Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 3)
VƏTƏN!
Ağ alnıma Araz qara yazıdı,
VarAq, yol uzaqdı – qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı
VƏTƏN!
Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi;
… Füzulinin məzarı da Vətəndi-
VƏTƏN!
Mənə üz tut – yurda ocaq qurana,
“Turan” – deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana –
VƏTƏN!
Mənim andım “Ya bütövlük, ya qandı”,
Zalım dostlar, qəbul edin bu andı,
Qara başım bu yol üstə qurbandı, –
VƏTƏN!
SALAM, DAR AĞACI
Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.
Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.
Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.
Eli yağmalanan, bölünən, bölən,
Çayları quruyan, gölləri ölən,
Haqq-hesab çəkməyə gələn mənəm, mən,
Salam, Dar ağacı!
Əleyküm-salam.