реклама
Бургер менюБургер меню

Rasim Qaraca – On bir gecə (страница 3)

18

– Artıq bu qədər yetər – deyirdi.

Həqiqətən də azacıq içki ona yetirdi, kefi yaxşılaşır mahnı oxuyurdu.

Axşam Lena ilə görüşdüm. Ukraynada, gözəl bir qızla parkda dolaşıram, nə edəcəyimi bilmirəm, ruscam zəifdir, cibimdə qəpik-quruş var. Onunla nə söhbət etdiyim yadımda qalmayıb. Yadımda qalan budur ki, Lenanın pula ehtiyacı vardı, Türkiyəyə işləməyə getmək istəyirdi, ancaq bunu necə edəcəyini bilmirdi. Mənim düşüncələrim daha romantik idi, parkda onunla qucaqlaşmaq, öpüşmək istəyirdim. Lena istəklərimi geri qaytarırdı. Yalnız indi başa düşürəm, ona yardım etməliydim, bir qafqazlıyla yaxınlıq etməsinin başqa səbəbi ola bilməzdi. Tək körpəsi ilə ehtiyacın son həddinə gəlmişdi. Ancaq o zaman bunu başa düşmürdüm, başa düşsəydim belə, Lenanın axtardığı qafqazlı mən deyildim, yəqin ki sabah pulum olacaqdı, ancaq bu gün, bu axşam yoxsul idim. Həm də, Lenayla pul qarşılığında sevgi yaşamaq istəmirdim. Bəlkə də həyatımı ona bağlaya bilərdim, qal desəydi onunla orada, Vinnitsada qalardım, ancaq Lenanın düşüncələri başqaydı.

Dükandan yeyəcək bir şeylər və içki aldıq, Lenanın evinə yollandıq. Kiçik jurnal masasında süfrə açdıq, tanışlığımızın şərəfinə yarım qədəh “qrilka” içdik. Plastinkada musiqi qoydu, rəqs etməyə başladıq. Köynəyinin altından əlimi çılpaq kürəyinə toxundurdum. Qeyri-adi bir istilik vardı bədənində. Lena bu tərəfindən baxanda o tərəfi görünən həmin o qızlardandı…

Qapı döyüldü. Lena gözlükdən baxıb:

– Ərimdir, – dedi.

Necə dəhşətli qorxu hissi keçirdiyimi təsəvvür edin. Artıq hər şey bitdi, bu iş qanla qurtaracaq deyə düşündün. Bir anda nə edəcəyimi götür-qoy etməyə başladım. Gözümün ucuyla masanın üstündəki bıçağı işarətlədim. Ayaq üstə dayanıb gözləməyə başladım.

Lena soyuqqanlı idi. Üstünü qaydaya saldı, tələsmədən gedib qapını açdı. Cavan oğlan içəri girdi, demək olar ki üzümə də baxmadan:

– Bağışlayın, narahat etmək istəməzdim… – deyib, soyuducuya yaxınlaşdı, içki şüşəsini götürüb sağollaşıdı, qapını arxasınca çəkib yox oldu. Lena da gedib qapının zəncirini keçirtdi.

Bu hadisə ovqatımı korladı. Bəlkə bir az içsəm özümə gələrəm dedim. Ancaq Lena daha içmək istəmirdi. Əlindən tutmaq istədim. Yenə könülsüz idi. Balaca çarpayıda uşaq yuxudan oyanıb ayaq üstə qalxmışdı, çarpayının kənarlarından yapışıb dartınır, sanki idman edirdi.

Ərindən yenicə boşanmışdı, hələ rəsmi işləmlər tamamlanmamışdı. Ağlıma gəldi, bəlkə də yad bir kişini evinə gətirməklə ərindən qisas almaq, “bax, mən heç də bədbəxt deyiləm” demək istəyirdi. Artıq bu vəzifəni tamamlamış kimiydi. Çünki, tamamən süstləşdi, öpüşlərimə cavab vermədi, əlinin yüngül hərəkətiylə məni özündən kənarlaşdırdı.

Lenayla sevişmədən ayrıldıq.

Vera Nikolayevna ilə evdə tək qalmışdım. Qonşu mənzildə Lyuba da tək qalmışdı, çünki Nadejda “çamadan ticarəti”ylə məşğul olurdu, biz gəldiyimiz günlərdə Türkiyə səfərinə hazırlaşırdı, bu axşam Kiyevə yola düşmüşdü. Babuşka Vera dadlı borş bişirmişdi.

– Yaxşı yeməyim olanda istəyirəm qonağım gəlsin – dedi.

Mən buz dolabını açıb araq şüşəsini çıxartdım. Qadın ikrahla başını buladı. Ancaq gözucu baxışları şüşədən qopa bilmirdi.

– Sadəcə bir damcı.

– Hə, bir damcıysa, olar…

Bir qədəh içdik. Ukrayna araqları kimi təmiz içki görməmişəm. Vera xalanın içkiylə bağlı özünün nəzəriyyəsi vardı:

– Çox adam vodkanın quru yeməklə içəndə yaxşı getdiyini deyir, ancaq məncə vodka yalnız sulu yeməklə içilməlidir…

Bu arada qapının zəngi çalındı. Vera xala yüngül addımlarla, deyərdim ki, rəqs edə-edə qapıya doğru yeridi. Gələn Lyuba idi. Nadejdanı yola salıb geri qayıdırdı. Hər zaman olduğu kimi nəşəliydi. Özü ilə bir çanta pivə gətirmişdi. Bu qız pivə xəstəsiydi. İri, ətli dodaqları, parıldayan yanaqları, sıra ilə düzülmüş bəyaz inci dişləri xoşbəxtlikdən başqa bir anlayış tanımadığından xəbər verirdi. Başdan-ayağa ehtiras idi Lyuba. Yanımda oturub, elə belə olmalıymış kimi, əlimdən tutmuş, dizini dizimə söykəmişdi. Xəyalım Lenanın yanındaydı. İndiki ağlımla fikirləşəndə, Lyuba çox gözəl və seksual idi, hər bir kişi həyatında heç olmasa bir dəfə belə gonbul bir qadınla yatmalıdır. Ancaq o anda Lyuba mənə çirkin görünürdü. Üzümə baxıb tez-tez deyirdi:

– Mısmırığını sallama…

Məsləhət gördü, pivəyə araq qarışdırıb içim. Lap azacıq qatdım. Bunun adamı lül-qəmbər sərxoş edəcəyi ağlıma gəlməzdi. Bir azdan artıq üçümüz də birlikdə var səsimizlə mahnı oxuyurduq. Lyubanın söylədiklərini güclə qavrayırdım. Ayağa qalxıb rəqs etməyə başladıq. Maqnit kimi biri-birimizə yapışmışdıq. Elə rəqs edə-edə qapıya doğru yönəldik. Bir azdan sonra artıq Lyubanın yatağındaydım. Bir begemot kimi məni ovlayıb yatağına salmışdı. Soyunub yorğanın altında onu gözləyirdim. Ancaq Lyuba tələsmək bilmirdi. Əsl həngamə də bundan sonra başladı.

Lyuba rəqs edirdi.

Dolabdan çeşidli rəqs kostyumları çıxarıb geyinir, mənə məlum olan-olmayan xalq rəqslərini çılğınlıqla oynayırdı. Rəqs bitdiyində artıq bu sonuncudur, indi yatağa girəcək deyə düşünürdüm. Ancaq belə olmurdu. Qaraçı rəqsi, qafqaz rəqsi, yunan rəqsi, hind rəqsi biri-birini əvəz edirdi. Lyuba kostyumları bir-bir çıxarır, ərinmədən geyinir və dəli kimi oynayırdı. Bədənindən sel kimi tər gedirdi. Əsl tamaşa idi. Artıq sonsuzadək bitməyəcəyini düşünürdüm bu dəliliyin. Hələ də yadıma düşəndə məntiqi izahını tapa bilmirəm onun bu hərəkətinin. Sevgiöncəsi bir ritual olsaydı belə bu qədər uzun sürməməliydi. Sonralar Lyubanın, Arxangelskə ərə getmədən öncə Vinnitsa rəqs ansamblının solisti olduğunu öyrənsəm də, yenə də mənə görə izaholunmaz idi onun bu sevgi ritualı. Ancaq yataqda bu incəsənətin heç izi tozu da yox idi. Qaranlıqda tikanlı bir dəliyə girmiş kimi oldum. Sadəcə bir dəfə hıqqıldayıb birdən-birə süstləşdi və dərin yuxuya getdi. Beləcə həyatımdakı ilk sevgi təcrübəm səfehcəsinə sona çatdı.

Gecəyarı rəqqasəsi səhər erkəndən oyanıb “xolodes” bişirmişdi. Bir erkəyə necə qulluq etmək, könlünü necə oxşamaq qaydalarını çox gözəl bacarırdı bu qadın. Parlaq al yanaqları və qırmızı boyalı dodaqları yenə də üstündə idi. Boynumda öpüş izi buraxaraq öz sevgi oyununu gözəl bir şəkildə tamamlamışdı.

Günorta Zamin qayıdıb gəldi və biz axşam qatarıyla “malları” Çernovtsıya daşıdıq. Lyubanı bir daha görmədim.

3

GƏNCLIKDƏ BELƏ SƏHVLƏR OLUR

Nə az, nə çox, düz 5 il keçib. Hər şey dünən olmuş kimi gəlir indi. Yəqin ona görə ki, çox sarsıntılı günlər idi o günlər.

Uşaqlıq dostum, sonradan tələbəlik yoldaşım Firişlə (Firudin) başımıza olmazın oyunlar gəldi. Nələr olduğunu indi danışacam. Bu gicbəsər gedənin üzündən onsuz da başım hər zaman bəlalar çəkib, ta beləsi də yox. 1986-cı ilin iyun ayının 5-ydi, – bu tarix beynimə əbədi həkk olunub, – üç yoldaş, üçümüz də Gəncəli, Pərviz, mən və Firiş, imtahanları verib qurtarmışdıq, axşam qatarıyla rayona yollanacaqdıq. O zamana qədər qalıb şəhərdə avaralanmağa qərar verdik. İyunun 5-i olsa da hava sərindi. Pərviz təklif edirdi, bir neçə gün daha şəhərdə qalaq, dənizə girək, sonra rayona yollanarıq, hər ikimiz buna etiraz etdik, çünki pulumuz qalmamışdı.

Sabir bağından üzüaşağı enəndə, gözünə döndüyüm Firiş qarşıdan gələn iki qıza söz atdı. Qızlar gülərək cavab verdilər, sonra Firiş nəsə dedi. Əslində Pərvizlə başımız elmi bir mübahisəyə qarışmışdı. Hadisənin necə baş verməsindən o qədər də xəbərimiz olmadı. Pərviz Adəm və Həvva rəvayətinin uydurma olduğunu isbat etməyə çalışırdı, bizə gəlib çatan ən qədim informasiyanın yaşının 10 min ildən artıq olmadığını, Homo Sapiensin yaşının 70 min il olduğunu və s. dəlil gətirir, Adəm əhvalatının mifik təsəvvürlərdən qaynaqlandığını isbat etməyə çalışırdı. Mənsə bunun əksini iddia edirdim, Tanrı istəsə informasiyanı hazır şəkildə də çatdıra bilər deyirdim. Öz baxışlarımızda o qədər israrlıydıq ki, əsəbdən yanaqlarımız pörtmuş, az qala biri-birimizi yumruqlamaq həddinə gəlmişdik. Bu tərəfdən də Firiş beynimizi xarab eləyirdi. Artıq aralanıb kənarda qızlarla söhbət edirdi. Biz yenə mübahisəmizə davam etdik, Firişin bir dəqiqə sonra qızlardan qopub gələcəyini gözlədik. Ancaq söhbət çox uzandı, Firiş bir əlini ağaca söykəyib qızlarla mırt vururdu. Nəhayət əsəbiliklə onu çağırmağa başladıq. Firiş yanımıza gəldi, qızları bişirdiyini söylədi. Doğrusu, elə də gözəl qızlar deyildi. Biri bir az yaşca böyük olan qız uzunboyluydu, mənə görə əsla cazibədar deyildi, ancaq qısa boylu olan qızda gözəllik adına bir şeylər vardı, bir az da uşaq təsiri bağışlayırdı. Ancaq nə olursa olsun, onlara qoşulmaq fikrimiz yoxdu. Şəhəri dolaşıb rayona qayıtmalıydıq. Firiş gah bizim yanımıza gəlir, gah qızların yanına gedir, həm onları həm də bizi razı salmağa çalışırdı. Axırda Pərviz cana doyaraq sağollaşıb bizdən ayrıldı, hətta ona lağ da etdik, ana uşağı dedik, ancaq Pərviz də haqlıydı, zatən qızlar iki nəfərdi, üçüncü adam artıqdı. Firiş, mən, qızlarla bərabər qaldıq. Yadımdadır, Firiş arxadan Pərvizə çatıb ondan 10 manat pul aldı. Bu bizim eyş-işrətə xərcləyəcəyimiz son pulumuz idi. 5 manatını taksiyə verib plyaja yollandıq.

Hava küləkliydi. Amma buna baxmayaraq dənizə girənlər vardı. Sezon açılmışdı, cəmi bir-iki günə günəş doğacaq, millət dənizə axışacaqdı. Bu günsə, şəhərdən fərqli olaraq suyun kənarı insanı üşüdürdü. Köpüklü dalğalar biri-birinin ardınca sahilə çırpılır, sanki özüylə soyuq gətirirdi. Firiş süni şəkildə ortalığı şənləndirirdi. Qızlardan boyca uzun olan, adı Gülşəndi, zarafatcıldı, qısa boylu olansa, adı Xəyaləydi, heç dinib-danışmırdı. Aradabir rəfiqəsinə acıqlanır, gəl gedək, bizim burda nə işimiz var, deyirdi. Hər ikisi ayaqqabılarını soyundu, jiletlərini çıxardıb neylon torbaya, onu da qumun üstünə, ayaqqabılarının yanına qoydular. Suya girməyi heç düşünmədik də.