18+
реклама
18+
Бургер менюБургер меню

Решад Нури Гюнтекин – Dodaqdan qəlbə (страница 6)

18

Yayda gizli qalmış bütün kiçik sevda sirləri bu zaman aşkara çıxırdı. Axşamüstü bağın kənarındakı yoldan keçən qonşu gənclərə gizlicə çiçək atan, bağları bir-birindən ayıran çəpərlərin arasından ay işığında min nazla barmaqlarının ucunu öpdürən gənc qızlara bu vaxt məyus bir cəsarət gələrdi. Çünki bir də görüşmək üçün səkkiz-doqquz ay gözləmək lazımdı. Daha naz vaxtı deyildi.

Tikanlı yollarda, gənc qızların qırmızı, ağ, mavi geyimlərini artıq gizlədə bilməyən ağaclıqlarda əhd-peyman bağlanar, ayrılıq busələri verilər, lent uclarına saçlardan bağlanmış tellər dəyiş-düyüş edilərdi.

Kənan belə günlərdə yaman kədərli, süst görünərdi. Payızda sönən, solan, xarab olan şeylərin getdikcə artan kədərini o, yaşına yaraşmayan bir həssaslıqla hiss edirdi.

Şəmi dədə Kənanı hər il bir qədər daha böyümüş, onun musiqiyə olan həvəsinin daha da artmış olduğunu görürdü.

Yaxşı bir fürsət düşmüşdü. Qonşu evlərdən birinə olduqca gözəl kaman çalan bir reji13 məmuru köçmüşdü. Məsud bəy adlanan bu adam Kənanın böyük bir zövq və istedad sahibi olduğunu hiss edib, həftədə bir neçə saat ona dərs verməyə başladı. Kənan bu sahədə böyük bir sürətlə inkişaf edirdi.

Saib paşa Kənanın kaman çalmasından xəbər tutanda cin atına minmiş, hakimanə bir tərzdə:

– Qurdun balası qurd olar, – demiş, dərdi yenə təzələnmişdi. – Deyəndə ki, bu uşaqdan adam olmaz, mənə inanmırsınız. Məktəbinin müəllimlərindən utanıram. Hər dəfə görəndə şikayət edirlər. Onu sinifdən sinfə çox çətinliklə keçirirlər. O da mənim xatirimə. Fikrini kaman çalmağa vermək əvəzinə dərslərinə versə, ne olar? Yox, gərək atasına oxşasın. Bəli, gözümüz aydın, bacıoğlumuz çalğıçı olacaq, toylarda qaraçılarla birlikdə diringi çalacaqdır.

Saib paşa bir gün bağ qonşusu Münir bəylə qəhvə içərkən:

– Xeyirxahlığınıza görə sizə çox böyük etimad və hörmətim olduğunu bilirsiniz, – dedi. – Mühüm bir məsələ barədə zati-alinizlə məsləhətləşmək istəyirəm. Bilirsiniz ki, mənim bir avara bacıoğlum var, tənbəlin, fərsizin biridir. Üstündə göz olmaq, söz başa salmaq mümkün deyil. Əminəm ki, ondan adam olmayacaq… Allah xatasını başımızdan uzaq eləsin. On yeddi yaşı var. Min əziyyətlə bu il edadini14 bitirdi. Elə düşünməyin ki, bildiyi bir şey var. Bizim Cəmillə Sədi onun yanında Əflatundurlar (Saib paşa oğlanlarından birini fransız, digərini isə ingilis məktəbinə qoymuşdu, öyrəndikləri “gəl, get, otur, dur” kəlmələri idi, amma ataları bunu eşidəndə onları mükəmməl təhsil almış adamlar hesab edirdi). Kənanı ali məktəblərin birinə göndərməyin mənası yoxdur. Deyirəm, Zeytun burnu15 fabriki kimi bir hərbi sənət müəssisəsinə verək. Orada həm bir sənət öyrənər, həm də oralardakı möhkəm hərbi nizam-intizam onu düzəldər. Zati-alinizin İstanbulda tanışı çoxdur. Bəlkə birinə bu haqda bir neçə kəlmə yazasınız. Oğlanı da çağırım bir görün.

Münir bəy ipə-sapa yatmayan, kobud, qılıqsız bir küçə uşağı görəcəyini zənn edirdi. Amma gözəl boy-buxunu, incə, təndürüst görkəmi olan qəşəng qarayanız üzlü, gülümsər, mavigözlü zərif və həyalı bir gənc görəndə heyrət etdi.

Münir bəy az danışmasına, soruşulan şeylərə tək-tək sözlə cavab verməsinə baxmayaraq onun mülayim, həssas bir oğlan olduğunu başa düşdü, qonşusunun yanında böyük hörməti olmasından istifadə edərək, nəhayət, Kənanı İstanbula mühəndislik məktəbinə göndərməyə onu razı saldı.

Kənan İzmirdə anası, bacısı, Bozyaxa və Şəmi dədə ilə bərabər, bir də məsum, nakam ilk gənclik sevdasını qoyub gedirdi: Leyla!.. Leyla böyük vəzifəli bir mülkiyyə16 məmurunun qızı idi. Kənan Karantində, dayısıgilin evində olanda onu tez-tez görürdü. Bundan başqa, Leylagilin ailəsi də yay aylarında Bozyaxa bağlarına köçürdü. Lap kiçik vaxtı Leyla nadinc, şıltaq bir qız idi. Başqa uşaqlarla heç yola getməz, yalnız Kənanla yaxşı dolanardı. Aralarında ən çoxu iki yaş fərq vardı. Odur ki, Kənan ona böyük qayğı ilə yanaşar, bu balaca, dəcəl qızın hər əzabına dözər, bir sözünü iki eləməzdi.

Bu yay Bozyaxaya gələndə Kənan onun birdən-birə boy atdığının, gənc bir qız olmasının fərqinə vardı. Kənan artıq onunla danışmaq istəmir, bağarası yollarda rastına çıxanda dindirməmək üçün gözlərini yerə dikirdi. Leyla isə yenə əvvəlki kimi çox zarafatcıl, açıq-saçıq bir qızdı.

Bir gün yenə dar bağ yolunda rastlaşdılar, qız əlindəki çətirlə onun yolunu kəsdi.

– Keçə bilməyəcəksiniz, Kənan bəy. Məndən nə üçün incidiyinizi deməsəniz, sizə yol verməyəcəyəm.

Kənan gülümsəyərək dedi:

– Sizdən niyə inciyirəm ki?

Leyla çətirlə tikanların başını qıra-qıra dodaqlarını büzüb durmuşdu.

– Mənimlə çox soyuq davranırsınız. Məni daha heç sevmirsiniz.

Bu sözlər elə bil saf bir körpənin dodaqlarından tökülmüşdü.

Kənan başını aşağı saldı, yavaş, çox dərindən gələn bir səslə:

– Eləmi zənn edirsiniz, Leyla xanım? – deyə cavab verdi

Bu sözlər onun Leylaya olan çılğın məhəbbətinin ilk və son etirafı idi. Kənan bu balaca qızı çoxdan bəri idi ki, dəlicəsinə sevirdi. Bu məhəbbəti ona Leylanın iri, qara gözləri aşılamışdı. O, dünyada Leyladan başqa heç kəsi sevə bilməyəcəyini, ürəyində onun həsrəti, gözlərində onun xəyalı ilə öləcəyini düşünürdü. Bir uşaq kimi, ümidsizliyə qapıldığı halda, yaşlı bir adam kimi halını, vəziyyətini kimsəyə duydurmamağa çalışırdı. Uzun gecələri gözünü yummadan bu haqda çox düşünmüşdü. Heç bir çarə, heç bir ümid yeri yox idi. Bu gözəl kübar qızı sevmək Kənan üçün göydəki ulduzlardan birini ələ keçirmək kimi bir şey idi. Ürəyindən keçənləri bilsələr, kim bilir, ona nə qədər gülərdilər. Leylaya bu barədə bir şey sezdirmək ehtimalı onu ölümdən betər qorxudurdu. Kənan çox məğrurdu. O qədər sevdiyi Leylanın bu ümidsiz sevda ilə əylənməsi Kənan üçün dözülməz bir dərd olardı.

Bununla birlikdə, o, gənc qızın keçəcəyini təxmin etdiyi yollarda saatlarla dolaşırdı. Lakin onu görər-görməz ya yolunu dəyişir, ya da başını aşağı salıb yanından keçib-gedirdi.

Leyla onun bu sevgisini çoxdan hiss etmiş, ancaq… buna gülməmişdi. Əksinə, o da Kənanı bəyənir, zərif, qarayanız üzü, həyalı mavi gözləri olan bu oğlanı tanıdığı bütün gənclərdən üstün tuturdu.

Yol üstündəki həmin təsadüfdən sonra Leylanın, Kənanın onu sevdiyinə heç bir şübhəsi qalmadı. Başqa qonşu qızları kimi o da Kənanla sevişmək, aylı gecələrdə evdən qısa fasilələrlə qaçıb görüşə gəlmək, onunla qol-qola gəzmək istəyirdi. Lakin Kənan onun açıq-aşkar etdiyi təklifləri anlaşılmaz bir inadla rədd edir, “bu uşaqlıqdan əl çəkməsi” üçün qıza yalvararkən çox vaxt özü ağlayırdı.

Kənanın İstanbula getməsinə iki gün qalmış bağda son dəfə rastlaşdılar. Leyla özünü saxlaya bilmir, yaylığı ilə üzünü örtərək ağlayırdı.

– Mənə məktub yazacaqsanmı, Kənan?

– Xeyr… Mümkün deyil…

– Bir neçə il sonra sən mühəndis olanda biz evlənərik, elə deyilmi, Kənan?

– Nə üçün bunu söyləyirsən, Leyla xanım?

– Sən də məni… sevirsən, elə deyilmi, Kənan?

– …

– Niyə cavab vermirsən?

– Ağlamayın, Leyla xanım. Mən sizə layiqəmmi?

– Anan məni anamdan istəsin… Hələlik nişanlanarıq…

– Mənmi, Leyla xanım… Sizi mənim üçünmü istəsinlər?

İndi ağlamaq növbəsi ona gəlmişdi. Göz yaşlarını gizlətmək üçün üzünü yana çevirdi. Leyla od kimi yanan əlləri ilə onun biləklərini tutmuşdu. Qız özünü bir an onun ağuşuna atmaq istədi. Kənan isə ümidsiz sevdasının bütün çılğınlığına baxmayaraq, Leyladan uzaqlaşıb ağlaya-ağlaya oradan qaçdı. Bu cür izzəti-nəfs sahibi, yaşlı adam kimi belə fədakarlıq etdiyi vaxt onun vur-tut on yeddi yaşı vardı.

O biri il Kənan tətil vaxtı İzmirə gedəndə, Leylanın Saib paşanın böyük oğlu Cəmilə nişanlandığını öyrəndi. O qədər də məyus olmadı: əslində Kənan Leylaya olan məhəbbətini bir il əvvəl qəbirə gömmüş, Leylası üçün doyunca, ağlaya bildiyi qədər ağlamışdı.

O, yalnız bir şeyə peşman idi. “Madam ki, bundan sonra sevməyəcəyəm, niyə fürsət var ikən Leylamı bir kərə də olsun bağrıma basmadım” deyirdi.

Kənanın bu ilk məhəbbəti bir müddət sonra sönmüş, lakin onun izi, əsəri həzin və gizli bir həsrət kimi illər boyu qəlbindən silinməmişdi. İyirmi yaşına girəndə Kənan tamam süst, lal-dinməz bir gənc olmuşdu.

Məktəbdə Cavad adlı bir yoldaşı vardı. Xasiyyətləri, təbiətləri, hətta zövqləri arasında qətiyyən uyğunluq yox idi. Cavad şən, kələkbaz, zəkalı bir əsilzadə oğlu idi. Buna baxmayaraq bir-birilərini çox sevirdilər.

Cavad yoldaşını bir az şənləndirib əyləndirmək, bir az həyata bağlamaq istəyirdi. Lakin bütün səyi boşa çıxırdı. O, bəzən Kənana:

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.