Решад Нури Гюнтекин – Dodaqdan qəlbə (страница 2)
Ata-qız bir-birinə baxıb güldülər. Münir bəy masanın ortasındakı kənarları oymalı büllur bir nimçəni əlinə götürdü, nimçədə açıq-yaşıl rəngli bir üzüm salxımı vardı. Ev sahibi onu lampaya tərəf tutaraq:
– Şahzadə xanım, buna bir tamaşa eləyin, – dedi. – Hansı əsatir əfsanəsinin zümrüd salxımları içərisində bundan daha gözəl bir yaşıllıq ola bilər? Gilələrinin içinə diqqət edin. Hərəsində üç, ya dörd şəffaf tum var, lap almaza oxşayır. Elə bil, bu zümrüdləri içəridən işıqlandıran ziyanı onlar yayır. Yeddi illik əməyimin məhsulu olan bu üzüm icazənizlə sizin adınızı daşıyacaq. İnsanlar onu “şahzadə Cavidan”, – deyə tanıyacaqlar.
Münir bəy gözlərində gizli bir istehza, sözünə davam etdi.
– Hədiyyəmə niyə “böyük, hökmdarlara layiq” dediyimi, indi yəqin başa düşdünüz? İncinin, zümrüdün, nə qədər uzun olsa da, müəyyən bir ömrü var. Düzdür, bu salxım da təravətini saxlamayacaq. Ancaq gələn il də, o biri il də, bir əsr keçəndən sonra da, xülasə, dünya durduqca yenidən həyata gələcək. “Şahzadə Cavidan” hər il yayın axırlarında, belə ən gözəl bir gecədə yenidən dünyaya gələcək.
Cavidan salxımdan bir kiçik zing qopartdı. Gülə-gülə bir sancaqla yaxasına taxdı.
Onlar sonra eyvana çıxdılar. Vəfiq paşa qızından soruşdu:
– Haraları gəzdin, Cavidan?
– Bağın lap o biri başına qədər getdim. Ay işığında bağda gəzmək nə qədər gözəl olurmuş, ata! Heç fikir verməmişdim. Torpaq başdan-başa çılpaq, ağacsız. Yalnız sıra ilə düzülmüş meynələrin kiçik kölgələri var… Birdən irəlidən bir kaman səsi gəlməyə başladı. Məşhur “Şərq gecələri”ni çalırdılar, özü də bilsən necə gözəl, necə ustalıqla çalırdılar, ata.
Şahzadə Vəfiq başını ağır-ağır yırğalayaraq:
– Deyəsən, ay işığı səni həyəcanlandırıb, qızım, – dedi.
Sonra Münir bəyə döndü:
– Bu “Şərq gecələri” yaman şöhrət qazanıb ha! Hara gedirəm, onu çalırlar. Təsəvvür et ki, meyxana və qəhvəxana qrammofonları belə bu havanı çalır. Hər halda Ərəb dərəsinin2 bu a-lya türk gözəlliyi içərisində bu hava çox qəribə səslənir.
Ev sahibi:
– Sizə bundan daha qəribə bir şey deyəcəyəm, – deyə cavab verdi. – Bu a-lya franse “Şərq gecələri” elə bu a-lya türk Ərəb dərəsində yaranmışdır. Onu bəstələyən Hüseyn Kənan İzmirlidir. Lap burada, bu Bozyaxa bağlarında böyümüşdür. Şahzadə xanım kamanın çox gözəl çalındığını söyləməkdə səhv etmir. Çünki onu bəstəkarın öz ifasında dinləmişdir. Hüseyn Kənan iki gündür burada, dayısının bağında qonaqdır.
Ata ilə qız heyrət və həyəcanla bir-birlərinə baxırdılar. Münir bəy sözünə davam etdi:
– Hüseyn Kənan mənim bağ qonşum Saib paşanın bacısı oğludur. Onu lap kiçik yaşlarından tanıyıram… Utancaq, qorxaq və nazlı bır uşaq idi. Bəzi səbəblərə görə Saib paşa bacısını da, onun oğlunu da sevmirdi. Saib paşa tez-tez bələdiyyə rəisi təyin edilir; yaman şöhrət sevən adamdır. Əvvəllər nədənsə bacısı oğlunun adam olmayacağını düşünür, onu bir sənətə qoymaq istəyirdi. Kömək elədim, oğlan mühəndis məktəbinə girdi. Birtəhər oranı bitirdi. Bir müddət kiçik vəzifələrdə işlədiyini, sonra İstanbulda musiqi dərsi verərək, çox ağır güzəran keçirdiyini eşidirdim. Heç yadımdan çıxmaz, bir gün Saib paşaya rast gəldim. Bacısının və bacıoğlusunun əlindən zəncir çeynəyirdi. Sən demə, Kənan anasının Kəməraltında3 olan kiçik dükanını satıb Avropaya səyahətə getmişmiş.
Üç-dörd il ondan xəbərim olmadı. Keçənlərdə Avropa jurnallarından birini vərəqləyirdim. Gözümə Kənana oxşayan bir şəkil sataşdı. Şəklin altındakı yazını oxudum: “Gənc və görkəmli türk virtuozu Hüseyn Kənan”. Jurnalda bir tənqidi məqalə də vardı. Burada onun verdiyi bir konsertdən bəhs edilirdi: Kənan böyük istedad nümayiş etdirmiş, konsertin onun öz əsərlərindən ibarət hissəsi də çox bəyənilmişdi.
İstanbul mətbuatının bu zaman yoxsul və dedi-qodusuz bir vaxtı idi. Qəzetlərdən biri Kənan haqqında yazılanların bir neçəsinin tərcüməsini çap etdi. Sonra o biri qəzetlər də, adətləri üzrə bunu görüb, sütun-sütun yazılar verdilər, – Avropa bir adamın bacarıq və hünərindən danışdımı, daha o adamın işi düzəldi. İllər boyu aramızda yoxsulluq içərisində yaşamış, heç kimin tanımadığı bu sənətkarı birdən-birə göylərə qaldırdılar, misilsiz bir dahi elədilər. Kənan kölgədə yaşayacaq bir şəxsiyyət deyildi. Lakın söylədikləri qədər bir dahi olduğuna da inanmırdım. “Şərq gecələri”nin qazandığı böyük rəğbət onun şöhrətini artırdı. Kənanın dilənçi kökündə yaşayacağını, həm də üç ilə mütləq belə olacağını söyləyən Saib paşanın indi onunla necə fəxr etdiyini təsəvvürünüzə gətirə bilməzsiniz. Bu yaxınlarda İzmirdəki ədəbi jurnallardan birində öz şəklini verdirmişdi. Onun altındakı “Şəhərimizin bələdiyyə rəisi və bəstəkar Hüseyn Kənan bəyin dayısı Saib paşa həzrətləri” sözlərini oxuyanda gülməkdən ölmüşəm.
İndi Kənan dayısının təkidi ilə iki-üç aylığa İzmirə gəlmişdir. Bu müddət ərzində yeni bir əsərini tamamlamaq istəyir. Dünən səhər yanıma gəlmişdi. Həmin əsəri haqqında soruşdum. Parisdə tanış olduğu suriyalı bir şairin opera librettosuna musiqi bəstələyir. Mövzusu Harun ər-Rəşid zamanına aid gözəl bir hekayədir. Kənan hadisəni yaxşı başa düşmüş və duymuşdur. Bu işi müvəffəqiyyətlə başa vura bilsə, zəmanəmizin ən məşhur sənətkarı olacaq.
Vəfiq paşa və Cavidan Münir bəyin söhbətinə dərin bir maraqla qulaq asırdılar. Vəfiq paşa tükləri sayıla biləcək qədər seyrək saqqalını didişdirərək:
– Əziz dostum, – dedi, – bizə etdiyin hörmətləri unuda bilməyəcəyik. Ancaq bizi daha çox məmnun etmək üçün bilirsənmi nə etməlisən? Bu gecə həmin diqqətəşayan gənci də gərək bura dəvət edəsən.
Cavidan hərarətlə atasının sözünə qüvvət verdi:
– Onu tanımağımız çox yaxşı olardı
Ev sahibi gülümsədi:
– Gözüm üstə. Bu çətin şey deyil. Sabah axşam onu da dəvət edərəm. Hətta istəsəniz, bu elə indi də mümkündür. Uzaqda olmur, Zeynalı göndərim, xahiş eləyim, gəlsin..
Bu gözəl fikirdi. Ata və qız razılıqla bir-birilərinə baxdılar.
Vəfiq paşa gözlərini süzdü, baş barmağını qaşları arasına qoydu (ağlına yaxşı fikir gələndə o, həmişə belə edərdi):
– Hamısından yaxşısı bilirsiniz nədir, gəlin özümüz onun yanına gedək. Gəlişimiz, heç bilirsən, Cavidan, o gənc sənətkara necə təsir edəcək!.
Başqasında görmək istədiyi bir həyəcan Vəfiq paşanın özünü titrətdi. O, türkcəni buraxıb sözlərinə fransızca davam etdi:
– Gecə vaxtı bu pəri aləmi içində tanımadığı iki şəxs zühur edir. Bunların biri şahzadə bəy, biri də şahzadə xanım. Bir çoxunun əsəblərini sarsıdacaq bir təsadüf. Bu həyəcanın bəlkə operasına belə təsiri oldu.
Keşikçi Zeynal əlində yekə bir dəyənək onların qabağına düşdü. Bağın içi ilə ağır-ağır irəliləməyə başladılar. Meynələr bir-birinin ardınca qaranlıq dalğaları tək ta uzaqlara qədər yayılıb dağılır, ay işığı çılpaq torpağın üstündə su gölməçələrinə bənzər parıltılarla yanıb-sönürdü.
Bağın axırındakı taxta qapıdan ensiz, tikanlı bir cığıra çıxdılar. Kərtənkələlər qurumuş tikanları xışıldadırdılar. Cırcıramalar səsləri ilə aləmi başlarına götürmüşdülər.
Bağların yorğun, bürkülü havası ağır bir bulud kimi nəfəslərini tıxayır, tünd şərab kimi beyinlərini dumanlandırırdı. Cığır aşağıdakı geniş araba yoluna çıxırdı, burada onlar ayaq saxladılar. Cavidan atasına yolun uzaq bir nöqtəsini göstərib:
– Ata, – dedi, – bir ora bax. O qaraltılar adam deyilmi?
Hamı qızın göstərdiyi səmtə baxdı. Yolun o başında bir dəstə irili-xırdalı qəribə qaraltı görünürdü, lap qabaqda bir eşşək də vardı. Münir bəy qonaqlarına izahat verdi:
– Bu vaxt, buralarda adətdir, gecələri bağdan-bağa belə dəstə-dəstə qonaq gedərlər. Ancaq görəsən, niyə belə səssiz-səmirsiz gedirlər? Onlar çox vaxt nəğmə oxuyar, səs-küy salarlar.
Dəstə bir az da irəlilədikdən sonra bir bağın kənarında, kiçik daş evin qabağında durdu. Birdən hay-küy, gurultu qopdu. Büllur kimi saf uşaq qəhqəhələri qarşıdakı təpələrə əks edir, qarma-qarışıq səslər, ağır-ağır çalınan bir kamanın müşayiəti ilə mahnı oxuyurdu.
Vəfiq paşa ilə Cavidan çaşıb qalmışdılar. Münir bəy gülə-gülə izahat verdi:
– Bu ev Şəmi dədə4 adında qoca bir dərvişindir. Cəzbə getmiş, lakın çox şən, əhli-dil bir adamdır. Bozyaxada hamı onu tanıyır, sevir. İndiyə qədər tək yaşayırdı. İki ay bundan əvvəl gənc bir qadınla evlənmişdir. O vaxtdan hamı Şəmi dədəyə sataşır. Görünür, bu gecə Kənan çolma-çocuğu yığıb dədə ilə əylənməyə gəlib.
Getdikcə artan qəhqəhələr, uşaqların hay-küyü mahnının eşidilməsinə mane olurdu. Yaxındakı evlərin işıqları bir-bir yanır, köpəklər ulaşırdı.
Nəhayət, kiçik evin pəncərə qapaqlarından biri açıldı, oradan əlində şam, xəyala bənzər bır insan göründü. Şəmi dədənin əl-qolunu oynada-oynada bağırdığı hiss edilirdi. Ancaq səs-küydə nə dediyi eşidilmirdi.
Münir bəy qonaqları ilə bərabər cığırdan yola enəndə şənlik, səs-küy həddini aşmışdı. Əynində ağ uzun köynək, ayaqlarında təzə bəylərə məxsus mərcan tək qırmızı çust olan Şəmi dədəni eşşəyə mindirmişdilər. Dəstə yenidən yola düzəlmişdi. Təzə bəyi bağırda-bağırda, kim bilir, haralara aparacaq, nə qədər gəzdirəcəkdilər
Münir bəylə qonaqları yolda görünəndə qəhqəhələr yavaşıdı, mahnı səsləri kəsildi. Dəstə uzaqdan zənn edildiyi kimi, təkcə uşaqlardan ibarət deyildi, onların arasında cavan oğlanlar və qızlar da vardı. Münir bəy uzaqdan səsləndi:
– Dədə, bu nə işdir, başına gəlib?