəy məktubun cavabını Mələk xanıma yox, birbaşa Nailin özünə yazmışdı: “Bu işdə müqəssir və günahkar sizsiniz. Bacımızı ata ocağına qəbul etməyə hazırıq. Ancaq bu şərtlə ki, o bizə sizinlə heç bir əlaqəsi olmaması haqda rəsmi və şəri bir boşanma kağızı təqdim etsin.”

Kənanın ən köhnə və acı xatirəsi atasından ayrıldığı günə aiddir. Tutqun və yağışlı bir payız günü idi. Mələk xanım son dəfə ərini görmək üçün uşaqları ilə bərabər həbsxanaya getmişdi. Kənan gözlərini yuman kimi, bu kiçik, daş divarlı otağı bütün təfərrüatı ilə görürdü. Bütün əşyası sarı adyal atılmış sınıq çarpayı, bir su qabı, tənəkə lampa, boş bir neft qabı, bir də uddan ibarətdi.

Mələk xanım çarpayının üstündə oturub, uşaqlarını yanına almışdı. Heç bir şey danışmırdılar. Üzü çoxdan qırxılmamış Nail neft qabının üstündə oturaraq, yanındakı udun tellərini dınqıldadırdı. Dəmir barmaqlıqlı kiçik pəncərədən düşən tutqun işıqda üzü daha solğun və zəif görünürdü. Bir ara o, udu bağrına basıb, son dərəcə yavaşdan, ağır-ağır həzin şeylər çaldı.

Kənan sonrakı illərdə ağır yatalaq xəstəliyinə tutulmuşdu. Bu xəstəlik zamanı bəzən huşunu itirən Kənanı həyatla yalnız bu səslər bağlayırdı, o, ruhunu saran qara boşluq içində yalnız atasının çaldığı udun səsini eşitmişdi.

İndi də ona elə gəlirdi ki, qocalıb öləndə axırıncı eşidəcəyi şey bu udun səsi olacaq; xatirində qalan o dərin, uzaq, məhzun səslər içində dünyadan köçəcək.

Pəncərədən düşən son ziyalar rütubətli qara divarlarda sönərkən qapı açılmış və əlində fənər olan zəhmli bir jandarm içəri girmişdi. Kənan artıq nə anasına, nə də onu bağrına basıb dönə-dönə yanaqlarından, gözlərindən öpən atasına baxmış, qaranlıqda yıxılmamaq üçün anasının ətəyindən tutaraq uzun, soyuq, daş döşəməli zindandan çıxmışdı.

İzmirə köçəndən sonra daha atası haqda bir söz danışılmamışdı. Yalnız bir o yadındaydı ki, bir ilə yaxın vaxt keçdikdən sonra bir jandarm onlara bir sandıq gətirmişdi. O gedəndən sonra anası Kənana qızıl qapaqlı kiçik bir saat, sədəf dəstəli bir cib bıçağı vermişdi. Kənan bunların kimdən gəldiyini, nə üçün ona verildiyini soruşmamışdı.

Ancaq o gecə səhərə qədər anlaşılmaz bir hisslə tez-tez yuxudan ayılmış, yanındakı yataqda qucaqlaşıb yatan anası ilə Əfifəni oyandırmamağa çalışaraq, yanaqlarından öpmüşdü.

Kənanın atasına aid xatirələri bundan ibarət idi.

Saib paşanın Karantin8 məhəlləsindəki təmtəraqlı evi, Bozyaxada xeyir işlər üçün istifadə olunan böyük mülkü nə Mələk xanımı, nə də Kənanla Əfifəni xoşbəxt edə bilmədi. Bu adamda intəhasız müvəffəqiyyət və mənsəb hərisliyi, sonsuz bir şöhrət düşkünlüyü vardı.

Paşalıq adı və üç-dörd nişan almaq üçün o vaxtın yüksək vəzifə sahiblərinə bir aləm pul yedirtmişdi. Son zamanlar isə bütün bacarıq və səyini İzmirdə bələdiyyə rəisi olmağa və bu mövqeyi necə olursa-olsun əlində saxlamağa sərf edirdi. Yay-qış Karantin və Bozyaxadakı evləri təkyə9 kimi, hacılarla, mollalarla, tüfeyli və havayı yeyənlərlə dolu olardı. Nüfuzundan istifadə edə biləcəyi şəxslərdən birini də özündən incitmir, hər məhsul yığımında İstanbuldakı hamilərinə səbət-səbət üzüm, əncir göndərir, şəhərə yeni vali gələndə qarşılama şənlikləri düzəldirdi.

Saib paşa bacısını evinə gətirmişdisə də, onun təqsirindən hələ keçməmişdi. Kənanı isə heç sevmirdi. Onun gözündə Kənan səfeh və səfil bir oğrunun övladı idi. Fikirləşirdi ki, tərbiyəsilə nə qədər məşğul olsalar da, fayda verməyəcək, mütləq atasının tayı olacaq, həyatını həbsxanada, hətta çox ehtimal ki, dar ağacında başa vuracaq. Zatən bu yaşda, bu boyda belə o, sərsəriyə oxşayırdı; ona görə bu məzlum, həlim, utancaq uşağa bel bağlamaq olmazdı. Elə atasının da görkəmi belə idi. Lakin fürsət tapanda hansı bəd əməldən çəkinmişdi?

Kənan böyük dayısının şiş qapaqlı, iri dəmbərə gözlərinə hər dəfə baxanda canına titrətmə düşürdü. Ədəbli, sakit, qorxaq bir uşaq idi. Çəlimsizliyi, solğun, zəif çöhrəsi onu, əslində olduğundan daha kiçik göstərirdi. Son dərəcə həssasdı. Ətrafında olub keçənləri başı daşdan-daşa dəymiş yaşlı adamlar kimi bütün incəliyi ilə başa düşür, lakin hisslərini büruzə verməkdən çəkinirdi. Anası belə onun uşaq qəlbindən nələr keçdiyini tamamilə anlaya bilmirdi.

Bəzən heç bir səbəb olmadan anasının boynuna sarılır, onun yanaqlarını, gözlərini, boynunu, əllərini dönə-dönə öpərdi. Mələk xanım bu dəqiqələrdə onun həyəcanlandığını, mavi gözlərinin yaşla dolduğunu görürdü. Səbəbini soruşanda isə Kənan heç bir söz deməzdi. Əslində, səbəbini özü də bilməzdi. Bu, yatmaq, su içmək kimi daxildən gələn qəribə bir ehtiyacdı.

Başqa uşaq olsaydı, bu evdəki vəziyyəti onu həqir bir hala salardı. Lakin o, həqarətə məruz qalmamaq üçün daima hamıdan uzaq olmağa çalışır, dəcəl dayıuşaqlarına qoşulmurdu. Uşaqlıq aləminin bütün sevinclərindən könüllü əl çəkmişdi, o heç kimə ağız açmaz, heç nədən şikayətlənməzdi. Bir haqsızlığa məruz qalanda gileylənməz, dinməzcə məzlum-məzlum başını aşağı salardı. Ancaq üzünə xoş baxanda, kiçik bir yaxınlıq görəndə bunu saf, səmimi bir minnətdarlıqla qarşılardı. Bu xasiyyəti ilə ətrafındakılarda mərhəmət qarışıq bir hörmət oyadır, başqalarının onu saymasına nail olurdu.

Uşaqlıq vaxtının acı xatirələrindən biri də anası və bacısı ilə dayısı evindən çıxıb getdikləri günə aid idi. O zaman Kənanın on bir yaşı vardı. Bir qış səhəri onu qolundan tutaraq silkələyib yatağından qaldırdılar, yuxulu-yuxulu dayısının otağına gətirdilər.

Saib paşanın qiymətli qızıl saatı cibindən yoxa çıxmışdı. Səhər tezdən dindirilən xidmətçilərdən biri demişdi ki, gecə Kənanı dayısının otağının qapısı ağzında görmüşdür. Təqsiri onun boynuna atmaq üçün elə bu kifayətdi. Həbsxana künclərində ölmüş bir oğrunun uşağı ola-ola, evdə başqalarından şübhələnmək günah deyildimi?

Gecə köynəyində Kənan daha zəif görünürdü. Hələ də yuxulu olan xumar, mavigözlü uşaq başını aşağı salıb, dayısının qarşısında titrəyirdi.

Qara paltar geymiş, sifətinə meyit rəngi çökmüş Mələk xanım qapının ağzında dayanmışdı, söhbətə qarışmırdı.

Saib paşa bu gün sərt və acıqlı deyildi. Lakin ağır, əzici bir etinasızlıqla deyirdi:

– Çox tez başlamısan, balaca… Görünür atanı mütləq rəhmətlə yad elətdirmək fikrindəsən… Heç olmasa üç-dörd il də gözləyəydin. Bəlkə qorxmusan ki, o vaxta qədər bizdə çırpışdırmağa bir şey qalmaz? Atandan sənə miras qalan qızıl qolbaq sağ olsun! Daha çırpışdırmağa başqa şey tapmadın, ay axmaq!..

Kənan nə dayısının zəhər kimi acı sözlərinə cavab verir, nə də onun üzünə baxa bilirdi. Yalnız saatı oğurlamadığını göstərmək istəyirmiş kimi hərdənbir balaca, titrək ovuclarını açırdı.

– Hələ bir bunun görkəminə baxın. Cinayətkarlar da məhkəmə qarşısında belə dayanırlar. Sən indi məndən qorxma, oğlum. Hər necə olsa, bədbəxtlikdən dayınam, dərdi-sərini mən çəkməliyəm. Səni asıb, kəsmərəm. Ancaq belə getsə, tezliklə dövlət məhkəmələrinin qabağında dayanacaqsan… Orada isə dəyənək var, həbs var, bir az da irəli getsən, dar ağacı var.. İndi iş bundadır ki, səninlə bərabər biz də rüsvay olacağıq… Yaxşı, uzatma, saatı haraya qoymusan gətir ver.

Kənan nə isə demək istədi. Ancaq çənəsi titrəyir, solğun dodaqlarından səs çıxmırdı. Yalnız gözlərini yumaraq “yaxşı” demək istəyirmiş kimi bir neçə kərə başını tərpətdi. Ayaqları bir-birinə dolaşa-dolaşa otaqdan çıxdı.

Mələk xanım durduğu yerdə nə qədər çalışdısa da iztirabını gizlədə bilmədi, gözləri yaşla doldu, əlləri ilə üzünü örtdü.

Saib paşa qaşlarını çatdı, bacısının üzünə baxmadan dedi:

– Qurdun balası qurd olar, bacım. Bu, təbiətin qanunudur… Nail ilə həyat qurmağına nahaq yerə etiraz etmirdik. Görürsənmi, bizə də, özünə də nə etdin?

Qapı yavaşca cırıldadı, Kənan əlində üzünə məxmər çəkilmiş köhnə, kiçik bir qutu içəri girdi. O, titrək barmaqları ilə qutunun qapağını açmaq istəyir, ancaq heç cür aça bilmirdi. Bir neçə dəfə qutunu əlindən yerə saldı.