18+
реклама
18+
Бургер менюБургер меню

Решад Нури Гюнтекин – Çalıquşu (страница 2)

18

Sözün qısası, Kərbəla olandan bəri, zənnimcə, belə hay-küylü bir matəm görməmişdi. Çığırmaqdan səsim tutulandan sonra, böyük adamlar kimi aclıq elan etmişdim.

Dayəmin dərdini bir neçə ay sonra mənə Hüseyn adında bir süvari əsgəri unutdurdu. Hüseyn təlim əsasında atdan yıxılıb şikəst olmuş bir əsgərdi. Atam onu xidmətçi kimi evə gətirmişdi. Hüseyn dəlisov bir adamdı. Məni çox tez sevmişdi. Mən də dayəmə qarşı bağışlanmaz bir vəfasızlıqla, Hüseynin bu sevgisinə könlümü vermişdim. Doğrudur, Fatma ilə bir yerdə yatdığımız halda, Hüseynlə bir yerdə yatmırdıq, amma səhər tezdən, xoruzlarla bir vaxtda gözlərimi açan kimi, özümü onun otağına salıb, ayaqlarımı aşıraraq sinəsində oturardım, sanki ata minərdim, barmaqlarımla göz qapaqlarını açardım.

Fatma məni bağçalara, çöllərə öyrəşdirmişdirsə, Hüseyn də məni qışlaya, əsgərlərin içinə alışdırmışdı. Bu uzunbığlı, yekəpər adamın oyun icad etməkdəki məharətini mən heç kəsdə görməmişəm. Bu oyunların əsl gözəlliyi onların çox qorxulu, həyəcanlı olmasında idi. Məsələn, Hüseyn məni rezin bir top kimi havaya atıb-tutar, ya da qalpağının2 üstünə oturdub, ayaqlarımdan yapışar, atılıb-düşər, fır-fır fırlanardı. Mən, saçlarım bir-birinə qarışmış, gözlərim axa-axa, nəfəsim tıxana-tıxana qışqırmaqdan aldığım ləzzəti ondan sonra heç bir şeydə görməmişəm.

Hərdənbir qəza da olurdu. Amma Hüseynlə aramızda möhkəm bir müqavilə vardı. Oyunda bir yerim inciyəndə mən ağlamayacaq və heç kəsə şikayət etməyəcəkdim. Mən sözümə sədaqətli olmaqdan daha çox Hüseynin bir də mənimlə oynamayacağından qorxduğum üçün, böyük bir adam kimi sirr saxlamağa öyrəşmişdim. Uşaq vaxtı mənə deyərdilər ki, kobudam. Yəqin ki, haqları da varmış. Hər kəslə oynasaydım, onu incidib çığırdardım. Bu vərdiş hər halda Hüseynlə oynadığım oyunlardan qalmış bir yadigardı.

Həmçinin bərkə düşəndə, çox ah-uf etməyib fəlakəti gülər üzlə qarşılamağım da Hüseynin yadigarıdır.

Hüseyn bəzən qışlada anadolulu əsgərlərə saz çaldırar, məni yenə də səhəng kimi təpəsinə qoyub, qəribə oyunlar oynayardı.

Bir zaman da onunla at oğurluğuna qızışmışdıq. Atam evdə olmayanda, Hüseyn axurdan atı oğurlar, məni qucağına oturdub saatlarca çöllərdə gəzdirərdi. Ancaq bu əyləncəmiz uzun sürmədi. Babalı öz boynuna, amma yəqin ki, aşpaz qadın xəbərçilik edib bunu atama şeytanlamışdı. Yazıq Hüseyn atamdan iki sillə yedi və bir də ata yanaşmağa cəsarət etmədi.

Deyirlər ki, əsl məhəbbət dava-şavasız olmaz. Biz də Hüseynlə gündə ən azı dörd-beş dəfə dalaşardıq.

Mənim qəribə küsmək qaydam vardı. Otağın bir küncündə yerə çömbəlib üzümü divara çevirərdim. Hüseyn üç-dörd dəqiqə məni bu halda qoyduqdan sonra, halıma yanar, birdən-birə belimdən yapışıb, bağırda-bağırda havaya qaldırardı.

Bir az da qucağında şıltaqlıq etdikdən sonra, nəhayət, onun çənəsindən öpməyə razı olardım və barışardıq.

Hüseynlə yoldaşlığımız iki il sürdü. Ancaq o zamanın illəri indikilərə bənzəməzdi. O qədər uzun, o qədər uzun idi ki…

Uşaqlıq xatirələrimi danışanda, hey Fatmanı, Hüseyni yad etməyim bir az ayıb olmurmu?

Mənim atam Nizaməddin adında bir süvari minbaşısı idi. Anamla evləndiyi il, onu Diyarbəkirə göndəribmişlər, o gedən gedibmiş. Daha bir də İstanbula qayıtmayıbmış. Diyarbəkirdən Mosula, Mosuldan Hankına, ordan Bağdada, Kərbəlaya3 keçibmiş, heç yerdə bir ili axıra qədər qalmayıbmış…

Deyirlər ki, anam mənə bənzəyirmiş. Onun hələ atamla evləndiyi ildən qalma bir şəkli vardır ki, lap elə bil mənim şəklimdir. Amma yazıq qadın sağlamlıq cəhətindən mənim kimi deyilmiş. Çox zəifmiş. Onun bədəni bitib-tükənməyən səyahətlərə, dağların sərt havasına, çöllərin istisinə tab gətirə bilmirmiş. Yəqin ki, bir xəstəliyi də varmış. Ancaq yazıq qadın bütün evlilik həyatında bu xəstəliyi gizlətməyə çalışıbmış… Neyləsin, axı atamı çox sevirmiş. Qorxurmuş ki, onu zorla atamdan ayırarlar…

İstanbuldan getdikcə uzaqlaşan atam, hər dəfə yeni səfərə çıxanda anama deyərmiş:

– Gəl səni heç olmasa bir mövsümlüyə, iki aylığa ananın yanına göndərim. O yazıq da qocalmışdır… Yəqin səni çox görmək istəyir.

Ancaq anam az qala üzə durub deyirmiş:

– Şərtimizdə bu vardımı? İstanbula bərabər qayıtmayacaqdıqmı?..

Anam öz xəstəliyi üçün də belə deyirmiş:

– Məndə bir şey yoxdur… Bir az yorğunam… İki gün əvvəl hava bir az dəyişdi, ondan oldu, keçib gedər…

O, İstanbulu görmək istədiyini də atamdan gizlədirmiş… Ancaq bu, mümkündürmü?

Anam yatdıqdan sonra hələ iki dəqiqə keçməmiş atamı oyadıb, yuxuda Qələndərdəki yaylaq köşkümüzü, ətrafdakı qoruq meşəliyi, yaxud Bosfor boğazının sularını gördüyünü danışarmış… Bir neçə dəqiqəlik yuxuda bu qədər çox şey görmək, adamın o yerləri hər halda lap çox arzuladığını göstərmirmi?

Nənəm Sərəsgər qapısına4, saray məmurlarının evlərinə gedib, atamı İstanbula dəyişmək üçün ağlayıb-sızlayırmış. Ancaq bu yalvarmalar heç bir nəticə vermirmiş.

Nəhayət, anamın xəstəliyi şiddətlənəndə atam heç olmasa, onu İstanbula aparmaq üçün bir ay icazə istəyib, cavab gözləmədən yola düşübmüş.

Kəcavələr içində çölü keçməyimiz bugünkü kimi yadımdadır.

Beyrutda dəniz havası anamı bir az dirçəldən kimi olmuşdu. Qonaq olduğumuz evdə anam məni öz yatağında oturdub, saçlarımı darayıb, əllərimi kirli, düymələrimi düşmüş görəndə başını köksünə əyib ağlayırdı.

Anam bir gün lap ayağa qalxdı. Sandığından yeni paltarını çıxardıb bəzəndi. Axşamüstü atamı qarşılamaq üçün aşağı endik. Atam mənim yadımda bir az vəhşi təbiətli, sərt bir əsgər kimi qalmışdır. Ancaq anamı ayaq üstə görəndə, onun sevinib yüyürdüyünü, yeni ayaq açmış bir uşaq kimi anamın biləklərindən tutub ağladığını heç unuda bilmirəm…

Bu, bizim bir yerdə keçirdiyimiz axırıncı gün oldu. Ertəsi gün anamı açıq bir sandığın yanında, başı paltar boğçasının üstünə düşmüş, dodaqlarında qan ləkəsi olduğu halda ölmüş gördülər!

Altı yaşında uşaq bir çox şeyləri başa düşər. Ancaq mən nədənsə heç bir şey sezməmişdim. Olduğumuz ev çox tünlükdü. Bir çox günlər böyük bir bağçada uşaqlarla boğuşduğumuz, Hüseynlə bərabər küçələrdə, dəniz kənarlarında, məscid həyəti kimi hay-küylü yerlərdə gəzdiyimiz yadımdadır.

Anamı yad bir torpaqda dəfn etdikdən sonra, atam İstanbula qayıtmaq istəməyibmiş… Yəqin ki, bir az da nənəm və xalalarımla üz-üzə gəlməkdən çəkinirmiş. Ancaq bununla bərabər, məni onların yanına göndərməyi bir vəzifə bilibmiş. Bir də, təbii ki, gündən-günə böyüyən bir qız uşağının qışlada əsgərlər arasında tərbiyə etməyin imkansızlığını da düşünübmüş…

Məni İstanbula əsgər xidmətçimiz Hüseyn gətirdi.

Əla bir paroxodda, yöndəmsiz bir ərəb əsgərinin qucağında xırdaca bir qız uşağı… Bu mənzərə paroxoddakılardan bir çoxuna kim bilir nə qədər qəribə görünürdü. Ancaq bu səyahətə Hüseyndən başqa hər kəslə çıxsaydım, yəqin ki, bu qədər xoşbəxt ola bilməzdim.

Yaylaq köşkümüzün arxasındakı qoruq meşəlikdə bir daş hovuz, bu hovuzun kənarında qolları çiynindən qopmuş çılpaq bir uşaq heykəli vardır.

Gəldiyim ilk günlərdə günəş və rütubətdən qaralmış bu qırıq heykəl mənə şikəst bir ərəb uşağını xatırladırdı. Deyəsən payız idi, çünki hovuzun yaşılımtraq sularının üzü qızıl yarpaqlarla örtülmüşdü. Bu yarpaqlara tamaşa edəndə, suda bir neçə qırmızı balığın üzdüyünü gördüm, nənəmin min zəhmətlə bəzəyib naxışladığı üst köynəyim və yeni çəkmələrimlə hovuzun içinə atıldım.

Ətrafda yaman hay-küy qopdu. Başıma nə gəldiyini anlamağa macal tapmamış, xalalarım məni qucaqlarına alaraq yuxarı apardılar. Bir yandan öpüb bir yandan danlayaraq, üst-başımı dəyişdirirdilər.

Bu hay-küy və çaxnaşmadan gözüm qorxduğu üçün, daha hovuza girməyə cəsarət etmirdim, kənardakı çınqılların üzərinə üzüqoylu uzanaraq başımı suya sallayırdım.

Bir gün yenə bu vəziyyətdə balıqlara tamaşa edirdim. Hər şey bugünkü kimi gözümün önündədir. Məndən bir az arxada nənəm bağça skamyasında oturmuşdu. Həmişəki kimi şalı yenə çiynində idi. Hüseyn namaz qılırmış kimi, onun yanında diz çökmüşdü.

Yavaş-yavaş söhbət edirdilər. Yəqin ki, türkcə danışırdılar, çünki nə söylədiklərini anlaya bilmirdim, amma səslərindən, hərdənbir mənə baxmalarından şübhələndim. Dovşan kimi qulaqlarımı şəklədim. Dişimlə qopardıb hovuza atdığım simit5 qırıntılarının dövrəsinə yığışan qırmızı balıqlara daha fikir verməyib, nənəmlə Hüseynin suya düşmüş əkslərinə baxırdım. Hüseyn mənə baxarkən yenə yaylıq ilə gözlərini silirdi. Uşaqların bəzən öz yaşlarına uyğun olmayan qəribə duymaq qabiliyyətləri vardır.

Onların söhbətlərindən sui-qəsd qorxusu duydum, yəqin ki, Hüseyni məndən ayıracaqdılar.

Nə üçün? Bu incəlikləri başa düşən yaşda deyildim. Amma yaxşı bilirdim ki, bu ayrılığın qarşısını almaq günəşin batmasını, yağışın yağmasını dayandırmaq kimi mümkün olmayan bir işdi.

O gecə nənəmin çarpayısına bitişik olan kiçik çarpayımda birdən-birə gözlərimi açdım. Başımızın üstündə yanan qırmızı gecə qəndili sönmüşdü. Ancaq pəncərədən düşən ay işığı otağı işıqlandırmışdı. Yatıb yuxumu almışdım. Ürəyimdə dözülməz bir sıxıntı vardı. Mən yerimdə dirsəklənib bir müddət nənəmə baxdım, onun yatdığını yəqin etdikdən sonra yavaşca çarpayımdan endim. Pəncə üstə yeriyib otaqdan çıxdım. Başqa uşaqlar kimi qaranlıq və yalnızlıqdan qorxmazdım. Pilləkən taxtaları cırıldadıqca, böyük adam kimi ehtiyatla yerimdə dururdum, ağır-ağır aşağı dəhlizə endim.