Решад Нури Гюнтекин – Çalıquşu (страница 3)
Qapıların sürgülərini vurub bağlamışdılar. Ancaq bağça qapısının yanındakı pəncərə açıq qaldığından, oradan atılıb bayıra çıxmaq mənim üçün bir saniyəlik iş oldu.
Hüseyn bağçanın o biri başındakı bağban daxmasında yatardı. Gecə köynəyimin uzun ətəkləri ayaqlarıma dolaşa-dolaşa ora yüyürdüm, Hüseynin çarpayısına dırmaşdım.
O bərk yatardı. Elə Ərəbistanda olanda da səhərlər onu oyatmaq çətin bir iş idi. Bunun üçün köksünə oturub atılıb-düşmək, uzun bığlarını cilov kimi tutub çəkmək və bir qədər bağırmaq lazım gəlirdi. Amma bu gecə mən onu oyatmaqdan qorxurdum. Oyanarsa, məni əvvəllərdə olduğu kimi qucağında yatırtmağa razı olmayacağını, bütün yalvarışlarıma baxmayaraq, məni qucağına alıb nənəmə verəcəyini yəqin bilirdim.
Mən isə bu son gecəni onunla bir yerdə keçirmək istəyirdim.
Həmin bu yersiz hərəkətim yaxın zamanlara qədər ailə içində dönə-dönə söylənirdi.
Nənəm səhərə yaxın oyanıb məni yatağımda görməyəndə dəli kimi olubmuş… Bir neçə dəqiqə içində bütün köşkdəkiləri ayağa qaldırıbmış; əllərində lampalarla, şamdanlarla bağçalara, dəniz kənarına axışıbmışlar… Çardaqdan tutmuş küçəyə qədər, qayıq saxlanan yerdən tutmuş hovuzun iki qarış suyuna qədər hər yeri axtarıblarmış… Qonşu əkin yerindəki bostan quyusuna da fənər salladıblarmış.
Axırdan-axıra nənəm Hüseyni xatırlayaraq onun otağına yüyürüb, məni əsgərin boynuna bərk-bərk sarılıb yatmış görübmüş.
Ayrılıq gününün faciəsini hələ də xatırlayır və gülürəm. Ömrümdə o günkü qədər dəlilik etdiyim yadıma gəlmir. Hüseyn qapının yanında çöməlib, yekə bığlarından utanmadan ağlayır. Mən Bağdadda, Suriyada6 ərəb dilənçilərindən öyrəndiyim duaları oxuya-oxuya nənəmin, xalalarımın ətəklərini öpürdüm.
Romançılar qəmli adamı çiyinləri çökmüş, gözləri sönmüş, hərəkətsiz və səssiz bir insan kimi, daha doğrusu, miskin bir şəkildə təsvir edirlər.
Məndə isə həmişə bunun əksi olur. Nə zaman dərin bir dərdə düşsəm, gözlərim parlar, tövr və hərəkətlərim nəşəli olar, özüm coşar-daşaram. Dünya vecimə gəlməz, qəhqəhə çəkib gülərəm, cürbəcür dəcəllik və dəliliklər edərəm. Bununla bərabər elə sanıram ki, yaxın adamı olmayan və ürəyini başqalarına aça bilməyən adamlar üçün bu, daha yaxşı bir şeydir.
Hüseyndən ayrıldıqdan sonra özümü məhz belə aparırdım. Lap qudurmuşdum: məni əyləndirmək üçün köşkə gətirilən qohum-əqrəba uşaqlarına hücum edib onları əzişdirirdim.
Ancaq Hüseyni elə tez yaddan çıxarmışdım ki, bunu yadlar mənim üçün vəfasızlıq saya bilərdilər. O qədər də yaxşı xatırlamıram, amma deyəsən Hüseynə, doğrudan da, acığım tutubmuş. Yanımda adı çəkiləndə mən üz-gözümü turşudub, yeni öyrənməyə başladığım türk dilində belə deyirdim: «Hüseyn pis, Hüseyn çirkin, ədəbsiz… Ö-ö-ö…»
Bununla bərabər, mənim pis və çirkin dediyim o yazıq Hüseynin, Beyruta çatan kimi, mənə göndərdiyi bir qutu xurma acığımı yatırdan kimi olmuşdu. Mən bu xurmaların qurtarmasından bir fəlakət kimi qorxurdum, amma bununla belə, bir oturumda hamısını silib-süpürdüm. Yaxşı ki, çəyirdəkləri qalmışdı. Həftələrlə bu çəyirdəklərlə əyləndim. Onların bir qismini iri qatır muncuqlarına qarışdırıb ipə düzdüm. Yamyamların boyunlarına taxdıqları gözəl bir həmail kimi boynuma asdım. Qalanlarını bağçanın ora-burasına əkdim. Aylarca hər səhər kiçik suçiləyən ilə onları sulayır, bağçada bir xurma meşəsi əmələ gələcəyini gözləyirdim.
Yazıq nənəm çaşıb qalmışdı. Məni yola vermək, doğrudan da, mümkün deyildi. Səhər alaqaranlıqda oyanaraq gecə yorğunluqdan bihuş düşənə qədər hay-küy salıb dəcəllik edərdim. Mənim səsim kəsiləndə köşkdəkilər az qala qorxuya düşərdilər. Çünki bu hal o deməkdi ki, mən ya bir yerimi kəsib səssiz-sədasız qanımı saxlamağa çalışıram, ya bir yerdən yıxılıb ağrıdan çığırmamaq üçün hardasa qovruluram, ya da stulların ayaqlarını mişarlamaq, döşəküzlərini boyamaq kimi ziyanəvər bir işlə məşğulam…
Bir gün bezdən və taxta parçalarından quşlara yuva qurmaq üçün ağacların başına dırmaşırdım. Bir başqa gün də ocaq bacasından daş atıb aşpazı qorxutmaq üçün dama çıxırdım…
Köşkə tez-tez bir doktor gəlib-gedərdi. Bir gün qapıda bu doktoru gözləyən boş faytona minib atları qamçıladım. Bir gün də yekə bir paltaryuyan təknəni sürüyə-sürüyə dənizə salıb içinə oturdum, ləpələr məni çəkib apardı. Bilmirəm başqalarında da belədir, ya yox? Bizim ailədə yetimlərə əl qaldırmaq günah sayılırdı. Mən heç dözülə bilməyən dəcəlliklər edəndə də aldığım cəza bundan ibarət olardı ki, qolumdan tutub bir otağa salar və qapını bağlardılar.
Bütün uşaqların «saqqallı əmi» deyə çağırdıqları qəribə bir qohumumuz vardı. Bu saqqallı əmi mənim əllərimə «övliya barmaqlığı»7 deyərdi. Çünki barmaqlarım bircə gün də yarasız-kəsiksiz olmaz, həmişə xına qoyulmuş kimi bez parçaları ilə sarınmış olardı.
Öz yaşıdlarımla heç cür yola getməzdim. Qohumlarımızın yaşca özümdən çox böyük olan uşaqlarının da gözlərini qorxutmuşdum. Tək-tək hallarda ürəyimdə məhəbbət oyansaydı, bu da ayrı bir fəlakət olardı. İnsan kimi sevməyi, sevdiyimi gözəl-gözəl əzizləməyi öyrənməmişdim. Sevdiyim adamın üstünə bir canavar balası kimi atılıb, qulaqlarını dişlər, üzünü cırmaqlar, didişdirə-didişdirə dəli edərdim.
Qohumlarımızın uşaqları arasında yalnız bir nəfərdən nə isə çəkinərdim; onun qarşısında bir qədər cəsarətsizdim.
Bu, Bəsimə xalamın oğlu Kamran idi… Amma ona da uşaq demək o qədər düz olmazdı. Əvvəla, yaşca məndən böyükdü. Həm də çox ədəbli, ağır oğlandı. Uşaqlara qarışmaqdan xoşlanmazdı, əllərini ciblərinə qoyaraq dəniz kənarında gəzər, yaxud ağacların altında oturub kitab oxuyardı.
Kamranın qıvrım, sarı saçları, ağ, incə, parlaq dərisi vardı. Dərisi o qədər parlaq idi ki, cəsarət edib qulaqlarından yapışsaydım və yaxından yanaqlarına baxsaydım, yəqin ki, orada özümü güzgüdəki kimi görərdim.
Bununla bərabər, çəkindiyimə baxmayaraq, bir gün Kamranla da dalaşdım. Dəniz kənarından səbətə qoyub apardığım bir qaya parçasını onun ayağına saldım. Bilmirəm daş çox ağır idi, yoxsa o çox zərifdi, amma birdən bərk çığırdı və fəryad qopdu. Özümü itirdim. Bir meymun cəldliyi ilə bağçadakı böyük çinara dırmaşdım. Nə danlamaqla, nə təhdidlə, nə də yalvarmaqla məni aşağı düşürdə bilmədilər. Nəhayət, bağbanı mənim dalımcan ağaca çıxartdılar. Amma o çıxdıqca, mən daha yuxarılara qalxırdım. Axırda yazıq bağban başa düşdü ki, əgər ağaca çıxmağa davam edərsə, ağırlığıma davam gətirməyən incə budaqlara çıxmaqdan çəkinməyəcəyəm və bir qəza baş verəcəkdir. Odur ki, aşağı endi.
Müxtəsər, o gecə hava qaralanadək quş kimi ağac budağında oturub qaldım.
Yazıq nənəmdə ürək-göbək qoymamışdım. Yazıq arvad məni lap çox istəyirdi. Bəzən səhərlər o, hələ yatıb yorğunluğunu almamış mənim hay-küyümə oyanıb öz yatağında oturar, qollarımdan yapışıb silkələyə-silkələyə anamın dalınca deyinərdi: «Özün öldün getdin, mənim də yaxamı qoca vaxtımda bu odun-alovun əlində qoydun!»
Ancaq bu da yəqindi ki, əgər anam bu dəqiqələrdə nənəmin qarşısına çıxıb deyə bilsəydi ki, «bu od-alovu çox istəyirsən, yoxsa məni?» Nənəm, sözsüz ki, məni bağrına basıb anamı gəldiyi yerə göndərərdi.
Əlbəttə, xəstə qarının yorğunluğunu almadan yuxudan oyanması çətindi. Amma unutmamaq lazımdır ki, bədəni dincəlmiş, qəlbi isə dərdli olan bir adamın yataqda oyanması və fikir çəkməsi də asan deyildi…
Müxtəsər, verdiyim əziyyətlərə baxmayaraq, inanıram ki, nənəm mənimlə təsəlli tapırdı.
Nənəmi itirdiyimiz zaman doqquz yaşında idim. Atam da təsadüfən İstanbulda idi.
Yazığı bu dəfə də Trablisdən Arnavudluğa8 təyin etmişdilər. İstanbulda ancaq bir həftə qala biləcəkdi.
Nənəmin ölümü onu çətin vəziyyətdə qoymuşdu. Subay bir zabit doqquz yaşında qız uşağını dalınca salıb dağa-daşa sürükləyə bilməzdi. Atam nədənsə məni xalalarımın yanında qoymaq istəmir, yəqin ki, onların qoltuğuna sığınmış bir vəziyyətə düşəcəyimdən qorxurdu. Nə düşündüsə düşündü, bir sabah mənim əlimdən tutub paroxoda mindirdi. İstanbula keçirdi, körpüdə bir faytona minib bitməz-tükənməz yoxuşlardan çıxdıq, bazarlardan keçdik, sonra böyük bir daş binanın qapısı önündə durduq.
Bura mənim on il gecəli-gündüzlü qalacağım «Bacılar məktəbi» idi. Bizi qapının yanında pəncərələrinin pərdələri və taxta qapıları örtülü boş bir otağa saldılar.
Yəqin ki, hər bir şey əvvəlcədən danışılıb hazırlanmışdı, bir az sonra içəri girən qara geyimli bir qadın mənə sarı gəldi, başındakı ağ başlığın ucları qəribə bir quşun qanadları kimi saçlarıma toxundu, o, yaxından üzümə baxıb yanağımı sığalladı.
Yadımdadır, məktəbə ilk dəfə ayaq basdığım günün özü də bir qəza, bir dəcəlliklə başlandı.
Atam müdirə bacı ilə danışanda mən otaqda gəzməyə, gördüyüm şeyləri əlləşdirməyə başladım. Barmağımı üzərindəki rəngli şəkillərə vurmaq istədiyim bir güldan yerə düşüb qırıldı.
Atam qılıncını şaqqıldadaraq yerindən sıçradı, təşvişlə qolumdan yapışdı.
Sınmış güldanın sahibi müdirə bacı isə, əksinə, gülürdü. Əllərini yelləyə-yelləyə atamı sakitləşdirməyə çalışırdı.
Məktəbdə mən güldandan başqa daha nələr qıracaqdım! Evdəki dəcəlliyim orada da davam edirdi. Bu bacılar ya doğrudan da mələk kimi səbirli insanlardı, ya da mənim xoşa gələn cəhətim vardı. Yoxsa, heç cür mənim əziyyətlərimə dözmək mümkün deyildi.
Sinifdə həmişə çərənçilik edər, orda-burda gəzərdim.
Pilləkənləri başqa qızlar kimi çıxıb-düşməzdim. Mütləq bir küncdə gizlənər, yoldaşlarımın aşağı enməsini gözlər, sonra ata minən kimi məhəccərin üstünə atılıb yuxarıdan aşağı sürüşərdim. Ya da ayaqlarımı bir-birinə yapışdıraraq, hoppana-hoppana pillələrdən atlanardım.